DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ALTI AY ERMƏNİ ƏSİRLİYİNDƏ

"AĞDAMLI POÇT MÜDİRİ ƏRŞAD BİZİ ERMƏNİYƏ SATIRDI"

Möhlət Mahmudov: "Komandir Füzuli Qasımovun bacısı oğlu bizi mühasirədə qoyub sərbəst getdi, ermənilər ona atmadılar"

Altı ay erməni əsirliyində qalmış Möhlət Mahmudov 1967-ci ildə Salyanın Xalac kəndində anadan olub. Neft və Kimya texnikumunu bitirib. Balıqçılıq təsərrüfatında briqadir işləyib. Ailəlidir, 1 oğlu, 1 qızı var. Hazırda evlərin damın vurmaq, tavan, döşəmə düzəltməklə ailəsini saxlayır. Atası 45 il Salyan neft şirkətində (Nərimanneft) buruq ustası işləyib, 150 manat təqaüd alır. Ailədə 5 qardaş, 3 bacıdırlar. Vəfat etmiş əmisinin 6 qızı, 2 oğlunu da atası saxlayıb. Qardaşı Qulu Xındırıstanda yaralanıb, 3-cü qrup əlil kimi təqaüd alıb, işsizdir. "VTEK"ə rüşvət verə bilmədiyi üçün təqaüdünü kəsiblər. Neft çıxarılan ərazidə yerləşən Xalac kəndində hazırda qaz yoxdur.

- Möhlət bəy, müharibəyə gedişin necə oldu?
- 1993-cü ildə hərbi komissarlıqdan məni orduya çağırdılar. Həyat yoldaşım ağladı ki, getmə. Dedim ailəmizdən Qarabağda döyüşən var, ola bilsin bilməyiblər, səhv olub çağırıblar. Gedim hərbi komissarlığa görüm nə deyirlər. Həmin vaxt qardaşım cəbhədə yaralanmışdı, hospitalda idi. Gedən kimi bizi basdılar maşına göndərdilər Gəncəyə.

002

- Hərbi xidmətdə olmusan?
- Çexoslavakiyada "navodçik" olmuşam.

- Gəncədən sonra hara getdin?
- Bir gecə gün Gəncədə qaldım. Böldülər gəlib düşdük Ağdama. 708 saylı briqadada idik. Briqada komandiri general Talıb Məmmədov idi. İyun ayı idi.

- Hansı döyüşlərdə iştirak elədin?
- Mərzili uğrunda döyüşlərdə, Güllücə, Əfətli, Novruzlu kəndlərində olduq. Sonra bizə xəbər gəldi ki, Əsgərandan Ağdama hücum gözlənilir, orada mövqelərinizi tutun. Mövqe tutmağa gedirdik. Ağdamın Sarıcalı kəndində mühasirəyə düşdük. Demə, səhər-səhər ermənilər Ağdamı alıbmış. Bizi qurban kimi göndəriblər.

- Neçə nəfər idiniz?
- 28 nəfər idik, “Kamaz” maşını ilə aparırdılar.

- Hamısı əsir düşdü?
- Ölən öldü, qalanlar əsir düşdü. Üç nəfər sağ qalıb əsir düşmüşdü. Tank bizim olduğumuz “Kamazı” vurdu. Ayılanda gördüm ki, başımdan yaralanmışam, əsirlikdəyəm.

- Komandiriniz kim idi?
- Füzuli Qasımov.

- İndi o sağdır?
- Deyəsən həbsxanadadır.

- Nəyə görə?
- Bizi o göndərmişdi. Sürücü də onun bacısı oğlu idi. Tank vurmamışdan o, maşını buraxdı, özü sərbəst çıxıb getdi. Ermənilər onu vurmadılar. Maşın "xodda" qaldı. Maşını tank vurandan sonra hərə səpələndi bir tərəfə. Sağ qalan çox idi, düşüb qaçırdılar. Üzümlüyün "setkasını" keçmək istəyəndə ermənilər vururdular. Mübariz adlı kəndçim var idi yanımda. Onu da götürüb “Kamaz”dan atdım. Sonra nə olub yadımda deyil. Ayılanda bildim ki, başımdan yaralanmışam, qanın içindəyəm. Bir stəkan su gətirdilər, əlimi, gözlərimi və ağzımın qanını yudum. Sonra aparıb kameraya atdılar. Apardılar komandirin yanına, başladılar sorğu-suala çəkdilər. Haradansan, niyə gəlmisən? Dedim torpaq uğrunda döyüşürdüm. Gətirdilər bir kilo torpağı mənə yedirtdilər. Qarabağdan olan döyüşçüləri öldürürdülər, əsir götürmürdülər. Digər bölgələrdən olanların hamısına torpaq yedizdirirdilər. Məndən soruşdular ki, nazirlikdə, polisdə adamın işləyirsə telefon nömrəsini ver, sataq səni. Dedim heç kimim yoxdur. İyunun 23-də Ağdam alınan gün əsir düşmüşəm. Xankəndində 360-cı rus alayının saxlama təcridxanasında bizi saxlayırdılar. 4 ay orda zirzəmidə qaldıq. Bizi Ağdama işləməyə gətirirdilər. Pianino daşıtdırırdılar, karyerdə kubik yüklətdirirdilər, ağaclardan qoz çırpdırırdılar. Kimin döymək kefinə düşürdü buraxırdılar üstümüzə döyürdü. Gecə aparırdılar bizi Xankəndinə.

- Ermənilər azərbaycanca bilirdilər?
- Hamısı azərbaycanca danışırdı.

- Sizə çörək verirdilər?
- Öz qanımıza bulayıb çörək verirdilər. Gündə üç dəfə nə ilə gəldi döyürdülər, stolun qıçı ilə, yumruq, təpik ilə.

- İndi erməni görsən döyərsən?
- Heç üzünə də baxmaram. Bizi ikinci erməni polku əsir götürmüşdü. Kamerada 30 nəfər idik. İkinci polk götürdüyü əsirləri heç kimə vermirdi, Qırmızı Xaçdan da gizlədirdilər. Erməni ilə dəyişmək üçün gizli saxlayırdılar. Cavan əsirləri Şuşa həbsxanasına aparırdılar. İkinci polk öz əsgərlərini vermirdi. Qaçandan sonra 28 nəfər əsirin adını Qırmızı Xaça verdim. Onların içində qoca da var idi, cavan da, mülki adamlar da var idi. 4 aydan sonra məni baytar həkimi kimi Şuşa yaylağına, Kosalara apardılar. Xankəndində həbsxanada bərdəli bir erməni var idi. Bərdədə qəbir daşı düzəldən olmuşdu. Döyüşməkdən imtina etdiyi üçün bizim yanımıza həbsxanaya salmışdılar. Mən gizlində 16 gün ona çörək vermişdim. Zirzəmidən çıxıb yaylağa getməkdə o mənə kömək etdi. Dedi ki, yalandan de ki baytar həkimisən, səni heyvanlara baxmağa apararlar, vəziyyətin yaxşı olar, təmiz havada olarsan.

- Qoyun otarırdınız, yoxsa inək?
- Azərbaycanın işğal olunmuş ərazilərindən apardıqları inək, qoyun, keçi idi. Qubadlıdan Mehman Əliyev adlı oğlanı mənə çoban vermişdilər.

- Yəqin orda aclıq çəkməzsiniz?
- Hər gün heyvanları kəsib polklara tədarük göndərirdik, özümüz də hər gün ət yeyirdik.

- Mehman necə əsir düşmüşdü?
- Mehman 70 baş qoyununu, 20-30 inəyini Qubadlıdan çıxarmaq istəyəndə əsir düşmüşdü. Bizim otardığımız heyvanların içərisində Mehmanın da heyvanları var idi. O, öz heyvanlarını tanıyırdı. Mehmanın onda 40 yaşı var idi, 4 uşaq atası idi.

- Necə oldu ki, qaçmağı qərara aldınız?
- İmkan yarandı, həm də bir az özümə gəlmişdim. Noyabr ayı idi, havalar soyumuşdu, isti paltar da vermirdilər. Ayaqlarım yalın idi, kəsik rezin "sapoq" vermişdilər. Ayağım don atıb "sapoqa" yapışmışdı, "sapoqdan" çıxmırdı. Noyabrın 2-də Şuşanın Kosalar kəndindən qaçdıq. Bizə nəzarət edən rəis axşam çox içmişdi, sərxoş idi, yatmışdı.

- Çətin anlarınızda nəyə ümid edirdiniz?
- Ümid edirdik ki, dövlətdən bir səs çıxar, gələr alar bizi. Erməni əsirlər bizdə az idi. Ermənilər bir erməni əsirinə 5 azərbaycanlı əsir verirdilər. Onlar heç meyitlərini də qoymurdular bizim tərəfdə qalsın. Bizimkilər alver ilə məşğul idilər, başları qarışmışdı. Mən dövlətdən ümid gözləmirdim. Fikirləşirdim ki, imkan olan kimi burdan çıxım.

01

- Qaçmaq üçün tədarük görmüşdünüz?
- Çörək götürmüşdük.

- Ət götürə bilməzdiz?
- Götürə bilməzdik, üstümüzdə nəzarət var idi. Heyvanı kəsəndən sonra dərisini də təhvil verirdik.

- Zirzəmidə vəziyyət necə idi?
- Qadınlar, qoca kişilər yerə mebel kartonları döşəyib onun üstündə yatırdılar. Mən “taburetka”nın üstündə oturduğum yerdə yatırdım. Yer yaş su idi. Divarda söykənmək olmurdu, iynə kimi idi.

- Qadınlarla kişilər bir yerdə qalırdılar?
- Mən əsirlikdən qayıdandan sonra Qobustanda erməni əsirlərin saxlandığı yerdə karantində oldum. Dedilər ki, bir ay burada həkim nəzarətində qal, görək sənə iynə vurublar, ya vurmayıblar. Hər gün erməni əsirlərin döşəkağlarını dəyişirdilər. Orda bir az əsib coşdum, dedilər sənə karantin lazım deyil, çıx get evinə.

- Yanınızda neçə qadın var idi?
- Üç yaşlı qadın idi. Cavan qadınları Qırmızı Xaç cəmiyyətinin nəzarəti altında Xankəndində poliklinikada saxlayırdılar.

- Yaşlı qadınları niyə sizin yanınızda saxlayırdılar?
- Bu alay tutduğu əsirləri özü saxlayırdı. O qadınlar alayın ərazisini hər gün süpürürdülər.

- Qaçmağa hazırlaşanda nə qədər çörək tədarükü götürmüşdünüz?
- Adama bir dənə çörək götürmüşdük. Qaçdıq Ağdama tərəf, gördük çox yaxındır. Təzə işğal olunmuş zonadır. Çaya girdik. Xaçınçay Ağdamdan gəlib Ağcabədidə Kürə qoşulurdu. Mehman dedi məni Laçın dəhlizinə qədər apar, oradan o yana yolu tanıyıram. Mehman Qubadlıdan idi. Dedi ki, o biri bölgələrdə olmamışam. Çayın içi ilə, su ilə gedirdik ki, izimiz qalmasın, yer qar idi. Murovun ətəyi ilə gedib Kəlbəcərdə Həkəri çayının qolunu tapdıq. O çayla getdik Laçına. Həkəri çayı dağın altından keçir. Ermənilərin xəritəsində onların hamısını görmüşdüm. Gəlib çıxdıq Qubadlıya. Evlər dağılmışdı, meyitləri qəbirlərdən çıxartmışdılar, söküntü gedirdi. Ermənilər işğal etdikləri yerlərdə evlərin damını sökürdülər. Mehmanın dayısı şəhid olmuşdu. Dedi gedək onun qəbrinə baxaq. Gedib gördük dayısını çıxardıb atıblar. Mehmanın ürəyi getdi, 7-8 saat özünə gəlmədi.

- Yolda sizə erməni rast gəlmirdi?
- Rast gəlirdi, biz gizlənirdik, gecələr yol gedirdik. Laçında böyürtkanın altında gizlənmişdik, hər yeri görürdük. Laçında çörəyimiz qurtardı. Vəhşi meşə armudu yığdıq Laçında. Gündə birini yeyirdik ki, mədəmiz qurumasın, o saxladı bizi. 16 gün yol getdik. Zəngilan təzə alınmışdı. Zəngilanda girdik bir evə, paltar tapdıq, ayaqqabı tapdıq geyindik. Bir az un tapdıq, su ilə qarışdırdıq. Ev yanmışdı, şifer tökülmüşdü. Şiferin altında od qaladıq, yayma düzəltdik, gördük səs gəldi. Yayma qaldı orda, qaçdıq girdik yenə çaya. İran sərhəddinə çatanda səhər açılmamışdı. Rəhmətlik Mehman dedi ki, gəl çayı keçək, səhər açılsa, snayperlə bizi vuracaqlar. Dedim ki, səhəri gözləyək ki, çayı keçə bilməsək çoban-çoluq bizə kömək eləsin. Mehman dözmədi. Polietilen torbada bir köynək, bir şalvar kürəyimizə sarıdıq, o taya keçəndə geyinməyə. Bir az üzmüşdük, Mehman dondu, ayaqlarımdan tutmuşdu, çevrildim deyəm ki, hərəkət elə, gördüm əlləri də tutuldu. Bir xeyli üzdüm dalınca, gördüm mənim də ayağımın biri tutuldu. Araz sürətlə axıb fırlayırdı. Paltarı atdım. Noyabrın 19-u idi. Çaydan çıxandan sonra gördüm maşınların qaraltısı görünür. Sürünə-sürünə qaraltıya tərəf getdim. Yola yaxınlaşanda həvəsdən düşdüm, gördüm “Kamaz”lar, sovet maşınlarıdır. Dedim yəqin ermənilərin içərisinə düşmüşəm. Bir qədər də yola tərəf süründüm. Əl elədim, maşınlar saxlamırdı. Gözlərim artıq görmürdü, qulaqlarım eşidirdi. Qulağıma "avariya" səsi gəldi. Məni yerdən qaldırıb apardılar, Qaz 52-yə salmaq üçün məni qatlaya bilmədilər, donmuşdum. İran taksisi saxlatdırıb dedilər ki, bunu apar İbrahimin sexinin yanına, gəlirik. İbrahimin qalayçı sexi var idi. Məni götürən sürücü naxçıvanlı idi. Onun da adı İbrahim idi. Apardılar məni, qaynar çay verdilər. Təkər yandırıb məni qızdırdılar. Bir saatdan sonra ayıldım, bədənimə göynəmə gəldi. Qaynar çay bağırsaqlarımı yandırmışdı. İsti paltar geyindirib apardılar qalayçı İbrahimin evinə. Qalayçı İbrahim naxçıvanlı İbrahimin dostu idi. Mehmanın meyitini gətirib "morqa" qoydular. Sonra evlərinə xəbər verdim, aparıb dəfn etdilər.
Naxçıvanlı İbrahim danışırdı ki, elə bil qoymadılar məni maşını sürməyə, kimsə ayağımı əyləcə basdı. Arxamca gələn yol yoldaşım Qulamın maşını gəlib mənim maşınımı vurdu. Asfalt buz idi. Sərhəd məntəqəsinin rəisi Ağayi Pərviz xəbər tutub gəldi, o da İbrahimin dostu çıxdı, təbrizli idi. Ağayi Pərviz Tehrandan həkim gətizdirdi. İbrahim gedib bizim kəndə, soruşub ki, Möhlət gəlməyib? Deyiblər yox. Deyib gələcək. İbrahim dedi ki, yaşayacağına ümid yox idi. Fikirləşdim deyərəm İrandasan, hamısı tökülüşəcək İrana. Qayıdanda İbrahim yenə gəldi yanıma, dedi ki, kəndə xəbər göndərmişəm gələcəksən. Noyabrın 24-də məni qayıqla o tay Parsabaddan bu tay Beyləqana, Daşburuna keçirtdilər. Dedim siz məni Arazdan keçirin, qalanını özüm edəcəyəm. O vaxt bizim milli pulları tanımırdım. Təzə dəyişmişdi, mənə 3 Nizami verdilər. İranlılar ona şallı deyirdilər. Daşburumda Ağayi Pərvizin dostunu tapdım. Ağayi Pərviz demişdi ki, o taksi tutub səni evinizə aparacaq. Ələtdə məni görmüşdülər, evə xəbər vermişdilər ki, Möhlət gəlir. Trasla bizim evimizin arasında haradasa 1 kilometr yarım məsafə var idi. Gördüm yol doludur, bütün kənd yolun qırağına yığılıb. Bir həftədən sonra rayon təhlükəsizlik şöbəsinə məlumat verdim, gəlib izahat aldılar. İki aydan sonra Bakıya Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Qırmızı Xaçın nümayəndəsinə orda qalan 28 əsirin adını verdim, ayda 2-3-nü dəyişməklə onları geri aldılar.

- Üç qadını da geri aldılar?
- Bəli.

- Onlar haralı idilər?
- Ağdamlı idilər.

- Necə əsir düşmüşdülər?
- Ağdamın getməyindən xəbərləri olmayıb, deyiblər ki, gecə saat beşə qədər yük maşınıyla RAYPO-ya mal daşımışıq. Beş vaqon mal RAYPO-ya boşaldılıb, dərhal onu maşınlara yükləyib rayonlara mağazalara paylayıblar. Boş rayonu erməniyə təhvil veriblər. Bankları boşaltdılar. Adını qoydular ki, erməni işğal eləyib. Bizimlə birgə poçtun müdiri var idi. Deyirdi Ermənistanda qalmaq istəyir, qorxurdu, gedib haqq-hesab verməli idi.

- Sənə iynə vurmuşdular?
- Vurmamışdılar. Əsirlərə maye vururdular ki, damarlarda tromblar yaransın, 2-3 aydan sonra ölsün. Barmaqlarındakı üzüklə əsirlərin sinə sümüyünə vururdular, sinə şişirdi. Çöl nə qədər şişirdisə, içəri də o qədər şişirdi. 50 dənə vururdular, deyirdilər 10 dənə də vursam içəridə ürəyin partlayacaq. Deyirlər qadınlar rəhimli olur. Əksər hallarda qadınlar bizi vururdular. Şəhid olanı vardı, oğlu ölən vardı, gəlib hayıf alırdılar.

- Çörək verən olurdu?
- İşləməyə gedəndə verirdilər.

- Əsirlikdən çıxandan sonra hökumət sənə nə isə kömək elədi?
- Heç bir kömək olmadı. Təmizlik kağızı verdilər, vəssalam. Nə güzəşt var, nə bir şey.

- Təmizlik kağızı nə deməkdir?
- Əsirlikdə olub, təmiz gəlib.

- Ermənilər sənə əməkdaşlıq təklif edirdilər?
- Çox təklif olurdu. Yoxlamaq üçün təkliflər verirlər. Lentə alırlar, sonra Azərbaycan tərəfə təhvil verirdilər. Orda da dedim ki, hökumətimizdən razı deyiləm, ancaq vətən vətəndir.

- İndi hökumətimizdən razısan?
- Yox, nəyindən razı olmalıyam?

- Eşitdim sən əsir düşən vaxt bütün kənd camaatı səni geri almaq üçün pul yığıb?
- O vaxt xəbər gələndə hə, yığmışdılar.

- Sənə ermənilər də kömək edirdilər?
- Bir erməni ailəsini Bakı aeroportundan yola salmışam, cavan ailə idi. Tələbə vaxtı dostumun evində qalırdım, onlar bizimlə qonşu idilər. Tay-tuş kimi bir yerdə oturub dururduq.

- Necə oldu ki, onunla rastlaşdın?
- O məni tanıdı, mən onu tanımadım. Gəldi çörək zavodunda un daşımaq üçün iki nəfər işçi istədi. Demə un-zad yox imiş, məni "pekarniyə" salmaq istəyirmiş ki, ünvanımı alsın, evimizə məktub yazsın ki, oğlunuz əsirdir. Dedi burada mən sənə heç bir köməklik edə bilmərəm. Özüm fərari kimiyəm, buradan gedirəm. Gedib Saratovdan məktub yazacam ki, sağsan. Evə yazmışdı ki, Möhlət sağdır, Xankəndindədir. Dəqiq ünvanımı yazmamışdı. Bütün erməni alayları Xankəndində idi. Heç biri də o biri ilə düz gəlmirdi. Məktubdan sonra atam Beyləqandan bir erməni tapmışdı. Dərbənd polisi vasitəsi ilə ora zəng etmişdi ki, oğlumu tapın gətirin, erməni sizinlə danışsın. Atama deyiblər ki, erməniyə heç nə etmə, nə qədər istəsən sənə pul verəcəyik. Sənin oğlun qaçıb. Atam inanmayıb, deyib ki, sizin əlinizdən adam qaça bilər? Öldürmüsünüz oğlumu ona görə belə deyirsiniz. Bir gün də sizə vaxt verirəm. Deyiblər 3-4 gün erməniyə dəymə, görəcəksən oğlun gəlib. Oğlun İrana keçib tapa bilmirik. Səhəri gün də atam Beyləqana gedib. Mən evə gələn gün atam Beyləqanda idi. Ermənini Beyləqanda Milli Təhlükəsizlik şöbəsinə təhvil verdik. Cavan sürücü idi. Gecə tutub gətirmişdilər.

- Əsirlərin içərisində ermənilərlə əməkdaşlıq edən vardı?
- Ağdamlı poçt müdiri uşaqlara kömək edən kimi deyirdi təxribat eləyirsiniz. Beniki çağırıb deyəcəm. Ağsaqqal adam idi. 70 yaşı var idi, bizi erməniyə satırdı.

- Adını, soyadını deyə bilərsən?
- Adı Ərşad idi, familiyası yadımdan çıxıb. Ağdamkənddən idi. MTN-ə məlumat vermişəm. Çöldə işləyənlərə çörək verirdilər. Paltarımın altında gizlədib uşaqlar üçün gətirirdim. Mənimlə qaçan Mehmanın qara ciyəri xəstə idi. Deyirdi ki, doşabla dolanıram. Ermənilərə baxanda bilirdim ki, bundan nəsə istəmək olar. Görürdüm nurani adamdır. Nə olsun ermənidir, gətirib verirdi. Bankada doşab verirdi. Deyirdim bunu apara bilmərəm, balaca pensilin şüşələrinə töküb verirdi. Aparıb Mehmana verirdim. Ərşad onu erməniyə satmışdı.

- Satqınlığına görə ona heç nə demirdiniz?
- Qorxurduq deməyə, erməniyə bizi döydürürdü. Stolun qıçı ilə döydürürdülər. 2 dəfə qabırğamı sındırdılar, özü bitib.

- Yanınızda çox əsiri öldürdülər?
- Əsgərandan Əsgər adlı oğlan var idi, onun kəlbətinlə 32 dişini yanımda çıxartdılar. Sonra özünü asdılar. Əsirlikdə ağdamlı Balış kişi var idi. Əsgər Balışın yeznəsi idi. Ermənilər Əsgəri tanıdılar, dedilər sən kəşfiyyata gəlmisən. Demə, qayınatasının camış balağı gəlməyibmiş, Əsgərə deyib get camış balağını tap gətir. Ermənilər Əsgərdən soruşublar nə axtarırsan, deyib qayınatamın camış balağını. Ermənilər camışın balağını tapıb bağlayıblar ağaca, gözləyiblər ki, qayınatası gələcək, qayınatasını tapıb gətirdilər bizim yanımıza. Sonradan onu dəyişdilər. O gəlib Salyan rayonunun hərbi komissarlığına demişdi ki, sizin rayondan Möhlət adında oğlan var idi. Çox yaxşı oğlan idi. Bizə həmişə kömək edirdi. O qaçdı, ermənilər tutub onu asdılar.

- Niyə yalan danışıb?
- Ermənilər qorxuzurdular ki, qaçan olmasın. Mən gələndən 10 ay sonra onları dəyişmişdilər. Hərbi komissar deyib ki, sən nə danışırsan, Möhlət 10 aydır gəlib, kənddədir. Ermənilər yalan deyir.

- MTN-də səni incitmədilər?
- Hər iki gündən bir çağırırdılar, gəlmirdim. Dedim gəlib məlumat vermişəm. Başqa məlumat istəyirsən özün gəl, evimi tanıyırsan. Salyanla Bakının arası piyada yolu deyil. İndi ildə bir dəfə çağırırlar. Yol pulu təklif edirlər, götürmürəm.

- Savadlı olmağın sənə kömək elədi? Məktəbdə yaxşı oxumuşdun?
- Poltexnik İnstitutuna sənədlərimi vermişdim. Riyaziyyatdan 5 aldım. Bir imtahandan 3 aldığım üçün konkursdan keçmədim. 4 alsaydım qəbul olunacaqdım. Sənədlərimi Neft və Kimya texnikumuna göndərmişdilər.

- General Talıb Məmmədovun axırı nə oldu?
- Deyəsən, indi milli qəhrəmandır. Atam bir dəfə onun qəbuluna gedib, deyiblər ki, axşam yuxusuz olub, indi yatır. Atam deyib çıxsın qabağıma, desin oğlum haradadır. Sonra məlumat gəlib ki, sərxoşdur, sənin qabağına çıxa bilməz. Elələri indi milli qəhrəman olub.

Yenilənmişdir Cümə axşamı, 18 Dekabr 2014 17:58
каталог фаберлик на сайте faberllena.ru
народная медицина