DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI – 100 İL

Bu müsahibəni Məmməd Əmin Rəsulzadənin nəvəsi Firuzə xanım Məmmədovadan 2002-ci ildə almışam.

O vaxt 71 yaşında olan Firuzə xanım gəlini İradə xanımla redaksiyamıza gəldi. Bir-iki saatlıq söhbətdən sonra mən bu qadını sevdim. Çəkdiyi əzablar onun üzündə dərin kədər izləri qoymuşdu. Firuzə xanımın dünya malında, şan-şöhrətdə gözü yox idi. Firuzə xanımın babası Məmməd Əmin Rəsulzadəyə xalqımızın münasibəti birmənalı deyil. Millətçilər onu özlərinə örnək sayırlar, mən isə onu bağışlaya bilmirəm. Tarixi faktlar göstərir ki, 1920-ci ilin noyabrında Bakıda olan Stalin şəxsən özü həbsxanaya gedərək orada məhbus olan Məmməd Əminlə görüşür, onu həbsdən azad etdirib Moskvaya aparır, RSFSR –in milli komissarlığında onu mətbuat müvəkkili vəzifəsinə təyin edir. 1922-ci ildə Stalin özü Məmməd Əmini Finlandiyaya yola salıb və deyib ki, ailəni də özünlə apar. Məmməd Əmin ailəsini aparmayıb və xaricə gedəndən sonra SSRi-nin düşməni Hitlerlə əməkdaşlığa başlayıb, 1955-ci ildə Türkiyədə vəfat edib. Hərdən fikirləşirəm ki, bəlkə sovet kəşfiyyatçısı olduğu bəlli olub və Məmməd Əmin özünü qorumaq üçün faşistlərlə əməkdaşlığa başlayıb. Mən onun yerində olsaydım, özümü öldürərdim, amma Stalinin əlində girov olan övladlarımın güllələnməsinə, acından ölməsinə razı olmazdım. Mən vətənimi nə qədər sevsəm də, Məmməd Əminin yolunu tutub övladlarımı güdaza vermərəm. Mikayıl Müşfiqi və Seyid Hüseyni də Məmməd Əminə görə güllələyiblər. Seyid Hüseynin evindən Məmməd Əminin məktubunu tapıblar. Məmməd Əmin də bəy nəslindən olan Üzeyir Hacıbəyov kimi sovet Azərbaycanında yaşayıb xalqına xidmət edə bilərdi, o zaman  övladları faciələr yaşamazdı. Oxuculara xatırladım ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakıda anadan olub. Müxtəlif siyasi partiyalarda inqilabi fəaliyyətlə məşğul olan Məmməd Əmin 1918-ci il mayın 27-də Zaqafqaziya seyminin müsəlman fraksiyasının yaratdığı Milli Şuranın sədri seçilib. 28 may 1918-ci ildə Milli Şura Azərbaycan Demokratik Respublikasının müstəqilliyini elan edib.   

Bu il Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyidir. Bu müsahibəni yenidən dərc etməkdə məqsədim odur ki, ilk müstəqil dövlətimizi quranların həyat və fəaliyyəti bir daha araşdırılsın, onlara obyektiv qiymət verilsin. Azərbaycanın siyasi elitasında pis bir ənənə var. Hakimiyyətdə olan siyasətçilər özlərindən əvvəlkiləri danmaqla özlərini Azərbaycan xalqının yeganə siyasi lideri kimi xalqa təqdim etməyə çalışırlar.  ADR dövründə  Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov kimi, sovet dövründə  Nəriman Nərimanov, Mircəfər Bağırov, Vəli Axundov, Şıxəli Qurbanov, Əbdürrəhman Vəzirov, ikinci müstəqillik illərində Ayaz Mütəllibov, Əbülfəz Elçibəy kimi dövlət başçılarımız olub. Onların hər birinin fəaliyyəti hərtərəfli araşdırılmalıdır, yaxşısı da, pisi də deyilməlidir. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də süqut edib. ADR şərqdə ilk demokratik dövlət idi. Parlament Pespublikası olan ADR-i parlamentdə təmsil olunan partiyaların  yaratdıqları hökumət idarə edirdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov idi. Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyov baş nazir olublar.  

 Oxucuların nəzərinə çatdırım ki, Firuzə xanım 2009-cu il yanvarın 26-da vəfat edib. Ruhu şad olsun. Mən əminəm ki, ADR-in 100 illiyində müstəqil dövlətimizi quranların övladlarını tez-tez televiziya ekranlarında görəcəyik. Onların iştirakı ilə tok-şoular keçiriləcək, sənədli filmlər çəkiləcək.  Heyif ki, Firuzə xanımın sağlığında onun haqqında sənədli film çəkilmədi, canlı tarix Firuzə xanım  öz sözünü deməmiş həyatdan getdi.

“ANAM ACINDAN ÖLDÜ”

MƏMMƏD ƏMİN RƏSULZADƏNİN NƏVƏSİ FİRUZƏ MƏMMƏDOVA: “İNDİ DƏ QAPI DÖYÜLƏNDƏ QORXURAM”

-   

Firuze Muslimzade 1950
Firuzə Muslimzadə (1950)

          - Firuzə xanım, babanız Məmməd Əmin Rəsulzadənin neçə övladı olub?

            - 4 övladı olub. Oğlanları Rəsul və Azər, qızları Lətifə və Xalidə. Böyük övladı mənim anam Lətifə olub. 1937-ci ildə dayım Rəsulu həbs edib güllələyiblər. Nənəm Ümbülbanini oğlu Azər, qızı Xalidə ilə Qazaxıstana sürgün ediblər. Nənəm sürgündə vəfat edib. Xalam Xalidə sürgündən qayıdandan sonra taleyi necə olub məlum deyil. 1941-ci ildə atamı həbs edib güllələdilər, atam Lahıcdan idi. Anam Lətifəni, bacımı və məni Qazaxıstana sürgün etdilər. Amma bizi nənəmgilin yanına yox, Şimali Qazaxıstana sürgün etdilər. Ora çox soyuq idi. Anam sürgünə gedəndə kiçik bacım Sona xəstə olduğu üçün həkim xəstəxanadan götürməyə icazə verməyib ki, yolda tələf olar. Sürgünə gedəndə anam əmimdən xahiş edib ki, Sonanı xəstəxanadan götürsünlər. Sonra əmim vəfat edib, əmim arvadı Sonanı götürməyə gedəndə deyiblər ki, bir hərbçi onu qızlığa götürdü. Bacımın taleyi o vaxtdan məlum deyil. Hələ də onu axtarıram. “Jdi menya” verilişinə də yazmışam. 

       -    Sürgünə getməyinizi necə xatırlayırsınız?

       -    Maşın gəldi. Axı o vaxt maşın az idi. Sevinirdik ki, maşına minəcəyik. Başa düşmürdüm. Nə biləydim ki, hara aparırlar. Sonra apardılar bizi dəniz vağzalına. Orda bizi paraxoda mindirdilər, apardılar Krasnovodskiyə. Gedəndə anam daş-qaşını, atamın paltarını götürmüşdü ki, birdən gəlib çıxdı, geyinər. Yolda həmin çemodanı oğurladılar. Sonra bizi yük vaqonlarına mindirdilər. Biz tək deyildik, çox adam var idi: Naxçıvandan, Gəncədən. Düz bir ay yol getdik. Üstümüzə də əsgər qoymuşdular ki, qaçmayaq. Hara qaça bilərdik? Adımızı da qoymuşdular xalq düşməni. Getdik ora çatdıq, bizə bir kömək eləyən olmadı ki, siz xalq düşmənisiniz. Orada hamı bizdən qorxurdu. Anam öləndə üç gün qəbrini qazmağa adam tapılmadı.

-    Ananız necə vəfat etdi?

-    Gecə anamla bacımın arasında yatmışdım. Səhər duranda gördüm ki, bacım bir təhərdir. Çevrildim ki, anamdan soruşum görüm bu niyə belədir. Gördüm anam da bu vəziyyətdədir. İkisi də bir gecədə vəfat etmişdi. Mən niyə görə ölmədim. Onun üçün ki, ona-buna su daşıyırdım, bir tikə çörək verirdilər ki, yeyim. Amma anam xəstə idi, yatırdı. Anam qızıl mədənində işləyirdi. Mən də gedib ona kömək edirdim. Orda qızıl yuyurdular. Sonra xəstələndi.

Azer Firuza 1973
Azər, Firuzə (1973)

-     Ananız nədən vəfat etdi?

-     Arayış almışam, anam acından ölüb. Bir şey yox idi yeməyə. Apardığımız köynəyi, çayı təzəyə dəyişmişdik. Elə yer idi xaraba, bir dənə ağac, kol yox idi ki, yığıb yandırasan. Ancaq təzək yandırıb onunla yaşayırdıq. Orda mənim qohumum var idi. Babamın əmisi oğlu Məmmədəlinin arvadının qohumu idi, Anya xala. O gəldi kənd sovetinə hay-küy saldı ki, bu adam ölüb, onu basdırmaq lazım deyil? Üç gündən sonra qəbir qazdılar, Anamla bacımı bir yerdə basdırdılar. Nə kəfən, nə bir şey. Yorğanın arasında idilər. Yatdıqları yerdə onları sarıyıb aparıb eləcə də basdırdılar. O vaxt mən bilirdim ki, adam öləndə ağlayırlar. Amma nə üçün ağlayırlar mən bilmirdim.

-    Anya xala olmasaydı, sizin taleyiniz necə olacaqdı?

-    Anya xala məni uşaq evinə düzəltdi. Anam öləndən sonra gedib qonşulara deyirdim ki, kömək eləyin də , mən ölülərin yanında qala bilmirəm axı. Qapını döyürdüm deyirdilər sən xalq düşmənisən. Gəlmə mənə yaxın, qorxuram. Deyirdim heç olmasa buraxın isti yerdə qalım, sizin üçün hər işi görərəm, soyuqdan ölürəm axı. Deyirdilər ki yox, sən xalq düşmənisən. Sonra bir qoca kişi insafa gəldi. Dedim ki, mən inəyinin altını yığışdıraram, heç olmasa gecə inəklərin yanında qalım ki, canım isti olsun,  ölməyim. Girirdim iki inəyin arasına canım qızsın, yatırdım. Səhər durub oraları yığışdırırdım, gedib su gətirirdim ki, inəklərin yanından , tövlədən məni qovmasınlar. Sonra Anya xala məni uşaq evinə düzəltdi. Evdən şəkillərdən başqa heç nə götürmədim. Daha nə var idi ki, heç nə. Uşaq evinə də getdim, şəkilləri götürüb payladım, uşağam da. İndi deyirəm ki, neyləyirdin paylayırdın? Sonra dava ilə şəkilləri aldım geri. 

-    Neçə il qaldınız uşaq evində? 

-    İki il. 44-də getdim, 46-da dayım gəldi. Uşaq evindən çıxmağım belə oldu. Əmimin Bakıdakı ünvanını əzbərdən bilirdim. Ona məktub yazdım. Demə biz gedəndən sonra ürəyi dözməyib vəfat edib. Qardaşı gedib, ailəsi dağılıb. Onun adından mənə əmim arvadı məktub yazdı ki, bəs belə-belə. Deməli, Qumralın (Seyid Hüseynin qızı, Məmməd Əminin baldızı qızı) qardaşı əmim arvadını küçədə görüb deyib ki, anam rəhmətə gedib, mənsə düşmüşəm uşaq evinə. Dayım Azər İrandan əsgərlikdən gələndə Qumralın qardaşı ona danışıb ki, bəs mən uşaq evindəyəm. Gördüm ki, dayımdan məktub gəlib. Mənə yazıb ki, istəyirsən gəlib aparım səni. Necə yəni istəyirsən, belə də söz olar? 

Firuza Latifa1954
Firuzə, Lətifə (1954)

-    Onda çətin idi sizə uşaq evində? 

-    Uşaq evinin adı uşaq evidir. Gərək orada yaşayasan, biləsən ora necə olur, yaşamasan haradan biləsən necə olur.  Dayım gələndə uşaq evində bizi düzdülər sıraya. 10 yaşımda mən sürgünə getmişdim, indi 15 yaşım var idi. Dayımı çağırdılar ki, bax gör hansı sənin qohumundur. Dayım məni tanımadı. Mən 6 yaşımda olanda o, sürgünə getmişdi. Mən dayımı tanıdım. Məni götürüb özü ilə Qazaxıstana apardı. 

-    Dayınızın ailəsi sizi necə qarşıladı?

-     İki uşağı, bir yoldaşı idi. Sonradan bir uşağı da oldu. Maddi cəhətdən çətinliklə yaşayırdılar. Getdim ki oxuyum. Anamla sürgünə gedəndə iki il orada oxumuşdum. “Valenka” və çörək “kartoçkası” verirdilər, ona görə oxudum. İki il Qazax dilində oxudum. Uşaq evinə düşəndən sonra qoydular məni ikinci sinfə. Yenə iki il rus dilində oxudum. Uşaqlar soruşurlar ki, neçə il oxumusan? Deyirəm 10 il oxumuşam, 5 il savadım var. Dayım məni məktəbə qoydu. Bir az getdim gəldim, dayım arvadı narazılıq elədi. Çətin idi onun üçün. Məktəbə getmədim. Uşaqları xəstə idi, onlara baxmalı oldum.  Dördüncü sinfi oxudum, beşinci sinfə keçmişdim, daha oxumadım. 1949-cu ildə qayıtdım Bakıya Qumralın bibisi qızı Səyyarə xanımgilə. Ancaq oranı tanıyırdım. Əmimin ünvanını əzbər bilirdim, ancaq evini tanımırdım. Sovetski küçəsi, dalan 112, ev 8. Qiyabi oxumaq istəyirdim.  Getdim məktəbdə imtahanların hamısını verdim. İngilis dilini verəndə bir qoca kişi var idi, dedi ki, sabah gələrsən. Getdim,  yenə dedi sabah gələrsən. Sabah yenə dedi ki, get sabah gələrsən. Mən də açıb deyə bilmirəm ki, filankəsəm. Qorxurdum ki, kimliyimi deyəndə məni yenə tutub basacaqlar. 49-cu illərdə hələ belə idi. 

-     Həmişə qorxu içərisində yaşayırdınız?

-     Həmişə qorxu içərisində yaşayırdım. Qapı döyüləndə qaçıb gizlənirdim. Elə indi də qorxuram. Qapı döyüləndə indi elə bilirəm ki ...(ağlayır). Sonra gəldim yenə imtahan verməyə. Dedi ki, axşam saat 8-də gələrsən. Mənim ağlıma gəlmirdi ki, gedim Səyyarəyə deyim. Səyyarə APİ-də dərs deyirdi.  Sonra yenə getdim, dedi ki, filan vaxtı gələrsən. Axşam vaxtını deyirdi. 18 yaşım var idi. Fikirləşdim ki, bu kişi məndən başqa şey istəyir, daha hara gedirəm. Getmədim, məktəbi atdım. Sonra məni Qaradağda “verbovka” olunan rusların yerləşdiyi vətəgədə xadimə işləməyə düzəltdilər. Məni də guya “verbovannıy” adam kimi götürdülər işə. Sonra orda telefonçu işlədim. Orada yoldaşımla tanış oldum. 20 yaşım var idi. Yoldaşımla tanış olanda  mən ona dedim ki, xalq düşməninin qızıyam.  O isə buna əhəmiyyət vermədi. Yoldaşım mədəndə işləyirdi, Ağstafalı idi. 

Qumral ve Firuza
Qumral, Firuzə

-     İmkansız ailədən idi?

-     Hə, yetim idi. Evlənəndə dedi ki, heç kimi yoxdur. Amma evlənəndən sonra üç qardaşı, iki bacısı, analığı oldu.       

-     Sizə münasibətləri yaxşı idi?

-     Mən yaxşı idim, onlar da yaxşı idi.

-     Neçə övladınız var? 

-     Dörd qızım oldu, axırda beşinci oğlan oldu.

-     Sizə nə vaxt mənzil verdilər?

-     Yoldaşım mədəndə işləyirdi. Ona daxma kimi balaca bir ev verdilər. Sonra 1963-cü ildə mənə reabilitasiya kimi Lökbatanda 3 otaqlı mənzil verdilər. 

-     1963-cü ildə artıq sizdən əl şəkdilər. Daha sizə xalq düşməninin nəvəsi demirdilər?

-     Azərbaycan müstəqil olmayınca mən bu haqda bilmirdim.

-     Bəs qohumlarınız sizə bu haqda demirdilər?

-     Qohumlarımdan kim var idi ki? Təkcə Qumralgil idi (Seyid Hüseynin qızı), onun da atasını güllələmişdilər, anasını sürgün etmişdilər. Bununla belə evlərinə gedib gəlirdim. Hər dəfə qapı döyüləndə qaçıb gizlənirdim.

-     Firuzə xanım, fəhlə maaşı ilə 5 uşağı saxlamaqda yəqin ki, çətinlik çəkirdiniz? 

-     Əlbəttə çətin idi. Sonra yoldaşım texnikum qurtardı. Mədəndə usta işləyirdi. Ustanın da pulunu elə verirdilər ki, çatmırdı. Ona görə də ustalığı atıb getdi traktorçu işlədi ki, bir az pul olsun uşaqları saxlamağa. Dörd qızım oldu, dedilər neyləyirsən bu qədər qızı? Oğul istəyirdik də. Beşinci gəldi oğlan oldu. Deyirdim qızlarımın biri anamdır, biri bacımdır, biri xalamdır. Heç kimim yoxdur. 

-     Uşaqlarınız indi yaxşı yaşayırlar?

-    Qızımın birinin əri rəhmətə gedib, üç uşağı var. O birilər də yaşayırlar də, Hamı necə, onlar da elə. Mən oğlumun yanında yaşayıram.

-    Firuzə xanım, həyatda bu qədər laqeyd, qəddar adamlarla rastlaşmısınız. Heç xeyirxah insanlar qarşınıza çıxıbmı? 

-     Xeyirxah adam elə Qumralın bibisi Səyyarə xanım. Ancaq o. Mənə dedi ki, gəl qal bizimlə, necə biz, sən də elə yaşayarsan. Heç vaxt onun xeyirxahlığını yaddan çıxartmaram. İndi 85 yaşı var, hər dəfə gedib ona baş çəkirəm. Mənə toy eləyib gəlin köçürdü. 

-     Cehiz verdilər sizə?

-     Bibim onda sağ idi. Bir yorğan, iki balış verdi. Səyyarənin tanışları, dostları qab aldılar gətirdilər. Əmim arvadı sağ idi, bir yorğan verdi. Yığdılar, düzəltdilər, rus demişkən, komsomol toyu elədilər.

-    O cehizdən nəsə qalıb?

-    (Gəlini İradə xanım deyir ki, bir tikiş maşını qalıb. Firuzə xanım aydınlıq gətirir). O cehiz deyildi. Anamın tikiş maşını idi. Bizi sürgün edəndə evimizə həbs qoydular.  Bibim maşını aparmışdı hələlik tikməyə. Mən gələndən sonra gətirdi verdi mənə. İndi işləmir.

DSC00699-    Ananız sağ olanda sizə ən çox nə haqda danışırdı?

-     Anam deyirdi ki, bala, sən inanma. Mənim atam xalq düşməni olmayıb. O həmişə xalq üçün çalışıb. Heç kimə inanma.

-     Xalanız Xalidə xanımın  (Məmməd Əmin Rəsulzadənin kiçik qızı) taleyi necə oldu?

-     Müharibə vaxtı Xalidə gəlib Qumrugilə. Sürgündə ərə gedibmiş. Hamilə imiş. Əri ilə yola getməyib ayrılıblar. Sonradan deyib ki, mən gedirəm rayona. Sonradan taleyi necə olub məlum deyil.

-     Rəsulzadənin dörd övladından sizin ananız Lətifə xanım sürgündə vəfat edib, Rəsulu güllələyiblər, Xalidə xanəmın taleyi məlum deyil, yalnız Azərin uşaqları qalıb. İndi onlar nə işlə məşğuldurlar?

-     Azərin üç uşağı olub. Qızı rəfiqə 4 yaşında vəfat edib. Azərin oğlu Ramiz keçən il vəfat edib. ANS-də göstərdilər. Ramiz qul bazarına gedib, orada yük daşıyanda vəfat edib. Baxmamısınız? Rəsulzadədən indi qalan bir mənəm, bir də Azərin oğlu Rais. Raisin bir qızı var, Moskvada oxuyur.

-     M.Ə.Rəsulzadənin anası da sürgündə vəfat edib?

-     Maral xanım sürgünə gedəndə yolda vəfat edib. Dindar qadın olub. Yeməyib, içməyib ki, su başına gedəcək. Aftafa zad yox imiş. Bir ay yol gediblər. Gedib sürgün yerinə çatanda vəfat edib.

-     Sizin neçə nəvəniz var?

-     On bir nəvəm var.

-     Firuzə xanım , necə yaşayırsınız? Maddi vəziyyətiniz necədir? 

-     Yeddi “şirvan” təqaüd alıram.

-     Yeddi  “şirvan”la necə yaşaylırsınız?

-     Allah saxlasın, oğlum, gəlinim, onlarla yaşayıram. Onlar qazanırlar, məni də saxlayırlar.

-     Oğlunuz harada işləyir?

-     Oğlum mühəndisdir. Arada bir az işsiz qaldı. Bazarda çörək bişirib satırdı. İndi iki gündür işə çıxır. Zavoddan əvvəlki müdiri özü çağırıb. Gəlinim diş həkimidir. 

-     Atanız Azərbaycanı müstəqil görmək istəyirdi. Azərbaycan müstəqil olandan sonra dövlət adamlarından sizi axtaran oldumu? 

-    Elçibəy məni özü ilə Türkiyəyə apardı. Getdim orada babamın qəbrini gördüm. Ancaq Elçibəy vəfat edəndən sonra daha maraqlanan olmadı.

-    Heydər Əliyevlə heç görüşmüsünüzmü?

-    28 May bayramı idi. Represiya olunanlar hamısı getmişdi. Heydər Əliyev bizi çağırdı, bir-bir hamımızla görüşdü. Rəisdən soruşdu ki, bu kimdir? Dedi M.Ə.Rəsulzadənin nəvəsidir. Soruşdu nə nəvəsidir. Rəis dedi ki, qızının qızıdır. H. Əliyeva başqa heç bir söz demədi.

-    Firuzə xanım, bu qədər təqiblərə, əziyyətlərə məruz qalmısız. Sonradan da məlum olub ki, babanız günahsız imiş. Bunun müqabilində dövlətdən kompensasiya istəmisinizmi?

-    Mən heç nə istəmirəm. Qızlarım deyir ki, nə üçün istəmirsən? Deyirəm, mənim üstümdən, babamın üstündən ləkə götürülüb. Başqa heç nə lazım deyil mənə.

-     Bəs bu qədər çəkdiyiniz əziyyətlər?

-     Əziyyət çəkmişəm keçib gedib. Ölüb gedəcəm, əziyyətlər də mənimlə gedəcək qəbrə. Gedim mən o yuxarıdakılardan nəsə istəyim. Heç vaxt getmərəm. Mən elə kişinin qızı deyiləm. Allah oğlumun, gəlinim canını sağ eləsin. Gəlinim də qızdan artıqdır mənə. Yeməyim də var, içməyim də var, qalmağa yerim də var. Insana nə lazımdır, gördüyümü görmüşəm, daha heç nə istəmirəm. Mən naºükür deyiləm. Indi deyirlər çətin oldu, belə oldu. Deyirəm mən görən günü görsəydiniz necə dözərdiz?

-     Yoldaşınız nə vaxt rəhmətə gedib?

-     1997-ci ildə rəhmətə gedib. Şəkəri var idi.

-     Yoldaşınız yaxşı adam idi?

-     Yaxşı adam idi, fəhlə olanda nə olar. Maddi cəhətdən ailəni tam təmin eləyə bilməsə də yaxşı insan idi.

-     Firuzə xanım, çəkdiyiniz bu əziyyətlərin günahını kimdə görürsünüz?

-     Heç kimdə. Taleyim belədir. Kimdə görə bilərəm?

-     Tutaq ki, Stalində, Beriyada?

-    Lap Stalin olsun, ölüb gedib də. Stalin, Lenin o vaxt babamı aparıblar, istəyiblər işlətsinlər özləri üçün, babam istəməyib. Onun ideyası bir olub, daha üzünü  o yana- bu yana çevirməyib. Deməyib ki, gah ona qulluq edirəm, gah buna qulluq edərəm. Onun yolu bir olub.

-    Firuzə xanım, o insanlar ki sizdən qorxurdu, deyirdi ki, yaxın gəlmə, xalq düşməninin qızısan, indi o insanlar haqqında nə düşünürsüz?

-    O insanlar qalıb bəyəm? Qazaxıstanda qoca kişilər idi. Yenə də sağ olsunlar ki, bir tikə çörək verirdilər, deyirdilər ki, get bizim üçün su gətir. 

-    Indi həmin yerlərdə olmaq istəyirsinizmi?

-    Indi mənim pulum var ki, ora gedim? Getsəm də anamın qəbrini tapmaram. Çünki nə daş qoyduq, nə ad qoyduq. 

-    Məmməd Əminin nəvəsi olduğunuzu nə vaxt bildilər?

-    O vaxt uşaqları dolandırmaq çətin idi. Lökbatanın Korgöz qəsəbəsində poçtalyon işləyirdim, evləri gəzirdim. Lökbatana köçəndən sonra gəldilər məni “Dalğa” verilişinə çəkdilər. Həmin adamlar məni gördülər, dedilər gör sən kimsən, kimlərdənsən, heç bir dəfə də demədin ki, mən filankəsin qohumuyam. Dayım Azər Karaqandadan bizə gəlmişdi. Onu avtobusa mindirib yola salanda qonşumuzdakı qoca kişi gördü. Indi vəfat edib. Dedi ki, ay Firuzə, bu kim idi, sən yola saldın? Dedim dayımdır. Dedi atası kimdir, M.Ə. Rəsulzadə? Dedim hə. Qorxu düşdü canıma. Özüm üçün qorxmurdum, dayım üçün qorxurdum.

-    Keçmiş faciələrinizi tez-tez xatırlayırsınız?

-    Yaddaşım pozulub. Oğlum mənə deyir ki, Kəlmeyi-şəhadəti, Həmd surəsini öyrən. Oxuyuram, heç nə yadımda qalmır.  Nəvəmə öyrətmişəm, o bilir, o biri nəvəmə də öyrətmişəm, amma özümün yadımda qalmır. Oğlum deyir ki, onun savabı sənə bəsdir. Axı o vaxt, sovet vaxtı belə şey yox idi. Mənim yadımdadır, məktəbdən gəlirdik,  görürdük atam başında papaq Quran oxuuyur. 

-    Atanızın yaşadığı evə indi gedib baxırsınızmı?

-    Heç yanından da keçmirəm. İstəmirəm.

-    İndi o ev durur?

-    Durur. Maksim Qorki 21-də, Fantaziya hamamının yanında. O ev nə atama qismət oldu, nə anama. O vaxt mənə ev vermək istəyəndə dedilər gəl o evi verək sənə. Dedim istəmirəm. Əgər vermirsinizsə, onda o evi də istəmirəm. Müşfiq küçəsində bir otaqlı ev verdilər. Qəza vəziyyətində ev idi, özü də mübahisəli. Evi keçirmişəm qızımın adına, kirayə verir. Qızımın həyat yoldaşı vəfat edib. Üç uşağı var. Kirayənişin də qızımın başına oyun gətirib. 80 şirvanlıq telefonla danışıb, ödəməmiş qaçıb çıxıb aradan.

-     Sizin həyatınızın ən xoşbəxt dövrü nə vaxt olub?

-     Elə indi. Oğlum, gəlinim qazanıb gətirir, bir tikə xörəyimizi yeyib otururuq.

-     İndiki nəslə nə arzulayırsınız?

-     Əmin-amanlıq olsun, firavanlıq olsun, heç kəs öz cibini güdməsin.

-     Müstəqil dövlətimizin hazırkı vəziyyəti sizi qane edirmi? 

-     Necə deyim qane edir? Yeddi “şirvan” təqaüdlə mən necə dolanım? Uşaqlarım, nəvələrim hamısı ali təhsillidir, hamısı da işsizdir.

-     Sizin övladlarınız rüşvət alsa, onlara nə deyərsiniz?

-    Mənim həyat yoldaşım texnikumu qurtardı, onu usta qoydular. Yuxarıdan deyərdilər ki, filan yerdən, filankəsdən al. Dedi ki, istəmirəm, məni qoyun traktorçu. Elə onunla da qurtardıq. Yüz faiz bilirəm ki, mənim uşaqlarım da rüşvət almaz, lazım deyil.

-    Birdən rüşvət alsalar onlara nə deyərsiniz?

-    Tüpürərəm üzlərinə.

-    Rüşvət alanların indi hamısı milyonçudur. 

-    Hamısı öləcək, milyonları qalacaq. O vaxt babamın bağından istədim bir az ərazi götürəm. Getdim gəldim, həmin  bağdan mənə də verdilər. Mənə verilən ərazini bir başqa adama da  verdilər - “Azərbaycan qadını” jurnalının baş redaktoru Xalidə Hasilovaya. Getdim gördüm əkib düzəldiblər bağı. Bizim pulumuz yox idi ki, gedib düzəldək. Mənə dedilər ki, yol ağacları tulla, bura sənindir. Dedim yox, ağacların nə günahı var, qoy göyərsinlər. Bir daha ora getmədim. Qaldı ona. İndi o da rəhmətə gedib, heç ona da qalmadı.  

   2002-ci il

Yenilənmişdir Çərşənbə, 24 Yanvar 2018 10:06
каталог фаберлик на сайте faberllena.ru
народная медицина