DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI – 100 İL

Mətanət Əliyeva

MƏMMƏD  ƏMİN  RƏSULZADƏ TƏK QALDI

Aşağıdakı faktlar 1937-ci ildə güllənənən yazıçı Seyid Hüseynin qızı Qumral Sadıqzadənin “Son mənzili Xəzər oldu” romanından götürülmüşdür. Məmmədəmin Rəsulzadənin həyat yoldaşı Ümbülbanunun bacısı qızı olan Qumral xanım ailəsinin faciəsinə həsr etdiyi bu sənədli romanı yazarkən arxivlərdə olmuş və aşağıdakı faktları qələmə almışdır. Qumral xanımın ata evindən xaricdə olan Məmmədəminin məktubu tapıldığı üçün atası və böyük qardaşı güllələnmiş, anası sürgündə vəfat etmişdir. Mən 2002-ci ildə bu yazını hazırlayanda Qumral xanım sağ idi. Artıq o, həyatda yoxdur. Allah rəhmət eləsin. Təəssüf ki, tarixçilərimiz və siyasətçilərimiz həqiqəti xalqdan gizlədirlər. Və bizdən asılı olmayaraq tarix daim təkrar olunur. Tarixdən ibrət götürməyənlər isə xalqı da, özlərini də faciələrə sürükləyirlər.

BAKIDA DÖVLƏT ÇEVRİLİŞİNƏ  HAZIRLQ

1919-cu ilin sonu 1920-ci ilin əvvəlində Azərbaycanda vəziyyət gərginləşmişdi. Bir tərəfdən Rusiyanın xarici işlər naziri Çiçerin Azərbaycana bəyanat göndərərək xalqı Denikinlə mübarizəyə qaldırmağı tələb edir, digər tərəfdən təcavüzkar ermənilər Azərbaycan torpaqlarına basqınlar edirdilər. Onlar 1920-ci il martın  20-də Novruz bayramı gecəsində Xankəndinə, Qubada və Naxçıvana mütəşəkkil hücuma keçmişdilər.

Ölkəmizin daxilində də vəziyyət yaxşı deyildi. Bolşevizm tərəfdarı olan bir qrup azərbaycanlı Azərbaycan Demokratik Respublikasının süqutuna çalışırdı.

1918-ci ilin dekabrında Bakıda Fəhlə Konfransı keçirildi. Konfransda hökumət əleyhinə böyük tətil elan olundu. Əliheydər Qarayevin, Anastas Mikoyanın rəhbərlik etdiyi tətilin şüarı belə idi: “Bütün hakimiyyət fəhlə və kəndlilərə!”

1920-ci ilin fevralında Bakıda Azərbaycan Kommunist (bolşevik) Partiyasının 1-ci qurultayı oldu. Bu qurultay da Bakıda dövlət çevrilişinə hazırlıq xəttini götürdü.

Şimaldan gələn təhlükə getdikcə ciddiləşirdi. Qızıl ordu hissələri Azərbaycanın sərhəddində toplaşmışdı. Qarabağda və Ermənistana sərhəd olan rayonlarda hərbi əməliyyatlar aparıldığından Azərbaycan milli ordusunu  Şimal sərhədlərinə gətirmək mümkün deyildi.

Bu vaxtlar hökumət daxilində də ixtilaflar baş qaldırmışdı. Yeni hökumət kabineti təşkil etmək işi daxili işlər naziri M.Hacinskiyə tapşırılmışdı. O bu işi ləngidir, yeni kabineti bolşeviklərlə birgə qurmağa çalışırdı.   Beləliklə, Nazirlər Şurasının sədri Fətəli xan Xoyski tərəfdarları ilə Hacınski qrupu arasında ziddiyyətlər meydana çıxırdı.

TÜRK ZABİTLƏRİ TƏLƏB EDİRDİLƏR

Bu dövrdə Türkiyənin vəziyyəti də çətinləşmişdi. Birinci dünya müharibəsinin qalib dövlətləri Osmanlı dövləti ilə sülh bağlanması işini gecikdirir, türklərin güclənməsini istəmirdilər. Onlar Osmanlı imperatorluğunu paylaşdıran səkkiz maddədən ibarət qərar qəbul etmişdilər.

Türklər vəziyyətdən çıxış yolunu Sovet Rusiyası ilə yaxınlıqda görürdülər. Bakıda türk zabitləri, başda Xəlil paşa olmaqla, Qızıl ordunun Azərbaycana gəlməsini tələb edirdilər. Onlar elə bilirdilər ki, sovet ordusu Azərbaycanın ərazisindən keçib Anadoluya kömək edəcək.

Moskva Türkiyənin bu vəziyyətindən istifadə etmək  və azərbaycanlı bolşeviklərin , türk zabitlərinin vasitəsilə öz çirkin niyyətini həyata keçirmək istəyirdi. Onlar belə yalançı şüarlar da yayırdılar ki: “Türkiyə ölüm-dirim mübarizəsindədir , qızıl ordu onun köməyinə getmək istəyir,  “Müsavat” hökuməti isə buraxmır.”

Türklər Bakı bolşevikləri ilə birləşərək Azərbaycan sərhəddini keçmək istəyən qızıl orduya mane olan Müsavat hökumətini devirmək istəyirdilər. Bu işlərdə ən çox Xəlil Paşa fəallıq göstərirdi. M.Ə. Rəsulzadə onu bu hərəkətindən çəkindirmək istəmişdi:

-          Belə işi etməyin!- Demişdi. – Bizi öz halımıza buraxın, yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər...

M.Ə.Rəsulzadə gözəl bilirdi ki, rusların məqsədi Türkiyəyə kömək etməkdən çox Azərbaycanı işğal etmək, Bakı neftinə sahib olmaq, həmçinin keçmiş çar Rusiyasının “ərazisi” sayılan, böyük təbii sərvətlərə malik olan Azərbaycana yiyələnməkdir.

Q.MUSABƏYOV  VƏ  A.MİKOYAN  BOLŞEVİKLƏRİ QARŞILAMAĞA GETDİLƏR

Azərbaycanın işğalı əvvəlcədən hazırlanmışdı. 1920-ci il martın 9-da S.M.Kirov Mikoyana məktub yazaraq  11-ci ordu ilə birgə hərəkət etməyi və Azərbaycan ordusunun harada cəmləşdiyini öyrənməyi tapşırmışdı.

Qafqaz cəbhəsi inqilabi hərbi Şurası aprelin 27-də Azərbaycan sərhədlərini keçib bütün ərazini tutmağı 11-ci orduya əmr etmişdi. Ordu qərargahı hücuma rəhbərlik etmək üçün aprelin 25-də Dərbəndə köçdü. Həmin gün Azərbaycan partiya təşkilatının rəhbərlərindən A.Mikoyan, Q,Musabəyov, H.Cəbiyev də Dərbəndə getdilər. Hücum aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. Qabaqda dəstə komandiri M.Q. Yefremovun yerləşdiyi “3-cü internasional”  zirehli qatarı gedirdi. Yalama stansiyasında Müsavat zirehli qatarı ilə qırmızıların qatarı arasında baş verən qısa döyüşdən sonra müsavatçıların qüvvələri 11-ci orduya müqavimət göstərə bildi. Xaçmaz stansiyasında yenidən döyüş oldu. Qüvvələrin qeyri-bərabərliyi nəticəsində 11-ci ordu aprelin 28-də saat 5-də birinci olaraq Bakı vağzalına yaxınlaşdı.

Aprelin 26-da hərbi nazir S.Mehmandarov Milli Ordunun Gəncədə yerləşən 1-ci diviziyasına teleqram göndərmişdi: “Bolşeviklər Yalama stansiyasına hücum  edib irəliləyirlər. Xudatı tutublar. Vəziyyət gərgindir. Əmr edirəm: elə bu gün Qızılburuna Qazaxdan bir, Gəncədən də bir batalyon göndərin”. Ancaq 11-ci ordu yolda bu teleqramı tutub saxlamışdı.

MÜSAVAT  PARTİYASI  SATQIN  ELAN  OLUNDU

Aprelin 27-də gündüz saat 12-də Bakı bolşevikləri Parlamentə 12 saatlıq ultimatum verdilər. Bu ultimatum  parlamentin fövqəladə iclasında müzakirəyə qoyuldu. M.Ə. Rəsulzadə müzakirənin gedişində millət vəkillərinin bolşevikələrə təslimçiliyə meyl göstərdiklərini görüb iclasın axırında son ümidlə çıxış etdi:

-          Əfəndilər! – dedi: - mötəcazir bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirdilər. Fəqət əfəndilər... kimi tərki- mövqe edirik?  Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu təcavüzkar ordu təmin edirlər ki, ölüm-dirim çəkişməsində qalan Türkiyənin xilası üçün gedir. Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Milliyyətimizin arzu elədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə qarşılayıb yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət  dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi aldadırlar. Yalandır! Gələn rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsi ilə yurdumuza girən bu işğal ordusu bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün höküməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək rüsvayçılığına qatlaşmağa ehtiyac yoxdur. Bu mötəcaziranə ultimatumu rədd etməliyik. İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu ultimatumu qəbul etmək hökuməti öz əlilə dost qiyafəsinə bürünmüş düşmənə təslim etməkdir. Biz buraya millətin iradə və arzusuyla gəldik. Bizi bundan yalnız qüvvət və süngü çıxartmalıdır...

M.Ə.Rəsulzadə çıxışının sonunda Müsavat Partiyasının mövqeyini açıq bildirdi:

- Müsavat təslim olmur. O, mübarizə etmək  əzmindədir!

...Parlamentin son iclasında hərəsi 11 millət vəkili ilə təmsil olunmuş “İttihad” fraksiyası ilə “Sosialistlər” fraksiyası birləşib səs çoxluğu əldə etdilər. Nəticədə hökumətin bolşevikələrə təhvil verilməsi məsələsi səsə qoyulanda 3 nəfər bitərəf qalmaqla bolşeviklərin xeyrinə həll olundu. Daxili işlər naziri M.Hacınski  komissiya adından bildirdi ki, M.Ə.Rəsulzadə istisna olmaqla ultimatumun şərtləri bütünlüklə qəbul olunur.

Şərtlər aşağıdakılardan ibarət idi:

  1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək.
  2. Azərbaycanın istiqlaliyyəti hər cür təcavüzdən və qeydlərdən toxunulmaz qalacaq.
  3. Azərbaycan ordusu olduğu kimi qalıb buraxılmayacaq.
  4. Azərbaycan firqələri azadlıq siyasəti və sərbəstliyini mühafizə edəcək.
  5. Sabiq hökumət üzvləri və millət vəkillərindən heç kim siyasi ilə ittiham edilməyəcək.
  6. Sərbəst şəkildə toplanacaq Azərbaycan şuraları hökumətin idarə şəklini təyin edəcək.

(Məmməd Əmin Rəsulzadənin qabaqcadan əmin olduğu kimi bu şərtlərin heç birinə sonradan əməl olunmadı-müəllif).

Gecə saat 2-də hökumət təhvil verildi. Azərbaycan İnqilab Komitəsi adından Moskvaya radioqram göndərildi: “ Hamıya Moskvaya, Leninə, Müstəqil Azərbaycan Sovet Respublikasının Müvəqqəti Hərbi İnqilab Komitəsi  Bakı inqilabçı proletariatının və əməkçi kəndlilərin idarəsi ilə köhnə Müsavat hökumətini satqın və ölkənin müstəqilliyinin düşməni elan edib, Antanta ilə, Sovet Respublikasının digər düşmənləri ilə əlaqəsini kəsdiyini bildirir. N. Nərimanov, M. D. Hüseynov, Q. Musabəyov, Ə. Qarayev”.

Bir gün sonra, aprelin 29-da Lenin Şüşəçiliyin İstehsalı fəhlələrinin Ümumrusiya qurultayında bildirdi: “ İndi bizim bütün sənayemizi çağlaşdıra biləcək bir iqtisadi bazarımız var”.

1920-ci il mayın 3-də bolşeviklər Azərbaycan Demokratik Respublikasının üçrəngli milli bayrağını Parlament binası üzərindən götürüb Sovetlərin qırmızı bayrağını sancdılar.

MƏMMƏD  ƏMİN  RƏSULZADƏ  LAHICDA

 Hökumət bolşeviklərə təslim verilən kimi fəal müsavatçılardan Mirzəbala Məmmədzadə ilə Əbdülvahab Yurdsevər  aprelin 28-də səhər tezdən Məmmədəminin yaşadığı Vorontsovskiyə (indiki Əzizbəyov) gəlib gələcək planları barədə partiya lideri ilə xeyli söhbət etdilər. Onun məsləhəti və göstərişi ilə sonra C.Cabbarlının şəhər kənarındakı evinə getdilər. Yubanmadan Müsavatın gizli ümumi mərkəzini yaratmaq qərarına gəldilər.

 Hakimiyyəti təhvil verərkən oradakı şərtlərdən biri  sabiq hökumət üzvləri ilə millət vəkillərinin sayəsində ittiham olunmayacağı  vəd edilməsinə baxmayaraq Məmmədəmin də, müsavatçılar da bu şərtlərə əməl olunacağına heç vəchlə inanmırdılar. Məmmədəmin özünün təqib olunduğunu hiss edib mənzilində ailəsi ilə birlikdə qalmır, şəhərdə tez-tez yerini dəyişirdi. Çox keçmədən o, ümumiyyətlə, Bakıda qalmağın təhlükəli olduğunu, onu daim axtardıqlarını bilib şəhərdən kənara çıxmağı qərara aldı. Bu məqsədlə Lahıcı münasib yer seçib Müsavatın qurucularından biri olan Abbasqulu Kazımzadə ilə mayın axırlarında ora getdi.

Müsavat partiyasının təşkilatçılarından, 1911-ci ildə onu təsis edənlərdən biri, daha doğrusu, birincisi sayılan Məmmədəli (Məmməd Əmin Rəsulzadənin əmisi oğlu) ilə bu partiyanın başında duran Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri M.Ə. Rəsulzadə açıq-aşkar Azərbaycanda sovetləşmənin əleyhinə olduqları üçün, Azərbaycanın hər hansı bir dövlətdən, xüsusən bolşevik Rusiyasından asılı olmasına heç vəchlə razı olmadıqları üçün, doğma vətənlərinin müstəqilliyi uğrunda mübarizələrini davam etdirdiklərinə görə bolşeviklərin qatı düşməni sayılır və onlar yaxın məsləkdaşları ilə birlikdə hər yerdə axtarılır, təqib olunurdular.

Əzizlərinin başının üstünü  almış bu təhlükə Umgülsümü  (Seyid Hüseynin həyat yoldaşı və Məmmədəmin Rəsulzadənin həyat yoldaşı Ümbülbanunun bacısı) və ailəsini təşvişə salır, nigaran qoyurdu. Hələlik onlar bu təqibdən gizlənə bilmişdilər. Məmmədəmin Lahıcda idi, Məmmədəli isə tez-tez yerini dəyişməklə Novxanı kəndində qalırdı. Lakin hamı hiss edirdi ki, bu vəziyyət həmişə belə davam etməyəcək, əvvəl-axır onların pənah gətirdikləri yer bolşeviklərin saysız-hesabsız məmurlarına aşkar olunacaqdır.

Məmmədəmin Bakıdakı yoldaşları, ailəsi ilə ən çox etibar etdiyi Məmmədəlinin və lahıclı dostu Əliheydərin vasitəsilə əlaqə saxlayırdı.

İyun ayının ortalarında ailənin qorxduğu iş baş verdi. Məmmədəmini yaxın dostu və məsləkdaşı Abbasqulu bəy Kazımzadə ilə birlikdə gizləndikləri Lahıc qəsəbəsində, Məmmədəlini isə Bakıda həbs edib Bayıl həbsxanasına saldılar.    

MOSKVA  SƏFƏRİ

Bir neçə müddət sonra Ümbülbanuya əri ilə Bayılda görüşməyə icazə verildi. Məmmədəmin Stalinin onu və hətta istəsə ailəsini də özü ilə Moskvaya aparmaq istədiyini xəbər verdi.

Xeyli götür-qoydan sonra Ümbülbanunun  əri ilə Moskvaya getməsini qeyri-mümkün saydılar. Əvvəla buna nə Məmmədəmin, nə də Ümbülbanunun atası razı deyildilər. Ikincisi, qoca ata-ananı Bakıda baxımsız qoymaq olmazdı, üçüncüsü də, iki ay bundan əvvəl Ümbülbanunun dördüncü övladı anadan olmuşdu. Südəmər körpə ilə böyük bir ailənin tanımadıqları yad şəhərdə uyğunlaşması, orada təzədən ev-eşik qurması çox çətin idi. Moskvaya yola düşən gün Məmmədəminlə Məmmədəlini ailələri ilə vidalaşmaq üçün axşam bir saatlığa evə buraxdılar. Onlar Məmmədəminin Vorontsovski küçəsindəki (indiki Əzizbəyov) mənzilinə gəlib intizarla əzizlərinin yolunu gözləyən ailə üzvləri ilə (Məmmədəlinin arvadı Raziyə xanım da iki uşağı ilə burada idi), yaxın qohumları ilə görüşdülər. Uzun-uzadı söhbət etməyə vaxt yox idi. Onlar həbsxanadakı görüş vaxtı hər barədə danışıb, hadisələrin necə cərəyan edəcəyindən asılı olaraq bir nəticəyə gəlməyi qərara almışdılar.

Məmmədəmin yataq otağına keçib üzünü birinci dəfə gördüyü, bu qarmaqarışıq dünyaya təzəcə göz açmış oğlunu qucağına aldı, zərif ağ papağının üstündən başından öpdü:
- Uşağa nə ad qoymusuz? –soruşdu.
- Sənin dostunun adını – Əliheydər!
O, körpəni pəncərə önünə gətirib qaranlığa qərq olmuş sakit Bakı küçələrinə məyus-məyus baxdı:
- Yox! –dedi, uşağı əlləri üstündə yuxarı qaldırdı – qoy sənin adın Azərbaycanımızın şərəfinə Azər olsun, bala. Belə yaxşıdır...
Küçədə maşın fiti eşidildi. Onları çağırırdılar. Iki əmi oğlu əvvəlcədən hazırlanmış çamadanlarını götürüb aşağı düşdülər, qapı ağzında gözləyən maşına oturub dəmiryol vağzalına getdilər.

Səfərə çıxanların dalınca bir dolça su atan gözüyaşlı qadınlar binanın qapısı ağzında dayanıb uzaqlaşan maşının dalıyca məyus-məyus baxırdılar. Ümbülbanu bilsəydi ki, bu görüş onların axırıncı görüşüdür, bir də ərinin üzünü görmək ona nəsib olmayacaq, bəlkə heç nəyə baxmayıb Məmmədəminlə bir yerdə lap dünyanın o biri başına gedərdi.

Məmmədəmin də bilsəydi ki, bu gediş onun doğma Vətənindən, evindən axırıncı gedişidir, bilsəydi ki, ömrünün son anına kimi ailəsinin, Azərbaycanın həsrəti ilə yaşayacaq, indi arvadının, uşaqlarının üzünə, Bakının küçələrinə, binalarına, hər qarış torpağına doyunca baxar, gördüklərini yaddaşında daha möhkəm saxlayardı.

Yenilənmişdir Cümə, 02 Fevral 2018 08:33
каталог фаберлик на сайте faberllena.ru
народная медицина