DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ALLAHŞÜKÜR PAŞAZADƏ VƏ SKARLET OXARA


ƏHALİ YOXSULLAŞMAQDA VƏ KRİMİNALA MEYL ETMƏKDƏ DAVAM EDİR

 

metanetMətanət Əliyeva

 

Bəzi tanınmış adamlar haqqında fikirləşəndə “Küləklə sovrulanlar” filminin qəhrəmanı Skarlet Oxara yadıma düşür. Bu, dünyada çəkilən ən uğurlu filmlərdən biridir. Filmdə güclü obrazlar yaradılıb, dərin mənalı fikirlər qabardılıb. Filmin qəhrəmanı Skarlet vətəndaş müharibəsindən sonra yoxsullaşan, aclıq çəkən gənc qadındır. Skarlet and içib deyir ki, bütün vasitələrdən istifadə edəcək, amma bir daha aclıq çəkməyəcək. Skarlet varlanmaq üçün adam öldürür (onun öldürdüyü quldur yanki müharibədə qalib gəlmiş tərəfin əsgəri idi), bacısının nişanlısını hiylə ilə onun əlindən alır və sair. Skarlet əldə etdiyi pullardan ailəsinə, dostlarına yardım edir, müharibədən məğlub qayıdan ac əsgərləri yedirdir. Qafqazın şeyxi Allahşükür Paşazadəni və haqsızlığa etiraz edə biləcəyi halda susub mafiyadan cüzi pay alan və bu paydan ətrafındakılara əl tutan tanınmış adamları mən Skarletə bənzədirəm. Yeri gəlmişkən deyim ki, indi dünyada “Küləklə sovrulanlar”kimi səviyyəli filmlər çəkilmir.Çəkilən filmlərin heç bir mənası olmur, dərinliyə gedəndə isə həmin filmlərin gizli mənası insanların insanlığını əlindən almağa xidmət edir. Əslində əsil sənət əsəri insanların kamilləşməsinə, mənən zənginləşməsinə, xeyirxah, humanist olmasına xidmət etməlidir. Son illər Əsgər Fərhadi adlı İran pejissoru dalbadal Oskar mükafatı alır. Onun Oskar almış “Ellinin əhvalatı” filminə baxanda hər şey mənə aydın oldu. Elli adlı məktəb müəlliməsinin sinfində bir qız oxuyur. Qızın anasının Almaniyada yaşayan bir dostu İrana qonaq gəlir. Bu şəxs İranda evlənmək istəyir. Qızın anası Elli müəllimənin subay olduğunu bilir və dəniz sahilində dincəlməyə gedən vaxt Almaniyadan gələn dostunu və Elli müəlliməni də birgə istirahət etməyə dəvət edir ki, onları tanış etsin. İstirahət vaxtı qadınlar uşaqları Elliyə tapşırıb mağazaya gedirlər, diqqətsizlik üzündən uşaqların biri suda boğulur, uşağı xilas edirlər, uşaq sağ qalır, lakin həyəcanlanan Elli özünü öldürür. Adi bir hadisədir. Lakin buradan belə bir nəticə çıxarmaq olar ki, xeyirxahlıq etmək təhlükəlidir, birdən bunun zibili çıxar. Əslində isə təmiz ürəklə edilmiş xeyirxahlıq insana həmişə xoşbəxtlik gətirir. Filmdə aktyor oyunu da, operator işi də bərbad gündədir. Filmin Oskar almasının səbəbi isə mənim fikrimcə, son vaxtlar bütün beynəlxalq mükafatların insanlığın ziddinə işləyənlərə verilməsi ilə bağlıdır. Dünyanın bütün pulları Şeytan xislətli bir qrup adamın əlində cəmləşib, onlar dünyada əxlaqsızlıq, zorakılığı, şəhvəti təbliğ edirlər.

 

Şeyx hər zaman mafiozların yanında olub, əslində o, din adamı kimi haqqın yanında olmalıdır. Şeyx haqq sözü heç vaxt deməyib, haqsızlığa heç vaxt etiraz etməyib. Yəqin bilib ki, bunu deməklə heç nə dəyişməyəcək, çünki yuxarıdakılar qarşılarına birmənalı olaraq məqsəd qoyublar – bütün vasitələrdən istifadə etməklə sərvət toplamaq, necə ki, əxlaqsız qadın qarşısına məqsəd qoyur ki, ərini, uşaqlarını atıb yad bir kişiyə qoşulub getməlidir. Yüzlərlə belə qadının başını kəsirlər, amma elə qadınlar yollarından dönmürlər. Atalar deyib ki, sözü qanana de. Allahşükür Paşazadə qanmayan adamlara desəydi ki, qəbir yerini insanlara pulla satmaq olmaz, mərmərdən qəbir daşı düzəltdirmək günahdır, dinə ziddir, yetimxana uşaqlarının, məhbusların, şikəstlərin haqqını yeməyin, balalarınızın qabağından çıxar və sair, belə sözlər oğru məmurların xoşuna gəlməyəcəkdi. Şeyx susur və əldə etdiyi gəlirlərdən Skarlet sayağı yan-yörəsindəki minlərlə adama yardım edir. Yeri gələndə, onun yardımından istifadə edən adamlar Şeyxi susduğu üçün qınayırlar, amma Şeyxin susmaq əvəzinə əldə etdiyi pullardan pay almaqdan imtina etməyi ağıllarına gətirmirlər. Şeyx hələ tam yıxılmayıb, yıxılandan sonra Skarletin yolunu getməklə nə qədər böyük səhv etdiyini dərk edəcək. Şeyx nə qədər susssa da, tamahkar tayfa onun gəlirlərinə laqeyd qala bilmədi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yavaş-yavaş pul gələn sahələri Şeyxin əlindən alır. Prezident Mənəvi Dəyərlərin Qorunması Fonduna 6 milyon manat pul ayırdı. Həmin pullardan məscidlərin mollalarına maaş kəsiləcək və bu yolla din xadimlərini satın almağa çalışır.Bu işin gələcəyi yoxdur. Vicdanını pula satmış adamlardan arxa olmaz. Birinci xəyanəti onlardan gözləmək lazımdır.

 

Ölkədəki dəhşətli vəziyyəti təsvir etmək üçün nümunə kimi Hacıqabul rayonunu göstərmək kifayətdir. Bütün ölkədə vəziyyət eynidir. Hacıqabul rayonunda gənclərin bir qismi ailə-uşağını ataraq Rusiyaya baş götürüb gedib. Gənclərin bir qismi 2-3 min manat rüşvət verərək hərbiyə işə düzəlir. Ailəsini qoyub cəbhə bölgəsinə gedən bu gənclərə mənzilverib ailə-uşağı ilə bir yerdə yaşamasını təmin etmək əvəzinə onlardan rüşvət alırlar. Bizim əzəmətli ordumuz belə formalaşır. Gənc ailələrin başsız qalması ailələrin dağılmasına, kriminal hadisələrə səbəb olur. Rayon gənclərinin böyük bir hissəsi narkomandır, onlar oğurluq edirlər, polis oğurluq mal alan adamların heç birini tutmur və indiyə qədər bir nəfər sakinin oğurlanmış malı qaytarılmayıb. Rayonda azyaşlı qızlar polislərlə əlbir olaraq gənc oğlanları şərləyir və polis bu yolla gəlir əldə edir. Polislər narkotik alverçilərindən, falçılardan haqq alırlar. Əhali yoxsullaşmaqda və kriminala meyl etməkdə davam edir.

Yenilənmişdir Cümə axşamı, 03 May 2018 19:51
каталог фаберлик на сайте faberllena.ru
народная медицина