DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


CƏNNƏTDƏN CƏHƏNNƏMƏ

metanetMətanət Əliyeva

 

DÜNYANIN HƏR YERİNDƏN CİNAYƏTKARLAR AVROPAYA YIĞIŞIBLAR 

Şamaxının dağ kəndindən çıxıb Bakıya gələndə yolda hər dəfə deyirəm ki, cənnətdən cəhənnəmə gedirik.  İyunun 27-də Bakıya daxil olmaq üçün cəhənnəmin qır qazanından keçməli olduq. Bakının girişində 5 dəqiqəlik yolu 1 saat 5 dəqiqəyə keçdik. Dedilər ki, təmir getdiyi üçün yolu bağlayıblar. Belə vəziyyətlə dəfələrlə üzləşmişəm.  Bakıda daimi yaşasaydım yəqin çoxdan ölmüşdüm, necə ki, Ermənistanın, Qarabağın dağ rayonlarından Bakıya gələn adamların əksəriyyəti tez öldülər. Adamlar palçıqlı yollardan canlarını qurtarmaq, rahat, firavan yaşamaq üçün Bakıya qaçırlar, əvəzində ölüm, xəstəlik tapırlar. Gündə 15-16 saat işləyən, torpaq əllərini qabar edən, günəşin, yağışın altında mal otaran kənd adamları ağır ehtiyac içərisində yaşayırlar. Rayonlarda köhnə sovet maşını olan azsaylı adamların 99 faizi benzini 4-5 litrdən çox ala bilmir. Neft ölkəsinin vətəndaşları belə yaşayırlar. Benzin çəni heç vaxt dolmadığı üçün yuxarı hissəsi pas atır. 2-3 min manat pul əldə edən kəndçi Bakının Müşfiq, yaxud başqa qəsəbəsində 1-2 sot torpaq alıb daxma tikir, Bakıda məmurların tikinti şirkətlərində fəhlə, restoran-kafelərində ofisiant, mağazalarında satıcı, bağ evlərində gözətci və sair işləyirlər. Səfalı dağ rayonlarında münbit torpaqlar boş qalır. Çoxdandır ki, mən heç nə yazmıram, ona görə ki, bu qədər yaltaq söz adamlarının içərisində mənim sözümün qüvvəsi, ictimai fikrə təsiri yoxdur, KİV-ə dəstək fondundan pul, mənzil alan jurnalistlər ancaq xaricdən yazırlar, daxildən yazmırlar. Cinayətkar məmurlardan, xarici kəşfiyyatdan pul alan jurnalistlər 30 ildir xalqı aldatmaqla məşğuldurlar. Belə mətbuata dəstək verən (bu siyasəti həyata keçirən prezidentin müşaviri Əli Həsənov çox böyük uğurlar qazanıb) iqtidar nümayəndələrinin islah olunması mümkün deyil. Onlar xalqı da, özlərini də məhv ediblər və bu siyasəti davam etdirirlər. Hamı insanların vəhşiləşməsindən şikayət edir.  Mən bunu təbii qəbul edirəm. Ölkəmiz cəngəlliyə bənzəyir, qanunlar işləmir, polisə, prokurorluğa, məhkəməyə əməkdaşları rüşvətlə götürürlər. Cəngəllik qanunları ilə idarə olunan bir ölkədə vəhşi olmasan məhv olarsan. İnsanlar özlərini vəhşi məmurlardan qorumaq üçün vəhşiləşməyə məcburdurlar. Ordumuza hərbçiləri də rüşvətlə götürürlər, orada babat maaş olduğu üçün rayon gəncləri çıxış yolunu hərbçi olmaqda görürlər. Bakıda minlərlə boş göydələnlər tikilməkdə davam edir, amma evsiz hərbçilər ailələrindən ayrı yaşamaq məcburiyyətindədirlər.  Torpağının 25 faizi işğalda olan ölkədə hərbi parad keçirib ordunun qüdrəti ilə öyünmək ikrah hissi doğurur. Birdən çaşıb Stalin olarsınız. Stalinin həyat tərzi sadə adamların həyat tərzindən fərqlənmirdi, xalqın bir manatını da oğurlamamışdı. Paradda türk hərbçilərinin iştirakı ikrah hissini daha da artırır, torpaqlarımız türkpərəstlərin apardığı siyasətin qurbanı oldu . Parad şousuna çəkilən xərcə kombaynlar alınsaydı kəndçilərin zəhməti hədər getməzdi. Məmurlar yalnız öz məhsullarının xaricə getməsinə imkan verir, öz məhsullarınının qiymətlərini monopoliya vasitəsilə yüksəkdə saxlayırlar, günün altında qul kimi işləyən kəndli çəkdiyi xərci çıxara bilmir. Ölkədə insan haqlarının vəziyyəti ilk növbədə onun həbsxanalarından bilinir. Bizim həbsxanalara nəzarətçi düzəlmək üçün külli miqdarda rüşvət vermək lazımdır, çünki məhbus ailələrini qaz kimi yolan həbsxana əməkdaşları yağın-balın içərisində yaşayırlar, sahibkarın bir ildə qazandığını bir ayda qazanırlar.  Bunu həbsxanada yatan jurnalistlər və siyasətçilər yaxşı bilirlər, amma susurlar, çünki danışsalar, mafiyanın verdiyi paydan məhrum olarlar.  

İnsan üçün ən qiymətli şey can sağlığıdır. Səhiyyəmiz son həddə qədər korrupsiyalaşıb, insanların əksəriyyəti imkansızlıqdan sağlamlığını Allahın ümidinə buraxıb, minlərlə insan müalicəsizlikdən şikəst olur, vaxtsız vəfat edir, onların çoxu uşaqlardır. Xalqın nifrətini qazanan hakimiyyət nümayəndələri  çox güman ki, bu il Allahın bəlasına gələcəklər, xalqa etdikləri pisliklərin cəzasını çəkəcəklər. Cənnət də, cəhənnəm də bu dünyadadır, heç kim etdiyi əməllərin cavabını almamış bu dünyadan köçə bilməz. Ola bilər ki, Ermənistanda olduğu kimi, bizdə də qərbin dəstəklədiyi yırtıcı, satqın, ağıldan dayaz adamlar hakimiyyətə gəlsinlər və vəziyyətimiz daha da pisləşsin. Bu da Əliyevlər hakimiyyətinin son 25 ilədə apardıqları siyasətin nəticəsidir. Onlar ölkədə demokratik siyasət aparmaq, seçki yolu ilə hakimiyyəti dəyişmək imkanlarını heçə endirdilər. Qarşıda bizi ancaq dövlət çevrilişləri gözləyə bilər. 

Kənddə yaşadığım dövrdə yalanları, yaltaqlıqları görməmək üçün televiziya kanallarına baxmıram. Yaltaq adam eyni zamanda lovğa olur, işi keçməyən adamın yanında özünü çəkir, işi keçən adama yaltaqlanır ki, ondan nəsə qopartsın. Televiziya kanallarımız yaltaqlarla doludur. Kəndin genişliyində, sakitliyində bütün pis şeylər unudulur, insan təbiətin gözəlliyindən ilham alır, qəlbi xoş hisslərlə dolur. Kənddə ölümdən, xəstəlikdən, şər qüvvələrdən - heç nədən qorxmursan.  Jurnalistlər eşidirlər ki, uzaq dağ kəndində 120 yaşında gümrah bir qoca yaşayır. Qocanın yanına gedib onun uzun ömür sürməsinin səbəbini bilmək istəyirlər. Söhbət əsnasında qoca soruşur: “ O Nikolay padşah vardı ha, o hələ durur?”  Jurnalistlər başa düşürlər ki, qocanın çox yaşamasının bir səbəbi də onun dünyadan xəbərinin olmamasıdır. Kənddə mənim də dünyadan xəbərim olmur. Neçə illər idi ki, qaranquşlar, sərçələr Azərbaycana gəlmirdilər. Bu il qaranquşlar və sərçələr həyətimizdəki qoz ağacında yuva qurublar. Dağ kəndinin gözəlliyini təsvir etməyə ehtiyac yoxdur. Aran rayonlarında yaşayanların 80 faizi imkansızlıqdan öz rayonlarından başqa heç yeri görməyiblər. Onlar televiziya kanallarında bu gözəllikləri görə bilirlər. “Azərbaycandan əsintilər” verilişində Gədəbəy rayonunu göstərirdilər. Verilişə ləzzətlə baxdım. 

Bu yazını yazanda 6 yaşlı nəvəm məni çoxlu güldürdü. Kompyuterdən oxuyub görəndə ki, mən Bakıya cəhənnəm deyirəm, hirsləndi, yazını pozmağa çalışdı, Bakının üstünlüyünə dair arqumentlər sadalamağa başladı və dedi ki, belə yazsan, hamı çıxıb gedəcək, Bakı boş qalacaq. Hələ ki proses tərsinə gedir, rayonlar, kəndlər boşalır.  Yəqin ki mən növbəti yazımı bu hakimiyyət dəyişəndən sonra yazacam. Son 15 ildə müsəlman ölkələrində böyük faciələr baş verdi. Daxildəki satqınların əli ilə qərb dövlətləri müsəlman ölkələrini dağıdıb insanları kütləvi şəkildə qətlə yetirdilər, qaçqına çevirdilər, sərvətlərini talan etdilər. Xalqın sərvətlərini talan edən oğru məmurlar onu qərb ölkələrinə daşıyıb ailələrini də ora köçürdülər. Allahın lənətlədiyi ləyaqətsiz adamlar dünyanın hər yerindən Avropaya yığışıblar, oğurladıqları sərvətlərlə orada firavan, xoşbəxt ömür sürmək fikrindədirlər. Mənsə fikirləşirəm ki, bu həşaratlarla birlikdə Avropa ölkələrini böyük faciələr gözləyir. Allah cinayətkarların hamısını bir yerə toplayıb ki, onları birdən məhv etsin. 

 

Yenilənmişdir Bazar, 01 İyul 2018 13:03
каталог фаберлик на сайте faberllena.ru
народная медицина