DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


QADIN HƏBSXANASI ŞAMAXIYA KÖÇÜRÜLÜR

 

metanet

Mətanət Əliyeva

Qadın həbsxanası Şamaxının Ovçulu kəndinə köçürülür. Bu əslində yaxşı xəbər olsa da kənd adamları buna mənfi münasibət göstərirlər. Məsələ ondadır ki, kənd qadınları günü 15 manatdan “Paşa” holdinqin taxıl zəmilərində siçan deşiklərinə zəhər qoyurlar. Kənd qadınları narahatdırlar ki, qadın həbsxanası Şamaxıya köçəndən sonra belə işləri məhbus qadınlara pulsuz gördürəcəklər, yerli qadınlar işsiz qalacaqlar. İnternet vasitəsilə Azərbaycanda qadın həbsxanasında neçə nəfər qadının cəza çəkdiyini və həmin qadınların hansı cinayətləri törətdiklərini öyrənməyə çalışdım. Bu barədə heç bir məlumat tapa bilmədim. Ədliyyə Nazirliyinin saytında, hesab edirəm ki, bu məlumat olmalı idi. Yəqin ki, saytın əməkdaşı dövlət büdcəsindən maaş alır, amma heç bir iş görmür. Məlumatların gizli qalmasının səbəbi, mənim fikrimcə, korrupsiyadır. Heç kimə sirr deyil ki, həbsxanalarda işləyənlər büdcədən oğurlanan pullar və məhbusların qohumlarından alınan rüşvətlər hesabına çox varlı yaşayırlar. Ümumiyyətlə, uşaq evləri, xəstəxanalar, həbsxanalar vasitəsilə məmurlar büdcədən milyardlar oğurlayırlar. Bu fakt bizim məmurların nə qədər Allahsız, mənəviyyatsız, qəddar olduqlarını göstərir. Elə bir sahə yoxdur ki, orada oğurluq, rüşvətxorluq olmasın. Hamı bunları görür və sual verir ki, bunun axırı necə olacaq. Deyirlər ki, Şərq adamları müdrik olurlar. Müdrik adam o adamdır ki, keçmişə baxaraq gələcəyi görür və keçmişdə olanlardan müsbət nəticə çıxarır. Məsələn, müdrik adam keçmişə baxıb görür ki, xalqını talayan acgöz hökmdarların idarəçiliyinin sonu necə başa çatıb və müasir hadisələrin nə ilə başa çatacağını dərk edir. Xəlifə Yezidin, rus çarı ikinci Nikolayın, İran şahı Məhəmməd Rza Pəhləvinin hakimiyyəti necə başa çatdısa, bizim indiki hakimiyyətin sonu da elə olacaq.

Qonşumuz Rusiyada da hazırda güclü korrupsiya var. Amma orada vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid var, çünki bu sahədə mübarizə var. Bunu ilk növbədə Rusiya televiziyalarında gedən seriallarda, yazılan bədii əsərlərdə görmək olur. Əvvəl söz gəlir, sonra əməl. Rusiya televiziyalarının göstərdikləri seriallarda yüksək vəzifəli məmurların cinayətləri ifşa olunur, tamaşaçı da görür ki, mütləq mənada bu məmurlar etdikləri cinayətlərin cəzasını alırlar, hamısının həyatı faciə ilə başa çatır. Bizim televiziyaların göstərdikləri seriallarda ancaq ailədaxili dedi-qodular nümayiş olunur, hətta kiçik məmurlar haqqında belə bir kəlmə söz deməyə qorxurlar. Halbuki vətəndaşların problemlərinin kökü çürümüş, üfunət iyi verən hazırkı idarəçilik sistemidir. Hər bir vətəndaş təklikdə çarpışır, problemini həll etməyə çalışır. Dərk etmir ki, cəmiyyət düzəlməsə, dövlətin dəstəyi olmasa, problemlər daha da dərinləşəcək. Dövləti idarə edənlər isə vətəndaşlara kömək etmək əvəzinə onun əl-qolunu hərtərəfli bağlayırlar. Son günlər bir-birinin ardınca avtobus qəzaları baş verir, amma bir adam deyə bilmir ki, bunun səbəbkarı məmurlardır. Avtobuslar kartla deyil, nəqd pula işlədikləri üçün sürücülər daha çox nəqd pul qazanmağa çalışırlar. Bir nəfərin dediyi kimi, böyük avtobusları sürücülər Şumaxer kimi sürürlər. Məmurlar avtobusların kart sisteminə keçməsinə imkan vermirlər, çünki yığılan pullar onların cibinə gedir. Uşaqlar avtoqəzalarda qırılır, heç kimin həqiqəti deməyə cəsarəti çatmır. Müstəqil jurnalistlərin əksəriyyətini KİV-ə dəstək fonduna ayrılan pulla, mənzillə satın alıblar, televiziya kanalları isə ən yüksək vəzifəli məmurlara məxsusdur.

Mənə elə gəlir ki, imkan versələr bizim rejissorlar maraqlı filmlər, seriallar çəkər, tamaşalar hazırlayarlar. Yaxın günlərdə, səhv etmirəmsə, Mədəniyyət kanalında Yuğ Dövlət Teatrının bir tamaşasına baxdım. Rejissoru Ramiz Həsənoğlu olan tamaşa nadan bir jurnalist tərəfindən ələ salınaraq ölən istedadlı bir aktyora həsr olunub. Tamaşa məni ovsunladı. Yuğ teatrının bütün tamaşalarına baxmaq istədim. Qızım internetdə axtarış etdi. Məlum oldu ki, bu teatrın nə binası var, nə də afişası. Ramiz Həsənoğlu isə tamamilə fəaliyyətsizdir. “Yaşıl eynəkli adam”, “Ordan burdan” kimi ən maraqlı televiziya tamaşalarının rejissoru olan Ramiz Həsənoğlu işsiz qaldığı halda deyirlər ki, bizdə istedadlı rejissorlar yoxdur. İstedadlı rejissorlar çoxdur, sadəcə olaraq, hazırda meydan istedadsızlarındır. Şübhə etmirəm ki, istedadlıların dövranı lap yaxındadır. İnternetdən məlum oldu ki, Yuğ teatrının hazırda baş rejissoru Mehriban Ələkbərzadədir. Mehriban Ələkbərzadə indiyə qədər bütün işləri uğursuz olub, o öz istedadsızlığını pafosla gizlətməyə çalışır. Bakıda oğru məmurların tikdirdiyi minlərlə istifadəsiz binalar var. Onlardan birini Yuğ teatrına verib Ramiz Həsənoğlunu baş rejissor qoysalar biz də maraqlı tamaşalara baxıb mənəvi aclığımızı öldürərik. Amma bu hakimiyyətin dövründə bunu etməyəcəklər. Çünki hakimiyyəti idarə edən mənəviyyatsız oğrulara mənəviyyatlı vətəndaşlar lazım deyil. Ədəbiyyat, musiqi, teatrlar oğruların vəsfinə, cinayətlərini ört-basdır etməyə yönəlib. 25 ildir milləti diringi oynadırlar, artıq bu siyasət yerimir, tükənib. Ramiz Həsənoğlundan soruşmaq istəyirəm, ay Ramiz müəllim, 72 yaşınız oldu, oturub ölümünüzümü gözləyirsiniz? Axı siz çox işlər görə bilərsiniz. Cahangir Zeynalov mədəniyyətimizin hazırkı acınacaqlı vəziyyətdən danışanda siz niyə susdunuz? Təklikdə qalan Cahangir müəllimi susdurdular. Bəlkə sizin dediyiniz həqiqətləri yazmağa cəsarəti çatan jurnalist, mətbu orqanı, televiziya kanalı yoxdur? Sosial şəbəkələrdən istifadə edə bilərsiniz. Hesab etməyin ki, həqiqəti deməyin əhəmiyyəti yoxdur. Siz susanda vicdanlı insanlar düşünürlər ki, ziyalısı susan bu millət ölməyə layiqdir. Pis millət olmur, pis rəhbər olur və o rəhbər millətin mənəviyyatını əlindən alıb onu məhv etməyə çalışır. Mən bir ssenari yazmışam və bunu sübut etmişəm. Nə vaxtsa pulum olarsa, şübhə etmirəm ki, gözəl bir film ortaya çıxacaq. Bizim ölkədə hazırkı idarəçilik Markesin “Patriarxın payızı” əsrindəki idarəçiliyin eynidir. Patriarxın ölkəsində bir nəfər də vicdanlı insan yoxdur, hamı mənəviyyatını pula, vəzifəyə satıb. Mən Markeslə razı deyiləm. Hər bir millətin içərisində vicdanlı vətəndaşlar var. Bu işıqlı insanları görmək lazımdır.

Yaxın günlərdə sovet dövründə rusların çəkdiyi “Pişiyin evi” cizgi filminə baxdım. Belə filmlər adamın ürəyinə yağ kimi yayılır. Pişik təzə tikdirdiyi evə imkanlı qonşularını dəvət edib var-dövləti ilə öyünür, ac, yetim pişik balalarını qapıdan qovur. Bir müddət sonra pişiyin evi yanır, imkanlı “dostları”nın hamısı onu qapıdan qovur. Yetim pişiklər komalarında yer düzəldib pişiyi yağışın altıda qalmağa qoymurlar. Bizim xalq hazırda yetim, ac pişiklərin günüdədir. Məmurlarımız özlərini nümayiş etdirmək üçün ölkəmizin sərvətlərini böyük dövlətlərə paylayırlar, biz isə çörək, dərman almağa pul tapmırıq. Müdrik insanlar bunun nə ilə bitəcəyini qabaqcadan bilirlər. Dəyərli sənət əsərlərinin, o cümlədən, “Pişiyin evi” cizgi filminin gücü də məhz onun real həyatdan götürülməsindədir.

Yenilənmişdir Cümə axşamı, 15 Noyabr 2018 12:47
каталог фаберлик на сайте faberllena.ru
народная медицина