DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


NİSYƏ DƏFTƏRİ VƏ ELÇİN ƏLİBƏYLİNİN BAMBILI MÖVZULARI

 

Mətanət Əliyeva

70 illik sovet dövründə Azərbaycanda nisyə dəftəri olmayıb. Heydər Əliyev komandasının 25 illik hakimiyyəti bizi 100 il geri atdı, Azərbaycanda bu gün də 20-ci əsrin əvvəlində olduğu kimi nisyə dəftərləri mövcuddur, əhalinin 50 faizi ərzağı nisyə alır. 20-ci əsrin əvvəllərində, Böyük Oktyabr sosialist inqilab ərəfəsində Azərbaycanda nisyə dəftərləri vardı. Mazutun içərisində işləyən fəhlələr ərzağı nisyə alırdılar, əyinlərinə geyinməyə paltar tapmırdılar. Ölkədə qumarbazlıq, homoseksualizm baş alıb gedirdi. Bakı milyonçusu Şəmsi Əsədullayevin nəvəsi Baninin (Ümbülbani) “Qafqaz günləri” və “Paris” günləri” əsərlərində bunlar öz əksini tapıb. Neft milyonçuları əcnəbi məşuqələrini brilyantın içərisində saxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin ikinci həyat yoldaşı Sara Tağıyeva kimi milyonçu xanımları brilyantlarını nümayiş etdirmək üçün xeyriyyə tədbirləri keçirirdilər. Tarix necə də təkrar olunur. Təkrarın hələ ardı da var. Hacının nəvəsi yerində olan Sara xanım onun gəlininin bacısı idi. Sara xanımla evlənəndən sonra Hacı əvvəlki həyat yoldaşından və övladlarından imtina etmişdi. Sara xanın cavan mühəndislə Hacıya xəyanət etdiyi üçün iş məhkəməyə gedib çıxmışdı. Yalançı xeyirxahlıq Allah tərəfindən qəbul olunmadı, Sara xanım dilənçi oldu, övladları yoxsul, faciəvi həyat yaşadı. Rayonda nisyə dəftərləri barədə rəvayətlər danışırlar. Bir nəfər Rusiyada yaşayan azərbaycanlı iş adamı rayona gəlir, mağazadan nisyə dəftərini alır və bütün borcları ödəyir. Həmin rayondan bir məmur həcc ziyarətinə gedir. Qayıdanda mağazaya gəlib nisyə dəftərini istəyir. Satıcı elə bilir ki, Hacı borcları bağlayacaq. Hacı dəftəri açıb deyir: “Mənim adımın qarşısına yaz Hacı Əhməd” . Bu əhvalatı danışanlar ümidlə gözləyirdilər ki, yenə kimsə gəlib nisyə dəftərindəki borcları ödəyəcək. Bizim hökümətimiz də imkansızlara yardım edir. Sosial yardım adı ilə verdiyi pulun 6 ayını məmur götürür, 6 ayını kasıba verirlər.

Televiziya kanallarımız hər gün ordumuzun qüdrətindən, əsgərlərimizin vətənpərvərliyindən danışırlar. Mən bir hərbçinin gündəlik həyatı barədə yazmaq istəyirəm. Tanıdığım bir gənc bir il bundan əvvəl 2 min 500 manat rüşvət verib orduya işə düzəldi. O, hazırda ön cəbhədə orduya silah daşıyır. Gənc üç uşağını və həyat yoldaşını da ön cəbhəyə aparıb. Ailə kirayədə ev sahibinin ailəsi ilə birlikdə yaşayır, ayda 150 manat kirayə pulu verir. Gənc 650 manat maaş alır. Bu pulun 150 manatını kirayə haqqı verir. Hər ay anasına 300 manat göndərir. Atasının ağ ciyəri xəstədir, kalorili yeməklər yeməlidir, dərmanlar qəbul etməlidir. Dövlət vərəm xəstələrinə pulsuz dərman vermir. Gənc hərbçinin 5 nəfərlik ailəsinin 1 ay yaşaması üçün ona 200 manat pul qalır. Qohumları dedi ki, bir aydır bu ailə ət yeməyib. Gənc hərbçi gərgin mühitdən, zəif qidalanmaqdan əriyib qurtarıb. Orduda mühit dözülməzdir, anarxiyadır, rüşvətxorluq, oğurluq baş alıb gedir, kim harda nə bacardı qamarlayır. Hərbçinin rüşvətlə işə götürüldüyü ordu bundan artıq ola bilməz. Dövlət büdcə pulları hesabına sovet vaxtı olduğu kimi hərbçilər üçün evlər tiksə, onların vəziyyəti bir qədər yaxşı olar. Evində yavan çörək yesə belə hərbçi ailəsi, indi olduğu kimi, kirayədə qaldığı evin sahibindən utanmaz. Büdcədən tikintiyə ayrılan pulun 70-80 faizi məmurlar tərəfindən oğurlanır (ona görə də büdcə pularını daha çox bu sahəyə ayırırlar), bununla belə tikintini əsasən Bakıda aparırlar ki, pul gözlərindən uzağa getməsin. Hərbçilər evsiz qalıblar, Bakını lazımsız tikililərlə doldururlar.

Büdcə layihəsinin müzakirəsindən məlum oldu ki, 2019-cu ildə də icbari tibbi sığorta tətbiq olunmayacaq. Keçən ay rayonda dəhşətli bir xəbər eşitdim. Sinif yoldaşım xərçəng xəstəsidir. Sinəsinin birini kəsiblər, onun müalicə xərclərini ödəmək üçün 25 yaşlı oğlu mağazada yükdaşıyan işləyirdi. Oğlan qrip olub, xəstə-xəstə yük daşımağında davam edib. Xəstəliyi şiddətlənib, həkim müalicə yazsa da, qazancını anasının müalicəsinə versin deyə bu xəbəri evdəkilərdən gizlədib. Evdəkilər görəndə ki, gəncin halı pisləşib, onu təcili Bakıya çatdırmaq istəyiblər, oğlan yolda vəfat edib. Qonşuluqda üç uşağın anası olan gənc qadın isə hamiləlikdən azad olmaq üçün aptekdən dərman alaraq qəbul edib və vəfat edib. Belə hallar aborta pul tapmayan, hamiləlikdən qorunmaq üsullarını bilməyən gənc qadınlar arasında tez-tez baş verir. Rayondakı başqa bir qonşumuz isə oğlu narkoman olduğu üçün sentyabr ayında özünü yandırıb öldü.

Bütün bunların ölkəni idarə edən məmurlara heç bir dəxli yoxdur. Onlar özləri üçün ayrıca məktəblər, xəstəxanalar, universitetlər, uşaq bağçaları, restoranlar açıblar. Kasıblarla varlılar arasındakı dərin uçurum da varlıları qane etmir. Məmurların hamısı xaricdə ev alıb övladlarını ora göndərirlər. Azərbaycanda varlı məmur ailəsi, demək olar ki, qalmayıb. Məmurlar Azərbaycanın gələcəyini görmədikləri üçün övladlarını ölkədən çıxarırlar. Bu yandan da guya qazın, benzinin qiymətin qaldırırlar ki, guya sosial ədaləti bərpa edirlər. Qaza limit qoyanda guya dedilər ki, məmrlar villalarında çox qaz işlətdikləri üçün limit qoyurlar. Limit kasıbları yenidən kərmə yandırmağa məcbur etdi, məmurlar isə itkini doldurmaq üçün rüşvətxorluğun və oğurluğun miqyasını genişləndirdilər. Sanki sosial ədaləti bərpa etmək üçün korrupsiyanı dayandırmağın əsas şərt olduğunu başa düşəcək adamlar bizim hökumətdə yoxdur.

Televiziyalarımız hər gün Ermənistandakı acınacaqlı vəziyyətdən danışırlar. Ermənistandakı vəziyyətdən xəbərimiz olmasa da, əminliklə deyə bilərəm ki, orada da qonşu Gürcüstanda olduğu kimi icbari tibbi sığorta da var, təhsili də normaldır, orada uşaqlar özlərindən ağır çantaları məktəbə daşımırlar. Hasısa mafiya üzvü övladına xaricdə ev almaq üçün cəfəng kitablar yazıb pul qazanır, bizim uşaqlarımız da həmin kitabları daşıyıb bellərini şikəst edirlər. Şübhə etmirəm ki, Ermənistanda yollar bizdəki kimi palçıq deyil, dövlət melorasiya idarəsi yalnız məmurların torpaqlarına su çəkmir. Yeri gəlmişkən, şirin su neftdən qiymətlidir. İsveçrə kimi ölkələrdə yüzlərlə süni göllər yaradıb bir damcı suyun israf olmasına imkan vermirlər. Bizdə çayların suyu dənizə tökülüb şorlaşır, suya həsrət qalan insanlar tər, peyin iyi verirlər, ölkə isə səhraya çevrilir. Ölkədən Rusiyaya mühacirət edən milyonlarla kasıb azərbaycanlının da güzaranı yaxşı deyil. Məmurlarımız qərbyönümlü siyasət apardıqları üçün Rusiyadakı azəbaycanlıları sıxışdırırlar. Varlılarımız oğurladıqları pulların saxlandığı Avropaya, kasıblarımız Rusiyaya qaçırlar. Ona görə də varlı təbəqəyə qərbpərəst siyasət aparmaq sərfəlidir.

Televiziyalarımız guya kitab təbliği ilə məşğuldur. Əslində korrupsioner ölkələrdə əhalinin savadlı olması məmurlara sərf etmir, çünki savadlı xalğı indiki kimi istismar edə bilməzlər, ona görə də tənsil sistemini məhv edirlər. İkincisi də, kitab oxumaq vərdişi uşaqlıqdan formalaşmalıdır. Azərbaycanın bütün orta məktəblərində kitabxanalar var, kitabxanaçılar hər ay maaş alırlar. Salyan kəndlərinin birində oxuyan 11 yaşlı qohumum dedi ki, məktəbin kitabxanasından iki dəfə kitab götürüb oxuyub, üçüncü dəfə götürməyə qoymadılar. Hekayələr yazan, rəsm çəkən bu qıza yazığım gəldi. Onun ailəsinin kitab, jurnal almağa maddi imkanı yoxdur. Təhsil nazirliyi məktəblərə kitabxanaçıları da rüşvətlə işə götürür. Məktəb kitabxanaları şagirdləri oxumağa həvəsləndirməlidir, məktəblərdə əsərlərin müzakirəsi, yazıçılarla görüş keçirilməlidir. Bizim kitabxanaçılar uşaqları kitabxanaya girməyə qoymurlar. İntellektual aparıcı Elçin Əlibəyli bu mövzuya bir veriliş həsr etsə yaxşı olar. Onun dəvət etdiyi qonaqların sifətindən də intellekt tökülür. Verilişində kitab oxumaqla bağlı bir şüar da gedir. Yazığı qınamayaq, ciddi mövzular qoya bilmədiyi üçün bambılı-bambılı mövzular qoyur. Elçin Əlibəyli heç məktəb kitabxanalarını da müzakirəyə çıxara bilməz, çünki bu sahədən talanan pullların kimin cibinə getdiyini və ölkədə savadsızlaşdırma siyasətini kimlərin apardığını yaxşı bilir.

Yenilənmişdir Çərşənbə, 12 Dekabr 2018 10:59
каталог фаберлик на сайте faberllena.ru
народная медицина