DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


XOŞBƏXTLİK MODELİ

 

Mətanət Əliyeva

Yola saldığımız 2018-ci ilin müxtəlif sahələr üzrə statistikası açıqlandı. Mənim diqqətimi daha çox cəlb edən boşanma məsələsi oldu. 2018-ci ildə boşanmalar təxminən 50 faizə çatıb. Bu rəqəmin arxasında, mənim fikrimcə, böyük faciələr dayanır. Ağlım kəsəndən boşanan ailələr haqqında “filankəsin evi dağıldı” sözlərini eşitmişəm. Ev dağılanda ən çox uşaqlar əziyyət çəkirlər. Atalı-analı yetim qalan uşaqlar elə bir travma alırlar ki, onların sonrakı həyatı faciələrlə dolu olur. Yetim uşaqlar haqqında belə bir bayatı var:

Yetimin yekə dərdi,

Fil gələ çəkə dərdi.

Nər çəkməz, köşə çəkməz,

Lök gələ çəkə dərdi.

Valideynləri boşanıb təzədən ailə quran, analı-atalı yetim qalan, nənə himayəsində böyüyən şair Nüsrət Kəsəmənli isə yazır:

Uzaqdaydı mən axtaran ocaqlar,

Ürəyimi yandırırdı sazaqlar.

Atalıydı-analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

Mənim anam cavan vəfat etdiyi üçün natamam ailənin nə demək olduğunu bilirəm. Boşanmış ailələrdən fərqli olaraq valideynlərin vəfat etdiyi ailələrdə uşaqlar ciddi travma almırlar, çünki ölüm Allahın qismətidir, ailə dağıtmaq isə günahdır, eqoist maraqlarını düşünərək boşanan adamlar Allahın qəzəbinə gəlirlər. Əsil bədii sənət əsəri odur ki, o əsər insanın yaşadığı, lakin sözlə ifadə edə bilmədiyi ağrını, sevinci yuxarıdakı misralarda olduğu kimi ifadə edə bilsin. Bunun üçün İlahidən vəhy gəlməlidir. Psixoloqlar qatil uşaqlar arasında araşdırma aparıblar və məlum olub ki, bu uşaqların əksəriyyəti natamam – boşanmış ailələrdə böyüyüblər. Hansısa jurnalda oxudum ki, avropa ölkələrinin birində yeniyetmə qızların böyük bir faizi ögey ataları tərəfindən zorlanıb. Hazırda bizim cəmiyyətdə homoseksual oğlanların sayı artıb. Şəxsən mənim tanıdığım homoseksuallar natamam ailələrdə böyüyənlərdir. Uşaqların elə bir dövrü olur ki, nəzarət olmayanda onları narkomanlığa, fahişəliyə, homoseksuallığa, cinayətkar yollara çəkmək asan olur. Bütün bunların münbit mənbəyi olan boşanmalar bizim ölkədə müstəqil olduğumuz vaxtdan bəri məqsədli şəkildə təbliğ olunur. “Mavilərin”  və fahişələrin kütləvi şəkildə televiziya aparıcıları olmasını təsadüfi saymaq olmaz. Onların hamısı Türkiyədə hazırlıq keçirlər. Ölkəmizdə ailə modelini dağıtmaq üçün beynəlxalq təşkilatlar qeyri-hökumət təşkilatlarına, mətbuata, siyasi partiyalara külli miqdarda maliyyə vəsaiti verirlər, adını da qoyurlar gender bərabərliyi və sair. Burada siyasi məqsəd də ola bilər, insan alverindən, narkotik maddələrin satışında pul qazanan beynəlxalq cinayətkar mərkəzlərin maddi maraqları da ola bilər. Ümumiyyətlə, dünyada bütün müharibələr pul üstündə gedir. Cinayətkar şəbəkələr pul qoyub pul götürürlər. Dövlətin başında duranlar xalqı fikirləşmirlərsə, o xalq beynəlxalq cinayətkar şəbəkələrə ucuz yem olur. Televiziya kanallarımızda ailə dəyərlərindən danışan ekspertlərin bir çoxu fahişələrdir. Bu qadınların əksəriyyəti hansısa pullu kişini ələ keçirib ona seksual xidmət göstərir. Amma onlar küçədə, magistral yollarda bədənini satan fahişələrdən fərqli olaraq özlərini fahişə hesab etmirlər. Belə qadınların devizi belədir ki, kişidən nə qədər çox pul çəksən, onu daha çox əldə saxlaya bilərsən, kişi xərclədiyi pullara heyfi gəldiyi üçün saxladığı qadını atmayacaq. Fahişələr özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, kişi yaxşı qadının yanından qaçmaz. Pul müqabilində qadınla gizlində seksual əlaqədə olmaq sevgi deyil. Bu, birmənalı şəkildə belədir ki, bədənini pul müqabilində satan qadın da, kişi də fahişədir.

Bəzi oxucular deyə bilər ki, boşanmalar inkişafın nəticəsidir. Özünü maddi cəhətdən təmin edən qadın ərə tabe olmaq istəmir, müstəqil yaşamaq istəyir. Mən Parisdə olanda türk dönərsatan dedi ki, “fransızlar bitdi, onlar cocuq doğmurlar, köpək saxlayırlar.” Həqiqətən də avropalılar ailə qurub uşaq doğmaqda çox da maraqlı deyillər. Onlar özləri üçün yaşamaq istəyirlər, istədikləri vaxt sevgililərini dəyişirlər. Belə münasibətdən uşaqların əziyyət çəkdiyini gördükləri üçün uşaq dünyaya gətirmirlər, boşananda uşaqlarının atası ilə dostluğu davam etdirirlər ki, uşaq travma almasın. Mən belə həyat sürən avropalıların xoşbəxt olub-olmadıqlarını dərk etmək üçün diqqətlə onların üzlərinə baxırdım. Üzlərdə yorğunluq, boşluq, qüssə görürdüm. Amma bizdə nəvələrin, gəlinlərin əhatəsində yaşayan insanlar daha həyatsevər, xoşbəxt  görünürlər. İnsanlar yaranan  gündən xoşbəxtlik axtarışında olublar. Nəhayət, insanlar ailə modelini fikirləşiblər. İsti ocaq, ata, ana, övladlar əhatəsində sevgi dolu ömür xoşbəxtliyin qarantı hesab olunub. Bu isti ocağı dağıtmaqla xoşbəxtlik axtaranların axırda hamısının peşiman olduğunu görmüşəm. İndiyə qədər eşitməmişəm ki, boşanmış bir kişi, yaxud bir qadın sonradan desin ki, düz hərəkət edib.   

İnsanın həyatı, islam dininin qanunları ilə desək, bir sınaqdır. Allah insanı bu dünyada bütün sınaqlardan keçirir. Var-dövlətindən, vəzifəsindən asılı olmayaraq hər bir insan bu dünyanın bütün əzablarını – xəstəlik, xəyanət, yaxın adamının vəfatı, haqsızlıq, maddi çətinlik – yaşayır. Bəzən insan fikirləşir ki, bu dünyaya əzab çəkmək üçün gəlib. Ətrafında doğmaların, mehriban ailən, qohumların olanda əzablı sınaqlardan keçmək bir qədər asan olur. Güclü insanlar var ki, onlar təkbaşına bütün əzabları dəf edə bilirlər. İnsanlar müxtəlifdir. Bəziləri insana məxsus olan hissləri dərindən yaşayır, onlarda orta hədd yoxdur, sevincdən göydə uçur, kədərdən sanki ölür. Dayaz insanlar da var. Onlar hər şeyə ötəri yanaşırlar. Hər halda isti ocağın ətrafında, sevdiyin insanların arasında olmaq ən uğurlu xoşbəxtlik modelidir. Keçmişdə bu ocağın ətrafındakı insanların sayı həddən artıq çox olub, ona görə də o vaxt depresiyalar, nevrozlar olmayıb, hətta ölümü də insanlar nikbinliklə qarşılamağı bacarıblar.

Mən istərdim ki, ötən ildə çörək dalınca ölkəmizi tərk edən, Rusiyada , Ukraynada, Belorusda, Qazaxstanda ağır mühacir həyatı yaşayan azərbaycanlıların statistikası açıqlansın. Ölkəmizdə nə qədər gənc qadın ərsiz qocalır, nə qədər uşaq atasız böyüyür. Bizimkilər Ermənistandan mühacirət edənlərdən çox danışır, amma öz mühacirlərimizin faciələri barədə susurlar. Tanıdığım ailələrin statistikasını apardım. Mənim tanıdığım ailələrin təxminən 50 faizində kişilər mühacirətdədir.

“Reytinq” qəzetində oxudum ki, amerikalı politoloq deyib ki, üçüncü dünya müharibəsi Qarabağdan başlaya bilər. Mənim fikrimcə, üçüncü dünya müharibəsi artıq çoxdan gedir. Xristianlarla müsəlmanlar arasında 10 ildən artıqdır gedən müharibədə milyonlarla müsəlman qətlə yetirilib, qaçqın düşüb, dövlətlər dağılıb, sərvətlər talan edilib. Dəhşət ondadır ki, bu müharibədə Səudiyyə Ərəbistanı, Türkiyə kimi müsəlman dövlətləri də ABŞ və Avropa dövlətlərinə müsəlman dövlətlərini işğal etməkdə kömək ediblər və bu gün də işğalçılarla müttəfiqdirlər. Mən “Dünyanın 100 siyasətçisi” kitabını oxudum. Bu kitabda dünyanın siyasi xəritəsində dəyişiklik edən, dünya siyasətinə təsir edən 100 siyasətçi haqqında yazılıb. Kitabda yalnız bir nəfər müsəlman siyasətçinin – Məhəmməd peyğəmbərin adı var. Məhəmməd peyğəmbər dünyaya yeni din gətirdi, bu din altında böyük xilafət yaratdı. Milyonlarla müsəlman tərəqqi etməyə başladı. Məhəmməd peyğəmbərdən sonra xəlifə onun yeganə övladı Fatimeyi-Zəhranın həyat yoldaşı, peyğəmbərin əmisi oğlu və silahdaşı Əli olmalı idi. Lakin peyğəmbərin cavan həyat yoldaşı Ayşə hiylə ilə öz atası Əbu Bəkri xəlifə etdi və elə o vaxtdan müsəlmanlar sünnilərə və şiələrə bölündülər, bir-birini qırmağa başladılar. Beləliklə, Ərəb xilafəti dağıldı, müsəlmanlar tənəzzül etməyə başladılar. Şiələr arasında belə bir söz var – Əli xofu. Əli Allahdan, haqsızlıq etməkdən qorxurdu. Yeri gəlmişkən, mən də bir Əli şiəsi kimi mənə pislik edənlərə də pislik edə bilmirəm. Allahdan qorxuram, inanıram ki, etdiyim pislik özümə qayıdacaq. Bu gün şiə müsəlmanlar başda İran dövləti olmaqla işğalçı qərb dövlətlərinə qarşı döyüşür. Bu müharibədə müsəlmanlara yalnız bütün dövrlərdə şərə qarşı vuruşan Rusiya kömək edir. Sünni dövlətlər işğalçılara kömək edirlər. Hazırda müsəlmanların Məhəmməd peyğəmbər kimi liderə ehtiyacı var. Əslində müsəlmanların kasıb, yetim Məhəmmədi peyğəmbər edən Xədicəyə ehtiyac var. Xədicə xilafət yaratmaqda ərinə dayaq durdu, onun vəfatından sonra peyğəmbərə ərə gedən Ayşə müsəlmanlar arasında elə bir hiylə toxumu səpdi ki, hələ də bunun sədası gəlir. Qərb dövlətlərinin maliyyəsi və sifarişi ilə fəaliyyət göstərən QHT-lər deyirlər ki, guya Azərbaycanda qadınlara qarşı zorakılıq edilir. Sadə bi fakt göstərir ki, bizim ölkədə kişiləri qadınlar idarə edirlər. Hər yüz ailədən 90-da evin kişisi öz bacı-qardaşı ilə küsülüdür, arvad isə qohumları ilə danışır. Çox sadə misaldır, amma arvadların daha hiyləgər olmasını sübut edən faktdır.

Oxucuların yeni ilini təbrik edirəm. Düzünü deyim ki, mən 31 dekabrı heç vaxt bayram hesab etməmişəm. Bizim evdə ən böyük bayram martın 22-də olub. Nənəm deyirdi ki, martın 22-də cənab Əli xəlifə taxtına çıxıb. Həmin gün Əli aşiqi olan nənəm xınalanırdı, xonça tutub qohumlarını təbrik etməyə gedirdi. Əli əqidəli bir şəxsiyyətin hakimiyyətə gəlməsini bayram etməyə dəyər. Hamınıza Əli xofu arzulayıram.  

Yenilənmişdir Cümə, 15 Mart 2019 12:43
каталог фаберлик на сайте faberllena.ru
народная медицина