DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


LUKOŞENKONUN ALTERNATİVİ YOXDUR

metanetMƏTANƏT ƏLİYEVA  

Oktyabrın 11-də Belorusiyada prezident seçkiləridir.  Hazırki prezident Aleksandr Lukoşenkonun alternativi yoxdur.  Əksər beloruslar bu fikirdədirlər.  9 milyon əhalisi olan Belorusiyada sabitlikdir.  Sənaye və kənd təsərrüfatı inkişaf edib.  Yataq dəstindən tutmuş şirniyyat məhsullarına qədər hər şey ölkədə istehsal olunur, özü də yüksək keyfiyyətlə.  Milavitsa  məhsullarını alanlar belorus mallarının keyfiyyətinə əmin ola bilərlər. Qadın geyimləri istehsal edən Milavitsanın Bakının müxtəlif yerlərində satış şəbəkələri var. Yeri gəlmişkən, biz kibriti də Belorusiyadan alırıq.

Həyat yoldaşımın tələbəlik dostu Aleksandr Teplyakov həyat yoldaşı Valentina ilə yaxın günlərdə bizdə qonaq oldular.  Onlar Bakının gözəlliyinə valeh oldular, mən isə onlarda olan qayda-qanunlara həsəd apardım. Aleksandr təqaüddə olan podpolkovnikdir.  Çox yüksək vəzifələrdə çalışıb, hazırda kiçik bizneslə məşğuldur, normal qazanır, oğlanlarına, nəvələrinə kömək edir. Monopoliya, məmur müdaxiləsi, qanunları pozmaq söhbəti onlara yaddır. Valentina deyir ki, kiçik oğlu polis akademiyasını bitirib, təyinatla narkotiklərə qarşı mübarizə idarəsində zabit kimi çalışır. Oğlu polis orqanlarında işləmək istəmir, daha yüksək maaşlı işə düzəlmək istəyir, amma polisdə işləməyə məcburdur, çünki təyinatla 5 il işləməsə dövlətin onu oxutmaq üçün xərclədiyi pulu dövlətə qaytarmalıdır.  Bizdə bu il polis akademiyasına düzəltmək üçün 30 min manat rüşvət veriblər. Keçən il 40 min manat eşitmişdik, deyəsən, qiymətlər düşüb. Valentina həyətyanı sahədə işləməyi sevir, bu da onların ailə büdcəsinin zəngin olmasına kömək edir. Qonşu Rusiya ilə münasibətlərin yaxşı olması onları qane edir. Hesab edirlər ki, Rusiya kimi böyük bazarı əldən çıxarmaq olmaz və Rusiya ilə münasibətləri korlamaq Belorusiyanı Ukraynanın gününə salar. Beloruslar deyirlər ki, Lukoşenko qəti surətdə bildirib ki, Belorusiyada Maydan olmayacaq. Görünür,  Rusiya ilə isti münasibətlər saxladığı üçün qərb Lukaşenkonu sevmir, onu diktator hesab edir. Əlbəttə, qərbə daha çox sərf edərdi ki, Belorusiyada da Yanukoviç kimi zəif prezident olsun və qərbin 5-ci kolonu Belorusiyanı xaosa sürükləsin. Lukoşenko kimi xalqını sevən siyasətçilər imic dalınca qaçmırlar, kimin nə deməsindən asılı olmayaraq öz yollarını tutub xalqa xidmət edirlər.  Belorus xalqı ağı qaradan seçməyi bacarır, çünki savadlıdır, mütaliə etməyi sevir. Valentina deyir ki, hər il özünə və nəvələrinə qəzet-jurnal abunə etdirir, 6 aylıq abunə pulunu qabaqcadan ödəyir. Deyir ki, nəvələri poçt qutusunda jurnalları görəndə çox sevinirlər.

Bizdə də noyabr ayında parlament seçkiləridir.  Seçki təyinatla olsa da, qərbin 5-ci kolonuna məxsus siyasətçilərə parlamentə düşmək imkanı verilməyəcək. Əvvəllər demokratik imic xatirinə qərbin bir neçə casusunu parlamentə buraxırdılar. Artıq qərb özünü elə ifşa edib ki, onun demokratiya, insan haqları barədə dedikləri söyüş kimi səslənir. İndiki halda seçkini əhalinin öhdəsinə buraxmaq düzgün deyil, çünki siyasi cəhətdən savadsız seçicilər ölkəmizdə və dünyada nə baş verdiyini bilmirlər. Bizim siyasi elitanın bir qismi hakimiyyəti tam ələ keçirmək üçün hələ də qərbin dəstəyinə ümid edir, çünki başqa yolları yoxdur. Onların ipini  boş buraxsalar 90-cı il hadisələrini yenidən yaşamalı olarıq.  Demokratik seçki yoxdur, heç olmasa sabitlik var. Amma hər ikisi olsa daha yaxşı olar. Bunun üçün ilk növbədə əhalinin savadlanmasına çalışmaq lazımdır. Bizdə isə əksinə, əhalinin daha da savadsızlaşmasına yönələn siyasət aparılır ki, sərvətlərimizi talamaq problemsiz olsun. Talamağa çox şey qalmayıb. Yuxarı təbəqə ağıllanmasa taladıqlarını da itirə bilər. Əhali yoxsulluğun son həddini yaşayır. İnsanlara imkan vermək lazımdır ki, işləsinlər, imkan versələr hərə öz başını dolandıracaq, bizim xalq diribaşdır.  Şamaxının kəndlərində yol boyunca pomidor, üzüm satanlar düzülüb, bu il yaxşı məhsul olub. Bütün günü yollarda dayananlar günə heç 5 kilo məhsul sata bilmirlər. Bu, zəhmət adamının faciəsidir. İlk növbədə gömrükdə monopoliya götürülməlidir, onda bizim xalq çox firavan yaşamağa başlayacaq. Nəyi bacarmasaq da alveri gözəl bacarırıq.       

Yenilənmişdir Şənbə, 29 Avqust 2015 16:17
каталог фаберлик на сайте faberllena.ru
народная медицина