DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Üç donuz balası

metanetMətanət Əliyeva 

 "Qaya" mətbuat yayımı firmasının əməkdaşı Fuad Hadıyevin yoxa çıxması ölkəmizdəki çox eybəcərlikləri üzə çıxardı. Əslində bu eybəcərlik həmişə üzdədir. 50 yaşlı Fuad sentyabrın 19-da tələbəlik dostunun oğlunun toyuna Xudafərin şadlıq sarayına gedib. Oradan sərxoş halda çıxıb, bu günə kimi onun harada olduğu məlum deyil. Sentyabrın 20-də səhər saat 08:10 radələrində Fuad qardaşları ilə bir neçə dəfə telefon əlaqəsi saxlayıb və deyib ki, dərin bir quyudadır, hər yeri ağrıyır, qolu əzilib, qırmızı kərpic görür. 3 saatdan sonra qardaşlarının zənginə cavab verməyib və sonra telefon sönüb. Əslən Göyçay rayonundan olan Fuad çox mədəni, tərbiyəli, ziyalı, sadə insan idi. Vaxtilə atasının yüksək vəzifədə ( nazir müavini ) işləməsinə baxmayaraq onda qudurğanlıq, lovğalıq yox idi, çox sadə həyat tərzi yaşayırdı. Fuad 15 ildən artıq idi ki " Qaya" mətbuat yayımı firmasında işləyirdi. Firmanın direktoru Xanhüseyn Əliyev deyir ki : " Fuad yeganə işçi idi ki, onun kredit borcu yox idi. İşçilər bankdan kredit götürəndə əmək haqqı barədə arayışı mən imzalayıram. Fuad bir dəfə də olsun belə bir arayış almayıb." 
 Fuadın yoxa çıxması ilk növbədə toylarımızdakı eybəcərlikləri üzə çıxardı. insanlar çox pul yığmaq, 500 nəfərlik şadlıq saraylarını doldurmaq naminə kimi gəldi toya dəvət edirlər. Bəzən toyda toy sahibindən başqa heç kimi tanımırsan. Fuad da təxminən belə bir toya düşüb. Onunla bir masada əyləşənlər tanış, qohum olsaydılar onu içkili vəziyyətdə tək buraxmazdılar, heç olmasa taksiyə oturdub evə yola salardılar. Fuad içkiyə meyilli deyildi. Qardaşının baxdığı toy kasetinin görüntülərindən məlum olub ki, Fuad gecə 23:30da toydan çıxanda ayaq üstə güclə dururmuş və pilləkənlərdən düşəndə yıxılıb. X. Əliyev deyir ki: " Fuada dəfələrlə deyəndə ki, iç, o, təklif edən adamın xətrinə dəyməmək üçün imtina etmirdi. Fuad bəlkə də toylara bu səbəbdən nadir hallarda gedirdi. İkincisi də, toylarımızda keyfiyyətsiz araqları qonaqlara içirdib onların ağıllarını başdan çıxarırlar. O araqların tərkibi yoxlanılsa dəhşətli faktlar üzə çıxar. 
 Fuadın yoxa çıxması polisdəki eybəcərlikləri üzə çıxardı. Zəng gələndən sonra qardaşları dərhal polisə müraciət ediblər. Polis onların müraciətinə operativ reaksiya göstərmək əvəzinə deyib ki, yalnız 3 gündən sonra axtarışa başlaya bilərlər, halbuki həmin anda telefon zənginin gəldiyi yerdən onu tapıb götürə bilərdilər. Bəziləri deyirlər ki, dərhal polisə 500-1000 manat rüşvət versəydilər polis belə bir əməliyyat keçirərdi. Ağlabatan sözdür. Əgər sıravi polis əməkdaşı düzəlmək üçün 10000 manata yaxın, Polis Akademiyasına daxil olmaq üçün 30-40 min manat rüşvət tələb olunursa, polisdən peşəkarlıq, operativlik gözləmək sadəlövhlük olardı. Adamlar polisə pul qoyub pul götürmək üçün işə düzəlirlər. Savadlı, peşəkar polislər bu orqanda işləyə bilmirlər. Onlar çoxdan işdən kənarlaşdırılıblar.
 Fuadın yoxa çıxması bir daha göstərdi ki, biz müstəqil olduğumuz 24 il ərzində qurduğumuz hökumət ( mafiya ) " 3 donuz balası " nağılında qurulan kağız ev kimidir. Yalan və cinayət üstündə qurulan bu kağız ev bütün mənəviyyatımızı çürüdüb. Bir dəfə üfürən kimi üfunət aləmi bürüyəcək. 
 Elə insanlar var ki, öz ölümləri ilə də cəmiyyətə fayda verirlər. Fuadın ölümü heç olmasa sıravi insanları vadar edəcək ki, onlar toylarda keyfiyyətsiz araqlardan çox içməsinlər və qohumları onları təsadüfi adamların toyuna tək buraxmasınlar. 
 Fuadın sağ tapılması möcüzə olardı, heç olmasa cəsədini tapıb torpağa basdırsaydılar, ailəsinin gözü yoldan yığılardı. Ümid Allaha qalıb, polisə ümid yoxdur.

Yenilənmişdir Cümə, 02 Oktyabr 2015 06:30
каталог фаберлик на сайте faberllena.ru
народная медицина