DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


XARİCDƏN ALINAN EŞŞƏKLƏRİN SİRRİ

metanetMƏTANƏT ƏLİYEVA  

Ötən həftə Fransada törədilən terror aktı bütün dünyanı narahat etdi. Böyük dövlətlər, beynəlxalq təşkilatlar başsağlığı verdilər, Fransanın bütün ölkələrdəki səfirlikləri qarşısına gül qoyuldu və s. Fransadakı terrorda 150-yə yaxın adam ölmüşdü, bu, bütün dünyanı narahat etdi. Amma dünyada hər gün yüzlərlə müsəlman terrorun qurbanı olur, bombalar altında qalır, evindən qaçqın düşür, bu, dünyanın vecinə deyil, çünki biz müsəlmanlar özümüz özümüzü ucuz etmişik, daha doğrusu, bizi idarə edənlər bizi insan yerinə qoymurlar. Hakimiyyətə kim gəlirsə var-dövlət yığmağa başlayır, xalq yaddan çıxır, müsəlman dövlət başçılarının milyardlara olan tamahı, ağılsızlığı müsəlmanları zəlil günə qoyub. Ümumiyyətlə, müsəlman dünyasının Məhəmməd peyğəmbər kimi ağıllı bir liderə ehtiyacı var. Müsəlmanların elə bir liderə ehtiyacı var ki, onları tayfalara, regionlara, qohumlara, dini təriqətlərə bölməsin,  müsəlman xalqlarını halallığa, zəhmətə, savada, istedada əsaslanan idarəçilik əsasında birləşdirsin.  

Müsəlman ölkəsi olan Azərbaycanda dövlətin təhlükəsizliyini qorumalı olan generallar ən ağır cinayətlərlə məşğul olurlarsa, dünya dövlətləri bizə bir xalq kimi hörmət edə bilərmi? MTN işi davam etdikcə məlum olur ki, Beynəlxalq bankın sabiq sədri Cahangir Hacıyev “Şəki-İpək” ASC-nin adı ilə Sahibkarlığa yardım Milli Fondundan 70 milyon manat kredit götürəndən sonra yerli barama almaqdan imtina edib və baramanı xaricdən almağa başlayıb. Nəticədə 90-cı illərə qədər barama bəsləməklə məşğul olan 150 min kəndli ailəsi işsiz qalıb və “Şəki-İpək” ASC-nin müflis olaraq bağlanması nəticəsində  7 min nəfər iş yerini itirib. Cahangir Hacıyevin başı xarab olmamışdı ki, yerli baramanı qoyub xaricdən barama gətirsin. O, bu yolla pullarını Azərbaycandan çıxarıb xarici banklardakı hesablarında yerləşdirirdi. Bir vaxtlar jurnalistlər xaricdən biri 10 min dollara alınan eşşəklər, bu formada alınan eybəcər ağaclar, güllər və sair haqqında qışqıra-qışqıra yazsalar da, bunun səbəbini başa düşmürdülər. Sən demə, ölkəmizdə 100 dollara satılan eşşəyi xaricdən 10 min dollara alanlar bu yolla xalqdan oğurladıqları pulları xaricdəki hesablarına ötürürmüşlər. Azərbaycan xalqı belə haqsızlıqlara görə daxildən partlayır, amma çıxış yolu tapa bilmir. Əhalidə olan kütləvi aqresiyanın, qəzəbin, nifrətin səbəbi budur. Sadə insanların oğrulara gücü çatmır, qəzəbini ətrafdakılara tökür.  

Bəlkə də bu bizim hələ yaxşı günümüzdür. 20 ildən sonra daha dəhşətli cinayətlərin üstü açılacaq. Azərbaycanda həddən artıq uşaq travma ilə doğulur və nəticədə iflic və digər xəstəliklərlə doğulan uşaqların sayı artır. Tibb Universitetində heç bir savad almayan, işə rüşvətlə götürülən, hər doğuşdan yuxarıya haqq verən, dilənçi maaşı alan həkim uşağı elə ananın qarnında əzib şikəst edir. Statistika Komitəsi doğuş zamanı şikəst edilən uşaqların sayını düzgün açıqlasa, Azərbaycan səhiyyəsinin hansı vəziyyətdə olduğu aşkar olar.

Belə bir kədərli əhvalımda müsbət bir məqamı qeyd etmək istəyırəm. Son 20 ildə ölkəmizdə idmana, olimpiya stadionlarının tikilməsinə qoyulan pullar insanları qəzəbləndirir. Bu pulları iş yerlərinin açılmasına sərf etmək, müəllimlərin, həkimlərin əmək haqqını qaldırmaq, uşaqlara aylıq müavinət vermək olardı.  Təkcə futbolun inkişafına milyardlarla pul gedib və bu pul da əsasən xaricdən gətirilən futbolçuların və məşqçilərin cibinə gedib, futbolumuz isə zərrə qədər də inkişaf etməyib. Futbolu inkişaf etdirmək üçün uşaq  futbolundan başlamaq lazım idi. Dövlət tərəfindən uşaq futbol məktəblərinə pul ayrılmalı və istedadlı futbolçular oradan seçilməli idi. Dövlət bunu etmədi, amma ayrı-ayrı şəxslər bunu etməyə başladı. Məsələn, 2012-ci ildən fəaliyyət göstərən “Can bala” uşaq futbol klubunun meneceri Faiq Hüseynov deyir ki, onların yetişdirdikləri uşaqlar hazırda İngiltərənin Mançestr Yunayted futbol Akademiyasında (Fərid Məmmədyarov), Totenhem Futbol Akademiyasında (Əli Hüseynov) əvəzedici heyətdə çalışırlar. İngiltərə dövləti bu uşaqlara hər ay təqaüd verir, valideynlərinə oturum verib.  “Can bala” klubu 3 yaşından başlayaraq 10 yaşına qədər uşaqları yetişdirir. 10 yaşdan sonra futbol Akademiyaları seçim əsasında gənc futbolçuları akademiyalarına qəbul edirlər. Klubun beynəlxalq dərəcəli məşqçiləri Mansur, Azad, Ramin aldıqları cüzi əmək haqqı müqabilində uşaqları bu səviyyədə yetişdirmək üçün ağır əmək sərf edirlər. Klubda məşğul olan uşaqlar ayda 50 manat ödəməlidir, buna da hər ailənin gücü çatmır. Hazırda “Can bala”  uşaq futbol klubunda 50-yə yaxın uşaq məşğul olur. Dövlət hesabına uşaq futbol klubları olarsa, futbola daha çox uşaq cəlb olunar və istedadlı futbolçuları seçmək üçün geniş seçim olar.  

Yenilənmişdir Şənbə, 21 Noyabr 2015 10:25
каталог фаберлик на сайте faberllena.ru
народная медицина