DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


MÜƏLLİMLƏRİN ATTESTASİYASI VƏ AKADEMİK PUL KRALİÇASI

metanetMƏTANƏT ƏLİYEVA

Mətbuatda gedən məlumatlara əsasən, Çin Azərbaycanda pambıq zavodu açacaq, beləliklə, ölkəmizdə yenidən pambıqçılıq inkişaf edəcək. Bunu çoxdan etmək olardı. 25 ildir boş qalan pambıq sahələri şoranlaşıb, keçmiş pambıqçılar bekarçılıqdan və kasıblıqdan əziyyət çəkirlər. Çin 15-20 il bundan əvvəl də Azərbaycanda pambıq zavodu aça bilərdi, amma açmayıb. Mənə elə gəlir ona görə açmayıb ki, məmurlar çinlilərdən rüşvət istəyiblər və şərt qoyublar ki, gəlirlərinə bizim məmurları da şərik etsinlər. Bütün korrupsiyalaşmış ölkələrdə vəziyyət belədir. Korrupsiyanın tərifini adətən belə verirlər ki, xalqa qarşı törədilən dövləti cinayətlərin, oğurluğun, rüşvətin başında yüksək vəzifəli məmurlar dayanır, xalqın sərvəti bir qrup məmur tərəfindən talanır və hüquq-mühafizə orqanları cinayətkar məmur təbəqəsinin mənafeyini qoruyur, müstəqil məhkəmə sistemi, azad seçki olmur, iqtisadiyyat, elm inkişaf etmir. Korrupsiyalaşmış ölkələrdə orta təbəqə olmur, kiçik bir təbəqə çox varlı olur, əksər əhali çox kasıb yaşayır, hər şey alınıb satıldığından haqq-ədalətə inam itir, insanlarda mənəvi aşınma gedir. Bizdə vəziyyət yüzdə yüz belədir. Məmurlarımızın cinayətlərinin nəyin bahasına başa gəldiyini göstərmək üçün keçmiş pambıq rayonlarında müstəqillik dövründə dünyaya gəlmiş uşaqların vəziyyətindən yazmaq istəyirəm. Bu uşaqların 90 faizi məktəbin nə olduğunu bilmir. Onlar mal yataqlarında doğulublar, artıq 20-25 yaşlarına çatıblar, indiyə qədər doyunca yeyib, doyunca geyinə bilməyiblər, qarınları ac, ayaqları yalındır, yataqlarda işıq olmadığından televizora da baxa bilmirlər. Ancaq orduya getmək yaşı çatanda bu uşaqlar dövlətin yadına düşür. Şəxsiyyət vəsiqəsini də bu dövrdə alırlar. Onlara az pul verən mal-qara sahiblərini də qınamaq mümkün deyil, dövlətin siyasəti elə qurulub ki, təsərrüfat sahibləri gəlir götürə bilmirlər. Nümunə üçün Sabirabadın Zal Qarağac kəndində yaşayanların vəziyyətini təsvir etmək istəyirəm. Kəndin şoranlaşmış torpağında ot da bitmir. Kənddə qaz, su yoxdur. Kanaldan su içən kənd sakinləri birgöz daxmalarda yaşayır, sobada mal peyini və yulğun (kol bitkisi) yandırırlar. Kəndin əhalisi borc içində batır. Sələmçilərdən aldıqları 20 manata görə ayda 3 manat faiz ödəyirlər. Kəndin uşaqlarının 90 faizi məktəbin nə olduğunu bilmir. Ac, çılpaq, çirk içərisində yaşayan, soyuqdan donan adamlar ərəb qaçqınlarından da ağır vəziyyətdə yaşayırlar. Rusiyanın müstəmləkəsi olduğumuz illərdə bu uşaqların valideynləri daha firavan yaşayırdılar. Dövlətimiz müstəqil olandan sonra hakimiyyət qəddar, yalançı, ağılsız və acgöz adamların əlinə keçib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın borcu idi ki, Zal Qarağac və digər belə kəndlərə gedib vəziyyəti araşdırsın. Amma mətbuatın yazdığına görə Hicran xanım başqa işlərlə məşğul imiş. O, Qubadlıdan olan 45 yaşlı bir sahibkardan 170 min manat alıb ki, onu Bakıdakı rayonların birində icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin etdirsin. Hicran xanım vədinə əməl etməyib, pulu isə geri qaytarmayıb. Hazırda sahibkarın vəkili Prokurorluğa müraciət edib. Bəzi məmurlarımız uşaq, qadın və sair adı altında müxtəlif komitələr yaradıblar, əslində həmin komitələrin sədrləri bəzi məmurlar üçün pulyığan işləyirlər. Gülər Əhmədova əməlinin qurbanı olduğu kimi Hicran Hüseynovanın da əməllərinin üstü bir gün açılmalı idi. Hicran xanım yalnız erkən nigahlardan və gender bərabərliyindən danışır. Şübhə etmirəm ki, buna görə qadın və orqan alverçiləri olan beynəlxalq təşkilatlardan külli miqdarda qrant alır. Bunların da üstü nə vaxtsa açılacaq. Bunları deməyə haqqım var, çünki Qadın təşkilatının sədri olaraq Hicran xanım yerli poliklinikalarda qadınların arzuolunmaz hamiləlikdən qorunması üçün məsləhətlər verilməsini də təşkil etmir. Çıxış yolunu yalnız abortda görən qadınlar aborta pul tapmadıqları üçün doğub uşaqdan imtina etməli olurlar. Fermalarda böyüyən, hərf tanımayan qadınlar başqa cür ola da bilməzlər. Doğulandan sonra atılan uşaqlar beynəlxalq orqan alverçilərinə satılmaq üçün gəlirli xammaldır. Mən Hicran Hüseynovaya sual verirəm. Niyə Azərbaycanda pulsuz qadın məsləhətxanaları yoxdur?

Digər rayonlarda da vəziyyət yaxşı deyil. Məsələn, Hacıqabul rayonu bu yay səhraya çevriləcək. Əhalinin həyətyanı sahəsində becərdiyi ağaclar susuzluqdan quruyacaq. İşsiz, kasıb əhali heç olmasa bu ağacların barından kompot, mürəbbə hazırlayırdı. Ötən ildən içməli su rayon sakinlərinə smartkartla verilir. Sakinlər deyirlər ki, ağacları sulamaq baha başa gəlir. Rayona çəkilməli olan texniki su hansısa səbəbdən yubanır. Əhali bunun səbəbini belə izah edir ki, məmurlar yalnız şəxsi maraqları olan işləri görürlər. Qazı, suyu, işığı smartrkart sisteminə keçiriblər, çünki onların satışından pul qazanırlar.  Gəlir götürə bilməyəcəklər deyə texniki suyu, kanalizasiyanı, yolları çəkib başa çatdırmırlar. Qaz pulunu verə bilməyən sakinlərin əksəriyyəti evini odun və peyin sobası ilə isidir. Rayonda kanalizasiya xətti olmadığından və soyuqda evlər normal qızdırılmadığından evlər nəmişlikdən uçmaq üzrədir. Hər bir ailənin banklara və sələmçilərə borcu var. Məmurların hərəsi bir bank açdı. Əhalidən oğurladığı pulu onun özünə yüksək faiz və “şapka” ilə verməyə başladı. Bank aça bilməyən məmurların da qohumları pulu sələmə buraxıblar. Ac insanlar sələmlə pul götürməkdən başqa yol tapa bilmirlər. Məsəl üçün deyim ki, məmurlar sosial yardımların 6 ayının pulunu vətəndaşlara vermir və bu pulu sələmə buraxırdılar.  Bu il Hacıqabul əhalisinin vəziyyəti keçən ildəkindən də ağır olacaq. Rayonda yalnız Rusiyada pul qazanan sakinlər yaxşı yaşayırdılar, digərləri də onların hesabına sürünürdü. Artıq dünyada gedən proseslərlə əlaqədar olaraq Rusiyadakılar da pul qazana bilmirlər. Yaz əkininə hazırlıq dövrü başlasa da, rayonda canlama yoxdur, rayonda qəbirstanlıq sükutu var, Kürə yaxın ərazidə yerləşməsinə baxmayaraq suvarma suyu olmadığından min hektarlarla torpaqlar səhraya çevrilib, otu, yemi pulla alan sakinlər heyvandarlıqdan gəlir götürə bilmirlər. Kredit hesabına alınan mal-qaranın acından sümükləri görünür.  Məmurlarımız deyirlər ki, nefdən sonra ölkəmiz kənd təsərrüfatı və turizm hesabına dolanacaq, büdcəmizi bu sahədən gələn gəlirlə dolduracağıq. Şimal qonşularımız yayda sümüklərini qızdırmaq, dənizdə çimmək üçün ölkəmizə gələ bilərdilər. Dənizi hasara alan məmurlar öz xalqımıza dincəlməyə imkan vermirlər, onda qalmış turistlər ola. Şıxovda dənizin sahilində tikilən yüzlərlə yarımçıq otel sahibsiz qalaraq dağılır, dövlət onların taleyi ilə maraqlanmır. Dəmir Yolu İdarəsinin yeni rəhbəri Cavid Qurbanov deyib ki, büdcəmizi turizm və kənd təssərrüfatından əlavə yük daşınmasından doldura bilərik, çünki ölkəmiz əlverişli ərazidə yerləşir və qədim İpək Yolu bizim ərazidən keçir. C.Qurbanov ağıllı və savadlı adam təsiri bağışlayır, amma çətin ki, bu cinayətkar sistem ona işləməyə imkan versin.

Bir müəllimdən soruşdum ki, müəllimlərin attestasiyasından keçdimi? Cavab verdi ki, keçdi. Soruşdum ki, bəs attestasiyadan keçməyən müəllimlər nə etdilər? Cavab verdi ki, onlar pul verib işdə qaldılar. Attestasiyanı keçirməkdə məqsəd pul qazanmaq idi. Bunlar hamısı orta məktəb savadı olmayan akademikin, pul kraliçasının əməlləridir. O, ümummilli liderə arxalanıb bu cinayətləri törədir, hər məktəbdə, hər uşaq bağçasında, hər universitetdə onun bir pulyığanı var. Ona görə də o, nə qədər sağdır təhsilimiz bu gündə olacaq.  

 Gömrükdə aparılan son islahatlar, deyəsən, yerli istehsalçıların xeyrinə olub. Xaricdən gələn mallara rüsum aldığı üçün onların qiyməti qalxıb, yerli ərzaq isə əvvəlki kimi ucuz satılır. Ona görə də insanlar əsasən yerli məhsulları almağa üstünlük verirlər.   

Yenilənmişdir Cümə, 26 Fevral 2016 19:22
каталог фаберлик на сайте faberllena.ru
народная медицина