DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


GÖZƏL ÖLÜM, GÖZƏL XANIM, GÖZƏL NƏĞMƏLƏR

MƏTANƏT ƏLİYEVA

Belə bir rəvayət var. İskəndər Zülqəreyn (Makedoniyalı İskəndər) zülmətdə dirilik suyunu tapır. Bu suyu içən adam heç vaxt ölmür, əbədiyyətə qovuşurdu. İskəndər əyilib sudan içmək istəyəndə qulağına səs gəlir: "İskəndər padşahw içmə dirilik suyunu, ölüm də bir şərbətdir, ondan da içmək gərəkdir." İskəndər ətrafa baxır, heç kimi görmür, yenidən əyilib sudan içmək istəyəndə həmin səs eyni sözləri təkrar edir. Üçüncü dəfə də həmin səs İskəndəri suyu içməkdən çəkindirəndə padşah səsin sahibini axtarmağa başlayır. Xeyli axtarandan sonra görür ki, ağacdan şüşə qab asılıb, qabın içərisində pambığa bükülmüş balaca bir adam var, bu sözləri deyən də həmin adamdır. İskəndər həmin adamdan niyə ona sudan içməməyi məsləhət gördüyünü soruşur. Şüşədəki adam deyir: "Mən də sənin kimi bir padşah idim. Dirilik suyunu içdim, illər keçdi ölmədim, əriyib gördüyün boyda qalmışam, insanlar məndən beziblər, şüşə qaba qoyub gördüyün ağacdan asıblar." İskəndər bu əhvalatı eşidəndən sonra dirilik suyundan içmir. 
Vaxtı gələndə hamı ölüm şərbətini içəcək. Ölümlər də müxtəlif olur. Ölümün də gözəli, iyrənci olur. Ən gözəl ölüm vətən uğrunda döyüşdə şəhid olmaqdır. Həmin anda qəlbi vətən eşqi, millət sevgisi ilə dolu olan insan gözəl hisslər yaşayır deyə ölümün ağrısını hiss etmir. İnsan dünyasını dəyişəndə onun ruhu fani dünyadan əbədi ruhlar dünyasına gedir. Ruh yaşayırsa, insan yaşayır, ruhlar kimi insanlar da əbədidir. İnsan var ağır əzablar içərisində ölür, yataq xəstəsi olub hamını bezdirir, ölmək istəyir, ölüm də ondan qaçır. Yəqin ki belələri etdikləri pis əməllərin cəzasını çəkmək üçün çox yaşayırlar. Mən bir gözəl ölüm haqqında danışmaq istəyirəm. Bunu mənə Hökümə xala danışıb. Xilənin hörmətli qadını Nərgiz nənə nəticəsi Yusif üçün hər gün samovar qaynadırdı. 90 yaşlı bu qadının oğlu Yusif Böyük Vətən Müharibəsində həlak olmuşdu. Nərgiz nənə Yusifin adnı nəticəsinə qoyduğu üçün onu çox əzizləyirdi. 90 yaşlı nənə tam sağlam idi, hələ də əli işdən qalmamışdı. Nənə çayı dəmlədi, stəkana süzüb nəticəsinə verəndə gördü ki əli əsir. Övladlarına dedi ki, mollanı çağırın. Molla gəlib Quran oxumağa başladı. Obanın qadınları bu vaxt Qubada yerləşən müalicəvi İsti Suya getməyə hazırlaşırdılar. Eşitdilər ki, Nərgiz nənə can verir, hamı tökülüb gəldi. Nərgiz nənə qadınlardan xahiş etdi ki, heç kim yolundan qalmasın. Nənə Qurandan surələrə qulaq asa-asa canını tapşırdı. Deyirlər ki, insan necə yaşayırsa, elə də ölür. Nərgiz nənə gözəl həyat yaşamışdı, müharibə illərində yetimlərə yiyə durmuşdu, paltarsıza paltar tikmişdi, kəsərli sözü ilə qan bağlamışdı, cehizsiz yetimə xalça toxumuşdu. Ölümü də mərdliklə qarşıladı. Günəşli bir gündə övladlarının çiynində qəbir evinə getdi. Nərgiz nənənin öyüd verməyi də özünəməxsus olub. Atası müharibəyə gedəndə ana bətnində olan nəvəsi Əsli deyir ki: " Gəlin köçəndə nənəm mənə dedi ki, atanın üzünü görməmisən, ər evində özünü elə apar ki, qaynanan atanı söyməsin." 
Özü gözəl, mahnıları gözəl İlhamə xanımın da ölümü gözəl oldu. Ölən günə qədər həyat eşqi ilə yaşadı, Allah səsini və gözəlliyini ölənə qədər ondan almadı. İlhamə xanım bəziləri kimi mövqesiz deyildi, çünki bütün tərəflərdən faydalanmaq onun xarakterində yox idi. Konkret mövqeyi olduğu üçün onu ya sevirdilər, ya da ona nifrət edirdilər. İlhamə xanım Xocalı şəhidlərinin dəfn olunduğu bir gündə dəfn olundu. Hər il Xocalı faciəsi günü Bakıda soyuq, tutqun hava olurdu. Bu il ilk dəfə fevralın 26-da Bakıda sakit, günəşli gün idi. Həyatda təsadüf olmur. Mən düşünürəm ki, İlhamə xanım Xocalı faciəsinə ürəkdən acıyan insanlardan biri idi. Ürəyi olmayan insan elə gözəl mahnılar oxuya bilməzdi. İlhamə xanım birmənalı şəkildə iqtidarı dəstəkləyirdi. Buna görə də hökümətdən narazılar onu sevmirdi. Biz bilirik ki, Xocalı faciəsində daxildən olan satqınlarımız əsas rol oynayıblar. Bu adamların müxalifətçilər, yoxsa iqtidardakılar olmasını bir Allah, bir də xəyanətkarlar özləri bilirlər. Bir onu bilirəm ki, İlhamə xanım məkrli deyildi, tor qurub ananı baladan, əri arvadından etməmişdi, evlər dağıdıb övladları atasız qoymamışdı. İlhamə xanım heç kimdən tələb etmirdi ki, sən də mənim düşmənimlə düşmənçilik et. İlhamə nikbin xanım idi, onu hər dəfə efirdə görəndə əhvalım yüksəlirdi.
İlhamə xanımla bağlı bir hadisə mənim yadımdan çıxmır. ANS-in aparıcısı Elgiz Əkbərin toyunda İlhamə xanıma qarşı çox hörmətsizlik oldu. ANS-çilər elə bil ki, İlhamə xanımın acığına Flora Kərimovanın ətrafında atılıb düşürdülər. İlhamə xanım Baba Vəziroğlu ilə oturub sakitcə baxırdı. Mən ilk növbədə toyun sahibi Elgizdən incidim. O öz toyunu kəmfürsət adamların intriqalarının davamına çevrilməsinə imkan verməməli idi, toya gələn qonaqlara bərabər hörmət qoyulmalı idi. İlhamə xanım haqqında olmazın şaiyələr buraxırdılar, hətta şayiə buraxdılar ki, anasını döyürmüş. Atdıqları böhtan həmin adamların qabağından çıxacaq. Həmin adamları övladlar bir gün küçəyə atacaq. Kaş ki bunları İlhamə xanımın vaxtında yazaydım.
100 illər bundan sonra da İlhamə xanımın mahnıları dinləniləcək. Mən onun "Səninəm" mahnısını bütün mahnılarından çox sevirdim. Məni ən çox üç sənət adamının həyatdan vaxtsız getməsi kədərləndirib- Nəzakət Məmmədova, Aşıq İslam və İlhamə Quliyeva. Allah onların hər birinə rəhmət eləsin. Üçü də mələk kimi getdi. Elza Seyidcahan demişkən, bəziləri şeytanlaşıblar. Allah onlara əzab vermək üçün ömürlərini hələ çox uzadacaq.

Yenilənmişdir Çərşənbə axşamı, 01 Mart 2016 09:52
каталог фаберлик на сайте faberllena.ru
народная медицина