DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


SOFİ LOREN VƏ ATILMIŞ UŞAQLAR

metanetMƏTANƏT ƏLİYEVA  

Bir nəfər danışdı ki, SOS uşaq evini yaradanda məqsəd gələcəkdə uşaq evlərini ləğv etmək idi. SOS ailə tipli uşaq evidir. Kənd formasında yaradılan bu məkanda hər evdə ailə formasında ana və bir neçə uşaq yaşayır. Uşaq evində yaşayanlar ailə ənənələri ilə tanış olmadıqlarından onların gələcəkdə ailə sahibi kimi xoşbəxt olması çətin olur deyə belə ailə forması yaradılıb. İşin içində olan bu adam mənə dedi ki, uşaq evlərini ləğv etmək bəzilərinə sərf etmir, əksinə, onlar kimsəsiz uşaqların çox olmasında maraqlıdırlar. Atılmış uşaqlar çoxları üçün yem yeridir. Bu uşaqların adından hərə bir komitə, hərə bir sığınacaq yaradıb milyonçu kimi yaşayır. İstənilən bir uşaq evindəki yeyinti ilə bağlı faktlar açıqlansa cinayətin miqyası vicdanlı adamı şoka salar. Azərbaycanda çoxlu ailələr var ki, onlar illərdir uşaq evlərindən övlad götürmək istəyirlər, amma bu sahədə məmurlar elə maneələr yaradırlar ki, bu məqsədlə uşaq evlərinə yaxın düşmək olmur. Əgər bu ailələrə kimsəsiz uşaqları övladlığa versəydilər, internatlar, sığınacaqlar çoxdan bağlanardı. Övladlığa uşaq götürmək istəyən iki ailə kömək üçün şəxsən mənə müraciət etmişdi. Onlardan biri imkanlı idi, uşaqları gec olmuşdu, niyyət etmişdilər ki, övladları olsun, bir uşağı da internatdan övladlığa götürərlər. Digər ailədə ər də, arvad da lal idi, amma onların evi, təsərrüfatları vardı, namuslu insanlar idilər. Kimsəsiz uşaqlar bu ailələrdə xoşbəxt ola bilərdilər, amma onlara uşaq vermədilər. Onların sözündən belə başa düşdüm ki, bu işə görə15 min manat rüşvət vermək lazımdır.  Atılmış uşaqların problemləri televiziyalarımızda şou formasında təqdim olunur, “ekpertlərin” fikirləri pafoslu sözlərlə uşağını atan valideynləri söyməkdən o yana keçmir. Televiziyalarımız qarşılarına məqsəd qoyublar ki, tamaşaçını ya güldürsünlər, ya da ağlatsınlar. Təki tamaşaçılar düşünməsinlər. Düşünməsinlər ki, niyə atılmış uşaqların sayı ildən-ilə artır, niyə ölkədə pulsuz qadın məsləhətxanaları yoxdur, niyə aborta pul tapmayan qadınlar uşağı doğub küçəyə atırlar, niyə kimsəsiz uşaqları sonsuz valideynlərə övladlığa vermirlər? Tamaşaçı bu sualların cavabını axtarsa, bəzi adamlar çıxıb televiziyalarda yalan danışa bilməyəcəklər, ölkədə törədilən cinayətlərin miqyası və cinayətkarların kimliyi aşkar olunacaq. 

Müğənni Bahar Lətifqızı “Gecələr” mahnısı ilə məşhurlaşdı. Bir nəfər mənə bu mahnının Bahar xanımın ifasında nə üçün təsirli alınması ilə bağlı düşündüklərini danışdı. Dedi ki, “Mənə elə gəlir Bahar xanım uşaq evində gecələr çox əzab çəkib. Çünki uşaqlar gecələr çox qorxurlar.” Elə bil bunun təsdiqi kimi Bahar xanım “Həyat tərzi” verilişində danışdı ki, “Gecələr” mahnısını 6 yaşı olanda internatda öyrənməyə başlayıb. Bir dəfə 4 yaşlı nəvəm bizdə qalmışdı. Gecə ayılıb ağlamağa başladı ki, anamı istəyirəm. Onda mən uşaq evində böyüyən uşaqları xatırlayıb dəhşətə gəldim ki, bu uşaqlar gecələr ayılıb analarını istəyəndə onları necə sakitləşdirirlər, gecələr onların üstünü kim örtür və fikirləşdim ki, bir halda ki, bu uşaqları övladlığa verməklə problemi həll etmək olar, niyə bunu etmirlər? Bunu etməyənləri, kimsəsiz uşaqların hesabına pul qazananları və buna göz yuman səlahiyyətli adamları didib parçalamaq istədim. Gör biz nə qədər mənəviyyatsız səlahiyyət sahiblərinin olduğu bir ölkədə yaşayırıq. Elə bu səbəbdən də bizi hələ çox faciələr gözləyir.

Bilirəm ki, mənim yazılarımı az adam oxuyur və yazdıqlarımın ictimai fikrə təsiri olmur, yəni mən insanların şüurunun dəyişməsinə təsir edə bilmirəm. Bununla belə kimsəsiz uşaqların sayı artmasın deyə bir fikrimi yazmaq istəyirəm. Biz Parisdə olanda orada yaşayan bir nəfər türk dedi ki; “Fransızlar bitdi. Burada qadınlar cocuq doğmayırlar, köpək saxlayırlar.” Bu bir faktdır ki, Avropa ölkələrində əhalinin sayı artmaq əvəzinə azalır, çünki qadınlar doğub həyatlarını ərə, övlada həsr etmək istəmirlər, əksər qadınlar özləri üçün yaşayırlar. Bu gün bu kişi ilə ona yaxşıdırsa, onunla görüşür, sabah xoşuna gəlməyəndə ondan ayrılıb başqası ilə görüşür. Avropa qadınları düzgün həyat yolu seçib, ya bizim qadınlar, bunu dəqiq demək çətindir, amma gündə bir kişi dəyişən qadın doğmamaqda düzgün edir. Avropada kişi-qadın münasibətləri bizdəki kimi problemli deyil. Onlarda kişi ilə qadın ayrılanda bir-birini bıçaqlayıb öldürmür, kişilər nə qədər qadını yoldan çıxartmaqları ilə öyünmür, yaxud qadın kişidən nə qədər pul çəkmək barədə düşünmür. Bir-birilərindən bezəndə sakitcə hərə öz yolu ilə gedir. Qadınlar gördülər ki, hər dəfə kişidən ayrılanda uşaqlar stres keçirir, natamam ailələrdə böyüyən uşaqlar əksər hallarda bədbəxt olurlar, atalıqlar tərəfindən zorlanan qızların sayı artır və sair, ona görə də özlərinə və uşaqlara əlavə problem yaratmamaq üçün doğmurlar, özləri üçün yaşayırlar. Tanıdığım bir ailə var, bu ailənin qızı iki uşaqla ərindən ayrıldı və pozğun həyat yaşamağa başladı. Ata qızını bu yoldan çəkindirmək üçün onu döyməyə başladı, qız polisə müraciət edərək atasını həbsxanaya saldırdı və hazırda istədiyi kimi yaşamaqda davam edir. Anası onun iki uşağını saxladığı üçün oğlanları analarını evdən qovublar. Nənə iki nəvəsi ilə bir daxmaya sığınıb, işləyib nəvələrini saxlayır, yaxşı ki uşaq evinə vermir. Bu qadının əxlaqsız həyat tərzi seçməsi səbəbindən ailənin bütün üzvləri əzab çəkirlər, xüsusən də iki uşaq və nənə. Yetkin yaşlarından pozğun həyata meylli olan bu qadın doğmasaydı bu qədər adam bədbəxt olmazdı. Bizim televiziyalarımız, qeyri-hökumət təşkilatlarımız əslində gecə-gündüz pozğunluğu təbliğ edirlər. Bədənin bütün əzalarını qabardan paltarları, şişman dodaqları, skelet kimi arıqlığı təbliğ etmək əslində pozğunluğu təbliğ etməkdir. İnsanda heyvani instinkt, şəhvət yaradan bu təbliğat insan mənəviyyatını arxa plana keçirir, insanları yalnız seks, yemək barədə düşünməyə sövq edir. Bədənin bütün əzalarını qabardan paltarları əsasən arıq adamlar geyinirlər. Televiziyalarımızın bir nömrəli mövzusu arıqlamaqdır. Arıqlamaq üçün insanlar əməliyyat etdirib mədələrinin yarısını kəsdirirlər və tədricən arıqlayıb eybəcər hala düşürlər. Belə şeytani təbliğata əsasən daxili boş, mənəviyyatsız insanlar düşürlər. Köklük insanın sağlamlığına ziyandır, narahatlıq yaradır, artıq çəkini atmağın ən yaxşı yolu fiziki işdir. Haram pullar hesabına 10 nəfər qulluqçu saxlayıb mədəni kəsdirməklə arıqlamaq, məncə, daha çətindir. Bu yolla arıqlayan qadınların sanki sümükləri də əriyir. Vaxtilə anormal dərəcədə arıq olan Sofi Loren hazırda daha da arıqlayaraq eybəcər görkəm alıb. Mənə elə gəlir ki, Sofi Loren də vaxtilə mədəsini kəsdirərək kiçildib, artıq onun kökəlməsi mümkün deyil. İllər uzunu mənəviyyatsızlığı təbliğ edən Hollivud kino xadimləri Sofi Loreni dahi aktrisa kimi təbliğ edirdilər. Zorakılığı, fahişəliyi, qumarı, cadugərliyi təbliğ edən Hollivud filmləri Oskar mükafatı alır, mənəviyyatı, bəşəri-insanı dəyərləri təbliğ edən filmlər kölgədə qalır. Yaxşı fimlərə baxıb kinonun əzəmətini gördükcə başa düşürsən ki, Sofi Loreni məşhur edən onun istedadı yox, əvvəlki ailəsini boşatdıraraq ələ keçirdiyi əri milyarder Karlo Pontinin pulları olub. Mənəviyyatsız qadınlar pullu kişini ələ keçirməyi qadın ağlının göstəricisi hesab edirlər. Mənim fikrimcə, rəhmətlik Nəsibə Zeynalovada olan istedadın 10 faizi Sofidə yoxdur, Zərnigar Ağakişiyeva Sofidən daha güclü aktrisadır. Təəssüf ki, istedadlı aktyorlarımızı dünyaya tanıda biləcək filmlər çəkmirik. Bizim bəzi televiziya kanallarımız hazırda mənəviyyatsızlığı təbliğ edən mərkəzlərə xidmət edirlər. Allahın, yaxud Şeytanın yolunu seçmək hər kəsin öz hüququdur, amma Şeytanın yolunu seçənlər dünyaya övlad gətirməsinlər. Bu yolu seçib övlad dünyaya gətirməyənlərə təşəkkür etmək lazımdır. Atalı-analı yetimlərin faciəsi daha dəhşətli olur. Yazımı bir bayatı ilə qurtarmaq istəyirəm:

-        Yetimin yekə dərdi

-        Fil gələ çəkə dərdi.

-        Hər çəkməz, köşə çəkməz,

-        Lök gələ çəkə dərdi.

Yenilənmişdir Cümə, 01 Aprel 2016 08:00
каталог фаберлик на сайте faberllena.ru
народная медицина