DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


QARABAĞ MÜNAQİŞƏSİ YENİDƏN NİYƏ DONDURULDU

metanetMƏTANƏT ƏLİYEVA

Məşədi İbadın sözü olmasın,  siyasətlə bağlı yüzlərlə kitab oxumuşam, amma yenə də siyasətdən heç nə başa düşməmişəm. Ölkəmizdə, dünyada baş verən siyasi hadisələri dərk etməyə çalışıram və dərk etdiyim qədər  fikirlərimi oxucularla bölüşmək istəyirəm.  Rusların yeni çəkdiyi  “İkinci Yekaterina” adlı bədii film çox şeyləri dərk etməyimə kömək etdi. 10 seriyadan ibarət olan bu filmdə 1-ci Yelizavetanın hakimiyyəti dövrü və Prusiya kralı Fridrixin qardaşı qızı 2-ci Yekaterinanın saraya gəlməsi və imperator olmasına qədərki dövr təsvir olunub. Hadisələr 1744-1762-ci illəri əhatə edir. Film böyük sənət əsəridir, hətta mən deyərdim ki, rusların indiyə qədər çəkdikləri ən yaxşı filmdir. Filmin ssenari müəllifi Arif Əliyevdir. Filmdəki hadisələr 18-ci əsrin Rusiyasında cərəyan etsə də, adama elə gəlir ki, bu, 21-ci əsrin Azərbaycanıdır. Saray adamları hamısı cahil, satqındır. Yelizaveta onları pul və vəzifə ilə əldə saxlayır. Satqınlara ağır işgəncələr verdirir, amma bu da satqınlığın qarşısını ala bilmir. Pul hərisliyi saray adamlarının ağlını üstələyir, işgəncə altında var-dövlətini itirən satqınların taleyi də onları satqınlıqdan çəkindirmir. Sui-qəsdlərin, dövlət çevrilişlərinə cəhdlərin sayı-hesabı bilinmir. Hakimiyyəti ələ keçirmək istəyənlər xarici dövlətlərlə əlaqəyə girilər. 1-ci Pyotrun qızı Yelizaveta çox ağıllıdır, eyni zamanda çox qəddardır, başa düşür ki, dövləti saxlamaq üçün başqa yolu yoxdur.  Yelizavetanın başı saray intriqalarına və xarici qüvvələri neytrallaşdıırmağa qarışdığından  sadə xalqdan xəbəri yoxdur. Saraydakı adamları öz tərəfinə çəkmək və xarici müttəfiqlər əldə etmək üçün Yelizavetaya çoxlu pul lazımdır. Buna görə sadə xalqın son qəpiyini də onun əlindən alırlar.  Bu baxımdan sadə rus xalqı heç zaman firavan yaşamayıb. Filmdəki bütün tarixi obrazları bu günkü Azərbaycan siyasətçilərinin simasında görmək mümkündür. Yelizavetanı mən Heydər Əliyevə bənzətdim. Mənə elə gəlir ki orada İlham Əliyevi, Mehriban Əliyevanı və müxalifət liderləri də daxil olmaqla bütün digər siyasətçiləri görmək mümkündür.  Filmdə mənim aləmimdə ən dəhşətli obraz Pyotr Fyodoroviçdir. Yelizavetanın bacısı oğlu, imperatorluğun varisi  olan Pyotr çox bic və eqoistdir, yalnız özünü düşünür, kəm ağlı ilə dövlət maraqlarını dərk etmir, xalası Yelizavetaya olmazın əzablar verir.  Filmdəki obrazlar içərisində mən 2-ci Yekaterinanın da bizm indiki siyasətçilərdən kim olduğunu görürəm.  2-ci Yekaterina 1762-ci ildə hakimiyyətə gəlib və 34 il Rusiyanı idarə edərək  dövləti gücləndirib. Mənə belə gəlir ki, siyasətin əlifbasını bilmək istəyən hər kəs bu filmə baxmalıdır. 

 İndi də mən Qarabağ münaqişəsi ilə bağlı öz dərrakəm səviyyəsində fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, əslində regionda Azərbaycanla Ermənistan arasında müharibə getmir. Müharibə ABŞ-la Rusiya arasında gedir. Bu müharibədə coğrafi baxımdan Azərbaycanın hansı dövlətin yanında olması mühüm  əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanı özündən asılı etmək üçün Qarabağ münaqişəsini yaradıb və öz qoşunlarını Qarabağda yerləşdirib. Ruslar açıq deyirlər ki, rus qoşunu Qarabağdan çıxarsa, NATO qoşunları oraya gələcək.  Rusiya Suriyada ABŞ-a üstün gəldikdən sonra İlham Əliyev Rusiyanın bütün tələblərini yerinə yetirməklə Qarabağı işğaldan azad edə bilərdi və hərbi əməliyyatlara başladı. Amma qərb Azərbaycanı əldən vermək istəmədi və NATO qoşunlarını Rusiyanın sərhədlərində - Gürcüstana, Maldovaya, Litvaya yerləşdirərək Rusiyanı mühasirəyə aldı. Bu arada Rusiyanın göstərişi ilə Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyi məsələsini qaldırdı. İlham Əliyev qərbin təzyiqləri nəticəsində Rusiyaya qarşı getmiş olsaydı, Abxaziya və Cənubi Osetiya kimi Dağlıq Qarabağın da müstəqilliyi tanınacaqdı. Qərbin Azərbaycandakı casusları da İlham Əliyevi məhz buna –  qərbin maraqlarının təmin olunması müqabilində Dağlıq Qarabağın birdəfəlik itirilməsinə təhrik edirdilər. ABŞ-la Rusiya razılığa gələ bilmədiyindən Qarabağ məsələsi yenə də həll olunmamış qaldı. Mən bunları özümün çıxardığım nəticələrə əsasən yazıram. Qarabağ münaqişəsi başlanan gündən münaqişə ilə bağlı  bu xalqa normal açıqlama verən olmayıb, mən hadisələrin içərisində olan dövlət adamlarını nəzərdə tuturam. Həm də mən hesab edirəm ki, şəxsi maraqlar, hakimiyyət və pul ehtirası, korrupsiya dövlət adamlarımıza Azərbaycan xalqını maraqlarından çıxış etməyə imkan vermir.

Korrupsiyanın nəticəsidir ki, Azərbaycan xalqı hazırda dəhşətli ehtiyac içərisində yaşayır. Bir neçə gün əvvəl Hacıqabula yas yerinə getmişdim. Rayonda vəziyyət o həddə çatıb ki, vəfat edən adamları dəfn etmək  problemə çevrilib. Rayonda  az adamda köhnə sovet maşınları var, onlar da maşına benzin almağa pul tapmırlar ki, ölünü aparıb dəfn etsinlər. Mayın əvvəlində prezident İlham Əliyev Hacıqabuldan keçib sərhəd rayonlarına gedirdi. Maşın karvanını bizim fermer təssərrüfatının lap yanında saxlamışdılar. Dedim ki, özümü maşının altına atıb deyəcəyəm ki, rayonumuza suvarma suyu çəkilsin. Qohumlarım maşın karvanına tərəf getdiyimi görüb şoka düşdülər. Görünür, yaxşı artistlik edib qohumlarımı inandıra bilmişdim. Keçmiş polis əməkdaşı olan qardaşım dedi ki, başına bir güllə vuracaqlar, öləcəksən. Mənim ölmək fikrim yoxdur. Sadəcə olaraq Prezidentə çatdırmaq istəyirəm ki, məsələn, bizim 50 hektar torpağımız var, amma toyuq üçün arpanı da pulla alırırq deyə 20 ildli təsərrüfatda çəkdiyimiz zəhmət hədər gedir, ziyanla işləyirik. Rayonun 5 addımlığından keçən Kürün suyu Xəzərə qarışıb zay olur, amma biz susuzluqdan bir qarış torpağımızı əkə bilmirik. Ya dövlət rayona su çəksin, ya da sahibkarlara fonddan kredit verilsin ki, onlar özləri su çəksinlər. Biz bu məqsədlə fonda müraciət etmişik, nəticəsiz qalıb. Şirin su dünyada ən qiymətli nemətdir, neftdən də qiymətlidir. Bizim çaylarımızın, bulaqlarımızın suyu Xəzərə tökülüb məhv olur, torpaqlarımızda isə susuzluqdan ilan  mələyir.   

Rayonumuzdakı işsizlik və narkomaniya problemi Qarabağ problemindən daha dəhşətlidir. İşsizlik və narkomaniya bir-biri ilə sıx bağlı problemlərdir. İşsiz gənc həm bekarçılıqdan, həm də 1-2 manat əldə etmək üçün əvvəlcə narkotik maddələrin satıcısına, sonra da istifadəçisinə çevrilir. Narkotik maddələrin satışı o həddə çatıb ki, istənilən adam istədiyi vaxt narkotik maddə ala bilir. Külli miqdarda narkotik maddə satanlardan külli miqdarda rüşvət alıb onları azadlığa buraxırlar. Mənə elə gəlir ki, Həzi Aslanovun DİN-də bu işlə mübarizə aparan nəvəsi Həzi Aslanov da bu cinayətin qarşısında acizdir. Çünki dünyada narkotik maddələrin satışına ABŞ nəzarət edir və nə qədər ki ABŞ super güc olaraq qalır,  narkomanların sayı artmaqda davam edəcək. Bir nəfər sənət adamı mənə danışdı ki, məşhur bir xanəndənin oğlu bacılarının ikisinin də ərini narkoman edib. Bu faciənin miqyasını şərh etməyə ehtiyac duymuram. Mənə elə gəlir ki, övladları narkoman olan məmurlarımız var ki, onlar hər an Azərbaycanın maraqlarını ABŞ-a satmağa hazırdırlar. 

Yenilənmişdir Bazar ertəsi, 16 May 2016 05:59
каталог фаберлик на сайте faberllena.ru
народная медицина