DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


İRAN FİLMLƏRİ BAKIDA

metanetMƏTANƏT ƏLİYEVA

Mayın 14-17-də Nizami kinoteatrında İran kinosu günləri keçirildi. Açılış mərasimində Azərbaycanın və İranın hökumət adamları, tanınmış kino xadimləri iştirak edirdilər. Tədbiri keçirməkdə məqsəd Azərbaycan və İran xalqı arasında dostluğu möhkəmlətmək idi. Hesab edirəm ki, hər iki dövlət bu sahədə daha fəal çalışmalıdır, çünki bu iki dövləti düşmən etməyə çalışan çox böyük qüvvələr və daxildən o qüvvələrə dəstək verən məkrli vətəndaşlarımız var. İndiyə qədər İranda olmasam da, İran xalqını və dövlətini həmişə sevmişəm, İranı özümün tarixi vətənim hesab etmişəm. İran xalqının özünəməxsusluğunu qoruyub saxlaması, sadəliyi, təvazökarlığı xüsusilə təqdirə layiqdir. 16-cı əsrdə böyük sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətai indiki İran dövlətinin də ərazisi daxil olmaqla bir ucu İrəvan xanlığı, bir ucu Borçalı, bir ucu Dərbənd olan Böyük Səfəvilər dövlətini yaradıb. 1828-ci ildə İran Rusiya ilə müharibədə uduzub və Rusiya Azərbaycanın şimal hissəsini özünə birləşdirib. İranı Məhəmməd peyğəmbərin qanuni varisi olan böyük sərkərdə İmam Əli tərəfdarlarının vətəni hesab edirəm. Gözümü açandan qohumlarımda, o cümlədən nənəmdə İmam Əliyə sonsuz məhəbbət görmüşəm. Tarixi faktlarda göstərilir ki, Şah İsmayıl Xətai İmam Əlinin qan qohumu olub. Nədənsə tarixçilərimiz həqiqəti xalqdan gizlədirlər və Azərbaycanla Türkiyəni bir millət, iki dövlət adlandırırlar, halbuki Səfəvilər dövləti ilə Osmanlı imperiyası əbədi düşmən olublar və bu gün də bu dövlətlər müxtəlif qüvvələrə xidmət edirlər. Türkiyə İrana olan düşmənçiliyini, hər zaman olduğu kimi, indi də Azərbaycana qarşı davam etdirir. 2-ci dünya müharibəsində Hitlerə xidmət edən Osmanlı imperiyası Azərbaycan ziyalılarının bir çoxunu təxribata çəkdi. Mikayıl Müşfiq, Seyid Hüseyn, Hüseyn Cavid kimi ziyalılarımız Osmanlı təxribatının qurbanı oldu, Məmməd Əmin Rəsulzadənin ailəsi sürgündə məhv oldu. Hazırda Əlini sevənlərin vətəni İran müsəlman ölkələrini xaraba qoyan, müsəlmanları öz ölkələrindən didərgin salan ABŞ və onun qərbdəki müttəfiqlərinə qarşı vuruşur, Türkiyə isə ABŞ-a kömək edir. Tarix boyu çox dövlətlər parçalanıb, onların ərazisində müstəqil dövlətlər yaranıb. Bizim də qismətimizə müstəqil Azərbaycan dövləti yaratmaq nəsib olub. Tariximizi düzgün bilib gələcəyimizi düzgün qurmalıyıq. 

İran kinosu günlərində 4 film nümayiş olundu. Birinci gün nümayiş olunan “143-cü çuxur” filmi İran islam inqilabından sonra başlayıb 7 il davam edən İran-İraq müharibəsinə həsr olunub. Daha doğrusu, filmdə 1982-ci ildə oğlu müharibədə itkin düşən ananın iztirabları təsvir olunub. Müharibənin özü haqqında filmdə heç nə deyilmir. Hind filmlərində olduğu kimi, sanki məqsəd oxucunu ağlatmaqdır.  Hamıya aydındır ki, müharibə dünyada ən dəhşətli şeydir. Ölüm, aclıq, dağıntı, qaçqınlıq – dünyada dəhşətli nə varsa hamısı müharibədə baş verir. Film onda böyük sənət əsəri olardı ki, müharibənin qarşısını almaq istəyən ağıllı dövlət başçısına həsr olunardı, yaxud müharibədə İraq xalqının günahı olmadığı təsvir olunardı. İslam İnqilabından sonra Səddam Hüseyn qərb dairələrinin əli ilə İranı təxribata çəkdi və sonda da qərbin əli ilə faciəli şəkildə qətlə yetirildi. Filmdə bu həqiqətlər açılsaydı daha maraqlı olardı. Filmdə təsvir olunduğu kimi, keçən əsrin sonunda İran kəndlilərinin son dərəcə kasıb yaşaması məni çox məyus  etdi. İran kimi zəngin bir dövlətdə insanlar belə kasıb yaşamamalıdır. Filmdə təsvir olunan İran kəndi səhranı xatırladır, kənddə nə yaşıllıq var, nə gözəl yollar var. Mən başa düşürəm ki, İran isti ölkədir, orada su qıtlığı ola bilər. Amma texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda kəndləri normal su ilə təmin etmək olar, yol çəkilişi üçün lazım olan neft məhsulları İranda bol olduğu halda kənd yollarının bərbad olması normal deyil. “143-cü çuxur” filminin rejissoru qadındır. Hesab edirəm ki, qadınlar heç vaxt böyük sənət əsərləri yaratmayıblar və yarada bilməzlər. Qadınlar yaradıcı kişilərə ilham verə bilərlər.

İranda son vaxtlar İmam Əli, Yusif peyğəmbər haqqında çəkilən dini filmlərə Azərbaycanda çox maraqla baxılsa da, bu filmlərin bədii keyfiyyəti çox aşağıdır. Yaxşı olardı ki, İranın tarixi ilə bağlı filmlər çəkilsin. Məsələn, rəhmətlik yazıçımız Fərman Kərimzadə Şah İsmayıl Xətaiyə həsr olunmuş “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” adlı son dərəcə maraqlı romanlar yazıb. Həmin əsərlərin əsasında gözəl film çəkmək olar. İnanmıram ki, İranda yüksək səviyyəli filmlər yarada biləcək kino xadimləri yoxdur. Mənə elə gəlir ki, məqsəd dəyərli filmlər yaratmaq yox, ucuz üsullarla dini ideologiyanı təbliğ etməkdir. Bu işdə də yüksək peşəkarlıq, talant, intellekt lazımdır. Mən İran filmlərində bunu görmürəm. Həm də mənə elə gəlir ki, müsəlman siyasi liderlər özlərindən əvvəlki böyük siyasətçiləri inkar etməklə öz dəyərlərini artırmağa çalışırlar.

 

Yenilənmişdir Cümə, 20 May 2016 20:14
каталог фаберлик на сайте faberllena.ru
народная медицина