DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ŞAMAXIDA SİÇANLAR ADAM YEYİR

metanetMƏTANƏT ƏLİYEVA

Yaxşı ki dağlar var. Bu ilki yayın istisində Bakıda ölərdim. Həyatda qorxduğum çox şeylər var, ən çox qorxduğum şey istidir. İstidə iş qabiliyyətimi itirib “invalidə” çevrilirəm. Bu baxımdan Şamaxının Qızmeydan kəndindəki evimiz məni ölümdən qurtardı. Üç ay dağların qoynunda həyətyanı sahəmdə, özümün əkdiyim gül-çiçəklərin arasında həm işlədim, həm istirahət etdim. Dağlarda da ildən ilə hava istiləşir. Buna baxmayaraq orada yayı kondisionersiz yaşamaq mümkündür.  Bu il dağlarda keçirdiyim gözəl günləri siçanlar burnumdan tökdü. Taxıl biçiləndən sonra sahələrdəki siçanlar evlərə daraşdı. Siçanlar evdəki ərzaqları yeməklə yanaşı pal-paltarı, yorğan-döşəyi, elektrik naqillərini, hətta adamları yeyirlər. Mənim bir qonşumun 30-40 yaşlarında dayısı oğlu yuxulayıb və qolundakı ağrıdan ayılanda görüb ki, siçan qolunun ətini yeyir. Başqa bir qadının barmağını az qalıb ki, dişləyib qoparsın. Siçanların dişi elə itidir ki, onlar daşı, mərməri də gəmirirlər.Siçanlar səhərə qədər insanların çarpayılarında, bədənlərində gəzir. Nə pişiklər, nə zəhər, nə tələ onlarla bacarmır. Siçanlar o qədər artıb ki, onlar evlərdə qaçanda elə səs-küy qalxır ki, elə bil at ilxısı qaçır. Bu da onun nəticəsidir ki, taxıl zəmiləri vaxtında dərmanlanmayıb, gəmiricilərə qarşı mübarizə üçün ayrılan pullar oğurlanıb, taxılı yeyən siçanlar külli miqdarda artıblar. Əgər bu il taxıl vaxtında dərmanlanmasa, gələn il ölkədə aclıq olacaq. Müdriklər deyirlər ki, siçan çox olan il ölkədə aclıq olur. Ümumiyyətlə, belə getsə, kəndlərdə adam qalmayacaq, hamı siçanların əlindən kəndlərdən qaçacaq. Şamaxı rayon sanitariya idarəsinin rəisi Firudin müəllimə zəng edib vəziyyəti danışdım. Firudin müəllim kəndə gəlib bir-iki evə zəhər payladı, necə istifadə etməyi öyrətdi. Amma bu problemin həlli deyil. Nə qədər sorğu-sual etdimsə, Firudin müəllim həşaratlarla, o cümlədən gəmricilərlə mübarizə üçün ildə onların idarəsinə nə qədər pul ayrıldığını demədi. Problem yalnız Şamaxıda deyil, bütün ölkə boyu bu məqsədlə ayrılan pullar qəpiyinə qədər oğurlanır. Ona görə də ölkəni həşaratlar – milçək, ağcaqanad, siçovul, siçan basıb. Ölkədəki total oğurluğun, yalanın, yaltaqlığın içərisində biz də insanlığımızı itirib həşarata dönmüşük. Mənəviyyatsız insan elə həşarat kimi iyrənc bir şeydir. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafi üçün “iqtisadiyyatı dənizdən çıxarıb torpaqda qurmaq modeli” üzərində işləyir. Bunun üçün görüləcək vacib işlərdən biri də kənd təsərrüfatında gəmiricilərlə mübarizədir. Siçanlar yalnız taxılı yemirlər, bu il onlar kartofa da divan tutublar. Kəndlilərin öz puluna aldığı dərmanlar keyfiyyətsiz olduğundan meyvə-tərəvəz çürüyür, qoyun-inək, toyuq-cücə məhv olur. Prezident ilk növbədə xalqa açıqlamalıdır ki, bu sahəyə dövlət ildə nə qədər vəsait ayırır və bu vəsaitdən necə istifadə olunur. Zəhərin pulunu oğurlayan adamlar ifşa olunmayınca, ölkədə kənd təsərrüfatının inkişafı söz olaraq qalacaq.

Bu il yay dənşətli dərəcədə isti keçdi və il ildən isti gəlir. Üç ildir ki, yayda dağlarda yağış yağmır. Keçən il quraqlıqdan dağ kəndlərində bulaqlar, quyular da qurumuşdu. Kəndçilərin əkinləri susuzluqdan qurudu, zəhmətləri batdı.  Əgər dağ rayonlarında yay bu qədər isti keçdisə, görün Aran rayonlarında yaşayanlar nələr çəkdilər. Bakı sakinləri dənizdə çimməklə sərinlənirlər, lakin onlar üçün də lazımi şərait yaradılmır. Əksər çimərlikləri hasara alıblar, hasara alınmayanlarda da natəmizlik baş alıb gedir. Çimərliklərdə zibilqabıları yoxdur deyə zibil dizə çıxıb. Normal ölkələrdə çimərlikdə yalnız çimir və günəş vannası qəbul edirlər. Otellər, kafe-restoranlar çimərliklərdən xeyli aralıdır. Bizdə isə qaraçı köçünə oxşayan yeməkxanalar az qala dənizin içərisində tikilib. İnsanlar çimərlikdə yeyib zibili dənizə, sahilə atırlar. Bu yay dənizdə pivə butulkası 5 yaşlı nəvəmin ayağını kəsdi. Çimərliklərdə rahatlıq yaratmaq üçün böyük pul lazım deyil, sadəcə olaraq, bu işə məsul olanların başı pul oğurlamağa qarışdığından vəzifələrini unudublar. Çimərliklərimizin miskin görkəminə baxanda hansısa ölkədən bura turist gələcəyini düşünmək acı gülüş doğurur.

Bu yay bir hadisə də məni məyus etdi. Gördüm ki, bacım balaca döşəkcə tikir. Döşəkcənin nəyinə lazım olduğunu soruşdum. Dedi Gənclikdə evinin yanındakı parkı zəbt edib Atatürk istirahət mərkəzi ediblər. Orada restoran, kafe və sair pullu xidmətlər var. Kasıblar sərinlənmək üçün parka gedə bilmirlər. Metronun yanında kiçik bir ərazidə Gültəkin parkı yaradıblar. Parkda nə bir ağac, nə bir skamya var. Yaşlılar daşın üstündə otururlar. Bacım da döşəkcə tikir ki, nəvəsini parka aparanda daşın üstünə qoyb otursun. Bu vəziyyətə görə mən tamahkar məmurlardan çox bacıma hirslənirəm. Bacımın ailəsi ictimai cəhətdən çox passivdir. Adicə seçkiyə gedib səs də vermirlər. Soruşanda ki, park zəbt olunanda niyə səsinizi çıxarmadınız, deyir onsuz da mənası yoxdur. Amma park zəbt olunanda ətrafdakı binalardan 100-150 adam etiraz səsini qaldırsaydı, hansısa məmur bu həyasızlığı etməzdi. Mənim bacım və bacım kimilər özlərinə əziyyət vermək istəmirlər, gözləyirlər ki, kimlərsə onların problemlərini həll etsinlər. O ki qaldı qərbpərəst müxalifətin son günlər keçirdiyi mitinqlərə, bu mitinqlərin məqsədi xalqın problemlərini həll etmək deyil. Mitinqçilər “Talana son” şüarı ilə çıxış etsələr də, əslində onların məqsədi başqadır. Hacı Zamin demişkən, əslində mitinqçilər demək istəyirlər ki, “İmkan verin biz də talayaq”. Əhali kütləvi surətdə onları dəstəkləmir, çünki bilirlər ki, belə bir imkan ələ düşməyəcək. Yazımın əvvəlində də yazmışdım ki, mənəviyyatımızı itirə-itirə həşarata dönmüşük. Çoxları bunun günahını sistemdə görür. Mən hesab edirəm ki, mənəviyyatsızlıq ailə tərbiyəsinin məhsuludur. Əgər mənim tənqidi fikirlərimi yazmaq üçün bu gün qəzet varsa, deməli, bu ölkədə söz azadlığı var, sadəcə olaraq, əksər vətəndaşlar susurlar, onlar mübarizə aparmaqla yox, çirkin yollarla pul əldə etmək və həşarat kimi yaşamaq istəyirlər.  Vaxtilə mən də qəzet redaktoru olmuşam. İstədikləri qədər qonarar verməyə də hazır idim və problemlər yazılanda əksər hallarda dövlət səviyyəsində ölçü götürülürdü, amma heç kim xalqın problemlərindən yazmaq istəmirdi, ya gedib reketlik edirdilər, ya məddahlıq edirdilər, ya da xarici kəşfiyyata casusluq edirdilər. Bu həşaratların bəziləri indi Avropa ölkələrində sığınacaq alıblar. 

   

Yenilənmişdir Çərşənbə, 21 Sentyabr 2016 12:39
каталог фаберлик на сайте faberllena.ru
народная медицина