DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


SAĞLAM MÜHİTİ HARADA TAPAQ

metanetMƏTANƏT ƏLİYEVA

Azərbaycandakı ümumi vəziyyəti təsəvvür etmək üçün doğulduğum Hacıqabul rayonunu nəzərdən keçirirəm. Təxminən 60 min əhalinin yaşadığı rayonda ən böyük problem işsizlikdir. Rayon mərkəzində heç bir iri müəssisə yoxdur. Sahibkarlıq adı altında yalnız iki şadlıq evi, restoran-kafelər və mağazalar var. Muğan qəsəbəsində Gilan kafel-metlax zavodu, Atbulaq kəndində kərpic zavodu,  Xiləmirzə kəndində quşçuluq fabriki var. Bütün bu iş yerlərində əhalinin heç 10 faizi işlə təmin edilməyib. Sovet vaxtı rayonda bir nəfər də işsiz adam yox idi. Əhali dəmir yolunda, xalça fabrikində, Şirvan neftçıxarma idarəsində, Əli Bayramlı dövlət rayon elektrik stansiyasında,  Əli Bayramlıdakı zavodlarda işləyirdi. Hazırkı dövrdə rayon mərkəzində əksəriyyət Rusiydan qohumlarının göndərdiyi pulla dolanır. Bunun da bir çox fəsadları yaranır. Başsız qalmış ailələrdə müxtəlif problemlər meydana çıxır. Kəndlərin əhalisi əkinçiliklə, heyvandarlıqla məşğul olmalıdır ki, firavan yaşasın. Bu sahədə də vəziyyət yaxşı deyil. Torpaqların 90 faizi istifadəsiz qalıb. Bunun səbəbi araşdırılmır, araşdırılırsa da, bu barədə mətbuat vasitəsilə xalqa məlumat verilmir. Prezident İlham Əliyev Migəçevirə səfəri zamanı dedi ki, bu şəhərdə 10 fabrik  tikiləcək, yun, ipək, pambıq saplar hazırlanacaq, ölkədə istehlak olunacaq corabların 50 faizi bu şəhərdə tikiləcək və sair. Bütün bunlar üçün xaricdən müasir texnologiyalar gətiriləcək. Bunları eşitmək adamda qəzəb hissi doğurur. Əvvəla ona görə ki, Mingəçevirin əhalisi 25 ildir işsizdir, idman komleksləri və sair tikmək, əhaliyə sosial yardım adı ilə pul verib 50 faizini oğurlamaq əvəzinə əvvəlcə insanların məşğulluğunu  təmin etmək lazım idi. Həm də müasir avadanlıqları ölkəyə böyük neft pulları gələn vaxt almaq lazım idi, büdcə boş olanda yox. 

Hacıqabul rayon mərkəzində sakinlər öz həyətyanı sahələrini də əkə bilmirlər, çünki içməli su sayğacla olduğu üçün pulunu ödəyə bimirlər. Texniki su isə hələ də çəkilməyib.  Rayonda kifayət qədər boş torpaqlar olduğu halda gənc ailələrə ev tikmək üçün rüşvətsiz torpaq sahəsi vermirlər. Ona görə də gənc ailə ata-baba həyətində özünə ev tikməli olur. Bu da həm rayonun arxitekturasını pozur, həm də təsərrüfat qurmaq üçün həyətyanı sahə qalmır. Yolların 90 faizi bərbad vəziyyətdədir. Kanalizasiya xəttləri çəkilməyib. Səhiyyə, təhsil aşağı səviyyədədir. Ən böyük bədbəxtlik idarəçilik sistemindədir.  60 min əhalisi olan rayonda ictimai-siyasi fəaliyyətlə məşğul olmaq, rayonun idarəçiliyində iştirak etmək istəyən, buna qabiliyyəti və savadı olan insanlar çoxdur. Bunun üçün rayonda demokratik seçkilər keçirilməli, siyasi partiyaların, ictimai təşkilatların yaradılması üçün şərait olmalıdır. Demokratik seçkilər rayonun hər bir vətəndaşına rayonun idarəçiliyində, ictimai-siyasi həyatında fəal olmağa imkan yaratmalıdır. 20 ildir bələdiyyələrə seçkilər keçirilsə də, hələ də bələdiyyələrə heç bir səlahiyyət verilməyib. Halbuki kənd bələdiyyələrinə seçkilər zamanı namizədlər hər bir kəndin inkişafına dair proqramlarını seçicilərə təqdim edər, rayonda yeniliklər baş verər, rayon canlanar, əhali gələcəyə ümidlə baxar. Təəssüf ki, müstəqil olduğumuz 25 il ərzində hakimiyyətdəkilər qəti olaraq xalqı əmin etdilər ki, dövlət idarəçiliyində inkişafı, demokratik seçkini heç ağlınıza da gətirməyin, heç bir dəyişiklik olmayacaq, bir nəfəri də xalq seçə bilməz. Əvvəlki seçkilərdə nisbətən canlanma olurdu, mübarizə gedirdi, indi hamı əmin olub ki, parlamentə də, bələdiyyələrə də 100 faiz təyinatdır və heç vaxt dövlət idarəçiliyində yenilik olmayacaq. Hələ bundan sonra da eyni adamlar bu qaydada ədalətsizliyə, talana , oğurluğa, yalana, rüşvətə əsaslanan idarəçiliyi davam etdirəcəklər. Bu komanda heç vaxt ölkənin demokratikləşməsinə imkan verməyəcək. Ölkənin demokratikləşməsi bütün xalqın azad seçkilərdə iştirak etməsindən, bu yolla dövlət idarəçiliyində iştirak etməsindən keçir. Ölkə demokratikləşərsə, korrupsiya minimum həddə çatar. Bu isə oğru məmurlara sərf etmir və oğru heç vaxt dəyişib vicdanlı adam ola bilməz. Hərçənd ki, Viktor Hüqo, Dostoyevski kimi yazıçılar əsərlərində Jan Valjan, Raskolnikov kimi oğrulara haqq qazandırmağa çalışır və onların guya sonradan oğurluğun daşını atmasından yazırlar. Mən belə şey görməmişəm. Oğrunun ölüncə oğurluq etdiyini görmüşəm. Bəzi məmurlar Azərbaycanda demokratiyanın olması barədə yalanlar danışırlar. Əgər ölkədə bir nəfər də seçkili orqanlara xalq tərəfindən seçilmirsə, o, ölkədə demokratiya sıfır səviyyəsindədir. İnsan hər zaman yenilik istəyir, o cümlədən dövlət idarəçiliyində. Əgər bu gözlənilmirsə, insanlar ümidsizlik, ruh düşkünlüyü içərisində yaşayırlar. Xüsusən gənclər dərk edirlər ki, hazırkı idarəçiliklə onların gələcəyi yoxdur. Gənclərin daha dəhşətli bir problemi onların işləmək və təhsil almaq üçün sağlam mühit tapa bilməməsidir. Sağlam mühit odur ki, orada savada, peşəkarlığa, düzgünlüyə qiymət verilir. Bizdə belə mühit yoxdur. Belə mühiti ya planlı şəkildə yaranmağa qoymurlar, ya da mənim bilmədiyim başqa səbəb var. Təhsildə də, iş yerlərində də gənclərin mənliyini alçaltmağa, onları sındırıb məhv etməyə çalışırlar. Mənəviyyatını itirmiş insanların gələcəkdə nələr törədəcəyini təsəvvür edirəm.

Yenilənmişdir Şənbə, 08 Oktyabr 2016 10:40
каталог фаберлик на сайте faberllena.ru
народная медицина