DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


XOŞQƏDƏMİN GÜZGÜSÜ

metanetMƏTANƏT ƏLİYEVA

 Çoxdandır normal insan sifəti görmürdüm (kütləvi, ictimai-siyasi tədbirlərdə yalan danışan yaltaqları nəzərdə tuturam). Jurnalist Saminə Hidayətqızının “Muğam qəsri” kitabının təqdimatında əmin oldum ki, Azərbaycanda hələ də ziyalı, ləyaqətli adamlar var. Kitabın təqdimatı Beynəlxalq Muğam Mərkəzində keçirildi, aparıcı Bəstəkarlar İttifaqının katibi Sərdar Quliyev idi. Saminə Hidayətqızı  “İmpuls” qəzetində işləyib. O mənim yadımda daha çox dini mövzuda yazdığı məqalələrlə qalıb. Saminə xanımın yazılarını oxuyana qədər mənim islam dini ilə bağlı biliyim sıfır səviyyəsində idi. Onun yazılarının hesabına əməlli-başlı bilik əldə etdim. Qəzetimizdə Saminə xanım “Sarı sim” adlı rubrika altında sənət adamları haqqında silsilə yazılar da verirdi. Bu yazılar da “Muğam qəsri” kitabına əlavə olunub. “Muğam qəsri” Saminə xanımın ikinci kitabıdır. “100 türk qadını” adlı kitabı iki il qabaq nəşr olunub. Beynəlxalq Muğam Mərkəzində olmamışdım. Bina çox gözəl və rahatdır. Belə bir məkanda muğam sənəti, dahi musiqiçilər haqqında söhbətlərə qulaq asmaq,  Günay İmamverdiyeva, Babək Niftəliyev, Elnur Zeynalov, Abgül Mirzəliyev,  “Könül” xalq çalğı alətləri ansamblının rəhbəri Fəraməz Gərmrudinin ifasında canlı musiqi eşitmək böyük xoşbəxtlik idi. Tanınmış sənətkarlarımızın əksəriyyəti o qədər simasız, yaltaq olurlar ki, kitabın təqdimatında Əhməd Bakıxanovun oğlu Tofiq Bakıxanov, Aqşin Babayev, Sənubər Bağırova  kimi səmimi ziyalıları dinləmək susuz adamin su içməsinə bənzəyirdi.

 Dahi musiqiçilərimizin cəmiyyətdə tanınmasında onların sənəti ilə bərabər jurnalistlərin də rolu böyükdür. Cəmiyyətimizdə jurnalistikanı gözdən salan reket jurnalistika da var. Psixoloq qızım elmi psixologiyanın dərinliklərinə can atır. Ona deyirəm ki, populyar psixologiyanı öyrən, pul qazanmaq üçün bu daha lazımlıdır. Qızım deyir ki, populyar psixologiya reket jurnalistika kimidir, insanlara faydalı olanı yox, onların istədiyini verir.

 “Xəzər” televiziyasının aparıcısı Xoşqədəm Hidayətqızı “sensasiya” yaradıb.  İmişlidə ata ruhi xəstə olan qızlarını tövlədə zəncirdə saxlayıb, qızın biri soyuqdan vəfat edib. Veriliş efirə gedəndən sonra atanı həbs ediblər.  Verilişdə ata dedi ki, hər gün qoyun otarmağa gedir, dolanışığı bundan çıxır. Evdə qalan xəstə qız hər şeyi sındırır. Ata ona görə qızını tövlədə saxlayır. Aydın məsələdir ki, kasıb ata sındırılmış əşyaların yerinə hər gün evinə avadanlıq ala bilməz.  Əslində bədbəxt atanı yox, bir çox məmurları dərhal həbs etmək lazım idi.  Ona görə ki, aqressiv ruhi xəstələri sakitləşdirmək üçün dərmanlar var və bu dərmanlardan qızlara pulsuz verilsəydi, onları tövlədə saxlamaq lazım olmazdı. İkincisi, Xoşqədəm xanım soruşmadı ki, xəstə qızlara 1-ci qrup əlil kimi müavinət verilirmi? Müavinət verilsəydi, bəlkə ata həmin pula qızlarına baxıcı tutardı. Üçüncüsü, 8 ildə kənd icra nümayəndəliyi, bələdiyyə, yerli hüquq-mühafizə orqanları niyə bu məsələ ilə maraqlanmayıblar? Xoşqədəm xanım bu tapıntısı ilə ölkəmizdəki hazırkı dəhşətli vəziyyətə güzgü tutdu. Sadəcə olaraq, həm o özü, həm də ekspertlər hadisəyə düzgün şərh verməyə qorxdular və bədbəxt atanı günahlandırmaqdan başqa söz tapmadılar.  Həqiqəti deyən adamı ikinci dəfə o televiziyaya buraxmazdılar, həm də məmurların əməllərinin tənqid olunması insanların səbir kasasını daşdırardı, ixtişaşlara səbəb olardı. Sonrakı verilişdə Xoşqədəm xanım dedi ki, guya xəstə qız müalicə olunur, ərə gedəcək, Səlim Müslümov məsələyə qarışıb.  Mən bu sözlərin heç birinə inanmıram.  Səhiyyəmiz 100 faiz korrupsiyalaşıb, sağlam adamların  rüşvət verib xəstəliyə görə müavinət almasına inanaram, amma xəstə adamın rüşvətsiz müavinət almasına inanmıram. Verilişin reytinqi qalxdı, çoxlu reklam gələcək, reklam isə puldur. Buna deyirlər reket jurnalistika.  Əgər verilişlərdə məmurlar tənqid olunmayacaqsa, sosial verilişlər açmağın mənası yoxdur.   

 Belə yerdə adam lap İmam Hüseyn kimi qiyam etmək istəyir. Bəziləri deyirlər ki, İmam Hüseyn hakimiyyət uğrunda üsyan edib. Haqsızlığa üsyan edən bilir ki, o, ölümə məhkumdur, necə ki, bir neçə il əvvəl Bakıda Qarabağ əlili üsyan edərək özünü yandırdı və onun ölümündən sonra əlillərə qayğı nisbətən artdı.  19-cu əsrin əvvəlində Rusiyada üsyan edən dekabristlərin də taleyi faciəli oldu.  Uzaq keçmişdə Spartakın rəhbərliyi ilə qullar üsyanı da belə yekunlaşıb. Üsyan dövlət çevrilişi deyil, fədakar insanların haqsızlıqlara xəbərdarlığıdır və bu xəbərdarlıqdan nəticə çıxarmayanların sonu Yezid kimi, çar Hikolay kimi olur.  Bu dünyada heç nə özbaşına deyil. Hər əməlin bir qarşılığı, hər hadisənin bir sirli səbəbi var.  

Yenilənmişdir Bazar, 16 Oktyabr 2016 08:11
каталог фаберлик на сайте faberllena.ru
народная медицина