DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ŞİRMƏMMƏD HÜSEYNOV VƏ OĞRU QANUNLARI

metanetMƏTANƏT ƏLİYEVA

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 24 ili tamam oldu. Bu münasibətlə YAP-çıları təbrik edirəm. YAP-çıların dediyinə görə, partiyanın 700 min nəfər üzvü var və onlar hesab edirlər ki, müstəqil dövlətimizin də YAP-ın ömrü qədər yaşı var, çünki  dövlətimizi YAP-çılar qurublar. Mənim hörmətli müəllimim Şirməmməd Hüseynov onların səhvini çıxararaq demişdi ki, YAP-çılar dövləti qura bilməzdilər, çünki dövlətimiz 1918-ci ildə yaranıb, YAP-çılar hökumət yaradıblar. Hökumət dövləti idarə edən məmurların təşkilatıdır. Mən özüm də çox vaxt hökumət sözü ilə dövlət sözünün mənasını qarışdırıram. Hökumət sözündə mən Şirməmməd müəllimlə razı deyiləm. MTN, Rabitə Nazirliyi, Beynəlxalq bank işi ilə bağlı gedən məhkəmə prosesləri göstərir ki, Azərbaycanda hökumət yox, mükəmməl mafiya sistemi yaradılıb, ölkəni “obşyak” idarə edir, “obşiy kotyol”a yığılan pullar mafiya üzvləri arasında ədalətlə bölünür. Bu sözlərimə görə məni məhkəməyə verə bilməzlər, çünki bunları məhkəmədə hətta generallar da təsdiq ediblər. Nə olar, hökumət olmasın, mafiya olsun. Bizim millət onsuz da “vor zakon”ları sevir, oğru qanunlarına hörmət edir. Bizim “Qaya” firmasında Arif adlı əməkdaş var. Ömründə bir kitab-qəzet oxumayıb, amma qəzetlərdə “vor zakon”lar haqqında yazılar gedəndə Arif onu mütləq oxumalıdır. Ona görə yazımın sərlövhəsinə “vor zakon” sözünü çıxartdım ki, Arif heç olmasa bir dəfə mənim yazımı oxusun. Mafiyanın çox sərt qanunları var. Dövlətin qanunlarına əməl olunmaya bilər, amma mafiyanın qanunlarını pozanların nəslini kəsərlər. Bu baxımdan bizim bəxtimiz gətirib. Mafiyada ən dəhşətli cinayət xəyanətdir. Xəyanət etdinsə, düşəcəksən Cahangir Hacıyevin, Eldar Mahmudovun, Əli Abbasovun gününə. Mafiya daxilində üç şey ən dəhşətli cinayət hesab olunur - mafiyanın sirlərini satasan, rəqib mafiyaya işləyəsən və “obşiy kotyol”un pulundan oğurlayasan. İndiyə qədər həbs olunan, vəzifədən çıxarılan, var-dövləti əlindən alınan məmurlar  mafiyanın kiçik balıqlarıdır. Əsil Akulalar, Təpəgözlər, Goreşənlər, Divlər hələ də  mafiyanın idarəçiliyindədir. Xırda balıqların milyonları varsa, gör akulaların nələri var, milyardları yox ey, trilyonları var. YAP-ın ideoloqlarından olan Əli Həsənov deyir ki, bizdə demokratiya var. Razıyam. Demokratiyanın birinci şərti azad sözdürsə, sözümüzü azad deyirik, hərçənd ki, qorxumuzdan bir az üstüörtülü deyirik. Qorxmasaydım, indi YAP haqqında 10 cild əsər yazan bir xanımın ərinin vaxtilə “paxan” haqqında dediyi sözləri yazardım. Rəhmətlik Hacıbaba Bağırovun “Hicran” tamaşasında dediyi kimi, “əlqərəz”. Söhbəti dəyişmək lazımdır. Demokratik seçkiyə gələndə ki, mafiyada “sxodka” keçirilir, sonra “vor zakon” üçün tacqoyma mərasimi keçirilir. Bir nəfər dahi hüquqşünas dedi ki, Azərbaycan oğru qanunları ilə idarə olunsaydı, bundan yaxşı olardı, onlarda ədalət var. “Vor zakon” qanunu pozanda onu cəzalandırırlar, onlarda “ponyatka” var, kişi sözü var. Güman edirəm ki, Afiq müəllim bu yazını çap edə biləcək. Çap etməsə də onu qınaya bilmərəm. Əli Həsənov KİV-ə Dəstək Fondundan ona verdiyi qəpik-quruşu kəsər. Afiq də, işçiləri də qaçqın adamdırlar, yeməyə çörək tapmırlar.

Əlqərəz, söhbəti dəyişim. Bu internet nə gözəl şey imiş. YOUTUBE-də “O dünyadan salam”, “Sübhün səfiri”, “Hacı Qara” filmlərinə baxdım. İlahi, bizim xalqımız necə istedadlıdır!!! Mən fransız filmlərini çox sevirəm. Öz filmlərimizə baxanda görürəm ki, bizim filmlərin bəziləri fransız filmlərindən güclüdür. Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında 1991-ci ildə çəkilmiş “O dünyadan salam” filmi bədii dəyərinə, aktyor oyununa görə mənim indiyə qədər gördüyüm fransız filmlərinin hamısından daha böyük sənət əsəridir. Filmin rejissoru və ssenari müəllifi Tofiq Tağızadədir. Siyavuş Aslanın, Məlik Dadaşovun, Yaşar Nurinin ifası Jerar Depardiyenin, Pyer Rişar, Jan Renonun sənətini kölgədə qoyur. Film həm düşündürür, həm güldürür, həm ağladır. 20 milyona başa gələn “Əli və Nino” filmi “O dünyadan salam” filminin yanında çox zəif , süni, bayağı və dəyərsiz bir filmdir. Mən hətta deyərdim ki, “Bəxt üzüyü” filmi “Əli və Nino” filmindən milyon dəfə dəyərlidir. 20 milyon dolları film çəkmək üçün Ramiz Əzizbəyliyə versəydilər, o çoxdan sağalıb ayağa durmuşdu. Bizim istedadlı sənət adamları haqsızlıqdan, bekarçılıqdan yorğan-döşəyə düşüblər, onlar xəstə deyillər, qəm onların ruhunu sıxır, onlar qəm yükünü daşıya bilmirlər. Leyla xanım Əliyeva bundan sonra yəqin ki, öz rejissorlarımıza sponsorluq edərək dünya kinemotoqrafiyasını heyrətə salacaq. Dünyada xalqları musiqisinə, filmlərinə görə tanıyıb sevirlər. Heydər Əliyev fondundan xahiş edərdim ki, musiqimizi dünyada təbliğ etdiyi kimi əsil sənət əsəri olan filmlərimizi də təbliğ etsinlər. Məsələ ondadır ki, insanları düşündürən, böyük sənət əsərləri olan  filmlərimizi heç öz televiziyalarımız da nümayiş etdirmirlər. Səbəbini təxmin etmək olar. Telekanal sahiblərinin məqsədi xalqa xidmət etmək yox, gic-gic verilişlərlə xalqın başını qatıb mafiya üçün pul qazanmaq və “obşiy kotyol”dan öz paylarını götürməkdir.

Milli hökumətimizin – mafiyanın üzvü olmaq üçün zaman-zaman bəzi adamlara şans yaradılıb. Əlbəttə, hər yoldan ötəni mafiyaya qəbul etmirlər. Bunun üçün istedad, bacarıq, qətiyyət olmalıdır, tək yaltaqlanmaqla iş bitmir. Bir çoxları qoyulan şərti qəbul etmədikləri üçün bu şansdan imtina ediblər. Mafiyaya üzv olmaq üçün lazım olan şərti yaza bilərdim, amma qorxuram. 

Yenilənmişdir Çərşənbə, 23 Noyabr 2016 16:37
каталог фаберлик на сайте faberllena.ru
народная медицина