DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


AYAZ MÜTƏLLİBOV HAQLIDIR

metanetMƏTANƏT ƏLİYEVA

İctimai-siyasi dairələrdə məni Mütəllibovçu kimi tanıyırlar. Düzünü deyim ki, mən həyatda Ayaz Mütəllibovun üzünü görməmişəm, sadəcə olaraq, onun siyasətinin tərəfdarı olmuşam. Bir neçə dəfə telefon vasitəsilə Ayaz müəllimdən müsahibə almışam və verdiyim suallara Ayaz müəllim çox savadlı, qərəzdən uzaq, Azərbaycanın maraqları mövqeyindən cavab verib. Amma başqa jurnalistlərin aldığı müsahibələrdən belə çıxır ki, Ayaz Mütəllibov qeyr-ciddi, mövqesiz bir siyasətçidir. Məsələn, yaxın vaxtlarda Eynulla Fətullayev ondan müsahibə alıb və müsahibədən sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev prezident İlham Əliyevə müraciət edib ki, Mütəllibovun imtiyazları ləğv edilsin,çünki o,müsahibəsində müstəqilliyin əleyhinə danışıb. Mütəllibovun müsahibəsini oxuyub gördüm ki, o, deyib ki, təcrübəli iqtisadçı kimi SSRİ-nin dağılmasının qəti əleyhinə olub. Əslində bu fikirlə razılaşmaq olar. Keçmiş SSRİ-yə daxil olan 15 respublikada iqtisadiyyat bir-birinə sıx bağlı olduğundan imperiya dağılandan sonra bütün 15 respublikada iqtisadiyyat çökdü. Bir halda ki, Rusiya prezidenti 1991-ci il dekabrın 8-də Belorusiyada saziş imzalamaqla digər 14 respublikaya könüllü surətdə müstəqillik verdi, bu baxımdan iqtisadi əlaqələri saxlamaq düzgün olardı. 25 il mətbuatın içərisində olan bir adam kimi bilirəm ki, elə vicdansız jurnalistlər var ki, bir cümləsini dəyişməklə istədikləri adamı qəsdən dünyada gözdən sala bilərlər. Vaxtilə “SPİD-İnfo” qəzetində rəhmətlik Müslüm Maqomayevin bir müsahibəsini oxudum. Müsahibədə dahi musiqiçi deyirdi ki, qızının anası olan birinci həyat yoldaşından ayrılıb gedərkən qadın onun arxasınca düşüb əl çəkmirmiş, bundan əsəbiləşən Müslüm Maqomayev onu təpiklə vurub. Bu müsahibəni oxuyandan sonra Müslüm Maqomayev tamam gözümdən düşdü. Sən demə, jurnalist bunu özündən uydurubmuş. Sonradan Maqomayev qəzeti məhkəməyə verdi, amma yazı öz işini görmüşdü. Müslüm Maqomayev kimi saf adamlar jurnalistlərin belə alçaqlıq etmələrini heç ağıllarına da gətirməzlər. Bu cür saf adamlar bizdə çox azdır. Adətən uşaqlar saf olmalıdırlar. Mən 4-5 yaşında uşaqların riyakarlığını görəndə dəhşətə gəlirəm. Bəzi valideynlər uşaqları gözlərini açan gündən ona ilk növbədə riyakarlıq öyrədirlər. Saf adamlar haqqında yazanda dahi yazıçı Lev Tolstoyu xatırlamaya bilmirəm. 82 yaşında vəfat edən Tolstoy ölənə kimi uşaq saflığını saxlayıb və saf insanların vurğunu olub. Saflıq əsasən insanın təbəssümündə özünü biruzə verir. Bu baxımdan Tolstoy dağ adamlarının (qafqazlıların) saflığını onların təbəssümündə görə bilmişdi və “Hacı Murad” əsərində bunu gözəl təsvir edə bilib. Təəssüf ki, riyakar adamlar Tolstoyun saflığından istifadə edərək həyat yoldaşı və övladları ilə onun arasında münaqişə yaradırdılar, yazıçını lazımsız şeylər yazmağa vadar edirdilər. Həyat yoldaşı ilə münasibətləri yaxşı olanda “Hərb və sülh”, “Anna Karenina” kimi əsərlər yazan Tolstoy massonların təsirinə düşəndən sonra fərli bir şey yaza bilmədi. Dahi əsərlərini yazdığı dövrdə Tolstoyun ilk oxucusu həyat yoldaşı Sofiya Andreyevna olurdu, bu ağıllı qadın ərinin əsərlərinin əlyazmalarını təkrar-təkrar köçürürdü. Hazırda bizdə özü kimi riyakar jurnalistlərin iş metodunu yaxşı bilənlər jurnalistlərə yaltaqlanır, rüşvət verir və mətbuat vasitəsilə özlərinin müsbət imiclərini yaradırlar. Ayaz Mütəllibovdan fərqli olaraq rəhmətlik Heydər Əliyev mətbuatın gücünü yaxşı dərk edirdi. Hakimiyyətdə olmayanda Heydər Əliyev onun haqqında bir cümlə yazan jurnalistə zəng edib təşəkkürünü bildirir, onunla görüşür, hakimiyyətə gələndən sonra həmin jurnalistlər üçün hər cür şərait yaradırdı. Ayaz Mütəllibovun bir xasiyyəti də var ki, onun xeyrinə deyil. Ayaz müəllim heç vaxt etdiyi yaxşılıqları adamların başına qaxmır, amma Heydər Əliyev bunu edirdi və düz də edirdi. Çörəyi dizinin üstündə olan adamlara yerlərini göstərmək lazımdır.  

Əli Əliyevin prezidentə müraciəti ilə bağlı ona zəng edib etirazımı bildirdim və ona dedim ki, Eynulla Fətullayevin bu müsahibəsində və Əli müəllimin prezidentə müraciətində mən tayfa qərəzi görürəm. Əli müəllim məndən yaxşı bilir ki, bir nəfər oxucusu olmayan gündəlik qəzetlər var ki, hər ay “obşiy kotyol”dan Mütəllibovun aldığı müavinətdən çox pul alırlar.

Əli Əliyev mənə dedi ki,onun ermənistanlı-naxçıvanlı tayfası ilə nə ata, nə də ana tərəfdən heç bir bağlılığı yoxur. Yeri gəlmişkən yazım ki, vaxtilə kortəbii surətdə tayfa hakimiyyətini müdafiə edən yoxsul ermənistanlı və naxçıvanlılar da artıq dilə gəliblər, prezident aparatına zəng edib qəzəblə narazılıqlarını bildirirlər. Bu isə o deməkdir ki, tayfa hakimiyyəti (mafiya) öz dayaqlarını itirir.Əli müəllim məni rusiyapərəstlikdə ittiham etdi və mən də bildirdim ki, mən rusiyapərəst olsaydım ən azından qəzetimi çıxarmağa pulum olardı. Nəinki Rusiyada, heç Rusiya səfirliyində bilmirlər ki, Azərbaycanda Mətanət adında bir adam var. Əli müəllim gündə ABŞ, Türkiyə səfirliyinə gedib orada təlimatlandırılan adamları nədənsə görmək istəmir. Əgər mən deyirəmsə ki, qərb-Rusiya qarşıdurmasında qərbə kömək edib Azərbaycanı İraqın, Liviyanın gününə salmaq lazım deyil, bu o demək deyil ki, mən rusiyapərəstəm. İşğalçı dövlətlərə kömək etmək lazım deyil,çünki işğalın axırı pis qurtarır, heç bir xalq sona qədər işğalla barışmır. 25 ildə 14 keçmiş sovet respublikasının heç biri öz müstəqiliyini itirməyib, heç biri də bizim qədər itki verməyib. Qərbin, o cümlədən Türkiyənin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən qüvvələr işğalçılara kömək etməklə torpağımızın 25 faizini qurban verdilər, 1 milyon qaçqınımız hələ də əziyyət çəkir. İndi də həmin qüvvələr hakimiyyət naminə qərbin işğalçı siyasətini dəstəkləməkdə davam edirlər. İşğalçı qərbə xidmət edən Ukrayna millətçiləri ölkələrini də, xalqlarını da bədbəxt etdilər. Azərbaycanın bundan da pis günə düşməsini istəməyənləri rusiyapərəst adlandırırlar. Bu qüvvələr həqiqəti yazan adamları tərbiyəsiz söyüşlərlə söyə də bilərlər. Söyüş söyən hər bir kişi dəqiq bilir ki, bu söyüş onun arvadına, qızına, nəvəsinə, anasına, bacısına, gəlininə qayıdacaq. Cəmiyyətin tör-töküntüsü olan bu adamlar arlarını yeyib, namuslarını atıblar. İnternetdə söyüş yazanların cəzalandırılması ilə bağlı qanun qəbul edildi. Hesab edirəm ki, belələrinə qarşı ən ağır cəza tətbiq olunmalıdır.

Ayaz Mütəllibova cəmiyyətdə maraq böyükdür. Onun haqqında yazılan hər yazının milyonlarla oxucusu olur. Ona görə də hətta Taleh Şahsuvarlı kimi adamlar da Mütəllibovun haqqında səhifələrlə cəfəngiyyatlar yazırlar ki, gündəmdə qalsınlar..

Bu yazını yazan gün axşam eşitdim ki, bir yaşında övladı olan gənc ana əməliyyat üçün pul tapa bilmir. İki ildir öd kisəsində olan ağrıları ağrıkəsicilər vasitəsilə sakitləşdirir. Artıq ağrıkəsicilər təsir etmədiyindən əməliyyat etdirmək istəyir. Dövlət xəstəxanasında həkimin qəbulu üçün ondan 50 manat istəyiblər. Özəl xəstəxanada qəbula 25 manat verib, həkim deyib ki, təcili əməliyyat olunmalıdır. Gənc ana indi əməliyyat üçün lazım olan 1000 manatı tapa bilmir. Bu xəbərin təsiri altında yatdığımdan gecə qorxulu yuxu görüb ayıldım. Yuxuda qanaxmaya düşən uşaq gördüm. Kəntdə kəsilmiş ayağının qanını dayandırmaq üçün 6 yaşlı uşağın ayağına qadınların əski yandırıb basdıqlarını görəndə qorxmuşdum.. Uşağın qışqırtısından məni vahimə basmışdı. 2 minə yaxın əhalisi olan bu kənddə tibb məntəqəsi yoxdur. Rayon mərkəzinə çatana qədər uşaq qanaxmadan ölə bilərdi. İndi də yuxumda belə səhnə görəndə təzədən qorxdum. Baxıb gördüm ki, saat 4-dür. Özümə gəlmək üçün durub çay içdim və həyatımda ilk dəfə gecə kompyuter arxasına keçib bu yazının davamını yazdım. Mən yazılarımı səhər tezdən yazıram, axşamlar iş qabiliyyətimi itirirəm. Vahiməli yuxudan ayılanda fikirləşdim ki, bəlkə internetdə söyüş yazanlar gecələr ağrıdan qıvrılan, müalicəyə pul tapmayan xəstələrdir. Nə qədər xərçəng xəstələri var ki, borcun içərisində batır. Dövlət xəstəxanasında kimyaterapiya od qiymətinədir. Belə şeyləri fikirləşəndə Ayaz Mütəllibova haqq qazandırdım. Belə müstəqillik bizə lazımdırmı? Axı müstəmləkə illərində səhiyyədə vəziyyət bundan yaxşı idi. Dəfələrlə mən yaxın adamlarımla bu haqda söhbət edəndə demişəm ki, bəlkə vətəndaşlar yığışıb səhiyyədəki vəziyyətlə bağlı etiraz aksiyası keçirsinlər. Mənə deyiblər ki, bunun üçün təşkilatçı lazımdır, təşkilatçılığı bacara biləcək adamları isə ya pulla ələ alıblar, ya da aradan götürüblər. Mən indi fikirləşirəm ki, bu aksiyanı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev təşkil edə bilər. Həm partiya sədridir, ziyalı kimi ictimai-siyasi dairələrdə hörməti var, həm də həkimdir. Mən inanıram ki, Əli Əliyev vətəndaşların bu ağrılı problemindən şəxsi maraqları üşün istifadə etməyəcək. Vicdanlı jurnalistlər də, televiziyalar daxil olmaqla ona dəstək verərlər. Hər ay “obşiy kotyol”dan külli miqdarda pul alan APA-dan, Vüsalə Mahirqızından, Eynulla Fətullayevdən bu işdə xüsusu dəstək gözləyirəm. İnternetdə söyüş yazanları da bu aksiyaya dəvət edirəm. Qeyrətləri varsa, meydana çıxıb sözlərini konkret desinlər, görək bunlar nə istəyirlər. Səhiyyə naziri Oqtay Şirəliyevi də aksiyaya dəvət edirəm. Vicdanı varsa, xalq qarşısına çıxıb desin ki, niyə səhiyyəmiz bu gündədir, kim bunu edir. Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov da bu aksiyaya qoşular. Savadlı, peşəkar, vicdanlı həkimlər də xəstələr kimi korrupsya bataqlığında əzab çəkirlər. Bizim parlamentdəki həkim deputatlar, ürək cərrahı Rəşad Mahmudov da bu aksiyaya qoşular. Deputat Musa Quliyevə ümidim yoxdur. Onun şəxsi “Urud” klinikası var, ona görə də istəyər ki, dövlət xəstəxanaları, ümumiyyətlə olmasın, daha çox pul qazansın. Belələri və onların ağaları dövlət xəstəxanalarına elə xərac yükləyirlər ki, özəl xəstəxanalarda qiymət nisbətən ucuz olsun. Musa Quliyev “Urud” təxəllüsü ilə şerlər yazır. Səhərə qədər ağrıdan qıvrılan xəstələrin halını duya bilən qəlbi olmayan adam necə şer yaza bilər? Bunların şairliyi də fırıldaqdır.

 

Yenilənmişdir Cümə, 16 Dekabr 2016 04:37
каталог фаберлик на сайте faberllena.ru
народная медицина