DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ELEKTRİK QATARI

metanetMƏTANƏT ƏLİYEV

İldən ilə insanlar sonuncu çörək qazanmaq imkanlarından da məhrum olurlar. Hələ sovet vaxtından Bakıdan Hacıqabula elektrik qatarı işləyirdi. Taxta oturacağı, şüşəsiz pəncərələri olan bu qatar ucuz olduğu üçün tələbələrin və o dövrün dili ilə desək,  alverçilərin (onlar əsasən orta yaşlı qadınlar idi) dadına çatırdı. Bakıdan Hacıqabula olan 120 kilometrlik yolu bu qatar 3-4 saata qət edirdi. Hacıqabul əhalisi südünü, qatığını, yumurtasını, göyərtisini, meyvəsini bu qatar vasitəsilə Bakıya gətirib satır, rayon əhalisinin böyük bir hissəsi bu yolla firavan yaşayırdı. Rayonun kəndlərindən əhali məhsulunu rayonun mərkəzi bazarına daşıyırdı, alverçilər gecə səhərə qədər bazarda mal alıb dəmir yolu vağzalına daşıyır, səhər obaşdan malını elektrik qatarına yükləyirdi, hava işıqlaşanda qatar yola düşürdü. Gecə yatmayan, taxta oturacaqda 3-4 saat yol gedən, ağır zəmbillər daşıyan alverçilər axşam tərəfi 6-7 radələrində evə qayıtmaq üçün yenidən elektrik qatarına minirdilər. Qatarda taxta skamyaların üstündə süfrələr açılırdı, şor-çörək, termoslarda çay süfrəyə gəlirdi. Evə əli dolu qayıdan alverçilər tələbələri də süfrəyə qonaq edirdi. Qazandıqları pulun sevinci insanlara yorğunluğu da unutdururdu. Elektrik qatarının hesabına rayonda həyat qaynayırdı. İnsanların çörək qazanmaq, kəndçinin məhsulunu satmaq imkanı vardı. Bir neçə il əvvəl elektrik qatarı yığışdırıldı və insanlar sonuncu qazanc yerindən də məhrum oldular. Normal hökumət bu imkanı daha da təkmilləşdirər, kəndçilərə məhsullarını satıb firavan dolanmaq üçün daha geniş imkanlar yaradardı. Bizim anormal hökumətimiz xarici bazarlarla yanaşı Bakı bazarlarını da kəndçinin üzünə bağlayıb. Ailəyə yaxın olan 5-10 adam bazarları monopoliyada saxlayır,  onların tamahı ucundan ölkənin torpaqlarının 80 faizi əkilməmiş qalıb.

Məmurlarımız cürbəcür yalanlar danışır, reklam kampaniyaları təşkil edir, özlərinin xalqa yaxın olduqlarını,  xalq üçün çalışdıqlarını göstərmək istəyirlər. Nazirlər rayonlara gedib guya vətəndaşlarla görüşlər keçirirlər. Əslində isə sadə xalqla hakimiyyətdəkilər arasında dərin uçurum, dərin nifrət var. Xalq birmənalı şəkildə məmurlara inanmır, bilir ki, məmurların bütün əməlləri görüntü yaratmaq üçündür.  Hökumətlə xalq arasındakı çat ildən-ilə genişlənir. Xırda bir təkan vətəndaşların qəzəbini coşdurub ölkəni xaosa sürükləyə bilər. Yaxşı ki, Azərbaycanı nəzarətdə saxlayan böyük dövlətlər var, onlar imkan verməzlər ki, sərhədlərində xaos baş versin. Bu dövlətlər siyasi müşahidələr aparır, 100 il bundan sonranın siyasi proqramını hazırlayır, vəziyyət kritik həddə çatanda hadisələri tənzimləyirlər.

İllər ötdükcə mən siyasətdə çox şeyləri dərk etməyə başlayıram. SPAİCE kanalında Vaqif Mustafayevin  Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı çəkdiyi filmlərə baxanda mənə çox şeylər aydın olur. 1993-cü ildə Rusiyadakı siyasi dairələr Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinə razı deyildilər. Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərən zaman Türkiyədə Dəmirəl onunla Azərbaycanın yiyəsi kimi davranırdı, ona hakimiyyətə gəlməkdə kömək etdi. Vaqif Mustafayevin filmində  Əjdər Xanbabayev danışdı ki, Bill Klinton prezident seçiləndə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri adından ona təbrik  teleqramı göndərdi. Xanbabayev bunu gülünc hesab etsə də deməyə utanıb, amma sonradan digər təbriklərlə bərabər Naxçıvandan gedən təbrik mətbuatda dərc olunanda başa düşüb ki, Heydər Əliyev uzaqgörən, böyük siyasətçidir. Filmdən mən özüm üçün belə bir nəticə çıxartdım ki, Rusiyanın zəiflədiyi bir vaxtda Heydər Əliyev qərbin, Türkiyənin dəstəyi ilə hakimiyyətə gəldi və Rusiya onun hakimiyyəti ilə barışmalı oldu. 23 il ərzində Heydər Əliyev hakimiyyəti qərbə xidmət edə də, bəzi məsələlərdə Rusiya ilə hesablaşmalı olub. Əliyevlərin hakimiyyəti nə daxili, nə də xarici siyasətdə heç vaxt xalqın maraqlarına xidmət etməyib, bir qrup adamların marağına xidmət edib. Keçmiş baş nazir Surət Hüseynovun qayınanası mənə danışdı ki, Heydər Əliyevlə Surət arasında söhbət olub, Əliyev Surətə deyib ki, “nə xalq-xalq deyirsən, bu xalqın hər sifətini görmüşəm, vəzifəmi itirəndə çörək verdiyim adamlar məndən üz döndərdi”.  Söhbətin həqiqətən olub-olmadığını deyə bilmərəm, amma hakimiyyətdə olmayan zaman Heydər Əliyevin parlamentdəki çıxışı zamanı vaxtilə vəzifəyə gətirdiyi adamların ona olan əxlaqsız münasibətini gördük, bu, faktdır. O tədbirdə Bayram Bayramovun deməsi ki, Qarabağ heç vaxt indiki qədər bizim olmayıb sözləri də bəlkə həqiqətdir. Sovet dövründə hər bir sahədə Azərbaycandakı ermənilərə bizdən yaxşı şərait yaradılıb. Sadə insanlar arasında belə söhbətlər dolaşırdı ki, Heydər Əliyev millətdən qisas almağa gəlib. İstənilən halda 5-10 yaltağın satqınlığı əsas vermir ki, sən bu xalqı sevməyəsən. Üzeyir Hacıbəyov da bu xalqın nümayəndəsi idi, Bəy nəslindən olan Üzeyir bəylə qara camaatın səviyyəsi arasında yerlə göy qədər fərq vardı. Bununla belə Üzeyir bəy musiqi, publisistika sahəsində yaxşı nə vardısa hamısını etdi, xalq üçün misilsiz işlər gördü, çünki xalqını sevirdi. Heç kim deyə bilməz ki, Azərbaycan xalqı Üzeyir bəyi sevmir. Hakimiyyətdə kim olur olsun, bu sevgini xalqın qəlbindən çıxara bilməz. Heydər Əliyevə mənim fikrim birmənalı deyil. Amma tam əminliklə deyə bilərəm ki, onun qurduğu hökumətin üzvləri xalqı sevmir, birmənalı şəkildə xalqın məhv olmasına xidmət edir.

 Keçən il Bakıda bol yağışın yağması Bakının toz-torpağını xeyli təmizləmişdi, havanın çirki azalmışdı.  Təzə ildən Nizami küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsindəki binaların divarlarını qaşımağa başlayıblar. Deyirlər büdcə pullarını oğurlamaq  üçün bu, ən sərfəli üsullardan biridir. 20 ildir ciyərlərimiz divarlardan qaşınan tozlarla nəfəs alır. İnsanlıqdan xəbəri olmayan məmurlar bu yolla oğurladıqları pulları övladları üçün xarici banklara yığırlar. Gör Allah bizə nə qədər səbir verib. 

Yenilənmişdir Cümə axşamı, 19 Yanvar 2017 18:13
каталог фаберлик на сайте faberllena.ru
народная медицина