DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ELDAR İBRAHİMOV NƏ DANIŞSIN AXI?

metanetMƏTANƏT ƏLİYEVA

Fevralın 1-də İctimai televiziyada deputatlar Eldar İbrahimov və Ziyad Səmədzadə qonaq idilər. Deputatlar ölkə iqtisadiyyatının hazırkı vəziyyəti və gələcəyi barədə danışırdılar. Ziyad Səmədzadə ümumi təriflərdən başqa heç nə demədi. Belə təəssürat yarandı ki, ya Səmədzadənin ölkənin hazırkı iqtisadi vəziyyətindən tamam xəbəri yoxdur, ya da hər şeyi bilir, heç nə danışmaq istəmir. Eldar İbrahimov kənd təsərrüfatı ilə bağlı xeyli faktlar söylədi. Onun çıxışından məlum oldu ki, xaricə nar və fındıq emal etməklə çoxlu valyuta qazanmaq olar. İqtisadçı olmasam da, mənə elə gəldi ki, hazırkı iqtisadi vəziyyətlə bağlı mən parlamentin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimovdan daha çox məlumatlıyam.

Mən iqtisadçı olmasam da bilirəm ki, ölkənin şimal rayonları daha çox turizm üçün əlverişlidir. Cənub rayonlarında çay, düyü, sitrus meyvələr daha yaxşı yetişir. Aran zonasında torpaqlar və günəş daha çoxdur. Kürün suyu ilə bu torpaqlar suvarılsa, heyvandarlıq, taxılçılıq, meyvəçilik, pambıqçılq bu rayonlarda böyük gəlir gətirər. Bu zonada mal-heyvan saxlamaq üçün dövlət əhaliyə güzəştli kreditlər verir. Bu kreditlərdən rüşvətsiz, “şapkasız” 15 min manata qədər alan vətəndaşlar oldu. Bu pula qoyun, inək aldılar, amma heç kim xeyir götürə bilmədi, çünki yem bahadır, acından heyvanların qabırğaları görünür. Yoncanın, otun bağını 3-4 manata alan kəndli ziyana düşdü. Qoyun üçün, toyuq üçün arpanın kiloqramını 30 qəpiyə alan kəndli də ziyanla işləyir, o, sadəcə olaraq heyvan-qara, toyuq-cücə saxlayır ki, başını qarışdırsın, bekarçılıqdan darıxmasın. Aran zonasında heyvandarlığı inkişaf etdirmək istəyən hökumət ilk növbədə yem bazası yaradardı. Torpaqları su ilə təmin edərdi ki, yonca, arpa bol olsun. Yem bol olandan sonra mal-qara saxlamaq çox asandır. Kürətrafı rayonlarda sovet vaxtı Kürdən çəkilən suvarma kanalları bərbad gündədir. Hər il bu kanallarda nə qədər uşaq boğulur, kanallara nə qədər maşın, mal-qara düşür. O kanalların hamısını ləğv edib müasir su boruları ilə əvəzləmək lazımdır. Eldar İbrahimovun dediyi nar məsələsinə də toxunmaq istəyirəm. Nar Hacıqabulda ən yaxşı bar verən meyvədir. Əkiləndən üç il sonra bar verir. Onun barını yığmaq da asandar. Yığım sərin oktyabr ayına düşür, həm də nar böyük meyvə olduğu üçün tez yığılır və yaz fəslinə qədər qalır. Hazırda Bakıda narın kiloqramı 3-4 manatdır. Mənim doğma dayım oğlu Hacıqabulda 5-6 hektarlıq nar bağı salmışdı. Ağacları rayonun kanalizasiya suları ilə suvarırıdı. Rayonda su sayğacla veriləndən sonra kanalizasiyalar qurudu. Dayım oğlunun bar verən ağacları qurudu, neçə illik zəhməti və pulu batdı. O, icra hakimiyyətindən kömək istəyib, orada deyiblər ki, su məsələsi bizlik deyil. İnsanlar belə şeylərə görə infarkt keçirir, özünü öldürür.  

Ziyad Səmədzadə yalnız bir maraqlı fakt dedi. Dedi ki, Abşeron Azərbaycan ərazisinin 7 faizini təşkil edir, amma pul dövriyyəsinin 60 faizi onun payına düşür. Pullar Bakıdan kənara çıxmasın deyə səkilərə də mərmər döşəyirlər. Bakıda qar, yağış yağanda yeraltı keçidlərə, metrolara, parklara, hətta Kukla teatrının qarşısına döşənmiş mərmər döşəmələrdə nə qədər ehtiyatlı olsan da, yıxılmamaq mümkün deyil.

Döşəməsi mərmərdən olan bir xalqın yaşayış səviyyəsini göstərən bir faktı qeyd etmək istəyirəm. Hacıqabul rayonunda acından ölməmək üçün qadınlar hər gün 200-300 yuxa (lavaş ) çörək bişirilər. Səhər obaşdan xəmir yoğuran qadınlar axşam saat 9-10-a qədər sacın yanında dayanır, tərin, unun içərisində çörək yayırlar. Yeri gəlmişkən, prezidentin xanımı ad günündə ona qutab bişirmişdi. Mehriban xanım gündə 300 çörək bişirməyin nə olduğunu təsəvvür edə bilər.Qadınların bir hissəsi çörəkləri Bakıya daşıyıb mağazalara, restoranlara, şadlıq evlərinə satırlar. Bakının küçələrində, həyətlərdə satanlar da olur. Günə 300 çörək bişirən qadın onu bir yerdən 18 manata verir (biri 6 qəpik). 18 manatdan unun, qazın pulunu çıxanda qadınlara nə qaldığını özünüz hesablayın. Son günlər unun bahalaşması yəqin vətəndaşları bu imkandan da məhrum edəcək.

İndi çox danışırlar ki, xalqımız kitab oxumur, savadsız xalq belə səfalət içərisində yaşamağa layiqdir və sair. İnsanlar kitab oxumağa uşaqlıqdan vərdiş etməlidirlər. Hələ sovet vaxtından hər bir məktəbdə kitabxana vardı. Elə o vaxt da, indi də kitabxanaçıları işə rüşvətlə götürürlər deyə şagirdlər kitabxanalara girməyə cəsarət etmirlər. Kitabxanaçılar yeyib içir, qadınları başlarına yığıb qeybət qırırlar, kitabxanaya girən uşaqlara elə baxırlar ki, uşağın zəhri yarılır. Kitabxanaçılar uğaqlara kitabları sevdirmək üçün əsərlərin müzakirəsini keçirə bilərlər, yazıçılarla, şairlərlə görüşlər keçirə bilərlər. Mikayıl Cabbarov xalqın gələcəyini düşünürsə, heç olmasa, kitabxanaçıları işə rüşvətlə götürmək məsələsini yığışdırsın. Prezidentin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənov fəxrlə qeyd edir ki, təhsil məsələsi də onun nəzarətindədir. Məlumatlara əsasən, Əli Həsənov şair həyat yoldaşının qohumlarını rəhbər vəzifələrə yerləşdirməklə bu vəzifəni uğurla icra edir. Ölkədə nə qədər ki, savadsızlıq var, o qədər də korrupsiya güclü olacaq. Korrupsiya güclü olan ölkələrdə həmişə 5-ci kolonların sosial bazası olacaq. 10 milyonluq xalqımızın içərisində minlərlə siyasi iddiası olanlar, aktiv siyasətlə məşğul olmaq istəyənlər var. Onlar bilməlidirlər ki, hakimiyyətə yalnız seçki yolu ilə gəlmək olar. Bizdə isə hamı dərk edir ki, hakimiyyətə yalnız çevriliş yolu ilə gəlmək mümkündür. Çevriliş etmək üçün mütləq böyük dövlətlərin köməyi lazımdır. Əfqanıstanda 30 ilə yaxındır ABŞ-ın köməyi ilə hakimiyyəti ələ keçirən komanda hakimiyyətdədir. Bu illər ərzində Əfqanıstan dövlət kimi məhv olub, əhali bir-birini qırmaqla məşğuldur. ABŞ Əfqanıstan torpaqlarını narkotik plantasiyalarına çevirərək bütün dünyanı narkotiklə təmin edir. Azərbaycanda bəzi qüvvələr ölkəmizin Əfqanıstana çevrilməsinə razıdır, təki hakimiyyətə gəlsinlər. 5-ci kolonun nümayəndələrinin bəzilərinin YOUTUBE-a qoyulmuş söyüşlərinə baxdım. Nə qədər tərbiyəsiz, əxlaqsız adamlardır. Onlar fikirləşmirlər ki, bu söyüşlərə onların qızları, bacıları da baxa bilər. Qeyrətli kişisən ölkədəki çatışmazlıqları ən kəskin formada de, söyüşlə ölkəni düzəltmək olmaz. Belə azərbaycanlıların mühacirət etdikləri ölkələr onlardan çox əclaflıqlar görəcək. Belə mərifətin yiyəsi heç bir ölkədə namusla işləyib var-dövlət qazana bilməz. İnsaf naminə demək lazımdır ki, İlham Əliyevin komandası nə qədər acgöz olsa da, 5-ci kolondakılar kimi tərbiyəsiz deyillər. Çox sevdiyim yazıçı Fərman Kərimzadənin “Çaldıran döyüşü” romanında 5-ci kolonla bağlı bir epizod var. Şah İsmayıl Xətai Xorasan üzərinə hücum etməzdən əvvəl Sultan Bəyazidin başını qatmaq üçün Osmanlıda yaşayan şiələrə silah, pul göndərib orada qiyam təşkil edir. Bəyazidin başı qiyamı yatırmağa qarışır və Şah İsmayıl Xorasanı işğaldan azad edir. Osmanlıda qiyamı təşkil edənlər vəzifə, var-dövlət almaq üçün Şah İsmayılın yanına gəlirlər. İsmayıl torpalarını qoyub qaçdıqları üçün onların hamısını edam etdirir. Fikirləşir ki, onları mükafatlandırsa, Osmanlıdakı bütün şiələr torpaqlarını qoyub onun ölkəsinə qaçacaqlar. Romandakı hadisələr yazıçının təxəyyülünün məhsulu da ola bilər. Amma istənilən halda kimlərinsə əlində alət olan adamların sonu faciə ilə qurtarır.  

Yenilənmişdir Cümə, 03 Fevral 2017 10:53
каталог фаберлик на сайте faberllena.ru
народная медицина