DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


FAZİL QƏZƏNFƏROĞLU VƏ BALIQ MAFİYASI

metanetMƏTANƏT ƏLİYEVA

Artıq havalar istiləşməyə başlayıb. İsti aylarda mən yazmağa fasilə verirəm. Həm istidən fikrimi toplaya bilmirəm, həm də torpaqda işləmək, gül-çiçəyə qulluq etmək, meyvə-tərəvəz yetişdirmək mənə daha çox ləzzət verir. Ümumiyyətlə, yazmaya bilərəm, çünki atalar deyib ki, sözü qanana de. Mən qanmayana da deyirəm, nəticədə düşmən qazanıram, amma vicdanım mənə rahatlıq vermir ki susum.  Quran da mən deyəni deyir. Mən Quranı vəhydən gəlmiş müqəddəs, ilahi bir kitab sayıram. Quranda adı çəkilən 25 peyğəmbərdən biri Musa peyğəmbərin əhvalatında göstərilir ki, bir tayfa gəlib Musa peyğəmbərin dəvəsini istəyir. Musa peyğəmbər deyir ki, dəvəni işlədin, amma incitməyin. Bu adamlar işlərini görəndən sonra peyğəmbərə sataşmaq üçün dəvənin qabaq ayaqlarını kəsirlər. Musa peyğəmbər dəvəni belə görəndə deyir ki, bu əməlinizə görə Allahdan sizə bəla gələcək. İsti bir yel gəlir, tayfa üzvlərinin bir qulağından girib o birindən çıxır, adamların hamısı kar olur. Musa peyğəmbərə deyirlər ki, dəvənin ayaqlarını iki nəfər kəsmişdi, niyə bizim hamımız cəzalandıq? Peyğəmbər deyir ki, onlar dəvəni kəsəndə siz hamınız susdunuz, baxıb güldünüz. Quranda haqsızlıq edənlə onu görüb susanın cəzası eynidir. Quran konkret deyir ki, içki, qumar, zina, haram günahdır. Bunu ona görə deyir ki, belə işi görən adamlar həyatda ağır faciələr yaşayırlar. Məsələn, Quranda yazılıb ki, nərə balığı yemək günahdır. Həqiqətən də isti ölkələrdə bu balığı yeyənlərin zəhərlənmə ehtimalı böyükdür. Mən bir dəfə yemişəm, onda da zəhərlənmişəm. Bir qohumumuz toyda nərə balığı verirdi, uşaqlar da onu yemədilər, dedilər it ətidir. İslam dinindən xəbərsiz olanlar, yaxud əxlaqsız həyat tərzi sürməyi qarşılarına məqsəd qoyanlar, belə qadağalara görə İslam dinini tənqid edirlər. Balıq məsələsinə bir də qayıdacam.  Söhbət susmaqdan gedir. Atam heç vaxt övladlarına da diktə etməzdi, çox səbirli idi, deyirdi ki, insan bir şeyi özü dərk etməsə, onu məcbur etmək mümkün deyil. Psixoloqlar da bu fikri təsdiq edirlər ki, insanı dəyişmək mümkün deyil. Mənim ya ağılsızlığımdandır, ya nədəndirsə, çox vaxt diqtə edirəm. Yeri gəlmişkən, bir qohumum var, məsələn, görür ki, bir adam gedir, qarşısındakı quyunu görmür, heç vaxt ona deməz ki, qarşında quyu var, ayağının altına bax. Onun bir sözü var, “nəyimə gərəkdir?”. Bu sözə necə nifrət edirəm. Ola bilsin ki, mən sentyabr ayına qədər yazmadım, amma havalar sərinləşən kimi, Allah qoysa, yenidən yazmağa başlayacağam, hərçənd ki, mənim üçün maraqlı bir mövzu var, gələn həftə onu yazmaq istəyirəm. Demək istəyirəm ki, mən yazsam da, yazmasam da, fərqi yoxdur, məmurlarımız Allaha, Qurana, xalqa zidd olan yolu tutub gedirlər. Yəqin buna görə hamı susur. Susduğumuza görə həmin adamlar da deyirlər ki, bizə nə edirlər yerində edirlər. Susmayanda deyirlər ki, danışmağın mənası yoxdur. Nə deyirlər desinlər, mən susa bilmirəm. Müstəqilliyimizin 20 ili ərzində kiçik bir qrup xalqın sərvətlərini öz arasında böldü, indi də bir-birinin əlindəkini almaqla məşğuldurlar. Məmməd Murad deyirdi ki, vaxt gələcək bunlar siçovul kimi bir-birilərini yeyəcəklər. İndi həmin vaxt gəlib. Sona qalan siçovulun taleyi maraqlı olur, o da özü partlayıb ölür.

Yazımın əvvəlində balıqdan danışmışdım. Parlamentdə həmişə Nuru paşadan, Ənvər paşadan danışan Fazil Qəzənfəroğlu deyib ki, yem baha olduğu üçün ət bahadır, balıq ki yem yemir¸o niyə bahadır. Fazil bəy deyib ki, azərbaycanlılar kürünün də dadını bilməlidirlər. Mənə elə gəlir ki, kürü nədir, azərbaycanlıların 90 faizi balığın da dadını unudub. Bir həftə bundan əvvəl möcüzə ilə rastlaşdıq.  Kürdəxanı kəndi tərəfdə gördük maşınlar dayanıblar. Elə bildik qəza baş verib. Yaxınlaşanda gördük ki, balıq satırlar. Bir neçə yerdə adi vaxtlarda 10-15 manata olan təzə balığı üzündən kasıblıq yağan kənd adamları  4 manata satırdılar. Həyat yoldaşımın qorxusundan balıq satanları sorğu-sual edə bilmədim, o həmişə mənim jurnalistlik fəaliyyətimə mane olub. Bu günə kimi fikirləşirəm ki, görən nə məsələdir, kasıb kəndlilər satdıqları bu balıqları görəsən haradan götürüblər.  Deyirəm bəlkə balıq mafiyası Fazil Qəzənfəroğlunun dediklərindən nəticə çıxarıb.  Fazil bəydən xahiş edirəm bir dəfə də Bakıda tikilən göydələnlər barədə danışsın. Tikinti davam edir. Amma gənclərin əksəriyyəti mənzili olmadığından evlənə bilmir, mənzillərin qiyməti əhalninin qazancına uyğun deyil,  yeni binalarda mənzilləri məmurlar alıb boş saxlayırlar. Məndən başqa hələ bir nəfər deməyib ki, əlavə mənzil sahəsinə görə vətəndaşlardan vergi tutulsun. Televiziyalar gecə-gündüz Bakının gözəlləşməsindən danışırlar. Amma mən hesab edirəm ki, qarmaqarışıq tikilən göydələnlər Bakını eybəcərləşdirib. Nəhayət ki, meyxanaçı Vüqar da bu haqda meyxana qoşub YOUTUBE-a qoyub, yoxsa mən fikrimdə tamam tək qalardım.

 Prezident lham Əliyev Yevlax rayon icra hakimiyyətinə  3 milyon manat pul ayırıb ki, orada olan 10 köhnə binanı söküb  45 mənzilli yeni bina tiksin. Bizim Hacıqabulda da vaxtilə dəmiryolçular üçün belə binalar tikilmişdi. Əhali o binalara “izdanni” (zdaniye)deyirdi. Orada yaşayanları normal adam saymırdılar. Normal adamın həyət-bacası olar, bağı-bostanı olar, heyvan-qarası, toyuq-cücəsi olar. Yevlaxda “izdannılar”ı təzədən tikməyə nə ehtiyac var? Torpaqlar boş qalıb şoranlaşır, “izdannıda” yaşayan hər ailəyə 20-30 sot torpaq sahəsi, 20-30 min manat  pul verin, həm ev tiksin, həm də təsərrüfatını qursun, bu dövlətə daha ucuz başa gələr. Kəndlərdə cavan ailələrə ev tikmək üçün torpaq sahəsini rüşvətlə verirlər. Mənə deyə bilərlər ki¸bu faktı təsdiq edə bilməzsən. Bəs onda niyə məhkəmələrdə hər ay vətəndaşları dövlət qulluğuna düzəltmək üçün onlardan külli miqdarda pul alan dələduzların işinə baxılır? Əgər dövlət qulluğuna işə girmək , yaxud torpaq almaq rüşvətlə deyilsə, insanların başı xarabıdr ki, dələduzlara bu məqsədlə külli miqdarda pul verirlər? O ki qaldı dövlətin saysız-hesabsız binaların tikintisinə xüsusi diqqət verməsinə, mən hesab edirəm ki, tikinti materiallarının satışı məmurların inhisarındadır, ona görə də öz mallarını satmaq üçün bu yolu tutublar. Hacıqabul rayonunda fəaliyyət göstərən kərpic zavodu, deyilənlərə görə, Ramil Usubova, kafel-metlax zavodu Kamallədin Heydərova məxsusdur. 

Yazmalı şey çoxdur. Amma mən balkonumda pomidor, bibər, badımcan tumundan xeyli şitil etmişəm, onları əkməliyəm. Əslində sovet dövründə “izdannıda” yaşayan ailələrə bağ sahəsi ayırırdılar ki, insanlar təmiz hava alsınlar, fiziki işlə məşğul olsunlar, özlərini meyvə-tərəvəzlə təmin etsinlər. İndi bağların funksiyası dəyişib. “İzdannıda” yaşayan adamlar sotunu bir neçə min manata aldıqları torpaqda böyük evlər tikib qoyurlar, ildə bir dəfə o evlərdə qalmırlar.

Son günlər internetdə Bakı şəhər icra hakimiyyətində liftlər idarəsinə nəzarət edən şəxsin ailəsinin israfçılığı ilə bağlı müzakirələr gedir. Faktlardan belə məlum olur ki, bu adam liftlərə dövlətin ayırdığı milyonları mənimsəyib və əhali bu gün lift sarıdan əziyyət çəkir. Nədənsə, qəzetlər bu mövzuya toxunmurlar. Yəqin toxunsalar, həmin müdirin himayədarı olan məmur onlara verdiyi pulu kəsəcək. Əli Həsənov da KİV-ə Dəstək fonduna ayrılan puldan onlara verməyəcək, necə ki, mən o pulun üzünü görməmişəm. Yeri gəlmişkən, eşitdiyimə görə, internetdə yazılıb ki, Fətullah Gülənin Azərbaycandakı əsas dayaqlarından biri prezidentin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənovdur. Əli Həsənov Azərbaycandakı bütün demokratik institutları, təhsil də daxil olmaqla məhv etdi, özü üçün isə böyük biznes imperiyası yaratdı. 

Mənim yazmağımla heç nə düzəlməyəcək, amma bununla belə əlində qələm olan, deputat mandatı olan, xalq şairi, xalq yazıçısı titulu daşıyan və susan adamlara nifrət edirəm.

 

Yenilənmişdir Şənbə, 22 Aprel 2017 13:35
каталог фаберлик на сайте faberllena.ru
народная медицина