DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ŞAMAXI YOLUNDA ÖLÜ KARVANI

metanetMƏTANƏT ƏLİYEVA

Bakı-Şamaxı magistralı bu gün ölü karvanını xatırladır. Bizdə qayda belədir ki, ölü dəfn edilmək üçün qəbiristanlığa aparılan zaman cəsədin qoyulduğu yük maşını ən aşağı sürətlə qarşıda gedir, onun arxasınca maşın karvanı gedir. Təsadüfən maşın karvanı ilə rastlaşan sürücülər də ölü maşınını keçmir, karvanın arxasınca hərəkət edir. Karvan məzarlığa dönəndə kənar maşınlar sürəti artırır. Bakı-Şamaxı magistralında hər gün belə vəziyyətdir. Yolda 10 kilometrlərlə düz xəttlər çəkildiyi üçün saatda 20 kilometrlə gedən yük maşınının arxasında karvan düzülür, qırıq-qırıq xəttə çatana kimi heç kim yük maşınını ötə bilmir. Düz xətt olan yerlərdə yol polislərinin maşınları şütüyürlər, səbri çatmayıb ötən sürücünü dərhal cərimə edirlər. Cərimə böyükdür, 50 manat. Sürücülər deyirlər ki, bu vəziyyəti yol polisləri qəsdən yaradırlar ki, pul qazansınlar. Hətta deyirlər ki, bəzən yük maşınları ilə sövdələşərək onları qəsdən yola buraxırlar. Problem tək bununla bitmir. Heç bir səbəb olmadan magistral yolda sürəti qəflətən 60-70-ə salırlar. Bakı-Şamaxı magistralında maşın sürmək üçün böyük səbir və böyük pullar lazımdır. Ölkədəki böyük problemlərin içərisində bu məsələ çox kiçik görünə bilər. Amma belə kiçik problemlər hər addımda vətəndaşları təqib edərək onların əsəbələrini pozur və bunlar üst-üstə yığılaraq ümumilikdə cəmiyyətdə aqresiya yaradır. 

Bakı-Şamaxı magistralında sürücülərin əsəblərini pozmaq və ciblərini soymaqla pul əldə edən bəzi polis əməkdaşlarının  və onları himayə edənlərin şüursuzluğunun kökünü özümün dərk etdiyim səviyyədə izah etmək üçün başqa faktları misal göstərmək istəyirəm. Şüursuz adam əməlinin nəticəsini dərk etmir və nəzərə alsaq ki, insanla heyvanı fərqləndirən birinci şərt şüurdur, bəzi şüursuz adamların polis orqanlarında işləməsi xalqın faciəsidir. Şamaxıda dövlət idarələrinin birində tualet (ayaqyolu ) pis gündə idi. Qapı bağlanmırdı, işıq yanmırdı, unitaza su tökmək üçün vedrə qoyulmuşdu. Regionda lider olan dövlətin idarələrində belə vəziyyətin olması biabırçılıqdır.  Amma ictimai tualetlərin pis gündə olmasının səbəbkarları təkcə bu məsələyə görə məsul olan şəxslər deyil. İctimai tualetlərdən və yaxud magistral yolların ətrafındakı obyektlərdə olan pulsuz tualetlərdən istifadə edən bir çox vətəndaşlar işığı söndürmür, əlini yuyandan sonra suyu bağlamır, unitaza su tökmür, pampersi, siqaret kötüyünü, su butulkasını, polietilen torbanı tualetdə yerə atıb gedirlər. Belə adamlara görə normal ictimai tualet saxlamaq mümkün deyil. Psixoloqlar adətən belə problemlərin səbəbini və həllini axtarırlar. Mənə belə gəlir ki, bu, sadəcə olaraq, övladına  vaxtında valideyn tərəfdən tərbiyə verilməməsinin nəticəsidir. Uşağına etika qaydalarını öyrədən valideyn eyni zamanda onun şüurunu inkişaf etdirir. Əgər yetkinlik yaşına çatan insan, məsələn, tualetdə suyu açıq qoymağın hansı mənfi nəticələrə səbəb olduğunu dərk etmirsə, onu sadəcə olaraq, şüursuz heyvan hesab etmək olar və bu yaşdan sonra onun şüurunu inkişaf etdirmək mümkün deyil, ondan törəyən uşaq da şüursuz olacaq. Narkotik maddələri qəbul edib bahalı maşınlarda yüksək sürətlə insanları əzib keçən bəzi vəzifəli uşaqları da şüursuz heyvan kimi bir şeydir. Valideynləri onların başına milyonlar töksələr də vaxtında övladlarının şüurlarını inkişaf etdirməyiblər. Uşağın şüurunu necə inkişaf etdirmək konkret mövzudur, bunun üçün savadlı psixoloqlar var.  

Şüursuz adam özünü bütün münasibətlərdə biruzə verir. Son dövrlər borc üstündə adam öldürmək faktları artıb. Şüurlu adam borcu vaxtında qaytara bilməyəndə qarşı tərəfdən üzr istəyir, bir qədər gözləməyi xahiş edir. Şüursuz adam pulunu geri istəyəni təhqir edir, bəzən pulu olsa belə borcunu qaytarmaq istəmir, borc verən adamı o həddə çatdırır ki, o ya pulundan əl çəkir, ya da cinayətə əl atır. Məntiqlə yanaşanda cəmiyyətdə inkişaf getməlidir. Bizdə əksinədir, əksər insanlar gündən-günə vəhşiləşirlər, qəddarlaşırlar, bir-birilərinə pislik etməkdən həzz alırlar, mənəvi deqradasiya sürətlənir. Bunun konkret səbələri var. Mən əsas səbəbi dövlət idarəçiliyində görürəm. Məmurlar vətəndaşları alçaldırlar, vətəndaşlar da digərlərini alçaltmaqla özlərini sakitləşdirirlər. Yeri gəlmişkən, şikəst vətəndaşlar rüşvətsiz müavinət ala bilmədikləri halda sağlam adamlar rüşvət verib müavinət alırlar. Mən bir neçə nəfərə şikəst adamların haqqını yeməyin haram olduğunu deyəndə belə cavab verdilər: “Yuxarıdakılar büdcənin milyardlarını dağıdırlar. Bizə də qəpik-quruş çatır”.

Ölkəmizdə hazırda vəzifə dəyişiklikləri baş verir. Hökumət adamları bunu xalqa islahatların başlanğıcı kimi təqdim edirlər. Əvvəllər vəzifə dəyişikliyi belə gedirdi. Məsələn, bir rayonun icra başçısını dəyişəndə o, ilk növbədə rayondakı sahibkarların əmlaklarını əllərindən alırdı. Sahibkar əmlakını verməyəndə başçı deyirdi ki, bu ərazidə tikinti-abadlıq işləri aparılacaq və həmin sahibkarın əmlakını sökdürürdü. İnşallah, bu dəfəki islahatlar belə olmaz.   

Yenilənmişdir Bazar ertəsi, 05 İyun 2017 08:51
каталог фаберлик на сайте faberllena.ru
народная медицина