DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


QAÇQINKOMUN SƏDRİ ERMƏNİYƏ MİNNƏTDAR OLMALIDIR

metanetMƏTANƏT ƏLİYEVA

Bu yayı da belə yola saldıq. Yaxşı ki dağların qoynunda sərin kəndlər var. Yoxsa Bakının istisində yanıb külə dönərdim. İldən-ilə dağlarda da yayda havalar istiləşir. Üç ay yayı Şamaxının Qızmeydan kəndində  yaşayanda özümə çoxlu suallar verirdim. Fikirləşirdim ki,  sərin havası, təmiz suyu, gözəl mənzərəsi, bərəkətli torpağı olan kəndləri qoyub niyə insanlar cəhənnəmin qır qazanı olan Bakıya can atırlar? Əvvəlki vaxtım olsaydı birmənalı deyərdim ki, insanlar təmbəllikdən kənddən qaçır, tüfeyli həyata meyl edirlər. Yaşım artdıqca insanları başa düşməyə çalışıram. Əvvəllər hesab edirdim ki, mən 100 faiz düzgün yaşayıram və hesab edirdim ki, hamı belə yaşamalıdır, diktə etməyimlə insanları bezdirirdim. İndi fikirləşirəm ki, bəlkə də ən səhv həyatı mən özüm yaşamışam. Qızmeydanda insanlar çox zəhmətkeşdirlər. Qadınlar yayda səhər saat 4-də yuxudan oyanır, inəkləri sağır, saat 6-ya qədər heyvanlarla işlərini qurtarıb inəyi, qoyunları örüşə yola salırlar. Sonra südü bişirib qatıq, pendir, qaymaq, yağ, şor hazırlayırlar, toyuq-cücəni yemləyirlər, bostanı suvarır, alağını edirlər.  Təsərrüfat işlərindən əlavə yemək bişirmək, pal-paltar yumaq, evi, həyət-bacanı yığışdırmaq da qadınların üzərinə düşür. Bütün bu işlər qadınları o qədər yorur ki, onların nəinki özlərinə baxmağa, heç yetişdirdikləri o nemətlərdən yeməyə də vaxtları qalmır. İşləməkdən qadınlar axsaya-axsaya gəzirlər. Mən zəhmətkeş adamlara hədsiz hörmət edirəm. Nənələrim indi saydığım işlərdən əlavə xalçalar da toxuyublar, evlərində yük dolusu yorğan-döşək, xalça-palaz olub. Firavanlıq insanda ləyaqət hissini artırır, yoxsulluq insanın belini bükür. Məsələ ondadır ki, Qızmeydan əhalisi bu qədər işləməyin qarşısında son dərəcə kasıb yaşayır. Kənd təsərrüfatı məhsullarından əldə edilən cüzi gəlirlə əhali qazın, işığın pulunu ödəyə bilmir. Hər bir şeydən elektrik enerjisi istehsal edildiyi bir dövrdə axşamlar kənd zülmət qaranlığa bürünür, həyətlərdə bir dənə işıq yanmır. Hər gün tozun-tərin içərisində işləyən insanların suyu qızdırıb yuyunmağa  maddi imkanları yoxdur. Ötən qış milli hökumətimiz qaza limit qoyandan sonra Qızmeydanda insanlar peyin, odun yandırmağa  qayıdıblar. Soyuq dağ kəndində limitlə verilən qaz heç bir həftəyə bəs etmir. İnsanın özünə baxımlılığı, rahatlığı, mədəniyyəti ilk növbədə təmizlikdən başlayır. Bunun üçün sabun, yuyucu toz almağa insanların imkanı olmalıdır.  Mən kənddə yaşadığım dövrdə bütün tərəvəzlərdən əkirəm, toyuq saxlayıram, meyvə ağaclarım var, yemək sarıdan problemim yoxdur. Hərdən  məni vahimə basır ki, həyat yoldaşım Bakıdan mənə pul gətirməsə, qazın, işığın pulunu nə ilə ödəyərəm? Əgər sovet vaxtı olsaydı, mən artıq təqaüd ala bilərdim.  54 yaşım var, 30 ildən artıq iş stajım var. Peşəkar jurnalist olsam da, sənətimlə pul qazana bilmirəm. Deməli, mən kimdənsə asılı olmalıyam, ya da mağara adamları kimi qazsız, işıqsız, sabunsuz yaşamalıyam.  Mənə deyirlər ki, rüşvət verib şikəst kimi təqaüdə çıxa bilərsən, indi əksəriyyət belə edir, büdcənin pullarıdır də. Mən bunu heç vaxt edə bilmərəm, bunu etmək üçün 100 faiz vicdanımı itirməliyəm. Qazın, işığın pulu ildən-ilə qalxır, təqaüd yaşı artırılır, iş adamları sıradan çıxır (bunun 90 faiz səbəbi korrupsiya ilə bağlıdır) və prezidentimiz isə deyir ki, ölkəmizdə yoxsulluq azalır. Qızmeydanda ən çox gənc ailələr əziyyət çəkirlər. Bir çox ailələrdə uşaqlar döşəməsiz otaqlarda yaşayırlar. Gənc ata-ana satdığı quzunun, dananın, kartofun, pendirin, taxılın pulunu bilmir uşaqlar üçün pal-paltara versin, işığın pulunu ödəsin, yoxsa həyətdə bir hamam tiksin. Kənddə əksər uşaqlar aylarla ən ucuz konfetdən belə dada bilmirlər. Bu yerdə bir neçə gün əvvəl Bakıdakı toyda israfçılıq yadıma düşür, ürəyim qalxır. Yas məclislərində qayda-qanun yarada bildilər, şadlıq evlərinin himayədarlarına isə heç nə etmək mümkün deyil. Guya ki, menyular Quran ayəsidir, onları dəyişmək olmaz. Məmurların hər bir əməli xalqın güzəranının pisləşməsinə xidmət edir.  Neftimizin pulundan, sovet vaxtı olduğu kimi, uşaqlara aylıq müavinət verilməlidir, yaşlılara yükək təqaüd, işləyənlərə yüksək maaş verilməlidir, komunal xərclər əhalinin gəlirlərinə uyğun olmalıdır, kəndlərin rahat yolları olmalıdır, torpaqlar işğaldan azad edilməlidir. Mən cəsarətlə deyirəm ki, ermənidən çox özümüzün məmurlarımıza nifrət edirəm. Qaçqınkomun sədri Əli Həsənovun nəvəsi milyon manatlarla dəyəri olan maşınlar sürür. Bu gənc bilmir ki, pulu necə qazanırlar. Günün 20 saatını işləyən insanlar sabun almağa pul tapmırlar, qaçqınkomun nəvəsi milyonçu kimi yaşayır. Əli Həsənov imkan verərmi ki qaçqın problemi həll olunsun, torpaqlarımız  işğaldan azad olunsun? İmkan verməz, çünki o, milyonları qaçqınların hesabına qazanır, daha doğrusu, qaçqınların pulunu oğurlayır. Bəs onda biz niyə gecə-gündüz ermənini söyürük? Əli Həsənovun bütün nəsli əslində erməniyə minnətdar olmalıdır. 

Kənddə yaşadığım dövrdə daimi olaraq dövri mətbuatı izləyirdim. Oxuduqlarım içərisində ən çox yadımda qalan Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovun müsahibəsi oldu. Üzeyir Hacıbəyov musqiçilərimizin zirvəsi olduğu kimi, Nəsibə Zeynalova aktyorluq sənətimizin zirvəsidir. Nəsibə xanımın ən kiçik rollarına belə baxmaqdan doymuram. Niyə belə bir dahi sənətkarın övladı qürbətdə yaşamalıdır, öz xalqına xidmət etməməlidir? Ona görə ki onu sındıra bilmirlər, satın ala bilmirlər, yaltağa, mənliksiz, satqın varlığa çevirə bilmirlər? Gələn il keçiriləcək prezident seçkisindən sonra Cahangir Novruzov kimi insanların əminəm ki, dövranı gələcək, onlar bu xalqa xidmət edə biləcəklər. Prezident İlham Əliyev müxtəlif beynəlxalq iqtisadi forumlarda iştirak edərək xarici iş adamlarını ölkəmizə pul yatırmağa dəvət edir. Halbuki azərbaycanlı Fərhad Əhmədov, Mübariz Mənsimov kimi iş adamları xaricdə qazandıqları milyonlar hesabına ölkəmizdə iş yerləri açsalar da, onlara ögey münasibət bəslənilir. Bu adamlar dövlət tədbirlərinə dəvət olunmur, televiziya ekranlarımıza buraxılmır. Bu nə qısqanclıq, bu nə paxıllıqdır? Biz indi prezidentimizi necə başa düşək?

Mən televiziya kanallarımızda bir çox verilişlərə insan mənəviyyatsızlığının hansı həddə qədər yüksəldiyini görmək üçün baxıram. Yeri gəlmişkən, bu yay Tolstoyun “İki qusar” hekayəsini oxudum. Hekayədə qraf atanın və onun oğlunun  hansı həddə qədər mənəviyyatsız olmaları təsvir edilir.  Televiziyalarımız, o cümlədən, Lider kanalı “maarifləndirici” verilişlər verir. Liderin aparıcısı Mətanət Ağamirlinin təzə açdığı verilişin bir buraxılışına baxdım və “İki qusar” hekayəsi yadıma düşdü. Veriliş atılan uşaqlara həsr olunmuşdu. Sifətindən şəhvət, tamahkarlıq yağan “ziyalı” uşağını zibilliyə atan qadınları asıb kəsirdi, günahı ancaq analarda görürdü. Mən Vilnüsdə yaşadığım illərdə arzu  olunmayan uğaqların dünyaya gəlib zibilliyə atılmaması üçün dövlət səviyyəsində görülən işlərin şahidi olmuşam. Vilnüsdə abort pulsuz idi, qorunma vasitələri qadınlara pulsuz verilirdi, hətta “spiral” pulsuz qoyulurdu. Poliklinikalarda qadınlarla söhbətlər aparılırdı, arzu olunmayan hamiləlikdən qorunmağın bütün yollarını qadınlara başa salırdılar. Bizdə bu işlər üçün dövlət Litvadakından da artıq pul ayırır. Sadəcə olaraq, başda Oqtay Şirəlyev olmaqla səhiyyə məmurları bu pulları qəpiyinə qədər oğurlayırlar. Uşaq evlərinin hesabına milyonlar qazanan məmurlarımız da bu cinayətkar şəbəkənin həlqələridir.

Qarşıdan prezident seçkiləri gəlir. Mənim oxuculara deməyə çox sözüm var. Bu seçki xalqımızın son 25 ildə yaşadığı faciələrin yekunu olmalıdır. Bütün oxucularıma təşəkkür edirəm. 

Yenilənmişdir Cümə, 15 Sentyabr 2017 11:13
каталог фаберлик на сайте faberllena.ru
народная медицина