DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


BİZNESİN SÜQUTU

metanetMƏTANƏT ƏLİYEVA

5 saylı xəstəxananın baş həkimi Ziya Əsədovun qəflətən vəfat etməsini eşidəndə qeyri-ixtiyari sual verdim ki: “həkimlər, tibbi avadanlıqlar əlinin altında olan bu adam niyə vaxtında ürəyini müalicə etdirməyib?” Cavab çox maraqlı oldu: “Problemlərdən ürəyi partlayıb. Elə bilirsən məmurları az sıxışdırırlar?” Ziya Əsədov xalq şairi Bəxtiyar Vahabzadənin kürəkənidir. Ölkənin bu günə düşməsində Bəxtiyar Vahabzadənin də rolu çox olub. 5 saylı xəstəxanada tibbi xidmətlər özəl xəstəxanalardan yüksəkdir. Allah Ziya həkimə rəhmət eləsin. Bəzən bu dünyada yaşamaq insan üçün elə bir əzaba çevrilir ki, ölüm onun yanında xoşbəxtlik sayılır. Hər bir insan özünə az ağrı, asan ölüm arzulayır. Pis əməllər törətmiş adamların əzablı ölümünü görəndə yaxınlarıma deyirəm ki, mən əzabla ölsəm,  kefinizi pozmayın, pis əməl törətmişəmsə, özüm ona cavab verməliyəm, öz cəzamı çəkməliyəm. Məsəl var, deyir mərd özündən görər, namərd özgədən. Mənim başıma bir iş gələndə günahı özümdə axtarıram.

Görəsən, bu gün kerdit borcu içərisində batan, həbs olunmaq qorxusu altında yaşayan məmur-biznesmenlər də günahı özlərində görürlərmi? Niyə ölkədə sahibkarlıq bu vəziyyətə düşdü, bu prosesin qarşısını almaq olarmı? Bu suala savadlı iqtisadçılar daha dolğun cavab verə bilərlər. Mən isə öz müşahidələrim əsasında prosesə münasibətimi bildirmək istəyirəm.  Müstəqillikdən sonra büdcəyə böyük neft pulları gəlməyə başlayanda ölkədə sürətlə iş yerləri açılmağa başladı. Bütün yüksək çinli məmurlar biznesin bütün sahələri üzrə şirkətlət yaratdılar. Hər nazir bir holdinq (şirkətlər qrupu) yaradaraq həm tikinti, həm xidmət sahələri (otel, restoran, şadlıq evləri, istirahət mərkəzləri), həm ticarət, həm aqrar sahə, özəl tibb  və təhsil müəssisələri, media qurumları, istehsal sahələri, turizm şirkətləri, bank, sığorta xidməti və sairlə məşğul olmağa başladılar. Hər nazirin 50-60 biznes obyekti fəaliyyət göstərməyə başladı. Sonradan məmurlarımız xarici ölkələrdə də şirkətlər açmağa başladılar. İndi məlum olur ki, məmurlarımız yalnız büdcədən oğurladıqları və rüşvət aldıqları pulları biznesə yatırmayıblar, onlar həm də banklardan külli miqdarda kredit götürüblər. Haram pulların dalı gəlməyəndə və krediti qaytarmaq lazım gələndə məmur-biznesmenlər necə dərin bir quyuya düşdüklərini dərk etdilər. Keçmiş nazirlər Fərhad Əliyevin, Eldar Mahmudovun, Fərhad Babayevin, Ziya Məmmədovun, Cahangir Hacıyevin və digərlərinin biznes imperiyaları dağıldı.

ererer

Eyni səhvləri əslində kiçik bizneslə məşğul olan qeyri-məmurlar da ediblər. Faciənin birinci səbəbi odur ki, bizdə nəsildə bir nəfər pul qazana bilirsə, o, bütün nəsli saxlamalıdır. Kiçik bir biznes obyekti açılan kimi qohumlar ora yığışırlar, ərin qohumları ilə arvadın qohumları  “kim daha çox qamarlayacaq” prinsipi ilə yarışa girirlər. Biznes sahibi ilə belə danışırlar : “qoy uşaq yanında hərlənsin, onu dolandır” . Məmur-sahibkar hər obyektinin idarəçiliyinə bir qohumunu, bir dostunu qoydu, əksəriyyəti savadsız,  təmbəl, acgöz olan bu zümrə yaltaqlıqla, həyasızlıqla məmur-sahibkarı tovlayıb böyrü üstə qoydu. Təbii ki, bir nəfər sahibkar 50-60 obyektini nəzarətdə saxlaya biməzdi. Müstəqillikdən sonra biznesə başlayanların bu sahədə təcrübələri yox idi. Onlar öz bizneslərini sovet vaxtı dövlət mülkiyyətini idarə etdikləri kimi idarə edirdilər. Yüz illərlə sahibkarlıq təcrübəsi olan avropalılar qohumlarla bir yerdə işləməyi qəti qəbul etmirlər. Bir səbəb qohumlar idisə, digər səbəb görməmişlik, acgözlük idi. Məmur-sahibkarlar hələ gəlir əldə etməmiş, krediti qaytarmamış saysız-hesabsız evlərə, maşınlara, brend geyimlərə, məşuqələrə, qulluqçulara, dayələrə, sürücülərə , cangüdənlərə pullar tökməyə,  israfçılıq etməyə başladılar. Xərclərin gəlirləri üstələməsi sonda müflisləşmə ilə nəticələnməli idi. Məmur-sahibkarlar gəlirləri ilə çıxarlarını bilmirdilər. Nəhayət, neftin qiyməti düşdü, neft hasilatı azaldı, büdcədən oğurlamaq, rüşvət almaq imkanları tükəndi. Büdcə boş qalanda hökumət verilən kreditlərin taleyi ilə maraqlanmağa başladı. Məlum oldu ki, məmur-sahibkarlar 15 milyard manatı kredit adı ilə götürərək havaya sovurublar, nə normal iş yeri açılıb, nə də kreditlərin böyük hissəsi aidiyyatı üzrə xərclənib. Hazırda zərərlə işləyən sahibkarlar nə obyektlərini sata bilirlər, nə ayağa qaldıra bilirlər, nə də kreditləri qaytara bilirlər, əksəriyyəti həbs təhlükəsi altında sağlamlıqlarını itiriblər. Pullar gələndə milçək kimi sahibkarın qanını soran qohumlar, dostlar, məşuqələr hərəsi bir tərəfə çəkilib sevinir və deyir: ”ona bu da azdır”.  Ya zəlzələdən, ya vəlvələdən ölkəmizdə sahibkarlıq iflasa uğradı. Bunda hökumətin də günahı böyük oldu. Əgər qanunla məmurlara bizneslə məşğul olmaq qadağandırsa, bu qanuna əməl edilməli idi. Kreditlər yalnız məmurlara yox, həqiqətən iş qurmağı bacaran adamlara verilməli idi ki, onlar bizneslərini böyütsünlər. Gömrük, vergi, inhisarçılıq, hüquq-mühafizə orqanlarındakı korrupsiya da sahibkarları məhvə apardı.Yeri gəlmişkən, bizim əhalini quyuya aparan mühüm bir keyfiyyət var, əksəriyyət dərhal böyük pullar qazanmaq istəyir. Doğru yol isə odur ki, kiçik bir işdən başlayıb təcrübə qazanmaq, tədricən onu genişləndirmək lazımdır. Atalar deyib ki, keçənə güzəşt deyərlər. Mən çox istərdim ki, sahibkarlığın bu günkü vəziyyəti aşkarlıq şəraitində geniş müzakirə olunsun, bəlkə batmaqda olan iri obyektləri xilas etmək mümkün oldu. Həm də keçmiş səhvlər müzakirə olunsa, gələcək səhvlərdən sığortalanmaq olar. Bəsdir, televiziyalar şoularla məşğul oldular. Bu mövzulara da yer vermək lazımdır. Büdcənin dolu olması, əhalinin firavan yaşaması üçün iş yerlərini qorumaq vacibdir. İnanmıram ki, aşkarlıq şəraitində sahibkarların problemləri müzakirə olunsun. Bunun üçün korrupsiyanı dayandırmaq lazımdır. Bizim məmurlar isə “ölkədə hər şey əladır” deyib duracaqlar.  

Yenilənmişdir Çərşənbə axşamı, 03 Oktyabr 2017 08:06
каталог фаберлик на сайте faberllena.ru
народная медицина