DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


BAKI VƏ COCUQ MƏRCANLI

metanetMətanət Əliyeva

Adamlarla  söhbətdə tez-tez sosial vəziyyətdən narazılıq eşidirəm. Belə olanda soruşuram ki, vəziyyəti necə düzəltmək olar? Bir təqaüdçü sualıma cavab olaraq bildirdi ki, bu gün Milli Şuranın mitinqidir. Mən dedim ki, mitinq edə-edə gəlib bu acınacaqlı vəziyyətə düşmüşük. Hakimiyyəti dəyişmək üçün mitinqdən başqa yol yoxdurmu? Təqaüdçü məndən başqa hansı yolun olduğunu soruşdu. Dedim ki, bu, seçki yoludur. Sözlərim ona gülünc göründü. Dedi ki, seçimi Məzahir Pənahov edir. Soruşanda məlum oldu ki, bu adam səs verməyə getmir.  Müstəqilliyin ilk illərində xalqımız seçkilərdə daha fəal olurdu, hakimiyyətin demokratik seçki yolu ilə dəyişəcəyinə inanırdı. Tədricən bu inamı vətəndaşlarda öldürdülər. Bunda həm iqtidarın, həm müxalifətin günahı oldu. Bu inamı yenidən xalqa  qaytarmaq lazımdır. Heç bir hakimiyyət əbədi ola bilməz. Şah Abbas, Qacar kimi şahların, çar 1-ci Pyotrun, Fransa krallarının  da hakimiyyəti əbədi olmayıb, onları yeni sülalələr əvəz ediblər. Hakimiyyətin zorakı yolla, inqilab yolu ilə, yaxud dövlət çevrilişi yolu ilə dəyişəcəyini proqnozlaşdırmaq çətin olsa da, Tolstoy kimi uzaqgörən dahilər bunu qabaqcadan görə biliblər. İnqilab zamanı bir siyasi quruluş digəri ilə əvəz olunur, məsələn, kapitalizm quruluşunu sosializm quruluşu, krallıq rejimini demokratik respublika əvəz edir. Dövlət çevrilişi zamanı siyasi quruluş dəyişmir, hakimiyyətdəki bir klanı digər tayfa klanı, yaxud bir dini qruplaşma, milli-etnik qruplaşma əvəz edir. İstənilən halda hakimiyyətin seçki yolu ilə dəyişməsi daha əlverişlidir. Gələn il Azərbaycanda prezident seçkiləri ilidir. Vətəndaşlarda bir faiz də ümid yoxdur ki, gələn il Azərbaycanda hakimiyyət dəyişəcək. Seçki ərəfəsində ölkədə demokratik şərait yaradılsa, əhali çox xoşbəxt olar. Potensial namizədlər qeydiyyatdan keçərlər, gərgin siyasi mübarizə başlanar,  eyni siyasi əqidələrin daşıyıcıları bir yerə toplaşar, əhali fəallaşar, gələcəyə ümid yaranar. Belə bir mühitdə biz artıq yaşamışıq, qısa bir vaxtda olsa da, demokratiyanın dadını hiss etmişik. 1990-1995-ci illər ərzində ölkəmizdə demokratik vəziyyət mövcud idi. Demokratiyadan istifadə edərək ölkədə iki dəfə dövlət çevrilişi etdilər, silahlı qruplaşmalar yaratdılar, separatizm gücləndi, torpaqlar işğal olundu, vətəndaş müharibəsi təhlükəsi yarandı və demokratiyanı xaosa çevirdilər. Məlum oldu ki, biz demokratiyaya hazır deyilik, bizə “dəmir əl” lazımdır. “Dəmir  əl” gəldi və yavaş-yavaş demokratiya sıfra endi. O vaxtdan 20 ildən artıq vaxt keçib. Bəlkə də artıq biz demokratiyaya hazırıq. Siyasi cəhətdən xeyli savadlanmışıq, dərk edirik ki, qərb bizə demokratiya gətirməyəcək, qərb Qarabağı azad etməyəcək, bunu biz özümüz etməliyik. Öyrənmişik ki, mitinqdə populist çıxışlar edənlər dəfələrlə xalqa xəyanət ediblər. Öyrənmişik ki, ölkədə qanunlar işləməyəndə, məmurlar korrusiya ilə məşğul olanda bütün xalq səfalət içərisində yaşayır, qanunlara hörmət etməyən xalqa dünyanın heç yerində hörmət etmirlər. Demokratiyanı yenidən bizə verəcəklərmi? İlham Əliyev demokratik seçki keçirsə, yenidən prezident seçilə bilərmi? Yaxud demokratik seçkidə uduzsa, hakimiyyəti kənar bir şəxsə verərmi? Ümumiyyətlə, bunları yazmaq sadəlövhlük deyilmi? Bizim şüurumuzda hakimiyyəti vermək ağılsızlıqdır, çünki başqa heç cür milyardlar oğurlamaq mümkün deyil. Demokratiyaya hazır olsaq da, olmasaq da, biz demokratiya istəyirik. Şəxsən mən gələn ilki seçkilərdə yenilik gözləyirəm. Buna inanmasam qüssədən ürəyim partlayar. Yenilik olmalıdır, ən azından torpaqlar işğaldan azad edilməlidir.

Mən Qarabağ mövzusunda heç vaxt yazmıram, çünki mənim bu mövzu ilə bağlı fərqli fikirlərim var. Cəbrayılın Cocuq Mərcanlı kəndində gedən tikinti-quruculuq işlərinə baxanda fikirləşirəm ki, niyə görə biz torpaqlarımızı düşmənə verib şəhər və kəndlərimizi dağıtdırandan sonra onları layihə əsasında, memarlıq qaydalarına əməl etməklə tikməliyik? Cocuq Mərcanlıda geniş yollara, bir-birinə uyğun tikilmiş evlərə baxmaq adama ləzzət edir. Azərbaycanın kənd və şəhərlərində düz yol deyilən şey yoxdur, evlər harda gəldi, necə gəldi tikilib. Nə vaxtsa yolları təmir etmək, kanalizasiya xətti çəkmək lazım gəlsə, tikinti işçiləri başlarını itirəcəklər. İcra hakimiyyətlərinin memarlıq şöbələrində işləyənlər öz vəzifələrini rüşvət almaq kimi başa düşürlər. Bakının Saray qəsəbəsində şəxsi ev tikmək istəyən bir nəfərdən icazə üçün 20 min manat rüşvət tələb ediblər. Demokratik seçki mühiti yaradılsa, heç olmasa, namizədlər belə problemlərə toxunarlar. Mənim fikrimcə, Bakının memarlıq məsələsinə görə məsuliyyət daşıyan şəxsə ən ağır cəzanı vermək lazımdır. Bakı elə günə qalıb ki, adam az qalır desin, Bakını da verək ermənilərə, onu yerlə yeksan etsinlər, sonra onu Cocuq Mərcanlı kimi yenidən tikək. Araşdıranda məlum olur ki, Bakını pis günə qoyan göydələnləri tikənlərin əksəriyyəti mitinqlərdə pafoslu çıxışlar edən “millət qəhrəmanları”dır. 

Yenilənmişdir Bazar, 19 Noyabr 2017 09:15
каталог фаберлик на сайте faberllena.ru
народная медицина