DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


QƏRİBLƏR AĞASININ ZİYARƏTİ VƏ GÖMRÜK MÜSİBƏTLƏRİ

metanetMətanət Əliyeva

Müsəlmanların əsas üç müqəddəs ziyarətgahı var – İmam Rzanın dəfn olunduğu Məşhəd ziyarəti, İmam Hüseynin dəfn olunduğu Kərbəla ziyarəti və Həcc ziyarəti. Mən heç vaxt ziyarət arzusunda olmamışam, heç namaz qılmağı da bilmirəm.. Həyatda ən çox qorxduğum şey isti və uzaq yoldur. Ona görə də ziyarətgahların yerləşdiyin isti ölkələrə getməyi heç vaxt arzulamamışam, amma İranı görmək arzum olub. Düz deyirlər ki, qismətdən qaçmaq olmaz. Qızım məndən xəbərsiz ziyarətçiləri müqəddəs yerlərə aparan firma ilə danışıb hər şeyi həll edəndən sonra bu haqda mənə xəbər verəndə elə bil dilim- ağzım bağlandı, etiraz etmədim, başqa vaxt aləmi bir-birinə qatardım. Noyabrın 9-da İranın Məşhəd şəhərində İmam Rza ziyarətgahında keçiriləcək Ərbəində (İmam Hüseynin 40 mərasimi) iştirak etmək üçün noyabrın 6-da səhər saat 6-da Bakıdan avtobusla yola düşdük. İki gün, 2 gecə yol gedib noyabrın 8-də Məşhəd şəhərinə çatdıq. Nadir şah Əfşarın dövründə dövlətin paytaxtı olan Məşhəd İranın ikinci ən böyük şəhəridir, Xorasan vilayətində, Tehrandan 800 km aralıda, Əfqanıstanla sərhəddə yerləşir, əhalisinin sayı 2 milyona yaxındır. Yol boyu ziyarətgahları, o cümlədən Qum şəhərində İmam Rzanın bacısı Məsumə xanımın məzarını ziyarət etdik. Məsumə xanım qəriblikdə olan qardaşını görmək ücün Məşhəd şəhərinə gedərkən yolda vəfat edib. Uşaqlıqdan eşitmişdim ki, İmam Rzaya qəriblər ağası qərib İmam Rza deyirlər. Məclislərdə indi də qəriblikdə olanlar üçün dua edəndə deyirlər ki, qəriblər ağası qərib İmam Rza onların dayağında dursun. Müsəlmanlar dünyanın hər yerində İmam Rzanın xatirinə qəriblərə hörmət edirlər. Qəriblikdə çətinə düşən zaman İmam Rzanın adını çəkmək kifayətdir.

ZİYARƏTGAHDA HƏR GÜN 12 MİN ADAMA PULSUZ YEMƏK VERİLİR

Tehrandan Məşhədə kimi olan 800 kilometrlik yolda həyat yoxdur, susuz çöllər bombozdur. Məşhədə su çəkilib deyə bu şəhər abaddır, təmizdir, havası dağ havası kimi yüngüldür, oksigenlə zəngindir. Otellərin sayı-hesabı yoxdur. Məşhəd bazarını gəzməyə bir gün vaxt bəs etməz. İmam Rzanın qızıla tutulmuş məqbərəsi bir neçə hektar ərazini əhatə edir. Ziyarətgahın məscidlərlə əhatə olunmuş dairəvi həyətində başdan ayağa xalçalar döşənib. Məscidlərdən birini Əmir Teymurun gəlini Gövhərşad tikdirib, bu məscid Gövhərşad məscidi adlanır. İranda tikililər memarlıq baxımından zəngin, dəbdəbəli deyil, çox sadədir, yalnız ziyarətgahlar yüksək memarlıq əsasında tikilib. İmam Rzanın ziyarətgahında hər gün 12 min adama pulsuz yemək verilir, burada 15 min adam işləyərək yüksək maaş alır. Ziyarətgaha yığılan nəzirlərdən fabrik və zavodlar tikilib, düyü sahələri salınıb. Onlardan gələn gəlirlər də ziyarətçilərə xərclənir. Danışdılar ki, ziyarətgahda ehsan vermək istəyən adamlar 5-10 il əvvəldən növbəyə dayanır. Azərbaycanlı nazirlər var ki, ziyarətgahın həyətini süpürmək üçün növbəyə durublar. Ziyarətgahda olduğumuz üç gün ərzində, demək olar ki, yemək almadıq, İmam Rza ziyarətgahının hesabına verilən ehsandan əlavə qrupumuzdan olan zəvvarlar da otelin yeməkxanasında ehsan verirdilər. İranın yeməkxanalarında qiymətlər çox ucuzdur. Bal, qaymaq və çaydan ibarət bir adamlıq səhər yeməyi 2 manat 50 qəpik edir. İranın əksər yerlərində Azərbaycan manatı işləyir. İmam Rza ziyarətgahına getmək üçün 200 dollar pul bir nəfərə artıqlaması ilə bəs edir. Ziyarəti təşkil edən qrupun rəhbərinə qabaqcadan 100 dollar pul, bir də xarici pasport vermək kifayətdir. Bu pul yol xərci və üç gün oteldə qalmağa bəs edir. İrana viza lazım deyil. Təyin olunmuş vaxtda avtobusa minib yola düşürsən. Azərbaycanda günü 100 manat olan kondisionerli, televizorlu, mətbəxi, vanna otağı olan üçadamlıq otel otağının Məşhəddə günü 15 manatdır.

İMAM RZA XİYABANINDA HƏZRƏTİ ZEYNƏB ƏZƏMƏTİ

Müşahidələrimə əsasən belə qənaətə gəldim ki, müsəlmanların çoxu ziyarətgahlara əsasən problemlərinin həllinə çarə tapmaq üçün gedirlər. Xəstəsi, dustağı, maddi problemi və sair olanlar niyyət edib nəzir deyir, problemi həllini tapanda ehsan verir. İnam böyük qüvvədir və Allah İmam Rza kimi pak adamların xatirinə insanların niyyətlərini həyata keçirir. Sözün düzü, mən məscidlərə, ziyarətgahlara ilk növbədə insani dəyərlərə xidmət edən, haqq yolunda şəhid olan İmam Hüseyn kimi insanların xatirəsini yad etmək üçün gedirəm. Kərbəla şəhidlərinə məndə ilahi bir sevgi var. Hər bir müsəlmana bəllidir ki, islam dininin yaradıcısı Məhəmməd peyğəmbər olub. Onun peyğəmbərliyini ilk qəbul edən həyat yoldaşı Xədicə olub. Əmisi oğlu Əlinin qılıncı hesabına ölkələri fəth edərək Xilafət yaradan, müsəlman etdiyi insanları haqq yoluna dəvət edən Məhəmməd peyğəmbərdən sonra xəlifə onun yeganə qızı Fatimeyi-Zəhranın həyat yoldfaşı Əli olmalı idi. Lakin Məhəmməd peyğəmbərdən sonra Əbu-bəkir, Ömər, Osman xəlifə oldu. Əli dördüncü xəlifə oldu və onu qətlə yetirdilər. Əlidən sonrakı xəlifələr Peyğəmbərin nəslini kəsməyə çalışırdılar. Lakin Kərbəla müsibəti ilə də buna nail olmadılar. Hazırda müsəlman ölkələrinin çoxunda peyğəmbər törəmələrinə düşmən olan adamların hakimiyyətdə olmasına baxmayaraq sadə müsəlmanlar Fatimeyi-Zəhra, Əli, Hüseyn, Zeynəbi İlahi bir sevgi ilə sevir, hər il onlara 2 ay yas saxlayıb, onların adına ehsanlar verirlər. İslamı qəlbən qəbul edənlər də Əli aşiqləridir. Məkkə ziyarətindən əldə edilən milyardları mənimsəyən Səudiyyə şeyxlərinə, əxlaqsız həyat sürən, xalqı səfalət içərisində yaşadan, müsəlman ölkələrini viran qoyan qərb siyasətçiləri ilə müttəfiq olan bir çox ərəb ölkələrinin başçılarına müsəlman dini heyvani nəfislərini təmin etmək üçün lazımdır. Onlar heç vaxt qəlbən islamı qəbul etməyiblər. İslam qaydalarına əməl edən insanlar pak olur, onlara yaşamaq rahat olur. Zəvvar yoldaşlarımız Bakıdan Məşhədə kimi avtobusda mərsiyələr dedilər. İmamın 40-ı (Ərbəin) Məşhəddə əzəmətli keçirildi. Ziyarətgahın yanındakı İmam Rza xiyabanında izdiham zəncir vura-vura, mərsiyə deyə-deyə irəliləyirdi. Mərsiyələr fars və ərəb dilində deyildiyindən mən yalnız Zeynəb, Hüseyn sözlərini başa düşürdüm. Zeynəb sözünü elə bir sevgi ilə deyirdilər ki, gözümün yaşı sel kimi axırdı. Zeynəb əzəmətli qadın olub. Qardaşları qətlə yetiriləndən sonra qadın və uşaqların məsuliyyəti onun üzərinə düşüb. Zeynəb Kərbəla şəhidlərinin qanını batmağa qoymayıb, şəhid qardaşlarını ilk dəfə lay-lay ilə, bayatı ilə ağlayan Zeynəb olub. Zeynəb müsəlman qadınlarına bir nümunədir. Bu xanım mənim yadıma İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvini salır. Fərəh xanım xatirələr kitabında ailə qurmazdan əvvəl şahla hovuzda çimməyindən, tennis oynamağından, Parisdə istehsal olunan brend paltarlar geyinməyindən yazır, amma bir dəfə də məhərrəmlik mərasimlərində iştirakından yazmır. Səfəvilər dövləti İmam Hüseynə sevgi ideologiyası əsasında yaradılıb, Şah İsmayıl Xətainin müridləri döyüşlərdə “ya imam, ya Hüseyn” deyib Səfəvilər ordusundan qat-qat böyük orduları məğlub ediblər. Bu ideologiyadan uzaq adam İranda hakimiyyətdə qala bilməz. Amma bir şeylə razı deyiləm ki, İranın indiki hakimiyyəti qadınları çadraya bürünməyə məcbur edir. Akademik Vasim Məmmədəliyevin həyat yoldaşının dediyi kimi, abır-həyası qadını çadra kimi bürüyür, naməhrəm kişi ona pis nəzərlərlə baxmağa cürət etmir. İran kimi isti ölkədə qadınları çadraya bürümək qəddarlıqdır. Qadınları pis nəzərlərdən qorumaq üçün ilk növbədə kişilərin şüurunu dəyişmək lazımdır. Onu da deyim ki, bizdəkindən fərqli olaraq İranda küçələri süpürənlər, kafe-restoranlarda işləyənlər, əkin sahələrində işləyənlər yalnız kişilərdir. Həm qadın, həm kişi əvəzinə bütün işləri görməkdən kobudlaşan bizim qadınlardan fərqli olaraq İranda qadınlar daha zərifdirlər.

İRANIN DÜNYA SİYASƏTİNƏ ÖZ DƏSTİ-XƏTTİ VAR

Ziyarət zamanı ağladığımız kimi ürəkdən güldüyümüz anlar da çox oldu. Əvvəla onu deyim ki, Azərbaycandan qəzəbli, narahatlıq, ümidsizlik içərisində gələn adamların üzünə Məşhəddə nur gəldi, hamı daxilən rahatlaşdı. İranda bizdəkindən fərqli olaraq insanlar aqressiv deyillər, səbirlidirlər, nikbindirlər. Xüsusən təbrizlilərdə Azərbaycandan gələnlərə qarşı isti sevgi var. Bizim qrupdan olan gənc ziyarətçi oğlan danışdı ki: “Nə qədər çalışdımsa İmam Rzanın məzarına toxuna bilmədim. Deyinə-deyinə geri qayıdırdım ki, bu nə ziyarət oldu, adamı zirehə (İmam Rzanın məzarını əhatə edən dəmir “reşotkaya” zireh deyirlər) yaxınlaşmağa da qoymurlar. Bunu fikirləşdiyim vaxt izdiham məni itələyb zirehə yapışdırdı. 48 yaşında bir qadın yoldaşımız izdihama qoşulub müqəddəslərin adını çağırırmış. Belində problem olan bu qadının yeriməkdə çətinlik çəkdiyini görən iranlılar onu əl arabasına mindirib yürüş boyu arabada gəzdiriblər.
Çətin yola, əziyyətə baxmayaraq mən bu ziyarətdən sonsuz zövq aldım. İrana sevgim daha da artdı. İranı görməsəm də bilirdim ki, qərbdən pul alan Azərbaycandakı bəzi dairələr bu ölkəni bizim gözümüzdən salmağa çalışır, onu pis qələmə verməyə çalışırlar. İran Şeytanın yolu ilə gedən, şər qüvvələrə xidmət edən, maliyyə cəhətdən güclü dövlətlərə boyun əyməyən əzmətli dövlətdir. Onun dünya siyasətində öz dəsti-xətti var, İranın indiki rəhbərləri İmam Hüseyn kimi haqqın tərəfindədirlər. İran öz kökü üstə möhkəm durub, şərqə məxsus adət-ənənəsinə sadiqdir. İranın torpaqları hədsiz-hüdudsuzdur, təəssüf ki, torpaqların böyük hissəsi susuzluqdan istifadəsiz qalıb. İstifadəsiz torpaq cansıxıcı görünür. O torpaqları əkib Tehran kimi şəhərlərdə sıxlığı azaltmaq, əhalini daha firavan dolandırmaq olar. Məncə, bütün torpaqlara su çəkməyə İran dövlətinin maddi imkanı çatar. İran haqqında mənfi rəy yaradan birinci səbəb ölkənin zibilli olmasıdır. Ziyarətgahlar yerləşən şəhərlər son dərəcə təmiz olduğu halda digər ərazilər, o cümlədən magistral yolların ətrafı zibillə doludur. İlk daxil olduğumuz Qərib məscidinin ətrafı və həyəti zibillə dolu idi. İşçilərə maaş verib hər gün zibilləri təmizlətdirmək elə də böyük maliyyə tələb etmir.

DƏVƏ KİMİ YÜKLƏNMİŞ QADINLARI HEYVAN KİMİ ALÇALDIRLAR

Yazımın sonunda İran və Azərbaycan gömrüyü haqqında yazmaq istəyirəm. Mənə elə gəlir ki, İranın Azərbaycandakı səfirliyində çalışanlar bu ölkə haqqında Azərbaycan mətbuatında yazılanlar barədə əlaqədar orqanlara xəbər vermirlər, halbuki bu onların vəzifəsidir. Ziyarət üçün İran sərhəddinə girən vaxt sərhəddə bizi dörd saat saxladılar. Qadınlar dedilər ki, rüşvət istəyirlər. Mən qrupun rəhbərinə dedim ki, geri qayıtmaq istəyirəm, islam respublikasında ziyarətə gedən zəvvarlardan rüşvət istəyirlərsə, belə ölkə nifrətə layiqdir. Qrupun rəhbəri dedi ki, guya gömrüyün rəhbəri iclasda olduğu üçün bizi yubadırlar. Qayıdan zaman hər zəvvardan 3 manat alıb İran gömrüyünə verdilər, onlar da heç bir maneəsiz bizi buraxdılar. Rüşvət verməyəndə bütün yükləri avtobusdan boşaldıb əlində daşımaqla sərhəddi keçməli olursan. Rüşvət verəndə yükləri avtobusda yoxlayırlar. Yüklər isə danışılası deyil. İranda ucuzluq olduğundan qadınlar sabun, şampun, yuyucu toz və müxtəlif ərzaqlardan alıb dəvə kimi yüklənirlər. Ölkəmizdə monopoliya və bahalıq olmasa heç bir qadın özündən ağır yükü daşımaz. Azərbaycan sərhəddində, görünür, daha çox rüşvət tələb olunduğundan ziyarətçilərin o pulu verməyə gücü çatmır, sərhədçilər də adamları bacardıqları qədər alçaldırlar. Növbənin ucu-bucağı olmur. Bir dəqiqəlik işi bir saata görürlər. Vətəndaş pasportunu təqdim edib yükünü monitordan keçirməlidir, vəssəlam. Növbənin yerindən tərpənmədiyini görən ziyarətçilər dəfələrlə xorla “Allahu Əkbər” qışqırsalar da, əhəmiyyət verən olmadı. Bu yerdə mənim səbrim daşdı və onlara etirazımı bildirdim. Sərhədçilər dediyim sözlərdən hərəkətə gəldilər və rəis də daxil olmaqla bütün rəhbərlik tökülüb gəldi, bizi bir anın içərisində buraxdılar. Bilmirəm Respublika gömrük xidmətinin rəhbəri Aydın Əliyevlə Sərhəd xidmətinin rəhbəri Elçin Quliyevin sərhəddəki vəziyyətdən xəbəri var, ya yoxdur, onlar bilməlidirlər ki, sərhəddə adamları heyvan yerinə qoyurlar. Zəvvarların arasındakı şikəst, qoca qadınları da nəzərə almırlar. Sərhədçilərə dedim ki, “sizin arvadlarınız bizim hesabımıza VİP salonlarda gəzir, nə ixtiyarla bizi belə alçaldırsınız?”
Mən ziyarət təəssüratlarımı daha ətraflı yaza bilərdim, təəssüf ki, vaxtımı gələn qonaqlara sərf etməli oluram. İndi isə ehsan süfrəsi açmaq üçün rayona getməliyəm. Növbəti yazılarımda da Məşhəd ziyarəti və İran dövləti ilə bağlı maraqlı faktlardan yazacağam.

 

Yenilənmişdir Bazar, 19 Noyabr 2017 09:47
каталог фаберлик на сайте faberllena.ru
народная медицина