DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


NƏRİMANOV MƏHKƏMƏSİ VƏ OĞRU QANUNLARI

metanetMətanət Əliyeva

Azərbaycanda yaşamaq nə dəhşətli şey imiş. Bunu mənə bacım deyir. Bir ildən çoxdur 5-ci mərtəbədə yaşayan qonşusu onun başına su tökür, buna görə ailə tualetdən və hamamdan istifadə edə bilmir. Bacımın ailəsi məhkəməyə, MİS-ə, 102 xidmətinə, sahə müvəkkilinə və digər əlaqədar təşkilatlara şikayət etsə də, problemi həll edə bilmir. 102 xidmətindən gələnlər suyun bacımın mənzilinə axmasını görüblər, qonşuya irad tutanda o deyib ki, sudan istifadə etmək onun hüququdur. Xidmətin əməkdaşları deyiblər ki, sudan istisfadə etmək hüququ var, amma qonşunun başına su tökmək hüququ yoxdur. Qonşunu tutub aparıblar, axşam buraxıblar.  Bacımın bütün əsəbləri pozulub. Onun bu vəziyyətini görəndə mən tamam əsəbiləşirəm. Ona görə ki, bu vaxta qədər mənim qohumlarım dərk etməyiblər ki, necə dəhşətli bir ölkədə yaşayırlar. Onların bütün problemlərini biz həll etmişik. Qohumlarım mənim yazdıqlarımı, demək olar ki, oxumurlar, amma işləri çətinə düşəndə yadlarına düşürdü ki, Mətanət jurnalistdir. Problemi mənə yükləyirdilər, mən də həftələrlə məmurlarla dava-dalaş edib onların təqaüd, əsgərlik, səhiyyə və sair problemlərini həll etməli olurdum. Amma onlar seçkiyə gedib qutuya bülleten atmağa da təmbəllik edirdilər. Artıq mən yorulmuşam, deyirəm qoy özləri öz problemlərini həll etsinlər.  Onlar indi başa düşürlər ki, biz nələr çəkmişik, bu ölkədə yaşamaq elə də asan deyil. Bacım Nərimanov rayon məhkəməsinə müraciət edib. Məhkəmə 2017-ci il iyulun 24-də hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən iclasda  ekspertiza keçirilməsi barədə qərar çıxarıb. Sentyabrın 20-də ekspertiza keçirilib. Hələ də ekspertizadan cavab yoxdur. Məhkəmə bacımın xeyrinə qərar çıxara bilər, amma məhkəmənin qərarını həyata keçirmək elə də asan olmayacaq. Neft və Kimya İnstitutunu bitrən bacım bilmir ki, məhkəmə qərarlarını icra edən məmurlara rüşvət verməsən, qərarlar icra olunmamış qalır. Minlərlə icra olunmamış qərarlar var. Heç kimə sirr deyil ki, məhkəmələrə nəinki hakimləri, adi işçiləri də külli miqdarda rüşvət hesabına işə qəbul edirlər. Rüşvətlə işə qəbul olunan adam artıq cinayətlə pul qazanacağına əmin olan ləyaqətsiz adamdır. Belə ölkədə ədalətdən danışmağa dəyməz. 

Ölkəni quldurxanaya çevirənlər məmurlarımızdır, vətəndaşlar isə bu işdə birbaşa günahkardır. Vətəndaş öz hüquqlarını müdafiə etmək üçün ilk növbədə savadlı olmalıdır. Savadlı olmaq üçün oxumaq lazımdır. Oxumağa isə uşaqlıqdan vərdiş etmək lazımdır. Gənc ailələr uşaqları üçün kitab almırlar. Bizim “Qaya” mətbuat yayımı firması Rusiyada və Azərbaycanda nəşr olunan kitabların və jurnalların satışını təşkil edir. Firmada kitab və jurnalların satışı ilə məşğul olan Sevda Əliyeva deyir ki, Azərbaycan dilli oxucular uşaqlarına kitab və jurnal, demək olar ki, almırlar, firma yalnız rus dilində olan nəşrlərin satışından pul qazanır. Hansısa dahi deyib ki, uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, ona çoxlu nağıl danışın, daha çox ağıllı olmasını istəyirsinizsə, daha çox nağıl danışın. Bizim valideynlər artıq uşaqlarına nağıl da danışmırlar. Rəhmətlik Nüsrət Kəsəmənli “Daha nağıllara inanmıram mən” şeirində deyir ki, “İndi keçəlləri saçlı aldadır, daha nağıllara inanmıram mən”. Nağıllarda həmişə ədalət qalib gəlir. Bizim əksər valideynlərimizi ədalətin qalib gəlməsi maraqlandırmır. Ona görə də onlar uşaqlarına kitab oxumaq yox, fırıldaqçılıq öyrədirlər.  Sevda Əliyeva deyir ki, Tolstoyun, Dostoyevskinin təzə çapdan çıxan kitablarını 2 manata, Cəlil Məmmədquluzadənin kitabını 5 manata sata bilmir, amma oxucular Lotu Qulu və Rövşən Lənkəranski haqqında kitabların birini 6 manatdan gündə hardasa 30 nüsxə alırlar. Bizim millət nədənsə cinayətkarlara rəğbət bəsləyr, sanki başa düşmürlər ki,  “vor zakonlar” adam öldürür, narkotik satır, haram yollarla pul əldə edirlər, bütün növ cinayətlər törədirlər. Bizim əhali sanki başa düşmür ki, səfalət içərisində yaşamağımızın səbəbi ölkəmizin mafiya qanunları ilə,  idarə olunmasıdır, hökumətin təməlinin cinayət üzərində qurulmasıdır. “Vor zakonlara” hörmət ediriksə, o məntiqlə ölkəmizi bu günə qoyan mafioz məmurları da sevməliyik. Sevda Əliyeva deyir ki, ən çox kulinariya, magiya, fal, qoroskop haqqında olan kitablar satılır.

Yazıb-oxumaqda çox əziyyət çəkirəm. Mənə elə gəlir ki, kor olmuşam. İşığı elə zəif verirlər ki, lampa közərir. Gecə yarısı işığı yandıranda görürəm ki, işıq gur yanır, əziyyət çəkməyimin səbəbi işığın zəif olmasıdır. Qazımızı da elə zəif verirlər ki, hamamda qaz alışanda sevinirik. Oğru qanunlarına qalsa, işığın və qazın rəhbərlərini də sevməliyik, onlar da cinayət yolu ilə varlanırlar və qohumları da onların hesabına varlı yaşayır. 

Deputat Siyavuş Novruzov, mənim fikrimcə, hadisələrə ən ağıllı və konkret fikir bildirən siyasətçidir. O, vətəndaşların xoşuna gəlmək, özünü reklam etmək üçün çıxış edən deputatlardan deyil. S.Novruzov deyib ki, Azərbaycanda 1 milyon 350 min pensiyaçı var, halbuki vətəndaşların sayına görə, bizdə 350 min pensiyaçı olmalıdır. Mən də əlavə edərdim ki, anormallıq ona görə yaranıb ki, bizdə sağlam adamlar rüşvət verib şikəst kimi təqaüdə çıxırlar. Elə bu rüşvəti alan məmurlar da pensiya yaşını 65-ə qaldırdılar ki, rüşvət almaq imkanları genişlənsin. S.Novruzov deyib ki, ölkəmizdə müharibə veteranlarının sayı 90 minə çatıb, 90 min nəfər iki ordu deməkdir. Deputat daha sonra deyib ki, ABŞ-da hər şagirdə düşən müəllimin sayına görə müəllimlərin sayı Azərbaycandakından 4 dəfə azdır, səhiyyə də o gündədir. Bütün bu faktların arxasında ciddi cinayətlət dayanır. Bu cinayətkarlar heç vaxt cəzalanmayacaqlar, çünki ölkəmiz mafiya üsulu ilə idarə olunur, cinayət yolu ilə yığılan pulların “şir payı”  mafiyanın başçısına çatır. Bizdə isə cinayətkarları sevirlər.

Teatrlarımızın, Azərbaycan televiziyasının dövlət büdcəsindən maliyyələşməsi, fəxri adların saxlanması bir məqsədə xidmət edir, mafiya öz təbliğatını elə qurur ki, cinayətlərini ört-basdır etsin, özünü xalqın firavan həyatının təminatçısı kimi təqdim etsin. Təbliğata ehtiyac yoxdur. Biz cinayətkarları sevirik,  gələn il keçiriləcək seçkidə bunu bir daha sübut edəcəyik.

Yenilənmişdir Cümə, 08 Dekabr 2017 10:52
каталог фаберлик на сайте faberllena.ru
народная медицина