DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


PUTİN VARİANTI VƏ MİSKİN QULLAR

metanetMətanət Əliyeva

“Reytinq” qəzetindən oxudum  ki, Beyləqanın hazırkı icra başçısı Vaqif Abdullayev 40 yaşında ali məktəb bitirib,  iki il sonra elmlər namizədi, 6 il sonra elmlər doktoru adını alıb. Ali məkltəbi bitirdikdən 11 il sonra Ali Attestasiya Komissiyasının qərarı ilə professor adını alıb. Elmi adların hansı yolla, nə üçün alınmasını açıqlamağa ehtiyac görmürəm.  Yəqin hamıya məlumdur ki, yüksək məmur vəzifəsində çalışanlar ilk növbədə elmi adlar alırlar ki, vəzifələrini itirəndən sonra ali məktəblərdə dərs desinlər. Adı ali məktəblərdə işçi kimi gedən məmurlar da çoxdur. Bu adamlar ali məktəblərə gənclərə elm öyrətmək üçün getmirlər. Onların öz dilindən eşitmişəm deyiblər ki, ali məktəbdə müəllim işləməklə maddi cəhətdən gələcəyini tam təmin etmək mümkündür. Təəssüf ki, ölkəmizi idarə edənlər gələcəyi belə təsəvvür edirlər. Təhsili düzəltmək üçün bu məsələ də həllini tapmalıdır. Bunu yalnız dövlət başçısı edə bilər, necə ki, Putin bu məsələni asan yolla həll etdi. Rusiya prezidenti sərəncam verdi ki, elmi dərəcəsi olan məmurlar vəzifədən çıxarılsınlar, gedib elmi işlə məşğul olsunlar. Hesab edirəm ki, bizdə heç kim vəzifəni qoyub elmi işlə məşğul olmayacaq, çünki alim məmur qədər çirkli pul qazana bilmir, hərçənd ki, kollec müəllimləri var ki, milyonçu kimi yaşayırlar.  İlham Əliyev 14 illik prezidentliyi dövründə bu problemi həll edə bilmədi. Ona görə də Zahid Orucu haqlı hesab edirəm. O təklif verib ki, prezident seçkiləri gələn ilin oktyabrında deyil,  mart ayında keçirilsin.  Seçki nə qədər tez keçirilsə, problemlər bir o qədər tez həll olunar. Sözsüz ki gələn ilki seçkidə Mehriban Əliyevanın prezident seçilmək şansı böyükdür və ümid etmək olar ki, o, idarəçilikdə köklü dəyişiklik edə biləcək.

Hazırda dünyanın gündəmində duran əsas məsələ Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı Trampın verdiyi bəyanatdır. Bu məsələ mənim heç vecimə də deyil. Əgər müsəlmanlar öz dövlətlərində aclıq çəkirlərsə, qaçmağa başqa ölkə axtarırlarsa, 5-10 şeyx dövlətin sərvətlərini talayıb pozğun həyat sürürsə, o dövlət müsəlmanların nəyinə lazımdır? Qoy fələstinlilər İsrail dövlətində firavan yaşasınlar !!! Qüdslə bağlı müsəlman dövlət başçılarının Türkiyədə keçirilən toplantısında oğru prezidentlərə, krallara baxmaq ikrah hissi doğururdu. Dövlətinin zəngin-kasıb, yaxud böyük-kiçik olmasından  asılı olmayaraq xalqı səfalət içərisində yaşayan oğru  dövlət başçılarına ləyaqətli insan kimi baxmaq olmur. Ləyaqətli insan oğurluq etmir, öz nəfsinin qulu olmur. Bəli, oğru kralları yalnız miskin qul hesab etmək olar. Türkiyəyə toplaşan müsəlman dövlət başçıları Qüds barədə fikirləşə bilməzlər, onlar yalnız növbəti milyardları necə oğurlamaq haqqında fikirləşə bilərlər. Bunu eləcə də Qarabağa aid etmək olar. Əgər bizim milyon hektarlarla torpağımız istifadəsiz qalıbsa, insanlar toyuğuna verməyə arpa, inəyinə verməyə yonca tapmırsa,  Qarabağı azad etmək bizim nəyimizə lazımdır və yaxud müstəqil dövlət bizim nəyimizə lazımdır? Bunu məndən qabaq Dədə Qorqud deyib ki, torpağı əkib-becərmirsənsə, onu qorumağa dəyməz. Torpaq ona görə dünyada ən qiymətli şey sayılır ki, insanın firavan yaşaması torpaqdan çıxır. Ona görə torpağın hər qarışına görə ölürlər ki, torpaq olmasa, çörək də olmaz. Müstəqil dövlət bizə ona görə lazımdır ki, ömründə 5 kitab oxumayan adamlar elmlər doktoru adını alsın,  200 min nəfərlik rayonu işsiz, ac qoysun? Qarabağ  torpağını oğlanların qanı bahasına azad edək ki, Heydər Əsədov o torpaqlarda pambıq əkib valyuta qazansın, sonra da həmin valyutaya xaricdən kərə yağı alıb bizə kiloqramı 19 manatdan satsın? Ölkədəki biabırçılığı hamı dərk edir, amma söz deyə bilən adamlar susurlar, bilirlər ki, deməyin mənası yoxdur. Mən nəsə deyirəmsə, demək, inanıram ki, ölkə düzələ bilər. Mən son dərəcə nikbin adamam. 

İndi mənim ən böyük arzum Bakıdan birdəfəlik rayona qaçmaqdır. Hökumətimizdən xahiş edirəm torpaqlarımızı su ilə təmin etsin, mən jurnalist diplomumu, 25 illik jurnalistlik fəaliyyətimi atıb rayonda yer şumlayım, torpağı əkim, firavanlıq, gözəllik yaradım, ölü rayon dirilsin. Bakıda qarın-qarına tikilməkdə davam edən göydələnləri görəndə ürəyim sıxılır. Deyəsən, bütün xalqı Bakıya köçürmək fikrindədirlər. Bakıda tikinti bitmir, təzə binaların zibili köhnə binaların hər il qaşınan divarlarının zibilinə qarışıb ciyərlərimizə hopur. Hər il büdcədən külli miqdarda pulu divarların qaşınmasına, balkonların sökülüb təzədən tikilməsinə sərf edirlər. Büdcə pullarını oğurlamağın ən rahat yolu tikintidir. Mən genişliyi və sakitliyi, torpağı sevirəm. Gözləyirəm ki, torpaqlarımız su ilə təmin olunacaq, torpağı becərib firavan yaşayacağıq. Hələlik isə susuz torpaqları becərmək mümkün olmadığından rayonumuzun əhalisi Bakıya qaçır. Kirayə mənzil tutub tikintidə fəhlə, kafe-restoranlarda ofisiant, mağazalarda satıcı işləyirlər, qadınlarımız  qutab, yayma çörək bişirib satır, xadimə işləyir, acından ölməmək üçün hər işə gedirlər. Fikriləşirlər ki, nə vaxtsa rayonda vəziyyət düzələr, ev-eşiklərinə qayıdıb bir işin ucundan yapışarlar. Amma iqtisadçı Qubad İbadoğlunun araşdırması başqa şeylər vəd edir. Qubad İbadoğlu bildirib ki, 2003-2017-ci illərdə regionların inkişafına 62 milyard manat pul xərclənib. Onun fikrincə, bu pullar hesabına regionlarda istehsal gəlirləri artmalı, büdcəyə daxil olan vergi gəlirləri bunu sübut etməli idi. Lakin ildən-ilə büdcə gəlirləri azalır. İqtisadçı bildirib ki, rayonlara ayrılan pullar məktəb, xəstəxana, olimpiya komplekslərinin, mərkəzlərin tikintisinə sərf olunub, onlar isə gəlir vermirlər, əksinə, onları saxlamaq üçün pul lazımdır. Mənim fikrimcə, bu proses indi də davam edir və nə qədər sürətlə getsə, pik nöqtəsinə bir o qədər tez çatar, sonradan yeni proseslər başlayar. Ona görə də prezident seçkilərini tezləşdirmək lazımdır ki, ya o yanlıq, ya bu yanlıq olaq. Yəni ki,  ya korrupsiya daha da sürətlənib pik nöqtəsinə çatsın, ya da korrupsiya dayansın. Seçkidən sonra bu, dəqiq məlum olacaq.  

Yenilənmişdir Cümə axşamı, 14 Dekabr 2017 18:26
каталог фаберлик на сайте faberllena.ru
народная медицина