DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


KRISA

metanetMətanət Əliyeva

Mən yazımın adını siçovul da qoya bilərdim, amma “krısa” qoydum, çünki bizdə adətən acgöz, xəsis, yırtıcı adama “krısa” deyirlər. Cəmiyyətimizdə hazırda siçovulların bir-birini yeməsi prosesi  gedir.  Bu haqda vaxtilə AZ.TV-nin sabiq sədri Məmməd Murad proqnoz vermişdi. Bəzi qəzetlər siçovulların bir-birini yeməsi məsələsində köməkçi rolunda iştirak edirlər, o mənada ki, yeyilməkdə olan siçovulu rahat udmaq üçün digər siçovula informasiya dəstəyi verirlər. Məsələn, bu qəzetlərdən biri sabiq vergilər naziri Fazil Məmmədov barədə araşdırma yazı dərc edib. Jurnalist Fazil Məmmədovun bir milyard dollar oğurlayaraq xaricə çıxartdığını, bu pulu hansı offşor şirkətlərə yatırdığını, hansı ölkərdə hansı mülkləri aldığını yazıb. Jurnalistin fərasətinə bax ki, necə faktlar aşkar edib. Araşdırma yazı belə yekunlaşır: “Hansı ki, bu cür əməliyyatlar və çoxgedişli kombinasiyalar nəticəsində ölkədən çıxarılan milyard dollardan artıq vəsait “yoxa çıxarılıb”. Bu pullar iş adamlarını soyaraq, bəzən iş yerlərinin, biznes obyektlərinin bağlanması hesabına əldə edilib. Bu isə Fazil Məmmədovun və komandasının yalnız dövlətin milyard dollarla pulunu çıxarmaqla deyil, həm ölkədə işgüzar mühiti məhv etməklə, iş adamlarını didərgin salmaqla Azərbaycana böyük zərbə vurduğunu söyləməyə əsas verir.” Sözlərdə tam həqiqət var. Köhnə siçovullardan birinin məhkəmə zamanı məmurların 30 faizə işlədiyi barədə dediyi sözləri nəzərə alsaq, Fazil Məmmədov bir milyard dollar oğurlayıbsa, daha böyük siçovul 3 milyarda yaxın pul oğurlayıb. Eşitdiyimə görə, hazırda məmurlar 20 faizə işləyirlər və yalnız vergilər nazirliyində deyil, bütün nazirliklərdə hazırda eyni proses davam edir. Və həqiqətən də müflis olan sahibkarlar iş yerlərini bağlayırlar. Bu gedişlə 1-2 ilə ölkədə iş yeri qalmayacaq. Əgər hökumət qarşısına iş yerlərini bağlamağı məqsəd qoyubsa, heç bir sahibkar bu prosesin qarşısında dayanıb obyektini qoruya bilməyəcək. Əhali bilir ki, məmuru yalnız bir halda işdən çıxarırlar, yuxarıya pul atanda. Fazil Məmmədov da işdən çıxarılanda hamı bir ağızdan dedi ki, “Znaçit yuxarıya pul atıb”. Hərçənd ki, Ramiz Mehdiyev dedi ki, guya sahibkarlarla vergilər nazirliyi arasında gedən məhkəmələrdə 70 faizə qədər işi sahibkarlar udublar. Bu da onu göstərir ki, vergilər nazirliyi sahibkarları qanunsuz olaraq incidib.

Qarşıdan İt ili gəlir. İt ilində siçovulların bir-birini yeməsi prosesi başa çatacaq. Artıq ölkədə az sayda yağlı siçovul qalıb.  Ən böyük siçovulun yeyilməsi İt ilindən sonra gələn Donuz ilinə qalacaq. O ki qaldı bütün siçovulları yeyən axırıncı siçovulun taleyinə, o siçovul özü partlayıb ölür, reallıq belədir. Hərçənd mən qoroskopa inanmıram, amma illəri tutuşduranda xeyli oxşarlıq tapmaq olur və yüz faiz tarix təkrar olunur. Oxucularımı qarşıdan gələn yeni il münasibətilə təbrik edirəm. Əgər mənimlə həmfikir olan yüz nəfər də varsa, bu məni sevindirir. Markesin “Patriarxın payızı” romanı ən çox nifrət etdiyim əsərdir, yadıma düşəndə ürəyim qalxır. Əsərə görə patriarxın ölkəsində bir nəfər də vicdanlı insan yoxdur, bütün xalq yırtıcıdır. Belə şey ola bilməz. İstənilən dövrdə istənilən ölkədə az sayda da olsa vicdanlı adamlar olur. Bu yerdə köşə yazarı Zamin Hacını yada salmaq yerinə düşər. Zamin yeganə köşə yazarıdır ki, lağlağı ilə də olsa, (mən onu başa düşürəm) Azərbaycanın ən kəskin problemlərindən yazır. Görünür, prezidentin verdiyi mənzildən ona çatmayıb. Mənzil alan köşə yazarları ermənidən, rusdan, İrandan, müsəlmanlardan, ərəblərdən, Qüdsdən, Trampdan, bir sözlə, Azərbaycandan başqa hər şeydən yazırlar. Zamin Hacıya da mənzil versələr, əlvida köşə yazarları!!! 

Yola saldığımız Xoruz ilinin sonunda Heydər Əliyevə rəhmət oxumaq istəyirəm. Yaltaq məmurlar saxta çıxışları ilə o kişinin dəyərini azaldırlar, amma o, doğrudan da, dahi idi, hər şeyin həddini gözləyirdi, bilirdi ki, hara kimi getmək olar. Deyir pisi görməsən yaxşının qədrini bilməzsən. Heydər Əliyevin vaxtında mənim qəzetimin ən məhsuldar günləri idi. Heydər Əliyevin vaxtında ilk dəfə “İmpuls” qəzetində “Siyasi məhbuslara azadlıq!”  şüarı altında siyasi məhbusların şəkillərini dərc edirdim. Mənə bir kəlmə söz deyən yox idi. Hərçənd ki, sonradan başa düşdüm ki, Heydər Əliyev düz edirmiş. Bizim vətənpərvərliyinə inandığımız bu “siyasi məhbusların” əksəriyyəti ciblərini dolduran fırıldaqçılar imiş. Təəssüf ki, mən Heydər Əliyevi canlı görə bilmədim. Bir dəfə o, baş redaktorları görüşə dəvət edəndə məni də dəvət etmişdi. Əvəzimdə baş redaktoru əvəz edən Şahin Rzayev görüşə getdi. 1992-ci ildə yaratdığımız “Qaya” firması da Heydər Əliyevin vaxtında yüksələ-yüksələ gedirdi. Hazırda bir siçovul firmanın nəfəsini kəsib. O siçovulu tezliklə udmasalar, “Qaya”nın əməkdaşları da işsiz qalacaqlar. Allahın köməyi ilə İt ili bizə düşər.

İllər dəyişəndə adam istər-istəməz ötən illəri xatırlayır. 54 illik həyatımda gözəl günlər çox olub. Amma nədənsə, hafizəmdə çətin günlər daha dərin iz buraxıb, onları daha çox xatırlayıram. Belə günlərdən biri də redaksiyamın pəncərələrinin hörüldüyü gündür. Mən günəş işığını sevirəm, günəş işığının düşmədiyi qaranlıq otaq məni vahiməyə salır. Pəncərələr hörüləndən sonra mən ağır depresiya keçirdim, hamı elə bildi öləcəm. Haqsızlıq qarşısında aciz qalmağım  sağlamlığıma pis təsir etdi. Tək mənim pəncərələrimi yox, bütünlükdə redaksiyamızın yerləşdiyi üçmərtəbəli binanın pəncərələrini hördülər, körpə uşaqlar da günəş işığına həsrət qaldı. Heydər Əliyevin bir xasiyyətini çox bəyənirdim. Ona yaxşılıq edən insanlara daim yaxşılıq edirdi, yaxşılığını itirənlərin nəslini kəsirdi. Bizdə deyirlər ki, etdiyin yaxşılığı demək düzgün deyil. Əgər yaxşılıq etdiyin insan nankordursa, niyə də bunu onun sifətinə çırpmayasan. Heydər Əliyev yaxşılığını itirən insanlara bunu xatırladırdı. Əgər əlimə fürsət düşsə, bizi günəş işığına həsrət qoyan o adamı pəncərəsiz kamerada çox yox, bir il saxlayardım. Hazırda detektiv oxuyaram. Detektivin müəllifi tez-tez yapon filosofu Konfusidən sitatlar gətirir. Onlardan birində Konfusi deyir: “Qanunların işlədiyi ölkədə yoxsul olmaq və aşağı vəzifə tutmaq eyibdir. Qanunların işləmədiyi ölkədə isə varlı olmaq və yüksək vəzifə tutmaq eyibdir.”

 Bizim təzə il üçün dövlət büdcəmiz 20 milyard manatdır. Media kapitanlarımızın birinin qəzetində gedən analitik məqaləyə əsasən hüquq-mühafizə orqanlarımız Fazil Məmmədovun oğurlayıb xaricə çıxartdığı bir milyard dolları ölkəyə qaytarmaq fikrindədir. Belə ki bu pul qayıtsa, gələn ilin büdcəsi 21 milyard dollar olacaq, çünki qanunla o pul büdcəyə qayıtmalıdır, ən düzgünü o olar ki, həmin pul hesabına sahibkarlara dəyən ziyan ödənsin. Sizcə o pul hara gedəcək? Qoy bunun cavabını media kapitanları, media holdinqlərin rəhbərləri versinlər. Çox bərk gedirlər. Görək onların xidmət etdikləri siçovullar yeyiləndən sonra nə edəcəklər. Yəqin ki, onları da “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin taleyi gözləyir. Habil bəzi media kapitanlarının, media holdinq rəhbərlərinin balaca forması idi. Hazırda həbsdə olan Habilə verilən ittihamlara görə Milli Təhlükəsizlik Nazirliyi onu himayə edirmiş, Habil nazirlikdən verilən imformasiyalar əsasında məmurları şantaj edib pul alırmış. Habili 15 ilədək həbs cəzası gözləyir. Əflatun Amaşov guya reket jurnalistikaya qarşı mübarizə aparır, amma deməyə qorxur ki, reket jurnalistlərin arxasında nazirlər dayanır.

Bir faktı da yazım. Hər ilin sonunda KİV-ə Dəstək Fondunun direktoru Vüqar Səfərov bir toyun xərcini çəkərək şadlıq evlərinin birində jurnalistlər üçün bayram şənliyi keçirir. Vüqar Səfərov bilir ki, ölkədəki ən yaxşı jurnalistlər kimlərdir. Mən o şənlikdə iştirak edən jurnalistlərin də bayramını təbrik edirəm. Deyəsən, Habil Vəliyev də vaxtilə elə bayramlarda başda oturanlardan biri idi. Ay namərd dünya!!!  

 Yeni il qabağı bir sahibkar qəribə bir məsləhət verdi. Savadlı hüquqşünas olan bu sahibkar dedi ki: “ Heç vaxt məhkəməyə müraciət etmə. Çünki məhkəmə məmurların qanunsuz əməllərini məhkəmə yolu ilə qanuniləşdirir və sahibkar, vətəndaş biryolluq azic qalır. Məhkəməyə müraciət etmək həm pul, həm vaxt itkisidir, həm də əsəbləri pozmaqdır. Əgər qarşı tərəf məmurdursa, vətəndaş mütləq uduzacaq.”  Mən gözlərimi döyəcləyib dedim ki, bəs onda vətəndaş neyləməlidir? O cavab verdi ki, məhkəmə dövlətin qanunlarını tapdalayanda cəmiyyətdə aqresiya, zorakılıq və həmin dövlətə inamsızlıq başlayır. Bu suala qoy Ali Məhkəmənin sədri Ramiz Rizayev də cavab versin. Ramiz müəllim, Yeni iliniz mübarək!  

Yenilənmişdir Çərşənbə, 27 Dekabr 2017 06:31
каталог фаберлик на сайте faberllena.ru
народная медицина