DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


SÜPÜRGƏ PULU

Mətanət Əliyeva

Mən elə bilirdim ki, artıq məktəblərdə süpürgə pulu yığmaq söhbəti qurtarıb. Sən demə, bu söhbət hələ də davam edirmiş. Təzə müstəqil olduğumuz illərdə orta məktəblərdə süpürgə pulu adı ilə valideynlərdən hər ay pul yığırdılar.  Guya bu pula sinifləri süpürmək üçün süpürgə alırdılar, xadiməyə pul verirdilər, elektrik lampası alırdılar və sair. Valideynlər hər ay deyinə-deyinə, müəllimlərə qarğış edə-edə bu pulu verirdilər. Çox güman ki, o vaxt da dövlət  süpürgə üçün  məktəblərə pul ayırırdı, kimlərsə bu pulu mənimsədiyindən sinif rəhbərləri valideynlərdən pul yığmalı olurdular.  Tutaq ki, o vaxt dövlətimiz kasıb idi. Rəsmi təbliğata inansaq, artıq dövlətimiz o qədər varlanıb inkişaf edib ki, hətta regionda lider dövlətə çevrilib. Belə olan halda siniflərdən fond pulu adı altında hər ay pul yığılması başa düşülən deyil. Elə ailələr var ki, quru maaşa yaşayırlar, maaşı bu aydan o aya güclə çatdırırlar.  Onlar üçün ayda 5 manat fond pulu vermək asan deyil. Təhsil nazirliyinin məmurları hal-hazırda milyonçu kimi yaşayırlar, ən bahalı maşınları sürürlər, ailə üzvlərinə xidmət edən qulluqçu, sürücü, dayə və sair üçün ayda bir neçə min manat pul xərcləyirlər. Rayonlarda aclıq çəkən əhali məmur ailələrinə nökərçilik etmək üçün Bakıya axışır. Valideynlər lazımsız dərslərin, lazımsız kitabların, lazımsız iş dəftərlərinin çoxluğundan, dərsliklərin səviyyəsizliyindən dalda qeybət edirlər, lazımsız  dərs yükləmələrindən şagirdlərin əsəbləri pozulur, ağır çanta daşımaqdan onurğa sütunları əyilir. Amma valideynlər sözü bir yerə qoyub bu hallarla mübarizə apara bilmirlər.

Bu yerdə dahi Nizaminin “Bayquşların söhbəti” əsəri yada düşür. Xarabalıqda söhbət edən bayquşlar deyirlər ki, nə qədər bu zalım şah var, xarabalıqların sayı ildən-ilə artacaq. Azərbaycanda da nə qədər ki, indiki hakimiyyət qalacaq, təhsil mafiyası korrupsiyadan imtina etməyəcək. Məktəblərin birində bəzi valideynlər də, görünür, fond pulundan qəpik-quruş əldə etmək üçün intriqalara başlamışdılar. Valideyn komitəsinin sədri hər ay yığılan fond pulunun hesabatını vermədiyi üçün qeybət etməyə başladılar ki, pulu komitə sədri ilə sinif rəhbəri oğurlayır. Ara qızışdıran bu valideynlərin məqsədi əslində o deyildi ki, yığılan pula hesabat verilsin. Onların bəzilərinin məqsədi komitənin üzvü olmaq, çirkin işlərdə iştirak etmək idi. Dedi-qoduya son qoymaq üçün valideynlərdən biri sinif rəhbərinə dedi ki, yığılan pulların hesabatı verilməsə, direktora şikayət edəcək və bu məsələni ictimailəşdirəcək.  Bu söhbətdən sonra şəffaflıq təmin olundu, amma məsələni qaldıran valideynə elə münasibət bəslənildi ki, guya bu, xalq düşmənidir. Aydın məsələdir ki, haqsızlığa etiraz edənlər həmişə təklikdə qalır, onlar söyülür, təhqir olunur, böhtana tuş gəlir, böyük cinayətkara etiraz edirsə, daha böyük təhlükə ilə üzləşir. Haqsızlığa dözə bilməyən insan belə şeyləri vecinə almır.

Təhsil nazirliyində tüğyan edən korrupsiya məhz məktəblərdən başlanır. Əgər bütün valideynlər korrupsiyaya qarşıdırlarsa, mövcud vəziyyətdən narazıdırlarsa, niyə birləşib mübarizə apara bilmirlər? Bu sualın cavabını tapa bilsək, yəqin ki, problem də həll olunar.  Bir şeyi yadıma salıram ki, korrupsiyaya qarşı mübarizə idarəsi təzə yarananda insanlar buna inandılar, hamı səsini çıxarmağa, şikayət etməyə başladı. Sonra gördülər ki, bunların hamısı görüntü üçün yaradılan bir tamaşadır və hamı susdu. Yəqin insanlar çox uzaqgörəndirlər, bilirlər ki, məktəblərə büdcədən ayrılan pulu kimlər yeyir və bu adamlarla mübarizə aparmaq mümkün deyil, çünki bütün hüquq-mühafizə orqanları onlara xidmət edir. Mübarizənin son həlli hüquq-mühafizə orqanlarına həvalə olunur, son qərarı isə məhkəmə verir. Bütün bu orqanlar isə cinayətkarlara xidmət edir. Bizdə müstəqil məhkəmə yoxdur,  deputatlar təyin olunur, mətbuat işçilərini satın alıblar, hakimiyyət bir əldə cəmləşib. Belə bir vəziyyətdə necə mübarizə aparmaq olar?   Bu sualın cavabını tapan adam ölkəmizdə böyük mütəfəkkir və güclü siyasi lider ola bilər.

Son günlər insanların əsəbləri ilə oynayan bir məsələ də ortaya atılıb. Bir qrup dilçi “alim” sözlərin yazılışında dəyişikliklər etməyə başlayıblar. Bəzi ayrı yazılan sözlər bitişik yazılmalıdır, bəzi bitişik  yazılan sözlər ayrı yazılmalıdır, qoşa samitlərin biri atılmalıdır və sair kimi axmaq təkliflər irəli sürürlər. “Alimlərin” bu mənasız fəaliyyətinin səbəbini heç kim dərk edə bilmir. Biri deyir ki, vətəndaşları savadsızlaşdırmaq istəyirlər, biri deyir görüntü yaratmaq istəyirlər ki, guya alimlər işlə məşğuldurlar, biri deyir bu yolla elmi adlar almaq istəyirlər. Bir sözlə, kim nə istəyir onu da edir, xalq hüquqsuz və acizdir. İndi də guya əhalinin qida təhlükəsizliyi üçün tədbirlər görürlər. Vətəndaşlar indiki vəziyyətdə ölü, xəstə, qoca heyvanların da ətini alırlar. Kasıblar ətə baxan kimi onun keyfiyyətini görürlər, amma bahalı ətə pulları olmadığı üçün ucuz, iylənmiş ət alırlar. Qeyrət Partiyasının sədri rəhmətlik Əşrəf Mehdiyev deyirdi ki, insan 40 gün ət yeməsə qudurar. Aylarla ət almağa pulu olmayan insan dözə bilmir, iylənmiş eşşək əti də olsa, onu alır. Vətəndaşlara normal maaş, pensiya verilsə, işləyib pul qazanmaq imkanı verilsə, iylənmiş ətləri alan olmaz. Alıcısı var deyə iylənmiş ətləri bazara çıxaranlar var, alıcı olmasa Hindistandan keyfiyyətsiz ətləri də ölkəmizə gətirən olmaz.

Azərbaycanın pullarının 99 faizi Bakıda boş qalmış, heç kimin yaşamadığı binalara xərclənir. Rayonlarda isə palçığın içərisində gəzən, təzək hisinin iyini verən, iylənmiş eşşək əti yeyən, müalicəyə pul tapmadığından gözü kor olan, yalan təbliğatdan bezən qəzəbli insanlar bir-birini didib parçalamaq istəyir. Xalqdan ayrı düşmüş məmurların xalqın qəzəbindən xəbərləri yoxdur deyə səhiyyədən oğurladıqları milyonların əllərindən çıxmaması üçün icbari tibbi sığortanı yenə də  yubadırlar.   

Yenilənmişdir Cümə, 02 Fevral 2018 08:29
каталог фаберлик на сайте faberllena.ru
народная медицина