DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


OĞRU İNGİLTƏRƏ HÖKUMƏTİ

metanetMətanət Əliyeva

Son günlər özümdə bir ruh düşkünlüyü hiss edirəm. Yəqin bu fəsillə bağlıdır. Gələn ay bahar gəlir. Yazqabağı adətən insanlarda depresiyalar başlayır. Bizim ölkəmizdə, deyəsən, hamı ruh düşkünlüyü içərisindədir. Hər  addımda rastlaşdığımız haqsızlıq insanın ruhunu sıxır. Mətbuatda gedən məlumatlara əsəsən, İngiltərə hökuməti təzə qanun qəbul edib. Bu qanuna əsasən,  korrupsiya pulları ilə İngiltərədə mülk alan, banklara pul qoyan xarici ölkə vətəndaşlarının mülklərinə və bank hesablarına həbs qoyulur. Mülk sahibləri sübut edə bilməsələr ki, əmlaklarını qanuni yolla qazandıqları pullar hesabına alıblar, mülk satışa çıxarılır, satışından gələn pul İngiltərənin büdcəsinə keçir. İngiltərə hökuməti korrupsionerlər tərəfindən mülklər alınanda susurdu. Bizim məmurlar xalqın axırıncı qəpiyini də oğurlayaraq İngiltərəyə daşıyırdı. Elə indi də məmurlarımızın əksəriyyətinin ailəsi Londonda yaşayır və məmurlarımız hər  ay xalqdan oğurladıqları pulları Londona göndərirlər.  İngiltərə hökuməti də bizim oğru məmurların tayıdır, “oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edərək bizim xalqdan oğurlanan pulları qanun adı altında  özü oğurlayır, halbuki bu pullar bizim büdcəyə qayıtmalıdır.  Bu sözü deyəndə məni qınadılar ki, bu pulu kim tələb edəcək? Pulu oğurlayanlar hazırda hakimiyyətdədirlər. Belə çıxır ki, hakimiyyətə korrupsiyaya bulaşmamış  siyasətçilər gəlsələr, bu pulları İngiltərə hökumətindən tələb edə bilərlər. Sözsüz ki, bunun qanuni yolları var.

Təəssüf ki, bu il aprelin 11-də növbədənkənar keçiriləcək prezident seçkiləri vəziyyəti dəyişməyəcək. Səfalət içərisində yaşamaq adamı bezdirir. İllərlə gecə-gündüz çalışan insanların 20 ilə qazandığı pulları kimlərsə oturduqları yerdə bir günün içərisində “qazanırlar.”  Mətbuatdan oxudum ki, Dəmirbank əmanətçilərin külli miqdarda əmanətlərini mənimsəyib. Onlardan bir qrupu mərhum xalq şairi Xəlil Rza Ulutürkün qohumlarıdır.  Şairin qohumlarının bankda mənimsənilən pullarının məbləğinə baxın: Tural Axundov 395 min manat, Əzizə Axundova 1 milyon 155 min manat, Bəhruz Axundov 400 min manat, Pərvanə Əliyeva 400 min manat, Gülnur  Axundova 300 min manat, Sevda Xəlilova 300 min manat, Firəngiz Xəlilova 150 min dollar, Rüstəm Qasımov 100 min dollar. Məmurların pulları başa düşürük haradandır. Şairin qohumlarında bu qədər pul hardan ola bilər? Yəqin onlar da məmurdurlar. Sağ olsunlar ki, pullarını heç olmasa İngiltərəyə ötürməyiblər, yerli banklarda saxlayıblar. Ölkədə maaşların verilməsində problem var. Artıq oliqarxlar da işçilərinə vaxtlı-vaxtında maaş verə bilmirlər.

Ölkə çökür, vətəndaşlar da batan gəmidə çabalayır, xilas olmağa çalışırlar. Başa düşmək istəmirlər ki, təklikdə sahilə gedib çıxa bilməyəcəklər,  batan gəmidə xilas olmaq üçün gəmini qorumaq lazımdır. Yaşlılar başa düşürlər ki, qarşıda onları yaxşı heç nə gözləmir, sakitcə ölümlərini gözləyirlər. Cavanlar da qarşıda işıq ucu görmürlər. Qocaların təqaüdü ilə yaşayan əksər gənc ailələr ilbəil bu imkandan məhrum olurlar. Təqaüdə çıxmaq üçün 65 il yaşamaq lazımdır. Sovet hökuməti dağılanda necə də sevinirdik. 55 yaşında təqaüd, uşaq pulu, səhiyyə pulsuz, qaz, işıq ucuz, işsizlik yox, Moskva qorxusu. Bunların hamısını itirdik. İndi bir məmurdan yuxarı orqanlara şikayət edəndə şikayəti araşdırmaq üçün həmin məmura göndərirlər. Yəni ki, şikayət etməyin mənası yoxdur. Məhkəməyə şikayət etmək isə pul itkisi və əsəbləri pozmaqdır. İndi hakimiyyətdə sovet hökumətini dağıdan məmurların özləri və onların övladlarıdır. Heydər Əliyev hakimiyyətdə olanda bir nəfər siyasətçi mənə verdiyi müsahibədə dedi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ölməkdə olan korrupsioner zümrəni diriltdi. O vaxt hələ demokratiya vardı. İndi bu sözləri deməyə heç bir siyasətçi cəsarət etməz və heç bir qəzet bunu yazmaz. “7 oğul istərəm” filmində bir epizoda baxanda həmişə gözlərim dolur. Yaz gəlir, kəndlilər sevinə-sevinə torpağı kotanla şumlayırlar. Səhv etmirəmsə, şum  sevinc və kədər qarışıq “Cütçü” rəqsinin sədaları altında gedir. Gəray bəyin adamları  gəlib kəndçiləri güllələyirlər. İndi yaz gəlir, amma kəndli tarlanı şumlamır. Bəzi “havayı yeyənlər” kəndliləri təmbəllikdə günahlandırırlar, amma səbəb başqadır və daha ciddidir. Bu problem bir  dəfə də olsun dövlət səviyyəsində müzakirə olunmayıb. Kəndlidən soruşan yoxdur ki, niyə torpaqdan soyumusan?  Korrupsionerləri tənqid etməyə cəsarəti çatmayan gənc cızma-qaraçılar Səməd Vurğunu təhqir edirlər. Səməd Vurğunun şeirləri vəhydən gəlib, İlahidən gəlib. Yazı olmasa belə, bu şeirlər şifahi şəkildə dildən-dilə düşəcəkdi. Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu da böyük istedad idi. Onun “Yaşıl eynəkli adam” tamaşası və  “Bəxt üzüyü” filminə yazdığı ssenari böyük sənət əsəridir. Səməd Vurğun və Vaqif Səmədoğlu xalqa bağlı şairlərdir. Onların böyüklüyü də bundadır.   

Yenilənmişdir Cümə, 09 Fevral 2018 20:52
каталог фаберлик на сайте faberllena.ru
народная медицина