DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


HƏZRƏTİ ZEYNƏB SEGAHI

metanetMətanət Əliyeva

Son günlər yazmağa həvəsim yoxdur. Nəsə məndə bir boşluq, laqeydlik var. Yazıb yaratmaq üçün insanın hissləri aşıb daşmalıdır. Məni yazmağa ən çox qəzəb hissi vadar edir. Haqsızlıqla barışa bilmirəm. Yəqin aprelin 11-də keçiriləcək prezident seçkilərindən dəyişiklik gözlədiyim üçün hisslərim sönüb. Prezidentliyə namizədlərin çıxışları da bizim üçün bir yenilik idi. Televiziya kanalında canlı yayımda tənqidi fikirləri dinləmək, müxtəlif fikirli adamların debatına baxmaq maraqlı idi. Namizədlərin son çıxışı Qarabağ probleminin həlli ilə bağlı idi. Peşəkar siyasətçilər kimi sadə adamların da Qarabağ probleminin həlli ilə bağlı öz fikirləri var. Məsələn, mənim əmim qızı elə bir təklif verir ki, hər dəfə yadıma düşəndə ürəkdən gülürəm. Əmim qızı deyir ki: “Qarabağda qoy ermənilər yaşasın da, erməniləri də Allah yaradıb. Bu qədər torpaqlarımız boş qalıb. O torpaqları alıb neyləyəcəyik ki, ondan ötəri oğlanları ölümə verək?” Əmim qızının sözündə həqiqət var. Torpaqlarımızın 70 faizi istifadəsiz qalıb. Hamı yığılıb Bakıya. Rayonlular 2-5 min manat verib Bakıda bir sot torpaq alırlar. Qarın-qarına tikilən evləri zinə basıb. Bunun özü göstərir ki, ölkənin idarəçiliyi bərbad gündədir. Öz rayonumuzda acından sümükləri çıxmış mal-qaranı görəndə qanım qaralır. Su olsa, Hacıqabuldan Kürdəmirə kimi boş qalan min hektarlarla torpaqlar əkilər, yonca, arpa , ət, süd ucuz olar, əhali mal-qara saxlamaqdan xeyir götürər. Hacıqabulda iki məmura məxsus olan holdinq üçün dövlət hesabına Kürdən suvarma suyu çəkilir. Əhali hesab edir ki, bu sudan yerli camaata verməyəcəklər. Versələr, biz də rayona köçüb 50 hektar torpağımızı əkərik. Bu yerdə lap dərdim təzələnir. İlin bu vaxtında Hacıqabulun cənnət vaxtı olur. Bakıda yaz fəsli olmur. Soyuqların arxasınca dəhşətli istilər düşür. Yazın gözəlliyinə həsrət qaldığım üçün Bakıda özümə yer tapmıram. Həyat yoldaşım deyir ki, su olmasa rayona köçməyin mənası yoxdur. Əvvəlki yazımda da yazmışdım. Millətə ayrı-seçkilik qoyan məmurları matəmə tapşırmışam. Əgər onlar dövlətin hesabına çəkilən sudan yerli camaata verməsələr, matəmə kimi kresloları boş qalsın, vəzifələrini itirəndən sonra əhaliyə qarşı etdikləri haqsızlıqlar öz başlarına gəlsin, görsünlər ki, sadə vətəndaşlar onların idarəçiliyindən nə qədər əzab çəkiblər.
Matəmdən danışmışkən, İran, Türkiyə və Rusiya prezidentlərinin görüşündə müşahidə etdiyim bir faktı qeyd etmək istəyirəm. Rusiya və Türkiyə prezidentləri yorğun, kədərli göründükləri halda İran prezidenti Həsən Rühani həmişə çox gümrah görünür, həmişə əhvalı yüksək olur. İranlıların əksəriyyəti belədir. Milyarder qərblilərin sifətindən cəhənnəm əzabının əlamətləri göründüyü halda sadə iranlılarda ruh yüksəkliyinin olmasını onların dinə sıx bağlı olmaları ilə izah edirlər, dinə dərin inam onlara daxili rahatlıq verir. Mən hesab edirəm ki, bütün ilahi sənət əsərləri kimi Segah muğamı da islam dini ilə bağlı vəhydən gəlib. Hər bir musiqini yaradan bir konkret şəxs var. Muğamlarımızın yaranma tarixi deyiləndə əsasən dahi Üzeyir Hacıbəyov yada düşür. Üzeyir bəyin rəhbərliyi ilə muğamlarımız nota köçürülüb. Üzeyir bəy Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski kimi muğam ifaçılarını Bakıya gətirərək onlara muğamı tələbələrə tədris etmək üçün şərait yaradıb. Segah muğamının ilk yaradıcısı isə Məhəmməd peyğəmbərin nəvəsi, İmam Əlinin qızı, İmam Hüseynin bacısı həzrəti Zeynəb olub. Qardaşları xəlifə Yezid tərəfindən qətlə yetiriləndən sonra Zeynəb onları Segah muğamı üstündə oxşayaraq ağlayıb. Muğamın sehrinə, insan hisslərinin dərinliyinə bax ki, 1300 il keçəndən sonra belə bu gün də qadınlarımız vəfat etmiş əzizlərini Zeynəbin yolu ilə gedərək Segah üstündə ağlayırlar. Amma əzizlərindən əvvəl Zeynəbin dili ilə onun qardaşlarını oxşayıb ağlayırlar, sonra öz əzizlərini ağlayırlar. Bizim qadınların yas məclislərində xırdalıqlar etməsinin şahidi olmuşam ki, Rübabə Muradova onların yanında yalandır. Ana laylası da, mənim çox sevdiyim “Şirvan şikəstəsi” də, digər şikəstələrimiz də Segah üstündədir. Üzeyir bəy “Leyli və Məcnun” operasını da “Segah” üstündə yazıb. “Leyli və Məcnun” qulaq asan avropalı tamaşaçının hönkür-hönkür ağlamasını görmüşəm. Muğam ifaçılarından kim Segahı həzrəti Zeynəb üslubunda oxuyursa, onlar tamaşaçı tərəfindən ilahi bir sevgi ilə sevilir. Mənim fikrimcə, Rübabə xanımdan və Nəzakət Məmmədovadan sonra Zeynəb yolunu gedən Könül Xasıyevadır. Bahar Lətifqızı da bu yolu gedə bilər, amma o bayağılığa meyl edir. Bəlkə kimlərsə milyonlar oğurlayan məmur xanımlarına həsəd aparır, onların xoşbəxt olduğunu zənn edir. Məndə qəti əminlik var ki, onlar ən bədbəxt insanlardır. Xoşbəxtlik mənəvi zənginlikdədir. Oğru, acgöz adamın daxili boş olar. Xoşbəxtlik üçün Həzrəti Zeynəb kimi zəngin mənəviyyat sahibi olmaq lazımdır. Segah muğamını bəşəriyyətə bəxş etdiyi üçün, İlahi Segah kimi bir mözüzəni onun vasitəsilə insanlara göndərdiyi üçün min ildən artıqdır Zeynəb yaşayır, ildən-ilə ona olan ilahi sevgi güclənir.

 
Yenilənmişdir Cümə axşamı, 05 Aprel 2018 19:30
каталог фаберлик на сайте faberllena.ru
народная медицина