DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


TƏQAÜDLƏR 20 DƏFƏ ARTIRILIB

metanetMətanət Əliyeva

 

Salam, hörmətli azsaylı oxucularım. Qızmeydan kəndindən əncir mürəbbəsi bişirmək üçün bir həftəlik Bakıya gəlmişəm.Şamaxıda əncir bitmir. Sonuncu yazımda qeyd etmişdim ki, növbəti yazımı hakimiyyət dəyişəndən sonra yazacağam, amma qərara aldım ki, o vaxta qədər daha bir yazı yazım. Kənddə dünyadan xəbərim yoxdur, amma kəndlə bağlı çoxlu xəbərim var. Kənd adamlarının tərbiyəsi, mədəniyyəti, incə yumoru mənə ləzzət edir. Kədçilərdən biri dedi ki, “prezidentimiz tez-tez çıxışlarında deyir ki, Əliyevlərin hakimiyyəti dövründə təqaüdlər 20 dəfə qalxıb və bunu dövlətin uğuru kimi qeyd edir.  Təqaüdlər 20 dəfə qalxandan sonra 200 manat olub. Qalxmasaydı təqaüdçülər 1 manat almalı idilər”. Yaşlı bir qadın dedi ki, “gübrə alıb taxıla verdik, taxıl dönüb oldu ot. Hökumət hər hektara görə 100 manat subsidiya verirdi, onu da vermədi ki, taxıl əvəzinə ot çıxıb”. Bu il elə bil ki, Allah Qızmeydan kəndindən üz döndərib. Ağaclar gül açan vaxt qar yağdı, şaxta gülü vurdu, bu il meyvə olmadı. Qışda kəndin bütün toyuq-cücəsi xəstəlikdən qırılıb. Heç vaxt xəstələnməyən qazlar belə keçən qış qırılıb. Kəndin bütün itlərini canavarlar yeyib. Yay quraqlıq keçdi deyə ot yoxdur, mal-qara süddən kəsilib. Kənddə süd və yumurta tapmaq çətindir.  Keçən il sarımsaq baha olduğu üçün (kənddə bir kiloqramının topdansatış qiyməti 4 manat idi) bu il bütün kənd sarımsaq əkdi. Hətta bəzi adamlar 5-10 min manat kredit götürüb sarımsaq əkdilər və həmin adamlar indi başlarını itiriblər, çünki sarımsağın kiloqramı iki manatdan da ucuz olub. Həmin adamların bəziləri özlərini öldürmək istəyirlər. Sonra da deyirlər ki, niyə ölkədə intiharların sayı artıb. Avropa ölkələrində hökumət kəndlinin belə faciələrlə üzləşməməsi üçün kənd təsərrüfatını tənzimləyir. Fermerin biri donuz saxlayırsa, hökumət qonşu fermerə deyir ki, sən donuz yemi becər. Firavan yaşamaq üçün pullarımızı oğurlayıb Avropaya qaçmaq lazım deyil, kəndçinin problemlərindən xəbərdar olmaq lazımdır. Bizim hökumətimizin başı daha “vacib” işlərə qarışıb. Mafiyaların davası son həddə çatıb. Hamı gözləyir ki, hansı mafiya o birinin sonuna çıxacaq. 1969-cu ildən bəri Ermənistan mafiyasından zülüm çəkənlər gözləyirlər ki, Paşayevlər bu mafiyanın sonuna çıxacaqlar. Şəxsən mənim  də bu mafiyaya sonsuz nifrətim var. Həyatda əldə etdiklərimizə görə Litva xalqına minnətdaram. Atasız-anasız qalan həyat yoldaşım Azərbaycanda heç nəyə nail ola bilməzdi. O, Litvada həm polis məktəbini, həm Vilnüs Universitetinin hüquq fakultəsini bitirdi. Onu Vilnüs şəhərində “OBXSS” işinə götürdülər, rütbələr verdilər. Həmin vaxt Azərbaycanda sıravi polis işçisi düzəlmək üçün indi olduğu kimi külli miqdarda rüşvət vermək lazım idi. Vilnüsün mərkəzində ikimərtəbə ev tikdirdik. Mərkəzdə yaşayan tənha qocaların istifadəsiz qalan torpaqlarının bir hissəsini ev tikmək üçün bir qəpiksiz gənc ailələrə verirdilər. Hazırda Azərbaycanın kəndlərində də gənc ailələrə rüşvətsiz bir sot torpaq vermirlər. Ata yurdundakı torpaq üstündə balta davasına çıxan övladlar qarın-qarına ev tikir, darısqal həyətdə təsərrüfat qura bilmirlər. Vilnüsdə insanlarla münasibətdə birinci şərt odur ki, heç kim heç kimdən sui-istifadə etməməlidir, hər kəs öz problemini özü etməlidir. Mən bu dövləti və onun xalqını sevdim, bütün əldə etdiklərimizə görə bu xalqa təşəkkür edirəm. Mən Paşayevlərin Ermənistan mafiyasını məhv edəcəyinə ümid edənlərə gülürəm. Tayfabazlığı məhv etməyin ən asan və qısa yolu korrupsiyanı aradan qaldırmaq idi. Korrupsiya olmayanda, büdcə talan edilməyəndə, məmurların cinayətlərinə göz yumulmayanda, bütün vətəndaşlara işləmək üçün bərabər şərait yaradılanda, məhkəmə hakimləri işə rüşvətlə götürülməyəndə tayfabazlıq özlüyündə sıradan çıxacaqdı, hər kəs zəhmətinə, bacarığına görə yaşayacaqdı, dövlət isə fiziki, əqli zəhətdən zəif insanlara yardım edəcəkdi, onlar da qısa ömürlərində ağır əzablar çəkməsinlər.

 

Mən Ermənistan mafiyasına nifrət etdiyim kimi Paşayevlər mafiyasına da nifrət edirəm . Hacıqabulda 2 minə yaxın meyvə ağacım var. Onlara “lapatka” əlimdə 20 il qulluq etmişəm. Bu yay o ağacları maşınla su alıb sulamışıq. Paşa holdinqin Hacıqabulda olan torpaqlarına dövlət melorasiya idarəsi Kürdən su çəkdi. Ümid edirdim ki, o sudan Hacıqabul əhalisinə də verəcəklər, vermədilər. İndi deyirlər ki, Mingəçevirdən Paşayevlərin sahələrinə su çəkirlər, bu su gələndən sonra bəlkə yerli əhaliyə də su verdilər. Keçən il Aşura günü Hacıqabul məscidində idim. Dedim ki, o sudan yerli əhaliyə verməsələr Paşayevləri matəmə tapşırıram, Yezid də peyğəmbər nəslini susuz öldürdü. Paşayevlər çox yaşasınlar, hakimiyyətdən getsinlər, əhaliyə etdikəli zülmü bu dünyada çəksinlər.  Mən deməsəm də bu belə olmalıdır. Allahın böyüklüyünə inanıram. Bununla belə, hakimiyyətdən gedənlərin hazırda Ermənistanda olduğu kimi həbsxanalara salınmasının tərəfdarı deyiləm. Təzə gələn rəhbər keçmişi qurdalamaq əvəzinə ölkənin dirçəldilməsi, qanunların işləməsi barədə düşünməlidir. Paşinyan kimi keçmişi qurdalayırsa, deməli, məqsəd başqadır. Ermənistanın pis günə qalmasında Qarabağ klanı ilə bərabər bütün erməni xalqı günahkardır. Bizdə olduğu kimi onlarda da əksər ziyalılar, siyasətçilər, mətbuat işçiləri xalqa xəyanət yolunu tutmuşdular, bunun əvəzində tula payı alırdılar.  Bütün qeyri-demokratik ölkələrdə təzə gələn hökumət köhnəni cəzalandırmaq və onun oğurladıqlarını əllərindən almaqla məşğul olur. Bu ənənəyə son qoyulmalıdır. Köhnə oğruları Allahın ümidinə buraxıb ölkənin inkişafı ilə məşğul olmaq lazımdır. Qoy hakimiyyətini itirmiş adam da Ayaz Mütəllibov kimi ölkədə yaşasın, lap siyasətlə məşğul olsun. Onu da qeyd edim ki, gözümə mirvari suyu gəldiyi üçün bu yazını çətinliklə yazıram. Əməliyyat olunmaq üçün pulum yoxdur. Milyonlarla azərbaycanlı bu gün mənim vəziyyətimdədir. Zərifə Əliyeva adına göz xəstəlikləri institutunda qiymətlər özəl xəstəxanalarla eynidir. Savadsız həkimlər rüşvət alıb xəstələri kor edirlər. Niyə belə olmalıdır?!! Prezident nə vaxta qədər yalan danışacaq?!! 

 

Gəncə hadisələrindən sonra insanlarda xof yaranıb, məmurlardan danışmağa qorxurlar. Bir nəfər hüquqşünas dedi ki, Gəncədə polis zabitlərini qətlə yetirən adamları sağ tutsalar, deməli, bu iş hökumət tərəfindən təşkil olunmayıb, öldürsələr, deməli, hökumət özü təşkil edib. Məlum oldu ki, hökumət xof yaratmaq üçün hadisələri özü təşkil edib. Əhalinin qəzəbindən qorxan məmurlar hadisələri qabaqlamaq istəyiblər. Rusiyada inqilabdan əvvəl çar Nikolay da belə metodlardan istifadə edirdi. Dahi Tolstoy başa düşürdü ki, inqilab labüddür. “Dirilmə” romanında bunu açıq-aydın yazırdı. Tolstoy övladlarının tüfeyli həyata meyl etməsindən narahat idi. O deyirdi ki “mənim övladlarım mənəvi cəhətdən şikəstdirlər”. Tolstoy övladlarını zəhmətə alışdırmaq üçün torpaqlarını təhkimli kəndilərə vermək istəyirdi. Bununla razılaşmayan həyat yoldaşı Tolstoyla daimi konfliktdə idi. Nəticədə Tolstoy qışda evdən qaçdı və yolda sətəlcəmdən vəfat etdi. Tarix sübut etdi ki, Tolstoy haqlı idi. Tolstoyu dərk etməyən Rusiyanın varlı təbəqəsi və Tolstoyun övladları ən ağır faciələri yaşamalı oldular. Bizim hazırkı məmurlar dayanmadan oğurlayıb övladları üçün var-dövlət yığırlar. Tarix göstərib ki, ən varlı valideynlərin övladları da çox vaxt ata-analarına xəyanət ediblər. Həm də axı sizin övladlarınız çox “istedadlıdırlar”. Onlar siyasət, biznes sahələrini tam monopoliyaya alıblar. Hətta şairlik, rəssamlıq, jurnalistlik də edirlər. “Neujeli” siz oğurluq etməsəniz onlar ac qalacaqlar? Şekspirin “Kral Lir”ini unutmayaq. Üzeyir Hacıbəyovun övladı yox idi, o bütün tələbələrini özünə övlad bilirdi. Üzeyir bəy xalq üçün misilsiz sərvətlər qoyub getdi. Tolstoy da yalnız övladlarına yox, bütün bəşəriyyətə ximət etmək istəyirdi, istədiyinə nail oldu. Atalar deyib niyyətin hara, mənzilin də ora. Tayfa mafiyasının da, Paşayevlərin də niyyəti milyardlar oğurlayıb övladları üçün qoymaqdır. Unutmayaq ki, Azərbaycanda Üzeyir bəylər də olub.

 

Yenə qayıdıram Qızmeydan kəndinə. Kəndin küçələrini gəzdikcə kərmə qalaqlarını görürəm. Kəndçilər kərmənin nə olduğunu bilirlər. Qoyun tövlələrində kirəclənib qalmış peyini kürüyüb çıxarırlar və bu il qışda da kəndçilər sobada kərmə yandıracaqlar. Kənddə qaz var, amma qazdan istifadə etməyə insanların maddi imkanı yoxdur. Dövlətimiz Avropaya üçüncü qaz kəmərini çəkir, prezident ölkədə analoqu olmayan inkişafdan danışır. Kəmə yananda pis qoxu gəlir. Günün altında işləməkdən eybəcərləşmiş kənd qadınları his, tər iyi verirlər. Gündə çimmək üçün şəraitləri yoxdur. Əksər ailələr quyudan çəkdikləri suyu yığmaq üçün çən ala bilmirlər. Su təmizlik, rahatlıq, firavanlıq, gözəllik mənbəyidir. Azərbaycanın şirin suları Xəzərə tökülüb şorlaşır, əhali isə suya həsrətdir. Mafiyaların başı bir-birini qırmağa qarışıb. Mafiyalara xidmət edən APA informasiya agentliyi bağlandı. Deyirlər ki, hər ay mafiya ona 250 min manat pul verirmiş. Mən 250 min manata 10 il öz qəzetimi çıxara bilərdim. APA-nın prezidenti Vüsalə Mahirqızının bir dənə maraqlı yazısını oxumamışam. Prezident hər il KİV-ə dəstək fonduna 5 milyon manat pul ayırır.  16 il qəzet nəşr etdim. Fond mənə bir manat vermədi. Mən ümidsiz deyiləm. Ölkəmin xoşbəxt gələcəyinə əminəm. 

Yenilənmişdir Çərşənbə axşamı, 14 Avqust 2018 16:33
каталог фаберлик на сайте faberllena.ru
народная медицина