DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“MƏN GƏMİNİ LİMANA ÇIXARMIŞAM”

Mətanət Əliyeva

İki aydan çoxdur ki yazmıram. Hesab edirəm ki, yazmaqdan keçib, əməldə dəyişiklik olmalıdır. Xoşbəxtliyimiz onda olardı ki, ölkəmiz parlament respublikası olardı, 5 ildən bir demokratik seçkilər keçiriləydi, siyasətlə məşğul olanlar siyasi mübarizə aparaydı, mətbuat bu mübarizəni işıqlandıraydı. Təəssüf ki, bunların heç biri yoxdur. İndiki halda yalnız zorakı yolla, hakimiyyət çevrilişi yolu ilə hakimiyyəti dəyişmək mümkündür. Bunun nəticələri faciəvi ola bilər. Amma dəyişiklik mütləq olmalıdır. 25 illik Əliyevlər hakimiyyətindən doymuşuq. Yaxşı işlərinə görə - yollar çəkilib, xəstəxanalar, məktəblər tikilib, Asan Xidmət yaradılıb və sair – sağ olsunlar. Əvvəlki hakimiyyətlə sonrakıların arasında düşmənçilik ənənəsinə son qoyulsun. Prezident son aylar kasıbları yadına salıb, tədbirlər görür. Bunun davamını gözləyirəm, amma nikbin deyiləm, çünki ölkənin 90 faizini təşkil edən kasıblar elə bir quyunun dibindədirlər ki, bu hökumət onları quyudan çıxara bilməyəcək. 10 min dollar kredit məsələsində güzəşt etməklə vəziyyət düzəlməz. Rayon əhalisinin həm banklara kredit borcu, həm sələmçiyə borcu, həm də ərzaq mağazalarına borcu var. Borclar gündən-günə böyüyür. 2 milyondan artıq vətəndaşımız ağır mühacirət həyatı yaşayır. Onların taleyi heç kimi maraqlandırmır. Kənd təsərrüfatı naziri İnam Kərimov, mənim bildiyimə görə, Asan Xidmətin yaradıcısıdır. Amma onun kənd təsərrüfatını qaldıracağına əmin deyiləm. Bunun səbəbini xırdalamaq istəmirəm. Bir şeydə əminəm ki, bu hakimiyyət qaldıqca vəziyyət gündən-günə ağırlaşacaq. Dövlət səviyyəsində israfçılığın nəticəsi dilənçilik olacaq. Əliyevlər hakimiyyətinin ən bağışlanılmaz əməli onların yaxın ətrafının qanunları və xalqı saymamasıdır. Mən özümü dahi Lev Tolstoyla müqayisə etmək istəmirəm. Tolstoy əsərlərində, o cümlədən “Dirilmə” romanında göstərirdi ki, Rusiyada bütün sahələrdə korrupsiya, oğurluq baş alıb gedir, tüfeyli həyat tərzi keçirən zadəgan sinfi, din xadimləri mənəviyyatlarını itiriblər, yeganə işıqlı qüvvə inqilabçılardır. Çar Nikolay nəticə çıxarmaq əvəzinə Tolstoyu sürgün etmək istəyirdi. Nəticədə inqilab baş verdi, sadə xalq azadlıq əldə etdi, zadəganlar güllələndilər, sürgün edildilər, kasıb mühacirə çevrildilər. Ən böyük faciəni çar Nikolayın ailəsi yaşadı.
Vətəndaşlar hakimiyyətə nifrət edirlər, amma onu devirmək istəyən qüvvəyə qoşulmaq istəmirlər. ABŞ-ın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsindən qorxurlar, fikirləşirlər ki, vəziyyət daha da pis olar, Əfqanıstanın, Suriyanın, İraqın vəziyyətinə düşərik. Elə bir an gələr ki, insanlar nifrətdən real düşüncə hissini itirə bilərlər. Siyasi elitamız, o cümlədən prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov (o Əli Həsənov ki, partiyaları, mətbuatı, QHT-ləri məhv etməkdə dərin zəka işlədib) qarşıdan gələn siyasi fəlakəti görmək əvəzinə yerini bərkitmək üçün prezidentin qızı Leyla Əliyevanın şeir kitabını xarici ölkələrdə tərcümə etdirir. Üzdə olan çərənçi siyasi politoloqları görəndə adam deməyə söz tapmır. Əslində bizdə vəziyyət Əfqanıstandan yaxşı deyil. Fərq ondadır ki, bizdə vətəndaş müharibəsi getmir, sovet Azərbaycanının bəxş etdiyi təhsil, səhiyyə sistemini tam dağıda bilməyiblər.
Hazırda ölkəmizin real mənzərəsi belədir ki, torpaqların 20 faizi işğaldadır, vətəndaşların 20 faizdən çoxu mühacirətdədir, məhkəmə, prokurorluq, polis başda olmaqla bütün dövlət strukturları maksimum korrupsiyalaşıblar, insanların mənəviyyatı məhv edilib, oğurluq, fahişəlik, narkomanlıq, yaltaqlıq xərçəng xəstəliyi kimi metastaz verib. Ölkəni bu vəziyyətə gətirən Əliyevlər hakimiyyəti onu bu vəziyyətdən çıxarmağa qadir deyil. Quldurluqla məşğul olan məmurlar başlarının üstündən Heydər Əliyevin və İlham Əliyevin portretlərini asıblar, sanki bununla demək istəyirlər ki, biz bu iki şəxsin diktəsi ilə ölkəni talayırıq, xalqın qanını içirik.
Dahi fransız diplomatı Taleyran tez-tez mövqeyini dəyişdiyi üçün bəziləri onu satqın hesab edirdi. Görəndə ki kral dövləti süquta aparır Taleyran kralı devirmək istəyənlərə qoşulurdu. Onu satqın hesab edənlərə Taleyran belə cavab vermişdi: “Mən görəndə ki, gəmi batır, onu limana çıxarmışam. Fərqi yoxdur bu hansı limandır”. Kralı satmaq satqınlıq deyil, əsl satqınlıq dövləti və xalqı satmaqdır. Bizim dövlət gəmimiz də batır, onu limana çıxarmalıyıq. Fərqi yoxdur gəminin yeni kapitanı kim olacaq. Bu kapitan da gəmini batırmaq istəsə, onu yeni kapitana dəyişib gəmini limana çıxararıq. Korrupsiya bataqlığında üfunətli palçığın bizi boğmasından canımızı qurtarmalıyıq. Mübarizəsiz yaşamaq ölməkdən pisdir.

Yenilənmişdir Cümə, 15 Mart 2019 12:50
каталог фаберлик на сайте faberllena.ru
народная медицина