DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“AZƏRBAYCANIN ƏRAZİSİ ABŞERON BOYDA QALACAQ”

Mətanət Əliyeva

QURANIN HANSI AYƏSİNDƏ, HANSI SURƏSİNDƏ DEYİLİR Ki, MÜSƏLMAN OĞURLUQ ETMƏLİDİR

Ramazan ayının yarısına az qalıb. Rayondakı qohumlarımızdan məsciddə kimlərin ehsan süfrəsi açmasını soruşdum. Məlum oldu ki, hələ heç kim məsciddə ehsan süfrəsi açmayıb. Bu da əhalinin ildən-ilə yoxsullaşmasının nəticəsidir. Əvvəlki illərdə Hacıqabulun Xilə məscidində ramazan ayı başlayan kimi ehsan süfrələri açılırdı. Mən bilirəm ki, rayonda elə adamlar var ki, evində iftar süfrəsi açmağa imkanı yoxdur. Əhalinin əksəriyyətinin adı ərzaq mağazalarının nisyə dəftərindədir. Rayonda mal qarnının kiloqramı 2 manatdır. Bir nəfər qadın dedi ki, 2 manat pul tapmır ki, qarın alıb qutab bişirsin. Bunu Bakıda bir nəfərin yanında danışanda ağladı. Oxucular deyə bilərlər ki, rayon camaatı işləmək istəmir. Belə şey yoxdur. Hacıqabul əhalisi çox zəhmətkeşdir. Ən ağır işi də işləməyə hazırdır. Rusiyanın, Sibirin kəndlərinə gedib təsərrüfatlarda işləyirlər, amma öz torpağımızı becərmək üçün dövlət onlara şərait yaratmır. Prezidentimiz deyir ki, sosial yönümlü siyasət aparır. Bu həqiqətdirsə, yerli icra hakimiyyətləri Ramazan ayında həftədə bir dəfə məscidlərdə büdcə hesabına ehsan versinlər. Bunu yazmaq istəmirdim, çünki icra başçıları 5-3 manat qazanan “yetim” sahibkarlara ehsan süfrəsi açdırıb öz adlarına çıxacaqlar. Prezident hər ay xaricdən minlərlə tüfeylini gətirib beynəlxalq tədbir adı ilə yedirib-içirir, amma özünün ac vətəndaşlarından xəbəri yoxdur. Allah hər adamın ehsanını qəbul etmir. Qəbul olunmuş bir ehsan haqqında danışmaq istəyirəm. Bir nəfər təqaüdçü qadın tez-tez redaksiyamıza gəlirdi. Oğlu həbsxanada yatan bu qadın təqaüdünü alan kimi oğluna yemək aparırdı. Bilirsiniz ki, məhbuslara dövlətin ayırdığı pulu məmurlar oğurlayırlar. Özü ac qalıb oğlunu yedizdirən qarı danışdı ki ”rəfiqəmlə telefonla danışırdım. Dedim ki, elə ürəyim düşbərə istəyir, bir az qoyun əti olsaydı, düşbərə bişirərdim. Bu vaxt qapının zəngi çalındı. Rəfiqəmə dedim gözlə görüm kimdir. Qapını açanda bir nəfər dedi ki, bu, qoyun ətidir, qurban kəsib paylayırıq. Payı aldım, ağlamaq məni tutdu.” İslam dini budur. Bəzi boşboğaz, özündən razı, dayaz gənclər özlərini yazar hesab edir, millətin hüquqsuz, səfalət içərisində yaşamasında islam dinini günahkar bilirlər, amma bir kafir məmuru belə tənqid etməyə cəsarət etmirlər, çünki azad deyillər, hasısa mafiozdan, yaxud xarici kəşfiyyatdan pul alırlar. Onlardan soruşmaq lazımdır ki, Quranın hansı surəsində, hansı ayəsində yazılıb ki, müsəlman oğurluq etməlidir, yalan danışmalıdır, zina etməlidir, haram yeməlidir? Müsəlman ölkəsində yaşamaq hələ müsəlman olmaq demək deyil. Bizim rüşvət alan bütün məmurlarımız kafirdirlər. Allah onlara lənət eləsin. Müsəlman o adamdır ki, Quranın dediklərinə əməl edir. Allah yekəbaş, dinsiz, haqsızlığa qarşı bir kəlmə yazmağa cəsarəti çatmayan gənc və qoca yazarlara da lənət eləsin. Mən gözəl başa düşürəm ki, ən istedadlı adam belə bu oğru, xalqın qanını içən hakimiyyətə yaltaqlanmasa, bütün qapılar onun üzünə bağlanır. Bu yolla istedad şəxsən qazansa da, millət bizim xalq kimi faciə yaşayır. Rəhmətlik Zəlimxan Yaqub istedadlı adam idi, aşıq şeri janrında gözəl şeirləri var, misilsiz yaddaşı vardı, aşıq Alıdan bəri bütün dahilərin şerlərini əzbər bilirdi. Bir nəfər dindar danışdı ki, Zəlimxan Yaqub Heydər Əliyevə həsr etdiyi “Peyğəmbər” poemasını yazanda ona deyiblər ki, bu, günahdır, yazma. Zəlimxan Yaqub yazdı, bütün qapılar onun üzünə açıldı və şair bu dünyada çox əzab çəkdi. Allah o dünyasını versin. Arif Məlikov da Heydər Əliyevə simfoniya həsr etdiyi üçün sağlığında bütün titulları aldı, oğru komanda onun dəfnində çanfəşanlıq etdi. Müxalifətçilər də onlara qoşulan sənət adamı zibil olsa belə, onu dahiləşdirirlər. Sənətkar, ziyalı siyasi cərəyanlara yox, siyasi rejimlərə yox, xalqa xidmət etməlidir. Bu mənada Lev Tolstoy mənim üçün nümunədir. Rəhmətlik Nəsibə Zeynalova, onun oğlu Cahangir Novruzov ləyaqətini saxlayan dahilərimizdir. Bəstəkar Eldar Mansurovun qohumu danışdı ki, Eldar Mansurov atası Bəhram Mansurova həsr etdiyi “Bəhramnamə” əsərini yazıb. Qohumu ona məsləhət görüb ki, əsərin adını dəyişib “Heydərnamə” qoysun, beləliklə, bütün qapılar üzünə açılsın. Eldar Mansurov razılaşmayıb, bəstəkar yaltaqlanmır, haqsızlığa etiraz etməyə də cəsarət etmir. Yaltaqlara və haqsızlığa susanlara Allah lənət eləsin. Susmayın, qarşıda bizi daha ağır faciələr gözləyir. Allah sizə istedad veribsə, onu Allahın bəndələrinə sərf etməlisiniz, insanlara zülm edənlərə yox. Bütün hakimiyyətlərin dövründə dövlət başçılarından bəhrələnmiş, oğlanlarını, kürəkənini vəzifəyə təyin etdirmiş şair Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə bu gün vəzifəsiz qalıb deyə iqtidarı yüngül tənqid etməyə başlayıb. Əminəm ki, sabah ona vəzifə versələr, susacaq. Moldovada səfir olmuş İsfəndiyar Vahabzadənin bunu edib etmədiyini bilmirəm, amma başda keçmiş baş prokuror Eldar Həsənov olmaqla bütün səfirlər işlədikləri ölkərə Heydər Əliyevin heykəlini qoymaq, onun adına park salmaq və anım günlərini qeyd etməklə onun oğlundan rüşvət almaq, oğurluq etmək, bizneslə məşğul olmaq üçün xeyir-dua alırlar. Dövlətin, xalqın maraqları bu hakimiyyət üçün heç vaxt önəmli olmayıb.

Allah millətimizə pis gün göstərməsin. Amma bundan da pis ola bilər. Kəllə rəvayəti var. Ata ilə oğul gur axan çayın kənarı ilə gedirmiş. Görürlər ki, bir kəllə fırlana-fırlana çay boyunca üzür. Ata deyir: “Allah bundan betərindən saxlasın”. Oğul deyir: “Bundan betər nə ola bilər ki?” Bu vaxt kəllə daşa dəyib parçalanır. Ata deyir: “İndi gördün bundan da betər ola bilir.” Prezidentimiz üzünə baxanda bilmək olur ki, o, kreslosunu itirmək təhlükəsini hiss edir. Əhalini dilənçi gününə salan prezidentin getməsinin bizi ağ günə çıxaracağını demək də mümkün deyil. Çünki hakimiyyətə kimin gələcəyi məsələsi var. Şəxsən mənim qənaətimə görə qərb hakimiyyətə Əli Kərimlini gətirmək istəyir. Əli Kərimlinin gəlişi Gürcüstanda Saakaşvilinin, Ukraynada Poroşenkonun gələcəyi kimi olacaq. Qərbin Rusiyaya qarşı göstərişlərini yerinə yetirən Əli Kərimli ölkəni qan çanağına döndərib qısa bir vaxtda hakimiyyətdən gedəcək. Bir- iki il hakimiyyətdə qalmaq ona sərf edir. Bir ilə də milyardlar əldə etmək olar. Görünür, biz bu faciəni yaşamalıyıq. Əliyevlər müstəqil dövlətimizdə hakimiyyətdə olduqları son 30 il ərzində bütün siyasi qüvvələri sıradan çıxardılar. Mütəllibovçulardan sonra surətçilər, OMON-çular, islamçılar sıradan çıxarıldı. Meydanda yalnız YAP-çılar və onların gizli müttəfiqi olan cəbhəçilər qaldılar. İndi də Əliyev klanı özünün müxalifədə olan digər qanadını hakimiyyətə gətirmək istəyir. YouTube -da bir nəfərin şərhini oxudum. Yazır ki, Azərbaycanın ərazisi Abşeron boyda qalacaq. Ağlabatandır.

Allah ehsanlarınızı qəbul eləsin.

Yenilənmişdir Bazar ertəsi, 13 May 2019 11:26
каталог фаберлик на сайте faberllena.ru
народная медицина