DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


BU İL HƏR ŞEY DƏYİŞƏCƏK

MƏTANƏT ƏLİYEVA


ƏLİ KƏRİMLİ HƏLƏ DƏ BİZİ AVAM SAYIR

Salam əziz oxucularım. İnanıram ki məni unutmamısınız, yazılarımı gözləyirsiniz. Bir neçə aydır kənddəyəm. Bağda-bostanda işləyirəm. Torpaqda işləməyi sevsəm də əsas sənətim olan jurnalistika ilə məşğul ola bilməməyim məni çox məyus edir. Özümü peşəkar jurnalist hesab edirəm. 56 yaşım var, 5 ildir qəzetim bağlanıb, təqaüd də almıram. Bu isə o deməkdir ki, bütün işsiz, təqaüdsüz vətəndaşların problemləri mənə tanışdır. Oturub ölümümü gözləmək fikrində deyiləm. Yayı sevmirəm, istidə iş qabiliyyətimi itirirəm. Sentyabrda, Allah qoysa, aktiv jurnalistlik fəaliyyətinə başlayacam. Siyasi jurnalistika mənim üçün əsasdır. Başa düşürəm ki, hüquqi dövlət qurmağın, insanların firavan yaşamasının yeganə yolu ölkədə düzgün siyasətin aparılması ilə bağlıdır. Heydər Əliyevin sözü olmasın, həyatımın qalan hissəsini ölkədə normal cəmiyyətin qurulmasına həsr edəcəyəm. Bu yolda inandığım adamları tapıb onlara dəstək olacağam.
Hazırda isə ölkə çökməkdə, insanlar mənəviyyatlarını itirməkdə davam edirlər. Oğurluğa, fahişəliyə, satqınlığa, müxtəlif cinayətlərə qurşanmayan, şəraitə uyğunlaşa bilməyən insanlar yeganə çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Buna isə hamının imkanı yoxdur. Kredit borcları əhalinin kiçik təqaüdünü və maaşını da əlindən alır. İşsizlik, rüşvətxorluq, ümidsizlik əhalinin beynini pozub, cavanlar da, qocalar da vahimə içərisində yaşayırlar, cinayət bataqlığına düşənlərin sayı günbəgün artır. Ehtiyac içərisində yaşayan insanlar özlərini bacarıqsız hesab edirlər, cinayətə əl atırlar, intihar edirlər, ailələr dağılır, qətllərin sayı artır, stresdən xəstəliyə tutulurlar, vəziyyət gündən-günə pisləşir. Bunun səbəbkarı ölkəni idarə edənlərdir, onlar dəyişməsə heç kim normal yaşaya bilməyəcək. Vətəndaşlar başa düşməlidirlər ki, onların səfalət içərisində yaşamalarının səbəbi şəxsi bacarıqsızlıqları deyil, ölkədəki ümumi cinayətkar rejimdir. Ən böyük cinayətləri məmurlar edirlər. Cah-cəlal içərisində yaşasalar da, onların necə əzab, qorxu çəkdiyini başa düşürəm. Cinayətkar daim vahimə içərisində yaşayır. 90 yaşlı əmimdən soruşuram ki, niyə onların vaxtında insanların əsəbləri sakit idi, rahat yaşayırdılar. Hitlerlə müharibədə aclıq çəkənlərdən olan əmim deyir ki, “komamızda 2 tay unumuz, bir motal şorumuz, bir inəyimiz, 3 toyuğumuz olanda rahat yaşayırdıq ki, maddi təminatımız var”. İndi bəs nə olub ki, insanlar dəhşətli qorxu altında yaşayırlar? Mənim öz cavabım var, amma mütəxəssislər bunu izah etsələr yaxşı olar.
Ölkədə baş verənləri hamı kimi mən də görürəm və nəticənin necə olacağını bilirəm. Hansı axmaqsa deyib ki, iqtisadi hakimiyyət kimin əlindədirsə, siyasi hakimiyyət də onun əlində olur. Bunu əsas götürən klanlar ölkənin var-dövlətini öz əllərində cəmləməyə çalışırlar və bunun uğrunda bütün yırtıcı vasitələrə əl atırlar. Mən tam əminəm ki, 50 illik tayfa klanını məhv edib demokratik dövlət yaratmağın yeganə yolu korrupsiyanı aradan qaldırıb demokratik seçkilər keçirməkdir. Bəziləri tayfa klanını məhv etməyin yolunu bu klanın xalqdan taladığı sərvətləri əllərindən alan başqa klanda görürlər. Hazırda bu proses gedir və xalq bunun faciəsini yaşayır. Hansı klanın nümayəndəsi olmasından asılı olmayaraq oğruda vicdan ola bilməz. Klanların mübarizəsində hansı daha yırtıcı və qəddardırsa, o klan qalib gələcək. Klanların hər biri xalqın faciəsidir.
Azərbaycan televiziya kanalları xalqı tam informasiyasız qoyduğundan informasiyanı YOUTUBE kanalından alıram. Gülmək istəyəndə Orduxan Teymurxana, Hafiz Hacıyevə qulaq asıram. Sevinc Osmanqızını ən peşəkar, səviyyəli jurnalist hesab edirəm, amma Sevincin siyasi mövqeyi məni qane etmir. Sevinc xanım ölkəmizdə baş verən hadisələri təhlil etməyə çalışır. Onun əsas informasiya mənbəyi AXCP sədri Əli Kərimlidir. Artıq özünü prezident hesab edən Əli Kərimlinin qeyri-səmiliyini, xalqı aldatdığını onun bir fikri təsdiq edir. Qərbə arxalanan Əli bəy deyir ki, qərb ölkələrinin Azərbaycandan heç bir umacağı yoxdur, onlar yalnız Azərbaycanın demokratik dövlət olmasını istəyirlər. Çox gülməlidir. Qərb oturub Azərbaycan xalqının firavanlığını düşünür. Fransızlar, almanlar fikirləşirlər ki, hansı siyasi liderə maddi və siyasi dəstək verək ki, Azərbaycan xalqı fiavan yaşasın. SSRİ təzə dağılanda inanırdıq ki, qərb Qarabağı ermənilərdən alıb bizə verəcək. İndi də siyasi cəhətdən savadlı deyilik, amma o illərdəki qədər avam deyilik. Qərbin ölkəmizdəki marağı neftimizi və qazımızı su qiymətinə almaq, hazırda isə Rusiya və İranla mübarizədə ölkəmizin ərazisindən istifadə etməkdir. İran və Rusiya varlı dövlətlərdir, qərb onların sərvətlərini ələ keçirməyə çalışır. Qərb Əli Kərimlini hakimiyyətə gətirsə, Əli bəy qərbin maraqlarını təmin etməli olacaq. Əvəzində ölkəmiz Əfqanıstanın, Suriyanın gününə düşəcək. Nə qədər Rusiya ilə qərbin qarşıdurması hansısa birinin qələbəsi ilə başa çatmayıb gərginlik ölkəmizdə davam edəcək. Əminəm ki, qarşıdurma Rusiyanın qələbəsi ilə başa çatacaq. Müstəqillik böyük nemət olsa da, Rusiyanın müstəmləkəsində yaşadığımız illərdə daha xoşbəxt xalq olduğumuzu danmaq nankorluqdur. Bir neçə ildən sonra yenidən hər yerə Leninin heykəlini qoyacağıq. Rusiya ilə qərbin qarşıdurması başa çatandan sonra yenə sovet vaxtı olduğu kimi ölkəmizdə rahat dövr başlayacaq. Demokratik seçkilər qərbin müdaxiləsi olmadan keçiriləcək, azad mətbuat qərbin sifarişi ilə xalqa xəyanət yolunu tutmayacaq. Yenidən hərə öz sevdiyi işlə məşğul olacaq. Azad siyasət, azad mətbuat, azad sahibkarlıq – yaşamaq maraqlı olacaq, hər kəs öz bacarığını göstərə biləcək.
Bu ilin dekabr ayında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Seçki öncəsi gedib doğma rayonum Hacıqabulda oturacam. Bələdiyyəyə layiqli namizədlərə dəstək verib siyasi aktivlik göstərəcəm. Bələdiyyələrin heç bir səlahiyyəti olmasa da, siyasi mübarizə aparmaq üçün seçki ən ənverişli vaxtdır. Mən istəyirəm ki, hakimiyyət seçki yolu ilə, xalqımızın iradəsi ilə dəyişsin, xarici qüvvələrin müdaxiləsi ilə, çevriliş yolu ilə dəyişməsin. İndiyə qədər qadın olmağım siyasi fəaliyyətimə mane olub. Bundan sonra buna imkan verməyəcəm. Ümumiyyətlə, Bakıda yaşamaq fikrim yoxdur. Hacıqabulda 20 il bundan əvvəl yaratdığımız fermer təsərrüfatına milyonlarla pul yatırmışıq, minlərlə ağac böyütmüşük. Bu gün ağaclar susuzluqdan tələf olur. Suyun bir kubunu 1 manata alırıq. Fermer təsərrüfatını yaratmaqda məqsədimiz qohumlarımızı işlə təmin etmək idi. Görünür, özümüz gedib oranı idarə etməsək qoyduğumuz pul batacaq, təsərrüfat dağılıb gedəcək. Həyat yoldaşım fermer təsərrüfatımızın bazasında aqropark yaratmaq üçün İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı nazirliyinə müraciət edib. Dövlətdən sudan başqa heç nə istəmirik. Bir də məmurlar bizə mane olmasınlar. Nazirliklərdən heç bir cavab almamışıq. 25 illik sahibkarlıq təcrübəsi olan həyat yoldaşım rayonda aqropark yaratmaqla insanları işlə təmin edər, firavanlıq yaranar. İlk növbədə dövlət başçısından su tələb edəcəyəm. Melorasiya idarəsinin büdcə pulu hesabına Hacıqabulda fəaliyyət göstərən Paşa holdinqə çəkdiyi sudan yerli əhaliyə vermirlər. Əlbəttə ki, pulunu ödəmək şərtilə, bu sudan yerli əhaliyə verilməsini tələb edəcəyik, su verilməyənə kimi dinc aksiyalarımız davam edəcək. Kubu 1 manatdan su alıb təsərrüfat saxlamaq olmaz. Hacıqabuldakı torpaq sahibləri ilə danışmışam, hamısı mənə qoşulmaq fikrindədir. Allah işimizi avand eləsin. Aran rayonları əsasən heyvandarlıq üçün əlverişlidir, həm də əhalinin bu işdə təcrübəsi var. Heyvan saxlamaq üçün yem bol olmalıdır. Kiloqramı 45 qəpiyə arpa alıb qoyun, bağı 4-5 manata yonca alıb inək saxlamaq gəlir vermir. Ona görə də insanlar işsizdir, ət-yağ bahadır. Prezident zəhmət çəksin, Aran zonasındakı fermerlərə dövlət hesabına su versin. Gah pambıq əkdirir, gah idman yarışları keçirir, gah milyonlarla pul xərcləyib mənasız beynəlxalq konfraslar keçirir. Klanların davası artıq bizi bezdirib. Prezident, işləyib firavan yaşamağımız üçün bizə imkan yaratmalıdır. Bunu bütün hacıqabulluların adından tələb edirəm. Rayon camaatı mənə inanır, mən də öz gücümə inanıram.

Yenilənmişdir Cümə, 02 Avqust 2019 14:51
каталог фаберлик на сайте faberllena.ru
народная медицина