DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


14 saylı cəzaçəkmə müəssisəsində misli görünməmiş vəhşilik

31 yaşlı məhbusu işgəncə ilə öldürüblər

Mərhumun bacısı: "Kim edibsə, cəzalandırılmasını istəyirik. Bir məhbusun belə işgəncə ilə öldürülməsi vəhşilikdir"

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində bir sıra məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Məlumatlarda etiraza səbəb kimi, 31 yaşlı məhbus Elşad Babayevin "kars"da işgəncə ilə öldürülməsi göstərilirdi.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən cəzaçəkmə müəssisəsində insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi, ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobud şəkildə pozmasını göstərmişdilər.
Mərhum Elşad Babayevin ailəsi də onun işgəncə nəticəsində dünyasını dəyişdiyi qənaətindədir. Mərhumun bacısı Simuzər Babayeva buna sübut kimi mərhumun meyitinin üzərindəki işgəncə izlərini göstərir.
Simuzər Babayevanın sözlərinə görə, o, qardaşının ölüm xəbərini telefonuna gələn zənglə öyrənib. O bildirir ki, özünü təqdim etməyən bir nəfər telefonda Elşadın meyitinin Lökbatan qəsəbəsindəki meyitxanada olduğunu deyib. Simuzər Babayeva deyir ki, meyitxanada qardaşının cəsədinin üzərindəki işgəncə izlərini görəndə, dəhşətə gəlib.
"Bizə də məlumat çatıb ki, Elşad "kars"da öldürülüb. Ölüm işini araşdıran müstəntiq də bizə dedi ki, onu işgəncə verərək öldürüblər. Müstəntiq dedi ki, tibbi ekspertiza da götürülüb. Ancaq nəticə haqda bizə məlumat vermədi. Mən dəqiq bilmirəm bu işdə kimin əli var. Kim səbəb olubsa, kim edibsə, cəzalandırılmasını istəyirik. Bir məhbusun günlərlə davam edən işgəncə ilə öldürülməsi bir vəhşilikdir. Mən başa düşə bilmirəm, qardaşım necə hərəkət edib ki, cəzalanıb. Bu məhbus işi deyil, çünki müəssisənin hər tərəfi kameradır, hamı izlənilir. Əli qandallı məhbus nə edə bilər ki, ona qarşı belə aqressiv davranıblar?", - deyə Simuzər Babayeva "Azadlıq" radiosuna açıqlamasında bildirib.
Bacısı deyir ki, narkotik istifadəçisi kimi 1 il iki ay həbs cəzasına məhkum olunan Elşad Babayev xasiyyətcə sakit adam olub: "Qardaşım idmançı idi. Buna baxmayaraq, münaqişələrdən qaçan, çox mülayim adam idi. Pis vərdişləri də yox idi. Həbsinin də 8 ayını çəkmişdi".
Simuzər Babayeva deyir ki, qardaşının ölümünün araşdırılması üçün aidiyyəti orqanlara müraciət edəcəklər: "Bizdən əvvəl dövlətimiz var. Dövlətimizə güvənirəm. Ümid edirəm ki, onlar lazımi addımları atacaqlar. İstəmirik ki, hansısa məmurun xahişi ilə bu işi ört-basdır etsinlər. Deməsinlər ki, öz əcəli ilə öldü, yaxud intihar edib. Şəkilləri görən uşaq da başa düşər ki, işgəncə ilə öldürülüb bu adam. Qardaşımı öldürənlərin ən ağır cəzanı almasını istəyirəm, çünki mənim qardaşıma ən ağır cəzanı çəkdiriblər. Onu üzərində dəhşətli işgəncə izləri var. Bir bacı üçün bunu öz gözləri ilə görmək çox ağırdır. Mənim anam ağır xəstədir. Biz ondan işgəncə şəkillərini gizlətmişik".
Penitensiar Xidmət Elşad Babayevin işgəncə ilə öldürülməsi haqda yayılan məlumatları təkzib edir. Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Yaşar İsakov deyib ki, Elşad Babayevin ölümü prokurorluqda araşdırılır: "Dekabrın 22-də baş verən hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək".
İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da deyir ki, Elşad Babayevin ölümünə görə məsuliyyəti həbsxana və Penitensiar Xidmət daşıyır: "Elşad Babayevin bədənində çoxsaylı işgəncə izləri olması haqqında bəyanat narahatlıq doğurur. Biz kənarda qala və susa bilmərik. Gəncin ölümü qapalı müəssisədə baş verib və buna görə cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin rəhbərliyi məsuliyyət daşıyır. Bir insan cinayət törədibsə, azadlıqdan məhrumetmə artıq cəzadır. Heç kim məhbusu zorakılığa və işgəncələrə məruz qoymaq hüququna malik deyil. Ehtimal edirəm ki, Penitensiar Xidmət ölüm işinin obyektiv araşdırılmasına mane olacaq".

каталог фаберлик на сайте faberllena.ru
народная медицина