DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Röya: "Sevdİyİm İnsan var"

Müğənni Röya Ayxan Ailəm.az-a müsahibə verib

- Dünənin və bu günün ulduzu Röya Ayxan sabah kim olacaq?
- Elə sabah da o ulduz olacaq. Kim nə deyir desin, ya olursan, ya olmursan. Mən oldumsa, deməli, sabah da, illər keçəndən sonra da olacağam. Çünki mən dünən var idim. Sabah olacağımı da məhz bu həll edib.
Bəzən deyirlər ki, “filankəsin ulduzu söndü, o, daha yoxdur”. Yanlışdır bu fikir, bizə elə gəlir ki, yoxdur. Amma bu sənətdə nə vaxtsa oldunsa, elə hər zaman da olacaqsan.
- Siz bəziləri üçün yaxşı dost, səhnə üçün gözəl müğənni, övladınız üçün yaxşı ana, həmkarlarınız üçün güclü rəqib və düşmənləriniz üçün təhlükəli adamsınız həm də. Bəs əslində Röya kimdir?
- Bu sualın cavabını nə vaxt bilsəm, mütləq sizinlə bölüşəcəyəm. Əslində, kimsə deyəndə ki, səni çox yaxşı tanıyıram. Deyirəm ki, mənə o sözü deməyin. Çünki hərdən mən özüm özümü tanımıram. Mən çox yaxşı olduğum qədər də, çox pis ola bilərəm. Çox yumşaq olduğum qədər də çox qəddar birinə çevrilərəm. Yəni mənə güvənməyin ki, bu, çox yaxşıdır. Ona görə də mən kim olduğumu deyə bilmərəm. Təkcə onu başa düşürəm ki, mən qadınam. Sevən, sevgiyə ehtiyacı olan, hissləri qulaqlarından belə tökülən və sevməyi sevən əsl qadınam.
- Məncə, bir amili unutdunuz. Amma mənim üçün bu, inkar edilməz faktdır, siz həm də çox güclü qadınsınız.
- Bilirsiniz, heç kim dəyişmir. Kim necə doğulursa, elə də ölür. Daxilim hər zaman necə olubsa, elə də qalıb. Heç nə dəyişmir. Deyirlər ki, insanı mühit, dostları dəyişdi. Məni heç kim dəyişə bilməyib. Yanımda qudurğan insan olubsa, çıxıb gedib, dostluq etməmişəm onunla. Sadə adam olubsa, qorumuşam onu. Pullu adamdırsa, daxilində tərbiyə olduğu halda onunla dostluq etmişəm.
Ola bilər ki, illər keçdikcə, çəkdiyin əziyyətin fəsadları olaraq, əsəbi olursan və kimlərsə bunu anlamır. Haqqımda deyirlər ki, Röya əvvəl belə deyildi, indi təkəbbürlüdür. O adamlara necə deyəsən ki, sən bəs özünü mənim yerimə qoysan, heç danışarsanmı? Yox, danışmazsan!
- Hər kəsin həyatında müxtəlif insanlar olur. Yaxşıları da pisləri də. Layiq olanlar qalır, olmayanlar gedir. Sizin adamlarınız kimlərdir?
- Mənim fikrimcə, əvəzedilməz bir tək övlad ola bilər. Qalan hər kəsi əvəz edəcək insan tapılır. Yeni mahnımın sözlərini xatırladım. Orda deyilir ki, “illər sonra sənin yerini tutdu başqa insanlar. Bizi yıxdı nöqsanlar...”.
Bəzən insanın işçiləri, dostları, tanışları və sevdikləri ilə arasında baş verənlər, damla-damla ürəyinə yığılanlar bir gün partlayır. O zaman bütün münasibət dayanır. Və həmin an sən mütləq əvəz edən adam tapırsan, gec ya tez, mütləq tapırsan.
Ətrafımdan savayı, başqa adamlarım yoxdur. Mənim adamlarım yanımda çalışan insanlar, əziyyətimi çəkənlər, kaprizimə dözənlər və sözümü götürənlərdir. Məni o qədər də yaxşı bilməyin, mən çox acıdiləm.
- Tam xoşbəxt yaşamaq üçün o adamlar yetirmi?
- İndi heç vaxt olmadığım qədər səmimiyəm, çox xoşbəxtəm! Hazırda xoşbəxt olduğum qədər bəlkə də heç vaxt deyildim. Çünki sağlam işim var. Yanımda sağlam insanlar çalışır. Sağlam övladım var. Allah mənim ruzimi verib. Adım artıq mənə iş gətirir. Məni sevən və sevdiyim insan var. Qadın bu hallarda necə xoşbəxt olmaya bilər? Heç kimə ehtiyacım yoxdur, vallah. Elə bir adam yoxdur ki, deyim, kaş o olardı və bu iş belə olardı.
Və bir də, darıxmaq, məyusluq hissi keçirmək, keçmişə dönməyi arzulamaq kimi xasiyyətlərim və düşüncələrim yoxdur. Ona görə, bu sual ətrafında günlərlə düşünsəm belə, cavab tapa bilməyəcəyəm.
- Amma məncə, lap səmimi olsanız, etiraf edərsiniz ki, elə anlar var, onları təkrar-təkrar və yenə də təkrar yaşamaq istərdiniz.
- Baxın, çox səmimi deyirəm, mən doğurdan da çox az hallarda darıxa bilərəm. Mən görmədiyim insanı unuda bilərəm. Hətta görmədiyim adamların üz cizgiləri də yaddaşımdan silinə bilər. Heç nəyi təkrar yaşamaq istəmirəm. Çünki mən hər zaman yeni şeylər istəmişəm. Yəni yenə qazanım, yenə olsun, bu dəfə başqası olsun, fərqli olsun, filan şeyi də əldə edim kimi düşüncələrlə yaşamışam. Amma “bunu bir də yaşayım” demək məndə yoxdur. Yenidən yaşamaq istədiyim bir şey xatırlamıram.
- Siz bir adama bir dəfə qiymət verirsiniz və bir dəfə o qiyməti itirən yanınızdan yox olmalıdır. Bəs siz nə qədər sadiqsiniz?
- Mən çox sadiqəm. Bir hadisə mənim üçün bir dəfə baş verə bilər. İkinci dəfəyə o işlə bağlı heç nəyim qalmaz. Etibarım, inamım tez itir. Mən nəyinsə xətrinə münasibət saxlayan adam deyiləm. Məsələn, filankəs pullu adamdır, amma masada oturanda dilindən xoşagəlməz söz çıxıb və mən onun puluna görə səhvindən keçib, üzünə gülməyəcəyəm. Pulu var, özünə qismət. Və ya filankəs televiziya işçisidir, mən onla dava etdimsə, tez barışım ki, haqqımda ağzına gələni danışmasın. Bu cür düşünə bilmərəm. Mən özüm üçün yaşayan adamam.
Neçə vaxtı heç efirlərdə də yoxam. Baxıram onlara, əsəblərim korlanır. Axı insan görür ki, bir dəfə münasibət alınmır. Niyə məcburən onu saxlamaq lazımdır? Ona görə öz komandamı yığıb, dedim, biz insanların qarşısına yalnız disklərlə, kliplərlə, mahnı və konsertlə gələcəyik. Biz bir işi başlayıb bitirənə qədər tamaşaçıların qarşısına gəlirik. İşimizi təqdim edəndən sonra isə növbəti layihəyə qədər çəkilib kənarda işləyirik.
Siz çox düz vurğuladınız, mən bir insana bir dəfə qiymət verirəm. O qiyməti anladısa, ömrümün sonuna qədər quluyam. Qanmadısa, ağasıyam. Kim məni çox istəyirsə, mənim bu xasiyyətlərimi bilir və başa düşür.
- Siz nə qədər çılğın, əsəbi və emosional olsanız da, özünüzdən böyüklərə hörmətlə müraciət edirsiniz. Bəs sizdən sonra gələnlər necə, hörmət etməyi bacarırlar?
- Özümdən sonranı elə dediniz ki, sanki mən çoxlarından böyüyəm. Yox, mən hələ böyük deyiləm. Hələ ki, məndən böyüklər var. Mən böyüyəndə, bu suala cavab verərəm. Məndən sonra gələn yoxdur. Elə hər biri mənimlə birgə bu sənətə gələnlərdir. Onlar sadəcə mənə gəlib çata bilməyənlərdir. Allah qoysa, hər kəs öz arzusuna çatar. Gələcəyimi düşünüb hər kəsə hörmət qoyuram. Mən bilirdim ki, kim olacağam. Ona görə böyüklərimə hörmət eləmişəm. Amma təbii ki, bunu edə bilməyənlər də var.
- Sənətinizdən başqa, nədir sizi bu qədər sevdirən və gündəmdə saxlayan?
- Yekə baş olmamağım! Balaca ilə balaca, orta ilə orta, böyüklə də böyüyəm. Lazım olanda çox sərt cavab qaytaran, ehtiyac olanda gülüb yola verməyi bacarmaq kimi xüsusiyyətlərim var və bu da sevdirir məni. Səmimilik gündəmi çox qoruyur. Nə varsan, o da görünür. O görünəni kim qəbul etmirsə, gedib soyuq su içsin. Röyanı bəyənən də var, bəyənməyən də. Amma məni bu gün gündəmdə saxlayan bəyənməyənlərdir. Özümə qarşı nəyisə hiss edəndə, hirs edirəm və bu zaman daha yaxşı, daha güclü oluram, daha açıq danışmağa başlayıram. Bundan sonra kimsə ünvanıma xoşagəlməz söz desə belə, bu, onun üçün pisdir. Ağıllı adamın mənimlə işi olmaz. Birincisi, ona görə ki, iki parçalayaram onu. İkincisi, bu dəqiqə bizim ordumuzdan böyük ordu yoxdur, heç kimdə də ola bilməz.
Mən hərdən yaxşı dost, yaxşı bacı, yaxşı müğənni, hər şeyin düzünü danışan, yerini bilən, nələrisə gizlədən biriyəm. Məni insan olduğuma görə çox istəyirlər. Allah nəyisə verib də mənə, şeytan tükü deyirlər, deyəsən. Hər kəs məni çox istəyir. Bilirəm ki, oxumasam belə, yenə də məni çox istəyəcəklər.
Bir də ki, axı mən bilirəm, nə oxuyuram. Bundan sonra da Allahın köməkliyi ilə biləcəyəm nə oxuyuram. İndi məni gündəmdə saxlayan məsələlərdən biri də musiqilərimdir. Çünki özümü çoxdan seviblər.
- Sevənlərinizi ilin sonuna yaxın bir daha sevindirdiniz. Bir neçə uğurlu klip, hitə çevrilən mahnılar, ilin əvvəlindəki kimi sonunda da möhtəşəm konsert proqramı olacaq. Amma siz bu il həm də uzun illərdir buraxmadığınız albom ərsəyə gətirdiniz. Nə vəd verir bizə bu albom?
- Yaşımdan çox mahnılarım olsa da, cəmi 2-3 diskim var. Mən bir az susdum. Dedim, anlasınlar, Röya kimdir, onun yeri haradadır, nədir?! Hərə bir az ağzına gələni, bir aylıq mahnıları oxudu. Amma düşünürəm ki, oxuduğum mahnıları mən yaşda bu cür çatdıra bilən yoxdur.
Bu diskdə də çox sevdiyim insanlarla iş birliyim var. Çox böyük həvəslə işləmişəm. Bu 2014-cü ilin albomudur, qarşıdan gələn ilin də mahnı toplusu artıq Türkiyədə hazırlanır. “Mən sənsiz” adlı albomumun içində 3-4 mahnı var ki, onlar mənim içimdə olanlardır, məndən danışan musiqilərdir.
Bir də musiqimi sevənlərə daha bir şad xəbərim var. Bu ildən etibarən hər il yeni mahnılarımdan ibarət albomum işıq üzü görəcək.
- Mahnı seçimində qibtə ediləcək zövqünüz var və bu zövqünüzlə bir çoxlarının yaxşı mahnı ifa etmək imkanını əlindən alırsınız. Siz sanki hit yazan bəstəkarlara tapşırıq vermisiniz ki, ən yaxşı mahnıları məhz mən oxumalıyam.
- Daxili yaxşı olanlara hər kəs mahnısını vermək istəyir. Allah mənə bir neçə üstünlük və xoşbəxtçilik verib. Mən mahnı seçə bilirəm, səs tembrim yaxşıdır, ürəyim də var.
Elə mahnılar var ki, bizim ulduzlar tərəfindən bəyənilməyib, amma mən oxumuşam, mahnı sevilib.
Ancaq dostluq xətrinə oxuduğum mahnılar da var. Öncədən bilmişəm ki, sevilməyəcək, hətta tənqid olunacaq.
Bir də ki, ən önəmlisi bilirsiniz nədir? Bu gün yaxşı mahnılar məndədir, ona görə ki, mən onlara yaxşı pul xərcləyirəm. Mən pul xərcləyən qızam! İstəyirəm hər zaman fəxrlə deyim ki, bu mahnı mənimdir. Bir mahnıya yaxşı pul xərclədinsə, o da sənə yaxşı pul gətirəcək.
Studiyaya girirəm, görürəm ki, bir mahnı səslənir. Müəllifi ilə danışıram, o mahnı üçün 5 min düşündüyünü deyir, mən ona 10 min verib, o mahnını özümə götürürəm. Bu sənət belə rəqabəti xoşlayır. Yoxsa mən çıxdım səni söydüm, sən də çıx məni söy. Mən dedim, sən eybəcərsən, sən de, mən gözələm. Və ya mən indi gəlmişəm, sən artıq yoxsan. Bu cür yaşamaqdansa, sənətinə pul xərclə, qoy, hər şey sənin olsun!
Bəzən deyirlər ki, filan mahnının vaxtı keçib. Xeyr, mahnının vaxtı keçmir, ona sadəcə daha pul xərcləmirlər. Adamlar əvvəllər xətir-hörmətə oxuyurdu. Amma indi onlara çatmır ki, tək mahnı 10-15 mindir, bir o qədər də onun aranjemanıdır. Bu səbəbdən kimsə yaxşı mahnı yazanda başqa müğənniləri deyil, məhz məni fikirləşir. Deyir, mahnımı verim Röyaya, yaxşı pulumu da alım. Mən də bunu pis qiymətləndirmirəm. Çünki burada əziyyət var və bu gün hər kəsin pula ehtiyacı var.
- Bahalı müğənnisiniz. Bunun yaxşı tərəflərini biz bilirik. Bəs pis tərəfləri varmı?
- Əlbəttə var. Düzdür, mən özüm özümə bahalı müğənni ifadəsini zarafatla demişəm. Amma hər zaman da bu zarafatın belə izahını verə bilmişəm. Mən bahalıyam, ona görə ki, geyimlərim, oxuduğum mahnılar, etdiyim işlər bahalıdır. Mən pillə-pillə qalxmışam, gəlib çatmışam məhz bura! Bahalı qızın da bahalı işləri olur. Məsələn, hər kəs toya gedər, normal bir məbləğ pul yazdırır. Mən getdimsə, 2-3, hətta 4 qat artığını verməliyəm. Çünki mənə belə baxırlar, deyirlər, Röya edəndir və edəcək. Düzdür, artıq hər yerə də getmirəm. Amma gedəndə jestimi edirəm. Bahalı ifaçı olmağın da problemi var. Çünki hər zaman qazanmırsan, amma sən hər zaman yaxşı iş görməlisən və keyfiyyət göstəricisi olmalısan.
Mən bir tək musiqi sevənlərə, Röya sevənlərə demək istəyirəm ki, ətrafda yaxşı adam yoxdursa, bir yaxşılıq edib, iki pislik edən varsa, amma siz o bir yaxşıya görə susursunuzsa, etməyin belə. Həmin insanları həyatınızdan, ətrafınızdan zamanında ayırın. Çünki onlar çox qaldıqca, çox görürlər.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина