DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Azərbaycanlı rəqqas: “Mən hind rəqsi oynayanda Fatimə oynamırdı”

Ailem.az saytının müsahibi tanınmış rəqqas İlham Kərimlidir.

- Rəqsə olan sevginiz necə yarandı?
- Rəqsə demək olar ki, uşaq vaxtlarından sevgim var idi. Buna baxmayaraq, rəqsi gələcəkdə fəaliyyət göstərəcəyim bir sahə kimi seçməmişdim. Rəqsə adi bir həvəs kimi baxırdım, bu sahə ilə bağlı ciddi fikirlərim yox idi. Mən incəsənət sahəsində daha çox aktyorluq peşəsini sevmişəm və istəyirdim ki, aktyor olum. Buna görə dram dərnəklərində, məktəb tədbirlərində, konsert proqramlarında aktiv iştirak edirdim. Eyni zamanda artıq rəqs sahəsinə də maraq göstərməyə başlamışdım. Hiss edirdim ki, rəqsə olan meylim daha da güclənir və özünü göstərir.
- Rəqqas olmağınıza qarşı çıxanlar olub?
- Ailədə incəsənət sahəsi ilə məşğul olanlar olsa da, mənə “rəqsə niyə bu qədər həvəs göstərirsən?”, ”incəsənətlə niyə bu qədər maraqlanırsan?” kimi suallar verirdilər. Evdə bu qədər narazılıqlar olmasına baxmayaraq, mən sözümün üzərində qaldım və bu sahə ilə məşğul olmağa başladım. Bundan sonra Mədəni-Maarrif Texnikumunun teatr kollektivi rejissorluğu fakültəsinə qəbul oldum.
- Deyirlər, kişi nədir, rəqqaslıq nədir? Bu fikirlə razısınız?
- Xeyr, bu fikirlə qətiyyən razı deyiləm. Rəqs elə bir sənətdir ki, kişiyə də qadına da yaraşır. Əgər rəqs etmək ayıbdırsa, toylarda heç bir kişi oynamasın.
- Rəqs sənətdir, yoxsa əyləncə?
- Mənim üçün sənətdir. Əyləncə kimi olsaydı, digərləri kimi əylənib başqa peşə sahibi olardım. Mən bu sahəni sənət kimi qəbul etmişəm və öz sənətimi də davam etdirirəm.
- Niyə daha çox hind rəqslərini oynayan rəqqas kimi tanınırsınız?
- Ola bilər ki, məni izləyənlər daha çox hind rəqslərində görüblər deyə, yaddaşlarında qalmışam. Hər kəsin düşünməyə ixtiyarı var. Nə etmək olar tamaşaçılar, izləyənlər məni belə qəbul edib. Əgər yaddaşlarda hind rəqsi oynayan İlham kimi yadda qalmışamsa, mən bunu qəbul etmirəm. Bir tərəfdən də mənə xoşdur ki, hind rəqsi deyəndə mən yada düşürəm. Bu, mənim uğurumdur. Mən əvvəllər hind rəqsi oynayanda demək olar ki, heç kim hind rəqsini oynamamışdı. Mən özümü yalnız hind rəqsi oynayan kimi yox, rəqqas kimi qəbul edib sevdirməyə çalışmışam, çünki bu sənət mənim işim, mənim həyatım və biznesimdir.
- Hind mahnılarını siz yaxşı oynayırsınız, yoxsa rəqqasə Fatimə?
- Demək olar ki, rəqqasə Fatimə də hind rəqslərini mənimlə birlikdə oynamağa başlayıb. Onun hind rəqslərində bir addım belə atmasında mənim təsirim böyükdür. Bu istedadı mənə Allah vermişdi və mən də bu istedadımı Fatimə ilə bölüşdüm. Bir şeyi də qeyd edim ki, mən hind rəqslərini oynayanda, o heç oynamırdı.
- Rəqqasə Fatimə ilə aranız necədir?
- Hazırda rəqqasə Fatimə ilə münasibətim yoxdur. Bunu etiraf edirəm, çünki o özü də yaxşı bilir ki, mən düz danışan insanam. Əgər münasibətim varsa, var, yoxdursa, yox deyirəm. Aramızda böyük qırğın belə olsa, özündən soruşsanız ki, İlham necə adamdır, o özü mənim necə bir insan olduğumu deyəcək. Mən onunla 16 il bir yerdə çalışmışam, dost olmuşuq. Arada bir az sərin küləklər əssə də, kimlərinsə fitvasına getsə də inanıram ki, bunların hamısı boş şeylərdir, keçib gedəcək.
- Sizcə, Azərbaycanda ən yaxşı rəqqasə kimdir?
- Azərbaycanda rəqqaslar da, rəqqasələr də çoxdur. Təbii ki, bunların içərisində yaxşı və pis oynayanlar da var. Elə oynayanlar var ki, bunlar heç efir üzü görməyiblər. Heç kimin adını qeyd etməyəcəm. Çünki birinin adını deyəcəm, digəri məndən inciyəcək.
- Nə ildir, müəllim kimi fəaliyyət göstərirsiniz?
- Demək olar ki, 1993-cü ildən etibarən müəllim kimi fəaliyyət göstərirəm. Bundan sonra hərbi xidmətə getdim və xidmətdən qayıtdıqdan sonra yenidən öz fəaliyyətimi davam etdirməyə başladım.
- Tələbələrinizdən razısınız?
- Əksər tələbələrimdən razıyam. Mənim elə tələbələrim var ki, onlar mənim tərəf müqabilimdir.
- Sizcə, rəqsdə kişilər, yoxsa qadınlar daha məharətlidir?
- Mən müqayisə etməzdim. Hərənin öz işi var. Məsələn, nə Fatimə kişi rəqsi, nə də mən qadın rəqsi oynayanam. Qadınla kişi arasındakı perspektivi nəzərdə tutsaq, aydındır ki, qadınlara daha çox perspektiv var.
- Ailəlisiniz, neçə övladınız var?
- Bəli, ailəliyəm. Bir övladım var və o, mənim ən böyük statusumdur.
- Övladınız da sizin sənətinizi davam etdirsə, icazə verəcəksiniz?
- Onun bu sahəyə olan istedadı, bacarığı, qabiliyyəti varsa, mən onun qarşısını kəsə bilmərəm. Əgər istəyi varsa, mən ona kömək edib, istiqamətləndirə bilərəm. Belə görürəm ki, o, başqa sənət sahibi də ola bilər.
- Özünüzü bu sahədə peşəkar sayırsınız?
- Bəli, sayıram. Hazırda bu sənəti hələ də öyrənməkdə davam edirəm.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина