DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“Həyat yoldaşım məni səhnəyə buraxmır”

Kulis.az əməkdar artist Məsmə Aslanqızıdan müsahibə götürüb.


Akademik Milli Dram teatrındayıq. Teatrın aktrisası Məsmə Aslanqızı müsahibəyə balaca qızı, beş aylıq Zərifə ilə gəlib. Bir düşünün, müsahibənin əvvəlində gülüzlü körpə heç bir səbəbsiz-filansız üzünüzə gülümsəyirsə, bütün qalan söhbətlər mənasız deyilmi?
Bəlkə də elədir, amma biz böyüklər böyük olmağımızı belə “böyük söhbətləri” ilə sübut etməliyik...
- Məsmə xanım, bayaq dediniz ki, həyat yoldaşınız sizə teatrda işləməyə artıq “icazə vermir”. Bunu o, sizə, siz özünüzə necə izah edirsiniz?
- Əslində, biz ailə qurmamışdan belə bir söhbət olmamışdı. Mən də çox arxayın idim ki, işləməyimə heç nə deməz; 19 il teatrda işləmişəm, respublikanın əməkdar artistiyəm. Ailəsi də mənim teatr fəaliyyətimə pis yanaşmır, hörmətlə yanaşır, amma özü tərsliyinə salıb icazə vermir (gülür). Eybi yox, onsuz da üç il analıq məzuniyyətim var. Bu üç il ərzində çalışacağam onu yola gətirim.
- Yoldaşınızın ixtisası nədir?
- O, inşaat sektorunda işləyir.
- Necə tanış olmusunuz?
- Onunla inşaatla bağlı bir bir layihə işlədik televiziya üçün. Oradan tanış olduq.
- Sizi səhnədə heç görməyib?
- Niyə ki? “Boy çiçəyi”nə üç dəfə baxıb. “Xanuma”ya baxıb...
- Niyə sizin teatrda işləməyinizi istəmir ki?
- (Gülür) Deyir, 16 yaşından işləyirsən, “pensiya”ya çıxan vaxtındı, otur evdə uşaqlara bax.... Düzünü deyim ki, o elə insandır ki, məni darıxmağa da qoymur. Elə şərait yaradıb ki evdə ki, təki mən darıxmayım...
- Amma darıxırsınız teatrsız...
- Əlbəttə, darıxıram. Qadında belə xüsusiyyət var - hər şeyi içində saxlayır - inciklikləri, sözləri... Yeri gələndə kor olur, yeri gələndə kar olur... Bunlar yığılır... yığılır... Səhnəyə çıxanda günlərlə yığılan pis enerjini, ağrını, acını, incikliyi səhnədə canından çıxarırsan.
- Siz adı mətbuatda hallanan o adamla evləndiniz? Hansı ki, evli idi, ailə həyatında problemlər var idi, həyat yoldaşı ilə ayrılıq yaşayırdı və onların uşağını gətirib baxırdınız...
- Həmin adamla evləndim. O müsahibəni verən, uşağına övladım kimi tərbiyə verdiyim qadınla da münasibətlərim çox yaxşıdır.
- Yəni, hər şey qaydasına düşüb?
- Hər şey çox yaxşıdır. Mən, yoldaşım, Nəzrin və balaca Zərifə bir yerdə yaşayırıq. Yəni əvvəlki ailəsindən ayrılandan sonra uşaq yoldaşımda qalıb. Amma əlbəttə ki, anası uşağını görmək istəyəndə yoldaşım onu aparır doğma anasının yanına... Uşağı ataya verib deyə o qadını da qınamıram. Heç kimin kimisə ittiham etməyə haqqı yoxdur. “Özgə ailə qaranlıq meşədir” deyiblər. Hər halda onun da öz səbəbləri var.
- “Boy çiçəyi”ndə Nargiləni oynamısınız. Həyatda da oxşar, qınanılan situasiyaya düşdünüz. Pyeslə həyatda olanların fərqi nədə idi?
- Birincisi, "Boy çiçəyi" tamaşasında Nargilənin Həsənzadəyə sevgisi başqa idi, dastanlara düşən sevgidən idi... Mənim həyat yoldaşıma qarşı elə böyük sevgim olmayıb, biz dost olmuşuq, bir-birimizə hörmətlə yanaşmışıq, problemlərimizi böluşmüşük. İndi-indi həyat yoldaşımı sevməyə başlayıram. O ki qaldı söz-söhbət yaradanlara, onlar həmişə olub, var, olacaq da. Nənəm rəhmətlik həmişə deyərdi ki, qızım, eybi edər eybəcər. Öz gözündə tiri görməyən başqasının gözündə çöp axtarır. O çöp axtaranlara baş qoşsam məndə can qalmaz. Bir də ki, mənim ailə problemlərimi həll etmək üçün o cur insanlara və ya mediaya ehtiyacım yoxdur. Bunun üçün mənim özümün kifayət qədər gücüm, ağlım, savadım, düşüncəm var.
Pyesdə Həsənzadənin yaxşı bir sualı var, soruşur ki, Nargilə, səni insanların söz-söhbəti, tənəsi narahat etmir? Nargilə deyir: “Yaxşı insanlar yaxşı hissləri heç vaxt söz eləməzlər, pislərə isə bir qoz, pislər qoy cəhənnəm olsunlar...” Həyatda da eynən elə...
Mən çox xoşbəxtəm. Həmişə istəmişəm üç qızım olsun, ikisi var, inşallah biri də olar.
- Deyəsən uşaqları çox sevirsiniz...
- Həddən çox sevirəm. Mənim Hüseynlə ailə qurmağımın da əsas səbəbkarı balaca Nəzrin olub. Yəni, mən Nəzrinə görə Hüseynlə evləndim. Uşağı o qədər çox sevirdim. Üç aylığından o uşaq mənimlədir, demək olar ki...
- Uşaq verilişlərindən yoxsa teatrdan daha çox enerji alırsınız?
- Hərənin öz yeri var, teatrın da uşaq verilişlərinin də. Uşaqları çox sevirəm, amma televiziyanı sevmirəm. Teatr başqadır. Teatrda olan böyük-kiçik, teatrda olan mərifət-qanacaq televiziyalarda yoxdur.
- Teatrda hamı üçün balaca, çılğın bir qız obrazınız var. Hətta deyəsən teatrdakı rollarınız da bu qəbildəndi: “Hamlet”də Ofeliyanı belə bu temperamentlə oynayırdınız...
- Teatrda iki ləqəbim olub; mənə ya “Sərçə” deyirlər, ya da “Cücə”... Balaca, çevik qızam. Həm də enerjili... İnanırsınız, bəzən bir gündə 4 tamaşanın məşqində olmuşam. Qaldı teatrdakı rollarıma... Bilirsiniz, Azər müəllim (Azərpaşa Neməti nəzərdə tutur – A.) mənə həmişə uşaq rolları verirdi. Sonra rejissorlar başladılar mənə uşaq rolları verməyə. Bir dəfə bir tamaşada Elçin Əfəndiyev zalda əyləşmişdi, oradan mənə dedi ki, Məsmə, sənin üçün rol yazmışam ha... “Mənim ərim dəlidir” tamaşasını nəzərdə tutmuşdu. Onda Azər müəllim mənə dedi ki, bu rolu da sənə versəm sənin rolların hamısı ştamp olacaq. O rolu Şəlaləyə verdilər, mənə isə falçı Ağabacı rolu verildi. Və falçı Ağabacıya görə “İlin ən yaxşı gənc aktrisası” mükafatını aldım.
- Məsmə xanım, sanki özünüzü Natalia Areiroya bənzədirsiniz. Xüsusən “Boy çiçəyi”ndək Nargiləniz onun “Vəhşi mələk” serialındakı qəhrəmanının eynisidir. Bunu bilərəkdən edirsiniz?
- Qətiyyən! Bunu sadəcə tamaşanın rejissoru Azərpaşa Nemət belə düşünmüşdü. Heç Azər müəllimdə də belə fikir yox idi. Məsələn, o, hətta “Hamlet”i məşq edəndə bizə başqa “Hamlet”lərə, yəni filmlərə tamaşalara baxmağı qadağan eləmişdi. Sadəcə, Nargilə elə alındı.
- Ümumiyyətlə, o aktrisanı bəyənirsiniz?
- Yalnız siz deyən seriala baxmışdım. Uşaq idik onda. Bilmirəm, yəqin ki bəyənirdik.
- Atanızı 20 yanvar hadisələrində itirdiniz. Uşaqlığınızdan nələr xatırlayırsınız?
- Atamı itirəndə 12 yaşım tamam olmamışdı. 12 yaşa kimi atam bizi Azərbaycanın bütün bölgələrində gəzdirib. Hətta bir günlük tətil də olanda bizi gəzməyə aparırdı - Qubaya, Qusara, Təngaltına, Qəçrəşə, Çayqovuşana... Bu 12 ildə atam bizə o qədər böyük sevgi verdi ki... Onun yoxluğunu illər keçəndən sonra daha çox hiss etdik. Çünki onun verdiyi sevgi bizə illərlə kifayət etdi. Atamın ölümündən sonra əziyyətlərimiz çox oldu, bizi incidənlər də çox oldu... Amma atamın sevgisi həmişə bizi ayaqda saxladı.
- Atanız nəçi idi?
- Şərabçı dequstator idi. Deyə bilmərəm ki, o zaman imkanımız aşıb daşırdı, amma kifayət qədər normal yaşayırdıq... İki bacım var, mən ortancılam.
- Niyə aktrisa olmaq istədiniz?
- Rejissorluğa sənəd vermişdim. İmtahan götürən Şəfiqə xanım (Məmmədova –A.) dedi, səni bu şərtlə götürürük ki, aktyorluğu seçəsən. Anamdan zorla icazə aldım. Aktrisalığa düşsəm də ən böyük arzum qiraətçi olmaq idi. Şeir demək üçün ürəyim gedirdi. Sadəcə bəxtim gətirdi ki, birinci kursdan Azərpaşa Nemətin kursuna düşdüm. O da məni teatra gətirdi, birinci kursdan Həsənağa Turabov məni ştata götürdü.
- Filmlərdə, seriallarda az görünürsünüz, nə ilə əlaqədardır?
- Durum deyim ki, məni seriallara dəvət edirlər, amma imtina edirəm, yalan olar. Bir-iki dəfə seriala dəvət almışam, amma ssenarini bəyənməmişəm. Amma bu yaxınlarda filmə çəkildim. Rejissor Vaqif Mustafayev Heydər Əliyev haqqında film çəkir, o filmdə Heydər Əliyevin anası İzzət xanımın obrazını yaratmışam. İlk dəfə idi ki, ana obrazında oynadım.
- Qızınıza nə arzu edirsiniz? Necə bir gələcəyi olsun istəyərdiniz?
- Qızıma yox, qızlarıma... Mən Nəzrini ayırmıram... Böyüsünlər, özləri istədikləri sənəti seçsinlər. Mən həmişə onlara dəstək olacağam. Tək istədiyim insan olmalarıdır. Bircə insanlıqlarını itirməsinlər, vəssalam.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина