DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Tanınmış azərbaycanlı aktrisa: "Ailə qurmaq istərdim"

Aktrisa Xuraman Əlizadənin Milli.Az-a müsahibəsi.
- Xuraman xanım, aktrisa kimi teatrda fəaliyyətə başlamısınız. İstərdim keçmişə nəzər salaraq o illərə qayıdaq...
- 1998-ci ildə işləmək üçün Gənc Tamaşaçılar Teatrına müraciət etdim. 9 ay teatrda təcrübə keçəndən sonra əsas teatr truppasına işə götürüldüm. Teatrı həddindən artıq çox sevirəm. Teatrın keçmiş direktoru, xalq artisti Solmaz Qurbanovanın həyat yoldaşı Kamal Əzizov mənim xətrimi çox istəyirdi. Allah hər ikisinə rəhmət eləsin. Mən də öz işimə məsuliyyətlə yanaşırdım, məşqlərə gecikmirdim və s. Teatrda Loğman Kərimovun, Ağaxan Salmanlının və Nicat Kazımovun quruluşunda irili-xırdalı bütün rollarda oynamışam. Mənim anam və atam da televiziya işçiləri olublar, hal-hazırda yaş həddi ilə bağlı olaraq təqaüdə çıxıblar. İncəsənətə həvəsim də məhz uşaqlıqdan olub. Mən televiziyada böyüyüb boya-başa çatmışam.
- Nə səbəbə teatrı tərk etdiniz?
- 2006-cı ildə mən ANS telekanalında “Qaynar qazan” mətbəx verilişinə aparıcı kimi təsdiqləndim. Buna görə çox sevinmişdim. Təbii ki, aparıcı kimi televiziya məkanında yeni olduğum üçün həyəcan bir dəqiqə də olsun məni tərk etmirdi. Mən öz şəxsi problemlərimə görə 2 dəfə teatrdan uzaqlaşmışdım və 2 dəfə də teatra yenidən qayıtmışdım. Düzdür, mən baş rol oynamaq üçün o qədər də incə və fakturalı olmasam da teatrda öz ampluamda rollarım var idi. Təsadüfən elə alındı ki, mənim də baş rolda çıxış etdiyim “Nənənin kələyi” tamaşası şənbə günü qastrol səfərinə getməli idi. Təbii ki, bir gün əvvəldən biz Gəncəyə gedəcəkdik. Mənim isə canlı verilişim olduğu üçün müdiriyyətdən şənbə gün gəlməməyi xahiş etdim. Teatrın indiki direktoru mənimlə yaxşı davranmadı. Buna görə də teatrdan uzaqlaşmaq qərarına gəldim. 2008-ci ildə müqavilə ilə yenidən teatra qayıtdım. O zaman isə artıq digər bir kanalda mətbəx verilişinin aparıcısı idim. Elə məqam yarandı ki, bir sənət dostum dedi ki, deyiblər ki, müqavilə ilə işləyənlər teatrın yeni binasına gəlməsinlər. Mən onun bu sözünə görə teatra getmədim. Elə o vaxtdan indiyə kimi teatrdakı fəaliyyətimə son qoymuşam.
- Bəlkə, teatrdan çıxmağınız üçün gözü götürməyən hansısa bir yoldaşınız bu sözləri sizə deyib... Fikirləşmədən niyə qərara gəldiniz?
- Sonralar Ağaxan Salmanlı ilə rastlaşanda teatra gəlməməyimin səbəbini soruşdu. Mən isə cavabında dedim ki, yaxın bir aktyor yoldaşım mənə bildirdi ki, müqavilə ilə işləyənləri teatra buraxmırlar. Amma halbuki, o, bütün müqavilə ilə işləyən aktyorların teatrın əsas ştatına götürüldüyünü mənə dedi.
- Artıq illər keçib. Kim idi o şəxs? Buna görə peşmansınızmı?
- Xeyr, adını demək istəmirəm. Amma onu deyə bilərəm ki, tanınmış bir simadır və o da teleaparıcı olub. Peşman olub-olmadığımı deyə bilmərəm, amma işlədiyim illərə heyfim gəlir.
- Xuraman xanım, sizi “Gəlinlər” televiziya tamaşası daha çox tanıtdı. Hal-hazırda o kollektivlə münasibətlər nə yerdədir?
- Bəli, bu televiziya tamaşası mənim tanınmağımda çox böyük rol oynadı. Tamaşanın quruluşcu rejissorları Məhərrəm Bədirzadə və Yasin Qarayev idi. Əlaqələrim yalnız Rafael və Coşqunla qalıb. Yəqin ki, onların konsertlərindən birində məni Zorro obrazı ilə görmüsüz. Dilarə xanımı da çox sevirəm, o, çox səmimi və sadə xanımdır. Elmira Şabanova ilə isə tədbirlərdə, çəkilişlərdə görüşürük. Mənim həyat yoldaşım obrazında çıxış edən aktyor Ramiz Sərkərov isə rəhmətə gedib. Çox gözəl insan idi... Ümumiyyətlə, deyim ki, mənim sənət aləmindən hər hansı sirrimi bölüşəcək bir insan yoxdur.
- Sənət yoldaşlarınıza inanmaqda çətinlik çəkirsiniz?
- Xeyr, söhbət inanmaqdan, yaxud inamsızlıqdan getmir. Mənim xasiyyətim bir başqadır. Çox kompleksli insanam. Daha çox başqa sahənin insanları ilə dostluq etməyi xoşlayıram. Özümə söz vermişəm ki, daha sirlərimi heç kimlə bölüşməyəcəyəm. Belə bir insan həyatımda yoxdur.
- Sirlərinizi bölüşəcək, sizi başa düşəcək bir insana ehtiyacınız, yəqin ki, var...
- Əlbəttə ki, belə bir insana ehtiyacım həddindən artıq çoxdur. Başımı yalnız sosial şəbəkələr ilə qatıram.
- Ailə qurmaqdan qorxursunuzmu?
- Xeyr, niyə qorxmalıyam? Bu bir qismətdir, yazılıbsa - olacaq. Amma vaxt da gedir, yaş da. Əlbəttə ki, ailə qurmaq istərdim.
- Elçiləriniz varmı?
- Əlbəttə, elçilərim çoxdur. Qapı dağılır (gülür).
- Bəs niyə ailə qurmursunuz?
- Alsınlar ki, gedim də. Elçi gəlmək kifayət etmir axı. Bəlkə də bizim kimi qazanan, işi olan xanımlardan kişilərimiz çəkinirlər.
- Bu pisdir ki?
- Xeyr, əksinə yaxşıdır. Mən güclü qadınam. Gərək qarşıma çıxan insan məndən ikiqat güclü olsun.
- Xuraman xanım, bir sual verim, amma səmimi cavab verin... Ailə qurmağa çəkiniz mane olubmu?
- Qətiyyən yox. Guya bütün arıq qızlar ailə qurublar, yoxsa kilolu xanımlarımız evdə qalıblar? Heç kimi sevə bilmirəm.
- Təbii ki, hər bir qadının arzusudur gəlinlik geysin, övladları olsun. Sizdə necə?
- Mən də fikirləşirdim, amma bundan sonra çətin. Məncə, artıq ailə qurmaq gecdir. İçimdə o qədər deyiləsi sözlər var ki, elə özümlə də qəbr evinə gedəcək. Hərdən tək maşında oturub, pəncərələri bağlayıb ağlayaraq qışqırıram. Amma hamı məni deyib-gülən biri kimi tanıyır. Təklik qorxusu məni içdən yeyir.
- Depressiyaya düşürsünüz?
- Bəli, tez-tez depressiyaya düşürəm. Elə indi də depressiyadayam. Hər gün depressiya ilə keçir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина